Modern.az

Altı min cəsəd

Altı min cəsəd

20 Oktyabr 2020, 01:03

İbrahim Nəbioğlu

Çıxış etdiyim Türkiyənin TV kanallarında bir neçə dəfə Almaniyanın nüfuzlu "Bild" dərgisinin xarici xəbərlər redaksiyasının redaktoru Yuliyan Röbkenin (alm. Julian Röpcke) Qarabağ və Ermənistandan reportajlarından bəhs etmişdim…


Röbke erməni ordusunda gördüklərindən dəhşətə gəlmiş, müharibənin Ermənistan üçün faciə ilə bitəcəyini yazmışdı. Materiallarında Azərbaycan ordusunun şəksiz üstünlüyündən, döyüşçülərin əzmindən yazan alman jurnalist ermənilərin dəhşətli itkilərindən danışırdı.

Onu izləməyə başladım. İzlədikcə nə qədər güvənilir və ciddi olduğunu gördüm. Zatən çalışdığı dərginin adı yetər - "Bild"…

Və müharibənin 9-cu günündə Röbke savaşın ilk 5 günündə 4 000 (dörd min) erməni əsgər və zabitinin öldürüldüyünü yazdı.

Bu dəhşətli rəqəmlər Azərbaycan ordusunun gücünü, hazırlığını və mübarizə ruhunun bariz göstəricisi idi. Ancaq rəqəmlər həm də ermənilərin necə zəif və hazırlıqsız olduğundan xəbər verirdi.

O axşam Haber Global kanalında 4 saatlıq proqramda iştirak edəcəkdim. Proqram başlayana qədər telefon əlimdən düşmədi, oxuduqlarımı dəqiqləşdirmək istəyirdim. Əgər Röbkenin "statistikası" doğru çıxsa, bu, müharibənin taleyinin artıq məlum olduğu demək idi. Ancaq bir gecə də özümü saxladım, heç nə yazmadım, bir neçə dostuma söyləməklə kifayətləndim. Çoxu inanmadı, hətta biri ağır bir hərbi deyim tələffüz etdi: "myasorubka"dır ki bu, - dedi.

Ertəsi gün Röbkenin hesabı dəyişdi, ölü sayının 4 mini keçdiyini yazdı…

Bir neçə gün sonra ermənilər Gəncə hərbi aeroportu və F-16 məsələsini gətirdilər gündəmə. Eyni gün Röbke sputnik görüntüləri ilə oradakı təyyarələrinin gövdə uzunluğunu təsbit edərək, o təyyarənin F-16 deyil, m-346 olduğunu yazdı. Röbke ədalətin tərəfində idi. Onun nə üçün müharibəni Azərbaycandan deyil, Ermənistan tərəfdən izlədiyi mənə pis təsir etdi. Bu haqda hələ çox yazacam…


Gələk ölən ermənilərin sayına. O rəqəmləri səsləndirməyə başladım. Bu qorxunc statistika Ermənistan ordusunun necə bir burulğana düşdüyünü göstərirdi. Bir neçə gün əvvəl isə bu haqda ayaqüstü Abdullah Ağarla söhbətləşdik. Eyni TV proqramında iştirak edirdik. Rəqəmlər onu da düşündürdü…

Qısa arayış:

1967-də Ankarada doğulub, 1989-da "Kara Harp Okulu"ndan (Piyada məktəbi) məzun olub, komando dəstəsində xidmət edib, Özəl Qüvvələr Komandanlığında müxtəlif bölgələrdə 6 il dağlarda PKK-ya qarşı mübarizə aparıb. Komandanı olduğu hərbi birlikdə 25 qazisi və 11 şəhidi vardı (indi düşünün necə savaşlarda döyüşüb). Hazırda Bahçeşehir universitetində dərs deyir. Terror və terrorla mübarizə, Türk Ordusunun hərəkatları haqda 8 kitabı dərc olunub...

İki gün əvvəl zəng elədi Abdullah Ağar. Anladım ki, o günkü ayaqüstü söhbəti unutmayıb. Və bu sabah o da öz araşdırmasını yazdı…

Abdullah bəy "Sahədən aldığım bilgilər və hesablamalar Ermənistan ordusunun 6 000 (altı min) civarında itkisi olduğunu deyir" yazdı. Arxasınca da əlavə edir: "Bu qorxunc bir rəqəmdir. Heç bir dövlət bu qədər əsgərinin ölümünə laqeyd qala bilməz".
Abvullah Ağar sadəcə Azərbaycanın əlində 700 civarında erməni cəsədi olduğunu deyir.

Bu rəqəmlər üzə çıxandan sonra Ermənistanı nələr gözlədiyini təsəvvür edirsizmi? Necə bir travma, xaos və qəzəb dalğası yaranacaq, düşünə bilirsizmi?

Digər tərəfdən, erməni ordusundakı itaətsizliklər, fərarilik, döyüşə girməkdən imtinaların altında da bu faciə, bu acı yatır. Onları nələrin gözlədiyini bilirlər.

Abdullah Ağara görə Ermənistan iqtidarı bu şəkildə davam edərsə minlərlə erməni əsgəri daha öləcək.

Zənnimcə, bu bir millətin faciəsidir, erməninin faciəsi…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir