Modern.az

Həsən Həsənovun “QƏTNAMƏLƏRİ” - Yubiley TƏBRİKİ

Həsən Həsənovun “QƏTNAMƏLƏRİ” - Yubiley TƏBRİKİ

Mədəni̇yyət

21 Oktyabr 2020, 22:51

Bu günlər biz görülməmiş bir Ordu-Xalq-Prezident birliyinin şahidiyik. Müzəffər əsgərlərimiz hər gün yeni bir yaşayış məntəqəsinə bayrağımızı sancırlar. Ordumuzun bu cəngavər irəliləyişində əlimizdəki ən böyük diplomatik silah BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi qətnamələrdir:

  1. 822 – 30 aprel 1993
  2. 853 – 29 iyul 1993
  3. 874 – 14 oktyabr 1993
  4. 884 – 12 noyabr 1993

Bizim üçün həyati vacib olan bu qətnamələrin çıxmasında Həsən Həsənovun titanik əməyi var.

Görkəmli dövlət və ictimai xadim, Azərbaycanın keçmiş Baş naziri, keçmiş Xarici işlər naziri, diplomat, ölkəmizin BMT-dəki Daimi nümayəndəsi, Macarıstan və Polşadakı (hazırda) səfiri Həsən Əziz oğlu Həsənovun 80 yaşı tamam olur…


Dünyaya 1940-cı ildə Tiflisdə gılmiş H.Həsənov ali və partiya təhsilini bitirdikdən sonra müxtəlif sahələrdə çalışmış, işlədiyi hər yerdə karyerasında yüksəliş üstünə yüksəliş gətirmişdir. H.Həsənovun həyat yolu mərhum prezidentimiz Heydər Əliyevin onu seçməsi və öz kadrı kimi yetişdirməsi ilə fərqli bir müstəviyə keçir. Heydər Əliyevin tələbkarlığı və usta idarəetmə tərzilə Həsən Həsənov müstəqil tariximizin ən uğurlu dövlət xadimlərindən birinə çevrilir.


Mən Həsən Həsənovun rəhbərliyi altında işləməmişəm. Onu ancaq kənardan izləmiş, tükənməz enerjisinə hər dəfə heyran olmuşam. Ankarada yaşadığım illərdə Heydər Əliyevin Türkiyəyə rəsmi səfərlərində Həsən müəllimin necə çalışdığını, işə ürəyini qoyduğunun şahidi olmuşam. Və hər dəfə də düşünürdüm ki, Həsən Həsənov kimi 2-3 dövlət məmurumuz olsaydı ölkəmiz daha böyük işlər görə bilərdi.


Həsən müəllimdən dəfələrlə müsahibə götürmüşəm, hər dəfə də onun intellektinə və savadına məftun olmuşdum. Bir dəfə Ankarada, səfirlikdə yaxınlaşıb dedim ki, iki müsahibə almaq istəyirəm sizdən. Təəccübləndi ki, niyə iki müsahibə. Dedim birini AzTV-yə, o birini isə BBC-yə. İşarət barmağı ilə eynəyini düzəldib “AzTV-yə müsahibə vermək asandır, BBC daha vacibdir” demişdi…


İstanbulda Baş konsul olduğum illərdə Həsən müəllim Macarıstanda səfir idi. Hər bayram, hər tətildə Türkiyəyə gəlirdi, İstanbulda yaşayan qızının və nəvələrinin yanına deyil, buradakı arxivlərdə çalışmağa. Bir dəfə kürəkəninə dedim ki, bir imkan tap Həsən müəllimlə söhbətləşmək istəyirəm. “Üzünü görsək əvvəlcə biz söhbətləşəcəyik” demişdi mənə.


Həsən müəllim bu illər ərzində ölkəmiz üçün çox faydalı işlər görüb, Ramil Səfərovun Budapeştdəki məhkəmə prosesində əsas yük onun üstündə idi. Bu illər ərzində Həsən müəllim Azərbaycan tarixi ilə bağlı bir neçə sanballı kitab yazıb. Həsən Həsənovun əngin intellektini görmək üçün onun “Makedoniyalı İsgəndər və Atropat” adlı kitabını oxumaq kifayətdir.


Ancaq onun ən böüyk nailiyyəti, zənnimcə, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 tarixi qətnaməsidir. O qətnamələr əvvəlcə Heydər Əliyevin, bu gün isə prezident İlham Əliyevin əlindəki ən böyük diplomatik rıçaqdır.


Həsən Həsənovu, əziz Qasan Azizoviçi 80 yaşı münasibətilə təbrik edir, ona can sağlığı arzulayıram.


Və bir də bu tələsik yazı üçün üzrxaqlıq edirəm (zatən bu yazdıqlarımın da əlinə keçəcəyinə az ehtimal verirəm), çünki günümün əsas hissəsini informasiya müharibəsinə sərf edirəm. Ancaq söz verirəm ki, 90 yaşında ondan müsahibə alıb, daha geniş bir məqalə yazacam.


Uzun və sağlam yaşayın, Həsən müəllim…


İbrahim Nəbioğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir