Modern.az

Ordumuz Azərbaycanın ərazisini və əhalisini müdafiə etmək məqsədilə əks-hücuma keçib - Səfir

Ordumuz Azərbaycanın ərazisini və əhalisini müdafiə etmək məqsədilə əks-hücuma keçib - Səfir

22 Oktyabr 2020, 22:15

Bu gün Federal hökumətin brifinqlərinin keçirildiyi Federal Mətbuat Konfransının zalında Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun "Ermənistan və Azərbaycan arasındakı münaqişəyə baxış“ adlı mətbuat konfransı keçirilib .

 

Modern.az xəbər verir ki, konfransda səfir Həsənovla yanaşı həmçinin, səfirliyimizlə sıx əməkdaşlıq edən, Rur Boxum Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoaxim Hayntse də iştirak edib.

 

Nəzərinizə çatdırırıq ki, Federal Mətbuat Konfransının binasında demək olar ki, Almaniyada fəaliyyət göstərən bütün əsas xəbər agentliklərinin və KİV-lərin büroları yerləşir. 900-a yaxın jurnalist Federal Mətbuat Konfransında qeydiyyatdan keçib. Koronavirusla bağlı Almaniyadakı vəziyyətlə əlaqədar jurnalistlərin məhdud sayda iştirakı tələb olunduğuna görə sözügedən mətbuat konfransında fiziki olaraq azsaylı jurnalistlər iştirak edib. Lakin jurnalistlərin bir çoxu konfransa onlayn olaraq qoşularaq suallarını ünvanlamaq imkanına malik olub (mətbuat konfransı onlayn canlı yayımlanıb).

 

Səfir Ramin Həsənov konfransın əvvəlində giriş nitqi ilə çıxış edib. Səfir nitqində Ermənistanla Azərbaycan arasında münaqişə ilə bağlı məlumat verərək, 30 ildən artıq müddət ərzində Ermənistanın Azərbaycanın 20% ərazisini işğal altında saxladığını, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirdiyini, azərbaycanlı əhalini öz yurd-yuvalarından didərgin saldığını diqqətə çatdırıb. Qeyd edib ki, işğal faktı bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT TŞ tərəfindən qınanılıb. Xüsusilə BMT TŞ tərəfindən qəbul olunan 4 qətnamədə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunub. Əlavə edilib ki, Ermənistan imperativ xarakter daşıyan BMT TŞ qətnamələrinə və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qərarlara məhəl qoymayıb. Təəssüflə bildirilib ki, beynəlxalq ictimaiyyət də bu məsələdə Ermənistana lazımi təzyiq göstərməyib və Azərbaycan torpaqlarının işğalının sülh danışıqları yolu ilə azad olunması uğurla nəticələnməyib. Səfir həmçinin 2 il əvvəl, Ermənistanın hazırkı baş nazirinin hakimiyyətə gəlməsindən sonra münaqişənin sülh yolu ilə həllinə ümid yarandığını, lakin Ermənistan rəhbərliyinin öz təxribatçı hərəkətləri ilə bu ümidləri alt-üst etdiyini və danışıqlar prosesini heçə endirdiyini vurğulayıb. Qeyd olunub ki, Paşinyan Dağlıq Qarabağa (DQ) tez-tez təxribat xarakterli səfərlər edib, orada „DQ Ermənistandır və nöqtə“ adlı bəyanat verib. Bundan əlavə o, öz oğlunu DQ-yə hərbi xidmətə yola salıb, onun xanımı işğal olunmuş ərazilərə səfər edərək əlində kalaşnikov avtomatı ilə şəkil çəkdirərək mətbuatda və sosial şəbəkələrdə nümayişkəranə qaydada paylaşıb. Erməni tərəfi həmçinin DQ-nin inzibati binalarının Azərbaycan üçün mühüm mədəni və mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərinə köçürəcəklərini bildirib, eləcə də „yeni ərazilər uğrunda yeni müharibələr“ strategiyasını elan edib. Bildirilib ki, Erməni silahlı qüvvələri cari ilin iyul ayında münaqişə regionundan uzaq Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz bölgəsində yeni ərazilər əldə etmək məqsədilə hərbi təxribata cəhd göstərib və Azərbaycan silahlı qüvvələrinin layiqli cavabı qarşısında bu cəhd uğursuzluqla nəticələnib. Bütün bu təxribatçı hərəkətlər mütəmadi şəkildə davam edib. 27 sentyabr tarixində edilən yeni hərbi təcavüz aktlarına cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə hüququndan istifadə edib və Azərbaycan Ordusu Azərbaycanın ərazisini və əhalisini müdafiə etmək məqsədilə əks-hücuma keçib. Səfir bildirib ki, 3 həftədən artıqdır ki, münaqişə bölgəsində gərginlik davam edir. Bu müddət ərzində döyüş bölgəsində məğlubiyyətlə üzləşən Ermənistan Azərbaycanda mülki şəxslər yaşayan əraziləri hədəfə alıb. Edilən raket hücumları nəticəsində 63 mülki şəxs həyatını itirib, çoxsaylı insanlar yaralanıb, yaşayış binaları dağıdılıb. Ramin Həsənov Gəncəyə edilmiş raket hücumlarını, mülki şəxslərin yatarkən hücuma məruz qaldıqlarını, qətlə yetirildiklərini və bunun insanlığa qarşı müharibə cinayəti olduğunu xüsusilə vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Ermənistandan fərqli olaraq heç bir mülki obyekti hədəfə almayıb.

 

Prof. Hans-Yoaxim Hayntse giriş nitqində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquqi aspektlərindən söhbət açıb. O, qeyd edib ki, BMT TŞ sözügedən münaqişə ilə bağlı imperativ xarakter daşıyan qətnamələr qəbul edib. Bu qətnamələrdə işğalçı qüvvələrin işğal olunmuş torpaqlardan çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz yurd-yuvalarına qaytarılması tələb olunub.  Hans-Yoaxim Hayntse vurğulayıb ki, BMT TŞ qətnamələri məcburi xarakter daşımasına baxmayaraq icra olunmayıb, işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı sanksiyalar tətbiq olunmayıb. Daha sonra bu münaqişənin həlli məcburetmə mexanizmləri olmayan ATƏT-ə həvalə edilib. Əldə olunan atəşkəsdən sonra münaqişə „dondurulmuş münaqişə“ olaraq bir kənara atılıb və həlli üçün əhəmiyyətli səylər göstərilməyib. Münaqişənin konkret olaraq hansı hüquqi prinsiplər əsasında həlli müəyyən olunmayıb. Münaqişənin həllində səsləndiriliən  beynəlxalq hüququn xalqların öz müqəddəratını təyin etmə prinsipi burada tətbiq oluna bilməz, çünki DQ-də yaşayanlar xalq deyil, erməni milli azlığıdır. Hans-Yoaxim Hayntse dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərindən söhbət açıb, öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü prinsiplərinin beynəlxalq praktikada ziddiyyəti ortaya çıxdığı zaman ərazi bütövlüyünə üstünlük verildiyini qeyd edib. Bidirilib ki, əgər etnik əsasda öz müqəddəratını təyin etmə prinsipi əsasında dövlətlərin yaranmasına icazə verilsə, bu, dayandırılması mümkün olmayan, sonsuz bir prosesə çevrilə bilər. Buna görə, xüsusi bir hal olan Kosovo istisna olmaqla, həmişə dövlətlərin ərazi bütövlüyünün saxlanılmasına üstünlük verilib.

Giriş nitqlərindən sonra jurnalistlərə sual vermək imkanı verilib. Tədbirdə iştirak edən alman jurnalisti tərəfindən Azərbaycan tərəfinin beynəlxalq səviyyədə qadağan olunan kaset bombalarından istifadə etməsi məsələsinə münasibət bildirilməsini xahiş edib.

Azərbaycan səfiri Azərbaycan tərəfinin kaset bombalarından istifadə etməsinin Ermənistan təbliğatının yalanı olduğunu və buna dair heç bir sübutun olmadığını bildirib. Qeyd edib ki, Ermənistanın kaset bombalarından istifadə etməsinin və qadağan olunmuş ballistik raketlərlə mülki insanların yaşadığı əraziləri vurması isə bütün dünyaya məlumdur. Səfir əhalinin sıx yaşadığı Gəncə şəhərinə edilmiş 2 raket hücumu nəticəsində çoxmərtəbəli yaşayış binalarının və çoxsaylı fərdi evlərin dağıdıldığını, habelə 25-dən artıq mülki şəxsin öldürüldüyünü bir daha vurğulayıb. Əlavə edib ki, Azərbaycan tərəfi mülki obyektləri və şəxsləri hədəfə almayıb. Azərbaycan döyüşlər zamanı humanitar hüquq normalarına və Cenevrə Konvensiyasının tələblərinə tam əməl edir.

 

Jurnalist daha sonra Azərbaycan tərəfində Suriya və Livandan nə qədər cihadçı və muzdlu əsgərlərin vuruşduğunu soruşub.

 

Azərbaycan səfiri mətbuatda geniş şəkildə tirajlanan guya Azərbaycan tərəfində Suriya və Livandan olan cihadçı və muzdlu əsgərlərin vuruşması ilə bağlı xəbərlərin əsassız olduğunuğu söyləyib. Bildirib ki, Azərbaycan 100 000 nəfərlik müasir, yaxşı təchiz olunmuş və ərazi bütövlüyümüzü bərpa etmək iqtidarında olan orduya malikdir. Cihadçı və muzdlu əsgərlərin Azərbaycanda vuruşması ilə bağlı hər hansı bir fakt və ya sübut yoxdur. Əlavə edib ki, bu, ölkəmizin təhlükəsizliyi üçün də təhdid yaradardı və ölkəmiz heç zaman buna imkan verməz. Ona görə vurğulanıb ki, propoqanda xarakterli xəbərlərin yayılması peşəkarlığa sığmır və hər hansı bir iddia varsa, bu, faktlarla sübut olunmalıdır. Səfir əlavə edib ki, əksinə, Ermənistan tərəfində müxtəlif ölkələrdən gətirilmiş muzdlu və terrorçular döyüşür və buna dair kifayət qədər də sübutlar mövcuddur.

 

Tədbirin moderatoru Federal Mətbuat Konfransının əməkdaşı AZG erməni qəzetinin Azərbaycan səfirinə onlayn şəkildə ünvanladığı 2 sualı səsləndirib. 1-ci sual Azərbaycanın Türkiyənin köməyinə ehtiyac duymasının onun zəifliyi ilə əlaqəli olub-olmaması ilə bağlı olub. 2-ci sualda isə bildirilib ki, Azərbaycan 1991-ci ildə DQ muxtar vilayətinin razılığı olmadan öz müstəqilliyini elan edib və Azərbaycan hansı əsasla DQ-ni beynəlxalq hüquqi cəhətdən özünün tərkib hissəsi hesab edir.

 

Səfir Həsənov bildirib ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir və bütün sahələrdə sıx, strateji xarakter daşıyan tərəfdaşlığa malikdirlər. Bizim münasibətlərdə „bir millət, iki dövlət“ şüarı hökm sürür. Lakin, münaqişədə Türkiyə tərəf deyildir və döyüşlərdə hər hansı formada iştirak etmir. Ermənistan döyüşlərdəki uğursuzluqlarını guya Türkiyənin müharibədə iştirakı ilə izah etməyə çalışır və bu tamamilə Ermənistan təbliğatının uydurmasıdır. Bəzən mətbuatda Azərbaycanın Türkiyədə istehsal olunan silahlardan etməsi Türkiyə silahlarının istifadəsi kimi qələmə verilir. Halbuki bu silahlar Azərbaycan tərəfindən satın alınıb və bizə məxsusdur. Necə ki, Azərbaycan Rusiya, İsrail və digər ölkələrdə istehsal olunan silahları da satın almaqla əldə edib. Ermənistanın öz arsenalında olan silahları necə alması isə sual doğurur. Belə sual Ermənistan tərəfinə ünvanlanmalıdır.

 

2-ci sualla bağlı səfir Həsənov qeyd edib ki, Sovet İttifaqının dağlımasından sonra 15 Sovet respublikası öz müstəqilliyini elan edib. Azərbaycan, DQ tərkibinə daxil olmaqla, müstəqil olub. O zaman erməni separatçıları Ermənistana birləşməklə bağlı iddialar qaldırsa da, həm Azərbaycan SSR-inin, həm də Sovet İttifaqının konstitusiyalarına zidd olduğu üçün bu iddialar rədd olunub. Sovet İttifaqının konstitusiyasına görə İttifaq respublikasının razılığı olmadan onun sərhədləri dəyişdirilə və ərazisi başqa bir respublikaya verilə bilməzdi. Nəticədə, Azərbaycan, tərkibində DQ olmaqla, müstəqil olub və bütün beynəlxalq ictimaiyyət, o cümlədən BMT və digər beynəlxalq təşkilatlar tərəfindən bu sərhədlərdə tanınıb.

 

Daha sonra tədbirdə iştirak edən başqa bir alman jurnalisti tərəfindən Azərbaycan səfirinə Azərbaycanın arsenalında olan silahların neçə faizinin Türkiyə mənşəli olması və Türkiyənin Azərbaycan hərbiçilərinə təlim verib-verməməsi ilə bağlı suallar ünvanlanıb.

 

Azərbaycan səfiri hazırda Azərbaycanın arsenalında olan silahların neçə faizinin Türkiyə mənşəli olması ilə bağlı konkret statistik rəqəm verə bilməyəcəyini, amma Azərbaycanın satın aldığı silahların 90 %-indən çoxunun Rusiya istehsalı olduğunu bildirib.

 

Həsənov 2-ci sualla bağlı qeyd edib ki, Azərbaycan bir çox ölkələrlə hərbi sahədə əməkdaşlıq etdiyi kimi, Türkiyə ilə də təhlükəsizlik və hərbi sahədə sıx əməkdaşlıq edir. Azərbaycan hərbçiləri o cümlədən Türkiyədə təhsil alır və təlim görürlər. Həmçinin Almaniyada da Azərbaycan hərbiçiləri təhsil və təlim alırlar. Səfir bildirib ki, burada heç bir xüsusi hal yoxdur. Hər bir dövlət öz tərəfdaşlarını seçməkdə müstəqildir. Bu legitim hüquqdur və burada hər hansı qeyri-qanunilik axtarmaq əbəsdir. Səfir bir daha qeyd edib ki, Türkiyənin hərbi əməliyyatlarda iştirakı ilə bağlı iddialar cəfəngiyyatdır və Ermənistan tərəfinin propoqandasına əsaslanır. Türkiyə nə məsləhətçi qismində, nə də ki birbaşa döyüş əməliyyatlarında iştirak etmir.

Başqa bir jurnalist söz alaraq Azərbaycan tərəfinin silahlarının 60%-inin İsrail mənşəli olması barədə məlumatların mövcudluğunu bildirib və bu məlumatların həqiqətə uyğun olub-olmaması ilə bağlı maraqlanıb. O həmçinin nəyə görə Azərbaycan tərəfinin beynəlxalq müşahidəçiləri təmas xəttinə buraxmaması ilə bağlı sual verib. Jurnalist daha sonra Prof. Hans-Yoaxim Hayntseyə sual ünvanlayaraq bildirib ki, „ilk dəfədirmi ki, o diktaturanın nümayəndəsi ilə yanaşı ictimaiyyət qarşısına çıxır“.

 

Səfir Həsənov Azərbaycan tərəfinin silahlarının 60%-nin İsrail mənşəli olması barədə məlumatların yanlış olduğunu söyləyib. Bildirib ki, Azərbaycanın İsrail silahlarını da alması sirr deyil. Azərbaycan bunu heç vaxt inkar etməyib və bu, onun hüququdur.

 

Azərbaycan tərəfinin beynəlxalq müşahidəçiləri təmas xəttinə buraxmaması ilə bağlı suala cavab olaraq qeyd edib ki, artıq təmas xətti mövcud deyildir. Aparılan döyüş əməliyyatları nəticəsində təmas xətti Azərbaycan Ordusu tərəfindən artıq ləğv edilib. Hazırda orda davamlı şəkildə fəal hərbi əməliyyatlar getdiyi üçün beynəlxalq müşahidəçilərin münaqişə bölgəsinə gəlməsi indi ən azından texniki cəhətdən mümkün deyil. Səfir əlavə edib ki, beynəlxalq müşahidəçilər uzun müddət əvvəlki təmas xəttində çoxsaylı monitorinqlər həyata keçiriblər. Bu, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə baş tutub. Lakin münaqişənin həllinə hər hansı töhfə verməyib. Beynəlxalq müşahidəçilər təəssüf ki, Ermənistan qoşunlarının Azərbaycan torpaqlarında olmasının səbəbləri ilə maraqlanmayıblar, halbuki DQ-də olan əsgərlərin 90 %-i Ermənistan əsgərləridir. Jurnalistlər də bu barədə hər hansı araşdırma aparmayıb və ya yazmaq istəməyib. Bunun əvəzində, mətbuatda Ermənistan-Azərbaycan DQ münaqişəsi „xristian ermənilər və müsəlman azərbaycanlılar arasında olan münaqişə“ kimi absurd şəkildə təqdim olunub. Halbuki, bu münaqişənin din faktoru ilə əlaqəsi yoxdur, sırf Ermənistanın ərazi iddialarına əsaslanan bir ərazi münaqişəsidir.

 

Səfir Həsənov Prof. Hans-Yoaxim Hayntseyə ünvanlanmış suala da münasibət bildirərək qeyd edib ki, Azərbaycan haqqında bu formada danışmaq olmaz. Səfir bildirib ki, ara-sıra mətbuatda da belə ifadələr işlədilir və bu, tamamilə yanlışdır. Azərbaycan müstəqil dövlət olduqdan sonra insan haqları, hüquqi dövlət və demokratiya yoluna qədəm qoyub. Ölkəmiz bu yolu heç kimin və ya hər hansı təşkilatın xoşuna gəlmək üçün deyil, öz xalqı və rifahı naminə seçib. Azərbaycan Avropa Şurasının üzvüdür və bir çox ölkələr, o cümlədən Almaniya ilə sözügedən sahələrdə əməkdaşlıq edir. Əlavə edib ki, ölkəmiz beynəlxalq təşkilatlarda, o cümlədən BMT-nin müqavilə qurumlarında və insan hüquqları üzrə ixtisaslaşmış digər təşkilatlarda Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində əldə olunan irəliləyişlərlə bağlı müntəzəm olaraq könüllü şəkildə hesabatlar verir, həmin təşkilat və qurumlarla sıx əməkdaşlıq edir. Səfir belə suallar ünvanlayarkən jurnalisti səliqəli olmağa və jurnalist etikasına riayət etməyə çağırıb.

 

Prof. Hans-Yoaxim Hayntse tərəflərdən hər hansının yanında olmadığını və münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinin dövlətlərin daxili siyasi quruluşundan asılı olaraq dəyişmədiyini vurğulayıb.  O, hər iki dövlətin BMT-nin və AŞ-nın üzvü olduğunu və kəskin münaqişə vəziyyətində olduqlarını bildirib. Əsas məsələnin bu iki dövlət arasında münaqişənin ədalətli şəkildə həllindən ibarət olduğunu qeyd edib. Mütəxəssis həmçinin Azərbaycanın inkişafının kimlərinsə müəyyən etdiyi “standartlarla” deyil, beynəlxalq təşkilatların rəyi ilə ölçüldüyünü əlavə edib.

 

Tədbirdə daha sonra Azərbaycan səfirindən insan hüquqlarının hansı tərəfdən pozulmasını müşahidə etmək üçün Azərbaycan tərəfinin Human Rights Watch kimi bir təşkilatı münaqişə bölgəsinə buraxmamasının səbəbi sorğu edilib və prof. Hayntsedən DQ məsələsini Rusiyanın Krımı və İsrailin Fələstin ərazilərini ilhaq etməsi ilə müqayisə etmək xahiş edilib. 

 

Səfir Həsənov münaqişənin qızğın vəziyyətində Human Rights Watch təşkilatının ağır hərbi əməliyyatlar aparılan bölgəyə buraxılması ilə bağlı istəyinin anlaşılan olmadığını bildirib. Həsənov qeyd edib ki, insan hüquqlarının pozulub-pozulmamasını müşahidə etmək üçün mütləq münaqişə bölgəsinə səfər etmək vacib deyildir. Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün vardır. 30 ildən artıq müddətdə onların ən adi hüquqları pozulub. Son illər qaçqın problemi ilə üzləşmiş Avropaya yaxşı məlum olmalıdır ki, Azərbaycan üçün əhalisinin hər 10 nəfərdən birinin qaçqın və məcburi köçkün olması nə deməkdir. Onların pozulmuş hüquqlarını dilə gətirmək üçün münaqişə bölgəsinə səfər etməyə ehtiyac yoxdur. İllərdir özlərini insan hüquqlarının müdafiəsi təşkilatları kimi qələmə verən qurumlar 1 milyondan artıq qaçqın və məcburi köçkünün problemini, onların pozulmuş hüquqlarını qaldırmırlar. 1992-ci ildə baş verən Xocalı soyqırımı ilə də bağlı çoxları susurlar və son olaraq Gəncə şəhərində mülki şəxslərə qarşı edilən hücumlarla da bağlı səssiz qalıblar. Səfir həmçinin əlavə edib ki, münaqişə bölgəsində insanların təhlükəsizliyinə təminat vermək çətindir. Burada insan həyatından söhbət gedir və bu, çox riskli xarakter daşıyır. Azərbaycan işğal olunmuş əraziləri öz nəzarətinə qaytardıqdan sonra beynəlxalq müşahidəçilər Azərbaycanın digər bölgələrində olduğu kimi işğaldan azad olmuş ərazilərində də müşahidə aparmaq imkanına malik olacaqlar.

 

Hans-Yoaxim Hanytse Ermənistan-Azərbaycan münaqişəsinin Krımın ilhaqı və İsrail-Fələstin münaqişəsi ilə müqayisəsinə dair verilmiş suala cavabında bildirib ki, hansısa münaqişədə yeni faktların yaradılması həmin faktların tanınması anlamına gəlmir. Belə ki, jurnalistin qeyd etdiyi faktlar beynəlxalq hüquqa ziddir. Eynilə yeni dövlətlərin yaradılması və ya ərazilərin yerdəyişməsi sonsuz bir proses olardı, buna start verilərsə, qarşısını almaq olmaz. Bu baxımdan beynəlxalq düzəni nizamlayan beynəlxalq hüququn norma və prinsipləri təmin olunmalıdır.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər