Modern.az

Müharibənin 1 ayı - Eksperlərdən dəyərləndirmə: “Ordumuz irəlilədikcə, Ermənistan xalqı ALDADILIR”

Müharibənin 1 ayı - Eksperlərdən dəyərləndirmə: “Ordumuz irəlilədikcə, Ermənistan xalqı ALDADILIR”

27 Oktyabr 2020, 16:36

Bu gün Azərbaycan Ordusunun işğal altında olan torpaqları azad etmək üçün əks-hücum əməliyyatlarına başlamasının 1 ayı tamam olur. Hərbçilərimizin əzmi və iradəsi sayəsində ötən bir ay ərzində Azərbaycan Ordusu işğal altında olan 4 şəhər - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, 4 qəsəbə - Hadrut, Suqovuşan, Mincivan, Ağbənd, 165 kənd və bir sıra strateji yüksəklikləri işğaldan azad edib.


Ordumuzun bir aylıq fəaliyyəti  haqqında Modern.az-a danışan ekspertlər prosesi çox müsbət dəyərləndiriblər. Ekspertlərin fikrincə, hazırkı şəraitdə bütün sahələrdə  Azərbaycan irəlidədir.


Politoloq Elxan Şahinoğlu
deyib ki, Azərbaycan xalqı bu günləri 27 il gözləyib:


“Bu müddət ərzində mənasız danışıqlar oldu, nəticə vermədi. İşğalçı dövlət siyasətindən əl çəkmədi. Artıq anlamağa başladıq ki, məsələnin həll yolu ancaq Ordumuzun qüdrətindən keçir. 27 sentyabrdan etibarən əks-hücumla torpaqlarımızı azad etməyə başladıq. Xalq olaraq birlik ortaya qoyduq. Ard-arda torpaqlarımızı azad etdik və azad etməyə də davam edirik. Qarşımızda böyük hədəflər var və biz bu yolda birliyimizi qoruyuruq. Bir sıra dövlətlərin məsələyə baxışı bir daha bizə kimin dost, kimin rəqib, kimin isə düşmən olduğunu göstərdi. Prezident İlham Əliyev çıxışında da bildirdi ki, hələ də Ermənistanı silahlandırmaqda davam edirlər. 250 tank Dağlıq Qarabağda nə deməkdir? Qarabağı barıt çəlləyinə çevirmişdilər. Bir tərəfdən vasitəçilik missiyasını yerinə yetirirlər, digər tərəfdən də işğalçını silahlandırırlar ki, Azərbaycan qarşısında zəif durmasın. Azərbaycana qarşı təzyiqlər artır və bu təzyiqlərin netrallaşdırılmasında bizə Türkiyə, Pakistan dəstək verir. Geridə qoyduğumuz 1 ayda biz bu istiqamətdə çox nailiyyətlər əldə etmişik. Birincisi, torpaqlarımızın bir hissəsini azad etdik, Ordumuz hələ də irəliləyir. Daha sonra status-kvonu, təmas xəttini dəyişdik. Bu da çox önəmlidir. Cəmiyyət birlik nümayiş etdirir. Müharibə bitdikdən sonra Azərbaycanın dünyada yeri və rolu birmənalı şəkildə artacaq”.


Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov isə bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin Ordu rəhbərliyi ilə keçirdiyi müşavirəni məhz 1 ayın yekunu kimi də qəbul etmək olar:


“Prezident İlham Əliyev müşavirədə vurğuladı ki, 30 il müdafiədə olan düşməni məğlub etmişik. Bir ayın ərzində 4 rayon mərkəzini azad etməyə nail olmuşuq. Bu nailiyyəti Azərbaycan Ordusu üçün böyük uğur kimi dəyərləndirmək olar. Düşmən bütün ehtiyatını görüb. Vurulan texnikanın sayını ortaya çıxaranda biz görürük ki, Ermənistan hələ də silah-sursatdan istifadə edir. Bu da onu göstərir ki, ərazilərin nəzarətsiz qalması nəticəsində ora saysız-hesabsız texnikalar yığılıb. Azərbaycan Ordusunun müasir silahlarla silahlandırılması bütün imkanları dəf edərək, irəliləməsinə fürsət  yaradır. Bu birinci növbədə hərbi kadrların peşəkarlığından irəli gəlir. Azərbaycan uğurlu əks-hücum əməliyyatı aparır. 4 şəhəri, 200-ə yaxın yaşayış məntəqəsini geri almışıq, İranla sərhədi bərpa etmişik. Təkcə Qubadlı rayonu Ermənistanla 120 km-lik sərhədə malikdir. Bunların hamısı onu göstərir ki, Azərbaycan Ordusu qarşısına qoyulan məqsədi dəqiqliyi ilə yerinə yetirir”.   


Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı-deputat Vahid Əhmədov
isə müharibə dövründə Azərbaycan iqtisadiyyatının durumundan danışıb. Deputat qeyd edib ki, bəzi dövlətlər və ermənilərin havadarları gözləyirdilər ki, Azərbaycan iqtisadi cəhətdən də müəyyən problemlər yaşayacaq:


“Amma bu problemlər yaşanmadı. Çünki Azərbaycanın kifayət qədər ehtiyatı var. İstər ərzaq, istərsə də silah-sursat təminatı üçün Azərbaycanın heç bir problemi yoxdur. Azərbaycanda güclü hərbi-sənaye kompleksi yaradılıb və bu, işləyir. Öz ordumuzu silah-sursatla təmin edirik.

Bir də ki, Azərbaycanın dövlət başçısı 17 illik fəaliyyəti dövründə Ordumuzun formalaşmasına çox böyük diqqət yetirib. Orduya kifayət qədər vəsait ayrıldı ki, müharibə dövründə heç bir problem olmasın. Bu il yaşanan pandemiya, xüsusi karantin rejimi və s. Ilə bağlı Azərbaycanın İqtisadiyyat Nazirliyi ciddi addımlar ata bildi. Heç bir qıtlığa imkan vermədilər. İstehsalın aşağı düşməsində ciddi problem yaranmadı. Pandemiya ilə əlaqədar onsuz da gözləyirdik ki, ilin sonunda ümumi daxili məhsulda 5-6 faiz azalma olacaq. Bu, qaçılmaz idi. Ümumilikdə iqtisadiyyatımız elə səviyyədədir ki, heç bir ciddi problemdən söhbət gedə bilməz. İqtisadi qurumlarımız, o cümlədən hökumətin tabeliyində olan təsisatlar elə səviyyədədir ki, onlar problem yaranmamalıdır”.

V.Əhmədov azad edilən ərazilərə suyun, qazın, işığın və yolun çəkilişi ilə əlaqədar işlərə başlandığını da xatırladıb və vurğulayıb ki, iqtisadi, maddi imkanı olmayan dövlət bunu etməzdi:


“Amma Azərbaycanın belə imkanları var. Ölkə prezidentinin qeyd etdiyi kimi, hər şey düzələcək, infrastruktur layihələri olacaq. İnsanlar rahat yaşayacaq. Ona görə, son bir ayda Azərbaycan iqtisadiyyatında heç bir problem yaranmadı və bundan sonra da olan deyil. Jurnalistlər sual verirlər ki, manatın vəziyyətində dəyişiklik ola bilərmi? Qeyd etməliyəm ki, manatın da vəziyyəti dəyişilməzdir, neftin qiyməti hələlik 40-45 dollar səviyyəsindədir. Ona görə, Azərbaycan iqtisadiyyatının mükəmməlliyinə şübhə yoxdur və bütün bu təzyiqlərə tab gətirəcək”.


Hərbi psixoloq Azad İsazadə də diqqətə çatdırıb ki, 30 ildir bütün Ordu, cəmiyyət, kiçikdən böyüyə hər kəs qələbə arzusu ilə yaşayırıq:


“2016-cı il aprelində bir neçə gün istisna olmaqla biz qalan bütün zamanlarda qələbə həsrəti ilə yaşamışıq. Aprel döyüşlərində ruh yüksəkliyi çox oldu. Son 1 ay ərzində dayanmadan irəliləməyimiz, torpaqlarımızı işğaldan azad etməyimiz, kəndlərimizi düşmən tapdağından qurtarmağımız hər kəsə müsbət təsir etdi. Başa düşürük ki, itkilərimiz də oldu və olmalıdır. Əsgər itkisi nə qədər təəssüfləndirici olsa da, müharibə üçün təbii haldır. Ağrılıdır, ayrı-ayrı ailələr üçün faciədir, bu bizi sarsıdır, amma reallıqdır. Şəhid olan hərbçilərimizdən əlavə biz mülki itkilər də verdik. Gəncə, Tərtər, Bərdə, Ağcabədi, Füzuli, Naftalan ərazisində yaşayan mülki əhali arasinda itkilərimiz də təəssüf ki, oldu. Bu itkiləri nəzərə aldıqda, sevincimiz göz yaşı ilə qarışıb.
Bütün bunlara rəğmən bütövlükdə Azərbaycan xalqı böyük ruh yüksəkliyi içərisindədir. Cəbhə bölgəsində məskunlaşan əhali bütün təhlükələrə rəğmən evlərindədir. Hətta doğma yurd-yuvalarından köçkün düşən insanlar da hazır vəziyyətdə gözləyirlər ki, vətənlərinə getsinlər. Deməli, o ruh sönmür, sevinc var”.


A.İsazadənin sözlərinə görə, bütün bunlarla yanaşı, Azərbaycan xalqı diplomatik gedişləri diqqətlə izləyir:


“Bu gün cəmiyyəti müharibədən çox Rusiyanın bu məsələdə mövqeyi, yenə də ermənilərə kömək edib-etməyəcəyi narahat edir. Bizə heç bir dövlətin köməyi lazım deyil. Yalnız mane olmasınlar. O biri ölkələr neytral mövqedə dayansalar, bizə yetərlidir. Azərbaycan əhalisinin, Azərbaycan cəmiyyətinin psixoloji durumu qələbəyə köklənib. Ruh yüksəkliyi lazımi səviyyədədir”.


Ermənistandakı vəziyyətə isə qətiyyən təəssüflənmədiyini bildirən psixoloq erməni xalqının aldadıldığını düşünür:


“İnternet yaxşı işləmir deyə, onların saytlarını da normal izləmək olmur. Amma məndə olan məlumata görə, erməni xalqının əksəriyyətinin xəbəri də yoxdur ki, biz neçə rayonumuzu azad etmişik. Ermənistan rəhbərliyi öz xalqını aldadır, xalqa deyirlər, cəbhədə vəziyyət yaxşıdır, hər şey qaydasındadır. Hətta guya Ermənistan silahlı qüvvələri qələbə qazanır. Bütün bunlara rəğmən çox güman ki, ermənilər müəyyən qədər sosial şəbəkələri izləyir, Azərbaycan xalqının qələbə əhval-ruhiyyəsini, ruh yüksəkliyini, torpaqlarımızın azad olunmasını qeyd etdiyimizi bilir, görür. Bu ermənilərə mənfi psixoloji təsir etməyə hətta yetərlidir. İstənilən halda Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarılan ermənilərin Ermənistan ərazisinə, İrəvana qayıtması bütün erməni xalqında daha çox ruh düşkünlüyünə gətirib çıxaracaq”.


Aysel Aslan
Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!