Modern.az

ABŞ seçkiləri: Tramp, yoxsa Bayden - Kimin qələbəsi Azərbaycana sərf edir...

ABŞ seçkiləri: Tramp, yoxsa Bayden - Kimin qələbəsi Azərbaycana sərf edir...

Ölkə

29 Oktyabr 2020, 09:05

Noyabrın 3-də Amerika Birləşmiş Ştatları (ABŞ) növbəti 4 illik dönəm üçün prezident seçəcək.
Prezident seçkilərində iki əsas namizəd var - Respublikaçılar Partiyasından hazırkı prezident Donald Tramp və Demokratlar Partiyasından keçmiş vitse-prezident Co Bayden.


Azərbaycan üçün onların hansısının qələbə qazanması məqbul sayıla bilər - Donald Tramp, yoxsa Co Bayden?

Bəzi ekspertlər demokrat Cozef Baydenin daha çox ermənipərəst olmağını diqqətdə saxlamaq lazım olduğunu düşünür.


Politoloq Qabil Hüseynli Modern.az-a
bildirdi ki, Co Baydenin fiziki və intellektual qabiliyyəti Amerika kimi dövləti idarə etməyə yetərli deyil:

“Əvvəla, onu deyim ki, namizədlər yaşlıdırlar. İki namizəd içərisində ən yaşlısı Cozef Baydendi - 78 yaşı var. Üstəlik Baydendə yaddaşı itirmə simptomları müşahidə edilir. Bu yaxınlardakı çıxışında Tramp əvəzinə 3 dəfə keçmiş prezident Corc Buşun adını çəkib, yəni rəqibinin Corc Buş olduğunu iddia edib. Bu onu göstərir ki, Bayden vaxtilə Barak Obama dövründə vitse-prezident olsa da, indi dünyanın bir nömrəli ölkəsini idarə etməyə qadir namizəd deyil.

Donald Tramp da yaşlıdı, amma, buna baxmayaraq 4 il ərzində verdiyi vədlərin çoxuna əməl edib. Xarici prosseslərə o qədər də qatılmıyıb, bir sıra ərazilərdən, məsələn, İraqdan Amerika qoşunlarını çıxarıb. Dünyada qarşıdurmalara, konfiliktə səbəb olacaq ciddi bir addım atmayıb.


Azərbaycanla münasibətlərə gəldikdə, Trampın Azərbaycana münasibətini müsbət dəyərləndirirəm. Ən azından ona görə ki, Trampın prezidentliyi dövründə Azərbaycanın əleyhinə yönəldilmiş addımlar olmayıb. Amerikadakı erməni lobbisi Azərbaycana qarşı mənfi addımların atılması istiqamətində çox təsirlər göstərmələrinə baxmayaraq, nəticəsi olmayıb. Üstəlik parlamentin alt palatasında müzakirələr zamanı erməni təcavüzü barədə danışılarkən Ermənistanı təcavüzkar dövlət adlandırıblar. Bu lap yüksək səviyyədə Ermənistanı təcavüzkar kimi tanıtmaq anlamına gəlməsə də, hər halda Amerikanın qanunvericilik orqanı Ermənistanı təcavüzkar ölkə kimi qiymətləndirdi. Əlbəttə, bu məsələlər haqqında çox danışmaq olar. Düzdür, ölkədə keçirilən rəy sorğularında hələ ki Bayden müəyyən qədər Trampı üstələyir. Amma hər şey başqa cür də ola bilər. Tramp son günlər ard-arda rəğbət doğuran addımlar atıb, ictimai rəyi öz xeyrinə dəyişdirməyə başlayır. Azərbaycanın strateji maraqları tələb edir ki, Amerikada indiki prezident hakimiyyətdə qalsın və həmin siyasət davam etdirilsin.

Düzdür, seçki ərəfəsində müxtəlif fikirlər səsləndirilir. Bu ictimai rəyi öz xeyrinə dəyişdirmək, tərəfdarların sayını çoxaltmaq məqsədilə edilir. Bu vədlərin heç də hamısı yerinə yetirilmir. Bayden anti-rus meyilliliyini açıq nümayiş etdirib və Rusiyanı Amerikanın bir nömrəli düşməni adlandırıb. Belə hesab edirəm ki, Amerika kimi dövlətin başında diyanmağa Baydenin fiziki və intellektual qabiliyyətləri yetərincə deyil. Co Bayden ermənipərəstliyi ilə seçilir. Mən ehtiyat edirəm ki, o, erməni lobbisinin əlində alətə çevrilsin.

Azərbaycan strateji cəhətdən Amerikanın maraqlarına uyğun bir dövlətdir. Qərbin enerji və nəqliyyat dəhlizi hesab olunur. Amerikanın bir nömrəli müttəfiqi İsrailin neft təchizatında Azərbaycan böyük rol oynayır. Azərbaycan Avropanın da enerji təchizatında bir nömrəli rol oynayır”.


Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadənin
sözlərinə görə, Co Bayden “907-ci düzəliş”in müəlliflərindən biri olub:

“Amerikanın indiki prezidenti Donald Trampla bizim heç bir problemimiz olmayıb. Bunu qeyd etmək istəyirəm ki, Cozef Bayden 1992-ci ildə Azərbaycana qarşı müəyyənləşdirilən və indiyədək Azərbaycan-Amerika münasibətlərinə təsir edən “907-ci düzəliş”in müəlliflərindən biri olub. Onun erməni diasporu ilə əlaqələrini hər zaman nəzərə almaq lazımdır. Amma Donald Trampın erməni diasporu ilə aslılığı olmayıb”.


Fidan İlqarqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...