Modern.az

Azərbaycanın Baş prokuroru türkiyəli həmkarına Qarabağdan danışdı

Azərbaycanın Baş prokuroru türkiyəli həmkarına Qarabağdan danışdı

29 Oktyabr 2020, 15:26

2020-ci ilin oktyabrın 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gül, Baş prokuroru Bekir Şahin və Ali Məhkəməsinin sədri Mehmet Akarca arasında telefon danışığı olub.


Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, Kamran Əliyev Türkiyə Respublikasının milli bayramı – Cümhuriyyətin elan olunmasının 97-ci ildönümü münasibətilə həmkarlarını təbrik edib.


K.Əliyev Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının xalqlarımızın ortaq milli, mənəvi dəyərlərindən və ənənələrindən güc almaqla dünya ölkələrinə bir nümunə olduğunu vurğulayıb, qardaş Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin haqlı mövqeyini müdafiə etməsi və Vətən müharibəsi dönəmində ən yüksək mənəvi dəstəyinin xalqımız üçün olan əhəmiyyətindən söz açıb.

Baş Prokuror Ermənistan Respublikasının rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin dinc əhalimizə qarşı törətdiyi cinayətlər,o cümlədən 27  və 28 oktyabr tarixlərində mülki əhalinin sıx yaşadığı Azərbaycanın Bərdə şəhərinə raketlərin atıldığını və nəticədə 25 nəfərin həlak olduğunu, 82 nəfərin yaralanması, çoxsaylı yaşayış evləri və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyməsi barədə həmkarlarını məlumatlandırıb.

Türkiyəli həmkarları öz növbəsində Ermənistanın Azərbaycana yönəlmiş terror əməlləri ilə əlaqədar həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək yaralananlara Allahdan şəfa diləmişlər.

Ermənistanın Azərbaycana yönəlmiş terrorçu hücumlarına görə cavab verməli olduğunu bildirən həmkarlar Ermənistanın oktyabrın 27-i və 28-i tarixlərində Bərdə şəhərinin dinc sakinlərini hədəfə alaraq raket zərbələri endirməsini kəskin pisləmiş, Türkiyənin daim Azərbaycanın yanında olacağını nəzərə çatdırıb.

Kamran Əliyev və Türkiyəli həmkarları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir