Modern.az

“Bu yaşananlar əsl insanlıq dramıdır” - Deputat

“Bu yaşananlar əsl insanlıq dramıdır” - Deputat

31 Oktyabr 2020, 12:39

"Rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qətiyyətlə irəliləyir, düşmənə sarsıdıcı zərbələr endirir. Qəhrəman hərbçilərimizin qarşısında duruş gətirə bilməyən Ermənistan hərbi birləşmələri mülki insanları hədəfə alır. Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi bunu təsdiqləyir. Bu qətliam erməni vəhşiliyinin və barbarlığının növbəti göstəricisidir”.

 

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, döyüş bölgəsindən xeyli uzaqda yerləşən  Bərdədə törədilən terror aktı miqyası baxımından çox dəhşətlidir:

 

“Gündüz saatlarında insanların sıx olduğu şəhərin mərkəzinə qadağan olunmuş ağır silahla hücum etmək bütün bəşəriyyətə və insanlığa qarşı cinayətdir. Ermənilərin bu vəhşi terroru neçə-neçə ailələrin faciəsinə çevrilir, uşaqların arzuları, ümidləri məhv olur. Bu yaşananlar əsl insanlıq dramıdır. Sentyabrın 27-dən etibarən ermənilərin qətlə yetirdiyi  məktəblilərin siyahısına təəssüf ki, Aysu İsgəndərovanın da adı əlavə olundu. Hadisə sonra Aysunun babası ilə danışdım. Ağrılı vəziyyətdə olan baba telefonda mənə dedi ki, Vətən sağ olsun, təki torpaqlarımız işğaldan azad olunsun. Onun bu cavabı,  məncə, törədilən terror aktlarına qarşı millətimizin düşmənə və bu cinayətlərə susan bütün dünyaya verdiyi cavab idi. Bizim xalqımızda olan milli kimlik, milli iradə, milli ruh budur və bu iradəni heç bir qüvvə qıra bilməyəcək. Günahsız körpələrimizin qanına əli bulaşmış terrorçular bu cinayətlərə görə mütləq cavab verməlidirlər. Bu qanlı hadisə nəinki Azərbaycan, bütövlükdə bəşəriyyət, sülh, təhlükəsizlik üçün böyük təhdiddir”.

 

 

Deputat qeyd edib ki, dünya birliyi bu faciəyə ciddi reaksiya verməlidir:

 

“Amma biz görürük ki, nüfuzlu beynəlxalq təşkilatlar, böyük dövlətlər yenə də səssiz qalırlar. Doğrudur, hadisə yerində olan xarici jurnalistlər bu qətliamı öz gözləri ilə görüb təmsil etdikləri kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayırlar. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin hadisə yerinə səfəri təşkil olunub. Bütün bunların nəticəsində bəzi ölkələrin və təşkilatların rəsmi nümayəndələri hadisəni pisləyiblər. Hətta ermənipərəst mövqeyi ilə tanınan "Human Rights Watch" və "Amnesty İnternational" təşkilatları da Bərdədə mülki əhaliyə qadağan olunmuş silahlarla hücum edildiyini etiraf etməyə məcbur olub. Amma bu qətliama görə sadəcə təəssüflənmək kifayət deyil. Bu qanlı hadisəni törədən cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılması tələb olunmalıdır. Yalnız pisləmək bizi qane etmir, illərdir belə içiboş açıqlamaları eşidirik. İnsanlığa qarşı hərbi cinayət törədən təcavüzkar Ermənistan dövlətinə qarşı dərhal sanskiyalar tətbiq olunmalıdır. Bunların ancaq belə qarşısını almaq olar”.

 

Fatma Yıldırım söyləyib ki, bu cür hadisələr insanların, o cümlədən, qəhrəman bərdəlilərin vətənpərvərlik ruhunu sındırmaq iqtidarında deyil:

“Bərdə bizim ən qədim şəhərlərimizdən biridir, İmamzadə torpağıdır. Bu torpaq çox igidlər yetişdirib, çox döyüşlərə şahidlik edib. Canımız vətən üçün fəda olsun deyən mərd, qorxmaz bərdəlilərin əzmini sındıra bilməzlər. Qətliamdan sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyev bəyan etdi ki, həlak olan günahsız Bərdə sakinlərinin qisası döyüş meydanında alınacaq. Belə də oldu! Bərdəyə hücum edən düşmənin canlı qüvvəsi və texnikası yerlə-yeksan edildi! Həm düşmən, həm də onların havadarları bilməlidir ki, heç nə və heç kim bizi öz haqq yolumuzdan çəkindirə bilməz. Bizim ədalətli savaşımız Qarabağımız işğaldan tam azad edilənə qədər davam edəcək!”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı