Modern.az

Dilqəmlə Şahbazın Şuşadakı saxlanma yeri dəyişdirilib - AÇIQLAMA

Dilqəmlə Şahbazın Şuşadakı saxlanma yeri dəyişdirilib - AÇIQLAMA

2 Noyabr 2020, 12:16

Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin təhlükəsizliyi məqsədilə, onların yeri Şuşa daxilidə dəyişdirilir.


Bu barədə Modern.az-a 6 ildir qanunsuz olaraq, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.


O qeyd edib ki, Şuşa ilə bağlı xəbərlər gəldikcə, hər bir azərbaycanlı kimi çox sevinir:


“Şuşanın azadlığı qələbə deməkdir. 30 ilə yaxındır ki, Dağlıq Qarabağ və ətraf rayonlarımız işğal altındadır. Həm tarixi, həm yerləşməsi, həm coğrafiyası, həm mənəvi baxımdan Şuşanın böyük önəmi var. İnşallah ki, Şuşanın azad olunmasına az qalıb. Mən Şuşanı Dağlıq Qarabağ müharibəsinin azadlıq simvolu kimi görürəm.

Bununla belə, atamgilin təhlükəsizliyi, saxlanma şəraitilə bağlı çox narahatam. Ötən həftə Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyində oldum. Mənə bildirdilər ki, təhlükəsizliyə görə atamgilin yeri Şuşa daxilində tez-tez dəyişdirilir. Amma bu yerdəyişmə ilə onların təhlükəsizliyi nə dərəcədə qorunur, bilmirəm. Çünki konkret harada olduqlarını demirlər. Ona görə bilmirəm Şuşa qalasındadırlar, yoxsa oradan çıxarılıblar, onlarla hansı şəkildə rəftar edirlər, səhhətləri necədir, bütün bunlarla bağlı tam məlumatsızam”.

 

Girov oğlu deyib ki, atasına qovuşacağı günün yaxın olduğuna inanır:

“Azərbaycan Ordusunun üst-üstə gələn qələbə xəbərləri bizi qürurlandırır. Amma bir övlad olaraq da çox narahatam. Ümid edirəm ki, cənab Ali Baş Komandanımızın rəhbərliyi altında hər şey daha da yaxşı olacaq. Nəinki Şuşada, işğal olunmuş bütün torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalağalanacaq. Atam Dilqəm Əsgərov və dostu Şahbaz Quliyev sağ-salamat girovluqdan azad ediləcək. Mən buna çox böyük ümid bəsləyirəm”.

Qeyd edək ki, 2014-cü ildə öz ata-baba yurdunu ziyarətə gedən D.Əsgərov və Ş.Quliyev ermənilər tərəfindən girov götürülüblər. Onlar üzərində qurulan “məhkəmə” ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 illik müddətə azadlıqdan məhrum edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...