Modern.az

Muştuluq

Muştuluq

2 Noyabr 2020, 16:42

Qəzənfər Həmidoğlu

Muştuluq həm gözəl, həm də qəliz məsələdi.

Bunun şad xəbər, müjdə tərəfi - muştuluqlama nəcib işdir. Müjdənin muştuluğu - bəxşiş istəmək-almaq isə incə prosesdir...

Müzəffər Ordumuz uzun illərdən sonra torpaqlarımızı erməni işğalından azad edir, bir qulağımız cəbhədədir, Ali Baş Komandandan müjdələr gözləyirik. Bir çoxumuz isə muştuluq ovqatındayıq.

Bu iş ta qədimlərdən belədir - müjdə bazarı varsa, muştuluq dəllalı da olmalıdır. Virtual məkanda bu sadəcə, üç-dörd layk qabağa düşməklə bitmir, həm də ad-san, statusla status yüksəltməkdir: "Kişi bilir də, hər yandan xəbəri var". Və ya: "Ona ötürürlər, hər yanı mənbədir. Maşallah və nəmxuda, onun bilmədiyinə qurd güşər".

***

... 50 il əvvəlin əhvalatıdı. Məmmədqulu dayının oğlu Əliqulu bu gün-sabah əsgərlikdən qayıdacaqdı. Amma əsgər gəlib çıxmırdı, kişi nigaran qalmışdı. Əmisi Həsənqulu dedi ki, uşaq Bakıya çatıb, xalasıgilə düşüb. "Cavan uşaqdı, kim bilir, nə qayırır şəhərdə?" - Həsənqulu qımışa-qımışa bizə göz vurur, böyük qardaşına ürək-dirək verirdi.

Məmmədqulu dayı yumurtası tərs gəlmiş toyuğa dönmüşdü. O xəsis kişi dözmədi, kisənin ağzını açdı: şad xəbəri birinci gətirənin muzdu əla muştuluq olacaq. Bir-iki gün keçdi, kişinin narahatlığı, muştuluq alacaqların sayı artdı: "Üç-dörd uşağın bəxşişi var".

Axşam yatarkən anamgildən eşitdim ki, Əliqulunun anası Məsumə xala yuxarı məhəllədəki poçtdan Bakıya, bacısı İzzətə zəng edib. Xalası deyib ki, uşağı sabah mütləq avtobusa oturdacaq, rayona yola salacaq. Məmmədqulu kişinin Bakıya zəngdən xəbəri yoxmuş...

Səhəri günü uşaqlarla həyətdə "Səndə-məndə" oynayırdıq, bir gözüm avtovağzalın həyətində idi. Vağzalla qonşuyduq, bizə "vağzal uşaqları" deyirdilər.

Qaçdı-tutdu zamanı "İkarus" vağzal dairəsinə girdi. Belə iri avtobus yalnız Bakıdan gələrdi. Kimsəyə sezdirmədən gözümü zillədim avtobusa.
Adamlar yavaş-yavaş düşür, hay-küylə baqajlarını götürürdülər. Əsgər formasında arıq-uzun birisi avtobusun pilləkanında göründü. Əliqulu idi.

Səs salmadan götürüldüm Məmmədqulu dayıgilə. Qapılarına 100-150 metr qalmış başladım bağırmağa:

- Məmməqulu dayı, muştuluq! Soldatın gəldi. Əliqulu gəldi...

Biri yanımdan güllə kimi keçdi. Sinif yoldaşım Xanoğlandı, qaçağan at kimi bir şeydi. Konserv zavodunun barısından çiynində içi alma dolu üçtaxta yeşiklə tullanmış və qarovulçuların gözü önündən yoxa çıxmışdı...

Tarrapp, kəllə-mayallaq getdim. "Kopoolu , mənə podnoşka (badalaq) atırsan?", - yerdən üst-başımı çırpa-çırpa durub yüyürdüm hərifin üstünə və dayandım.

Durna xalanın nəvəsi qumarbaz Əsgərağa idi. Xatalı uşaqdı. Babam demişdi ki, "nəbadə Durna xalanın nəvələrinə qoşulasan! Onların babaları da həlləm-qəlləm adamlardı".

Üzümə irişə-irişə Əsgərağa da götürüldü Əliqulugilə.

Təngənəfəs özümü yetirib darvazadan içəri keçəndə Hüseynqulu önümü kəsdi. Əliqulunun kiçik qardaşı idi, cüvəllağının yekəsidi.

- Sunqulu, burax keçim, day-daya sözüm var.

- Arə, Həsənsoxdu dəyirmanıdı, gələn girir, keçir içəri.

Daha bir uşaq yanımızdan güllə kimi keçib girdi həyətə. Muştuluq öldü, carəsizlikdən dilləndim:

- Qardaşın gəldi, burax!

- Arə dayan. Dədə, muştuluq! - Hüseynqulu da cumdu içəriyə.

Həyətdə Məmmədqulu dayıya daraşan kim, dırmaşan kim: uşaqlar, arvadlar sallanmışdılar kişidən, kişi əlləri cibində dartınırdı: "Köpək uşaqları! Ay arvad, düş yaxamdan!"

100 faiz günün günorta çağı kişini soyurlar. Tfu...

Amma birinci mən görmüşdüm, bəlkə bir şey qopara bilərdim:

- Day-day, muştuluğumu, pulumu ver, Əliqulunu birinci mən gördüm...

Məmmədqulu dayı aradan bir təhər sivişib şalvarının boş ciblərini çölə çevirdi, üst-başını düzəltdi və darvazadan içəri girən Əliquluya baxa-baxa dedi:

- Adə, bir gözüm aydın, bir gözüm muştuluq!..

P. S. Qəhrəman əsgərlərimiz cəbhədən sağ-salamat və Zəfərlə qayıtsınlar!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?