Modern.az

Millətin birləşdiyi gün, yaxud Zərdabinin dəfni

Millətin birləşdiyi gün, yaxud Zərdabinin dəfni

Aktual

11 İyul 2012, 10:22

Böyük şəxsiyyətlər təkcə öz həyatları və əməlləri ilə deyil, ölümləri ilə də mənsub olduqları milləti, ümumən insanları yaxınlaşdırmağı və birləşdirməyi, xoş gələcək uğrunda mübarizəyə səfərbər etməyi bacarırlar. Azərbaycanın yaxın tarixi keçmişində bunun parlaq nümunələri var. Amma heç şübhəsiz, xalqımız böyük İnsanın ölümünün yaratdığı milli özünüdərk və birlik hissini ilk dəfə 1907-ci ilin 30 noyabrında nümayiş etdirmişdi.

Həmin gün Bakı Həsən bəy Zərdabi ilə vidalaşırdı. Bir az patetik səslənsə də, yazmalıyam: bəlkə də həmin gün "qara qızıl" işığına Azərbaycana axışan, onun yeraltı, yerüstü sərvətlərini talayıb aparan yadellilər ilk dəfə xalqın həqiqi simasını görmüş, birliyi və yekdilliyi ilə üz-üzə gəlmişdilər. Bu torpağın həqiqi sahiblərini həqarətlə “tuzemsı”, “inorodtsı” adlandıran, onların dili, tarixi, milli və dini hissləri ilə saymazyanalıqla oynayan yadellilər Azərbaycan türklərinin oyandığını ilk dəfə həmin gün görmüşdülər. “Müsəlman” adlandırdıqları kütlənin ümmətdən millətə çevrilmək yolunda mühüm addım atdığının şahidi olmuşdular.

Yalnız həyatı boyu gördüyü nəcib işlərlə deyil, ölümü ilə də milli birlik amalına rəvac verən, minlərlə həmvətənini bir araya gətirən "arıq, quru, arğaz qoca" - Həsənbəy Zərdabi siyasi xadim və partiya lideri kimi tanınmasa da, müstəqil Azərbaycan dövlətçiliyinə – Azərbaycan Cümhuriyyətinə aparan yolun ən mühüm bələdçilərindən, vacib simalarından birinə çevrilmişdi.

Xalq yolunda təmənnasız çalışanların çoxu təki Həsən bəy də sağlığında həqiqi qiymətini ala bilməmişdi. “Təəssüf ki, bizim vətənimizdə həmişə olduğu kimi bu dəfə də yada düşmək üçün mütləq ölmək lazım gəldi” – Zərdabini yaxından tanıyan dostu və müasiri, "Kaspi" qəzetinin əməkdaşı A. Olendskinin yazdığı “qara yumora” bənzəyən bu sözlər, nə qədər acı olsa da, həqiqət idi.

Zəngin yeraltı sərvətləri sayəsində Bakının cansıxıcı əyalət şəhərindən “neft və milyonlar səltənətinə” çevrilməsi prosesi Zərdabinin gözləri önündə baş vermişdi. Xüsusən ölümündən sonra dəfələrlə vurğulandığı kimi o da istəsəydi, başqalarının yolu ilə gedər, “sarı iblisin” xidmətində dayanar, var-dövlət toplamağa qurşana bilərdi. Və təbii ki, Moskva Universitetini namizəd diplomu ilə bitirmiş bu hazırlıqlı şəxsiyyət adını yaza bilməyən dünənki baqqallardan, çarvadarlardan daha uğurlu biznes qurar, qat-qat çox pul, sərvət qazanardı.

Amma Həsən bəy bütün həyatı boyu qazanmaqdan daha çox xərcləmişdi. Gücünü, ağlını, sağlamlığını millətinin “zindəganlıq davasında” məğlub olmaması, qonşu xalqlarla müqayisədə xar və zəlil günə düşməməsi üçün sərf etmişdi.

Əcnəbilərin meydan suladıqları Bakıda ona dəfələrlə “Müsəlman kütləsi üçün dəridən-qabıqdan çıxmağa ehtiyac yoxdur. Çünki çəkdiyin əziyyət qiymətləndirilməyəcək”, – deyə xəbərdarlıq etmiş, tutduğu yoldan, amal və inancından çəkindirməyə çalışmışdılar.

Zərdabinin isə cavabı həmişə bir olmuşdu: “Öz işinə qiymət-yəni mükafat umma. Səni tərifləyib göylərə qaldıracaqlarını düşünmə. Xalq üçün işlə. Onda o, ardınca gedəcək və sənin qədrini biləcək. Bunun üçün isə əvvəlcə xalqın inamını qazanmaq lazımdır”.

Prinsipcə tam doğru fikirdir. Amma həyatda çox vaxt belə olmur. Gerçəkliyin bu amansız təzahürü ilə həyatının son çağlarında Zərdabi də üzləşmişdi. Bir müddət “Kaspi”də çalışmış Ukrayna əsilli jurnalist N. Bayzdrenkonun “Bakinets” qəzetinin 7 dekabr 1907-ci il tarixli sayında dərc etdirdiyi “Təzə qəbir önündə (Həsən bəy Məlikovun xatirəsinə)” adlı son dərəcə təsirli, ibrətamiz məqaləsində yazdığı kimi, "Hər şeydən az özü haqqında düşünən, bütün həyatı boyu başqaları üçün işləyən adamı ömrünün son günlərində soyuq bir tənhalıq əhatə etmişdi”.

Həyatının son iki ili Zərdabi üçün xüsusi ilə çətin və məşəqqətli keçmişdi. O, ağır skleroz xəstəliyindən əziyyət çəkirdi. 1906-cı ilin yazında isə beyninə qan sızmış, bədəninin bir tərəfini iflic vurmuşdu. Minnətdarlıq hissindən həmişə əziyyət çəkən Azərbaycan cəmiyyətində Həsən bəy xidmətlərinin etiraf edilməsi və qiymətləndirilməsi əvəzinə laqeydlik, biganəlik və saymazyanalıqla üzləşmişdi. İş o yerə qəlib çatmışdı ki, qurucularından biri olduğu “Kaspi” redaksiyası da ən şöhrətli müəllifini unutmuşdu. Redaksiyanın verdiyi mənzildən çıxarılmaq təhlükəsi ailəsinin başı üzərindən asılmışdı.

“Onun qüvvəsi zəifləyir, iş qabiliyyəti azalırdı. Lakin prinsiplərinə sadiq olan qoca və xəstə Həsən bəy yenə də işə can atırdı. Ancaq daha onun işinə heç bir ehtiyac duymurdular. Həsən bəyin hər gün redaksiyaya gəlməsinə, onun məzlum, fağır görkəminə, sanki məzəmmətlə dolu sönük baxışlarına ürək ağrısı və gözyaşısız baxmaq mümkün deyildi. Xüsusilə ona münasibətdə müasir həyatın acı gerçəklərini hiss etmək daha çətin idi”, – deyə Zərdabinin doğma xalqı üçün kim olduğunu həmvətənlərinin çoxundan daha yaxşı anlayan N. Bayzdrenko yazırdı.

Bəlkə də həmvətənlərinin diqqətli, şəfqətli münasibəti həyatını sərvət toplamağa deyil, xalqa xidmətə həsr etmiş tənha qocanın vəziyyətini nisbətən yüngülləşdirə, dərdlərinə təsəlli ola bilərdi. Həqiqətdə isə başqa, lakin bizim üçün o qədər də gözlənilməz olmayan şeylər baş verirdi. “Hamı məni unudub, hamı məni atıb! – deyə Həsən bəy həyatının son günlərində yaxınlarına və doğmalarına tez-tez şikayətlənirmiş. Heç kəs gəlmir, heç kəs baş çəkmir, heç kəs mənimlə maraqlanmır. Bax, heç qəzet (“Kaspi” nəzərdə tutulur – V.Q.) də gətirməyiblər”.

Ardı var

 

Vilayət Quliyev

Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!