Modern.az

Həbsdə olan şairin anası: “Oğlumu İrana qonaq kimi çağırıb namərdlik etdilər” - MÜSAHİBƏ

Həbsdə olan şairin anası: “Oğlumu İrana qonaq kimi çağırıb namərdlik etdilər” - MÜSAHİBƏ

Müsahibə

11 İyul 2012, 12:34

Tahirə Hüseynova: “O necə casus ola bilər?..”

İranda həbs olunan şair, jurnalist Fərid Hüseynin anası Tahirə Hüseynovanın Modern.az-a  müsahibə verdi.

– Fəridin tutulmasını ilk dəfə nə vaxt və kimdən eşitdiniz?

– Oğlumla birgə İranda saxlanılan Şəhriyarın atasından eşitmişəm. Bu da təxminən onların həbsindən bir gün sonra idi.

– Bir ana kimi oğlunuz haqqında nələri danışa bilərsiz?

– Oğlum çox sakit təbiətli, öz işi ilə məşğul olan və heç kimin işinə qarışmayan bir insandır. Kitab oxumaqdan və yazı yazmaqdan başqa bir peşəsi yoxdur. Fərid uşaq vaxtından da bütün marağını ancaq kitablara yönəldib. Onu tanıyanlar da mənim dediklərimi təsdiq edər. Mən bütün analar kimi oğlumu tərifləyə bilərəm, amma əsas onu yaxından tanıyan insanların fikirləridir. Oğlum bu başına gətirilənlərə layiq olmayan bir insandır.

– İranda oğlunuz və onunla birgə saxlanılan Şəhriyara da casus damğasını vurublar. Siz oğlunuzun casus olmasına inanırsızmı?  

– Təbii ki, bir ana kimi mən bu deyilənlərin heç birinə inanmıram. Mənim oğlum heç vaxt casus ola bilməz. Ona, işinə və yaşına casus olmaq yaraşmır. Bunu tək mən demirəm ki, bu sözləri oğlumu tanıyan hər kəs deyə bilər. Casus sözü ona yaraşmayan bir iftiradır və mən buna inanmıram. Çünki şairdən casus ola bilməz. Bu oğluma yapışdırmağa çalışdıqları bir şayiədir.

Onlara casus adı verirlər və niyə demirlər ki, casusun çantasından nələr çıxıb? Qələmlə, sözlə, telefonla, flaş-kartla casus olmaq olar? Oğlumun İsrailə işlədiyini deyirlər. Bir gəlib öyrənib görsünlər ki, oğlum keçən il harda hərbi xidmətdə olub? O necə casus ola bilər?..

– Fərid yazdığı şeirləri sizə oxuyurdu ?

– Oğlumun ilk oxucusu hər zaman mən olmuşam.

– Bəs oğlunuzun dostlarından kimləri tanıyırsız?

– Fərid şəhərdə yaşayırdı, mən də rayonda. Ona görə də dostlarının hamısını tanımıram. Amma şəhərə gələndə də onlarla az görüşürdüm.

– Siz Kürdəmirdə yaşayırsız. Bəs oğlunuz İranda həbs olunandan sonra Kürdəmirə yanınıza kimsə gəlibmi? 

– Bura, Kürdəmirə ancaq yaxın qohumlar gəldi, amma başqa heç kim gəlməyib. Bircə telefon vasitəsilə əlaqə saxlayanlar olur.

– Dövlət orqanlarında kimlər sizinlə əlaqə saxlayır?

– Bu dövlət səviyyəsində olan bir işdir və gözləyirik ki, dövlət də bu işi həll etsin. Bizim kimi insanların əlindən heç bir iş gəlməyəcək və dövlətindən əlindən nə gəlirsə onların azad edilməsinə yönəltməlidir. İnanıram ki, oğlum da, dostu da sağ-salamat geri qayıdacaq.

– Tahirə xanım, siz hazırda hardasa işləyirsiz?

– Bəli, mən işləyirəm. Amma deyim ki, mən oğlumu tək böyütmüşəm. Oğlum səkkiz yaşından atasını itirib. Bu gün mən bu yükü tək daşıyıram. İndi mənə ikiqat ağırdır ki, indi də bu yolu tək gözləyirəm. Mən bu yolda tək çətinlik çəkirəm. Bir ana kimi bu mənim üçün çox ağırdır.

– Oğlunuz sizin dayağınızdı və o indi yanınızda yoxdur. Kimlərsə sizə dəstək olurmu?

– Mənə dəstək olmalarını ancaq oğlumun gəlişində gözləyirəm. Başqa heç kimdən heç bir dəstək gözləmirəm. Bircə dəstək olub oğlumu geri qaytarsınlar. Mən bu günə kimi kiminsə dəstəyi ilə dolanmışam ki!?

– Bildiyimiz qədər, Fərid nişanlı idi. Onu nişanlısı nə düşünür bu olanlar haqqında?

– Nişanlısı Səbinə mənim yanımdadır. Özümlə rayona onu da gətirmişəm. Onun da vəziyyəti mənimkindən fərqlənmir.

– Bəs siz Fəridin İrana gedəcəyi xəbərini necə qarşıladınız?

– Fəridi İrana festivala dəvət etmişdilər. Amma deyim ki, onun getməsini istəmirdim. Bəs İrana qonaq kimi dəvət olunan bir insana belə davranmaq olarmı? Oğlumu qonaq kimi qarşılayıb ardınca namərdlik etdilər. Oğlum ora gəzmək və hər hansı başqa bir iş üçün getməyib. Azərbaycanda qonağa hər zaman böyük hörmət olub. Mən bilməzdim ki, oğlumun bu gedişinin arxasında nələr dayanacaq.

– İran dövlətinə hansısa bir sözünüz varmı ?

– Biz iki qonşu dövlətik və yəqin ki, onlar bir ananın səsinə səs verərlər. İrandan bir ananın səsinə səs verməsini istəyirəm. İnanıram ki, onları sağ-salamat azad edəcəklər.

Könül Səid

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir