Modern.az

İnformasiya müharibəsində kim udur, kim uduzur? - Prezidentin keçmiş mətbuat katibindən DƏYƏRLƏNDİRMƏ

İnformasiya müharibəsində kim udur, kim uduzur? - Prezidentin keçmiş mətbuat katibindən DƏYƏRLƏNDİRMƏ

4 Noyabr 2020, 09:24

“Ermənilər həddindən artıq aqressiv, azərbaycanlılar isə daha təmkinli addım atırlar”

Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatı davam edir. Amma müharibə tək ön cəbhədə deyil, informasiya sahəsində də aparılır. Ermənilər müxtəlif vasitələrlə dezinformasiyalar yayır, dinc əhaliyə qarşı təxribatları informasiya saxtakarlıqları ilə pərdələyərək, diqqəti bundan yayındırmağa və Azərbaycan xalqının mübarizə əzmini qırmağa çalışırlar. 

Amma son zamanlar gün kimi ortada olan bir fakt da var: Ermənistan cəbhədə məğlub olduğu kimi,  informasiya müharibəsində də uduzur.


Tanınmış jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis,1992-1993 – Azərbaycan Prezidentinin mətbuat katibi olmuş Arif Əliyev Modern.az-a informasiya müharibəsinin texnologiyası, Ermənistan və Azərbaycan arasındakı informasiya savaşının hazırkı durumu haqqında danışıb.


Ermənilər informasiya müharibəsində çox ciddi səhvlər etdilər...


Arif Əliyev hesab edir ki, ermənilərin informasiya müharibəsini uduzduğunu demək hələlik tezdir:


“Çünki bu qarşıdurma davam edir. Düzdür, ermənilərin informasiya müharibəsində çox ciddi səhvləri oldu. Bu əslində erməni tərəfinin cəbhə xəttində düz-əməlli döyüş, müharibə aparmamağından irəli gəlir. Onların əsas fəaliyyəti diplomatiya və informasiya sahəsinə yönəlib. Burada isə həddindən artıq ehtiyatsız, kobud düzəldilmiş feyklərdən istifadə etdilər. Nəticədə bu onlara ciddi zərbə gətirdi. Nəticə tək bu deyildi. Ermənilərin səriştəsiz feykləri onlara istinad və etibar edən, inanan bir çox nüfuzlu və ciddi informasiya vasitələrinə də böyük zərbə idi. Hər halda, bu prosesin əvvəlində informasiya müharibəsi baxımından nisbətən zəifliyi ilə seçilən Azərbaycan tərəfi qısa müddətdə bunu aradan qaldırdı. Xeyli üstünlüklər əldə edildi”.


Azərbaycanda media sahəsinə nəzarət edən şəxslərin dəyişdirilməsi bəhrəsini verdi


Azərbaycanın informasiya müharibəsində üstünlüyünün səbəblərini sadalayan Arif Əliyevin fikrincə, bu prosesdə Prezident İlham Əliyevin və onun beynəlxalq münasibətlər sahəsində köməkçisi Hikmət Hacıyevin fəaliyyəti xüsusi vurğulanmalıdır:


“İlk olaraq, Prezidentin və köməkçisinin aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, ardıcıl şəkildə brifinqlərin təşkili bu mərhələdə çox yaxşı işlənilmiş bir prosesdən xəbər verirdi. Rəsmilərin mediaya açıq olması, mütəmadi məlumatların yayılması bizim indiyə qədər ən zəif yerimiz idi, həmişə bundan şikayət edirdik. Görünür bu işlə məşğul olan şəxslərin dəyişməsi öz bəhrəsini verdi.

İkincisi, mən xüsusilə elektron kütləvi informasiya vasitələrimizin və sosial şəbəkələrin, onların  istifadəçilərinin fəallığını qeyd etməliyəm. İndiki informasiya rejimi, internet məhdudiyyəti  çətinlik yaratsa da, həm ölkə daxilində, həm də xaricdəki azərbaycanlılar bu sahədə çox böyük işlərə imza atdılar. Bütün bu nailiyyətlər Ermənistanın aqressiv davranışının qarşısını almağa kömək edir”.



Sosial şəbəkələr, telegram kanalları, elektron media aktiv, ənənəvi media passivdir...


Arif Əliyev elektron medianın və sosial şəbəkələrin inkişafına toxunub və qeyd edib ki, ənənəvi media bu aktivlikdən yenə də geri qalır. Jurnalistin sözlərinə görə, informasiya müharibəsində ənənəvi kütləvi informasiya vasitələrinin rolunu böyük olmadı:


“Prosesin əvvəlində ənənəvi mediada da müəyyən bir həvəs, aktivlik var idi. Amma görünür ki, sonradan köhnə “baqaj” daha səmərəli işləməyə imkan vermədi. Ona görə, mətbuatın son bir ayda informasiya müharibəsində ən geridə qalan qolu ənənəvi media oldu.

Yeni media – xüsusilə Telegram kanallarının, sosial şəbəkələrin aktivliyi, elektron mətbuatın işinin nəticəsi gündən-günə özünü göstərməkdədir. Qeyd etmək istəyirdim ki, bu dəfə bizim jurnalistlər də özlərini çox təmkinli apardılar. Söyüş müstəvisinə, boş-boş ittihamlara yuvarlananlar az oldu. Təəssüf ki, bunlar tamamilə aradan qalxmış deyil. Mən görürəm ki, bəzi səhifələrdəki yazışmalarda, paylaşılan materialların altına qeyd edilən kommetlərdə ucuz fikirlər, atmacalar çoxdur. Bunu yığışdırmaq lazımdır. İstənilən halda ciddi auditoriyada bu, əks reaksiya doğurur. Bütün bu mənfilikləri aradan qaldırmaqla, mənə elə gəlir ki, biz daha böyük üstünlüklər əldə edə bilərik. Çünki Azərbaycan tərəfinin arqumentləri istər qanuni baxımdan, istərsə də cəbhədəki real vəziyyət baxımından qat-qat üstündür”.


Rusiya mediası Qarabağ münaqişəsi ilə bağlı daha məlumatlıdır

Son dönəmdə informasiya müharibəsi Qərb və Rusiya olmaqla iki cəbhəyə bölündü. Rusiya cəbhəsinə rus dilinin daha yayğın olduğu MDB ölkələri də daxil edilirdi. Bunu xarakterizə edən Arif Əliyevin sözlərinə görə, Rusiya mediası olduqca çətin və ağır cəbhədir:


“Rusiya cəbhəsi, əgər belə adlandırmaq mümkünsə, çox ağır cəbhədir. Çünki birincisi, Rusiyanın kütləvi informasiya vasitələrinin böyük əksəriyyəti dövlətin mövqeyindən asılıdır. KİV-lərin hökumətdən asılılığı güclüdür. Ona görə, burada əsas tezislərdə yuxarıdan gələn göstərişlər böyük rol oynayır. İkincisi, illər ərzində Ermənistanın mövqeyi Rusiyada çox möhkəm olub - həm orada işləyən jurnalistləri, həm də strateji partnyorluq, dini bağlılıq və s. baxımından. Odur ki, Rusiya cəbhəsi bizim üçün daha ağırdır. Amma mən xüsusi qeyd edərdim ki, Rusiyada bir çox politoloqların və azərbaycanlıların yeni yaratdıqları onlayn media vasitələrinin bu sahədə rolu getdikcə önə çıxmaqdadır”.


Arif Əliyevin sözlərinə görə, prosesin ikinci mərhələsində Rusiya kütləvi informasiya vasitələrinin və jurnalistlərin Azərbaycanla işləmək imkanları xeyli genişləndirildi:


“Birinci mərhələdə bu məsələyə məhdudiyyətlər var idi və rus jurnalistlər müharibəni daha çox Qarabağ tərəfdən işıqlandırırdılar. İndi isə gördük ki, Azərbaycan tərəfində olan materialların sayı artmağa başladı. Eyni proses qərb mətbuatında da gedir. Bir şeyi nəzərə almaq lazımdır ki, Rusiyanın münaqişə haqqında bilikləri də geniş idi, burada maraqları da var idi, nəinki qərbin. Qərbdə bu dəqiqə kimdənsə soruşsan ki, Qarabağ haradadır, heç xəritədə yerini göstərə bilməzlər. Lakin bu prosesdə qərb jurnalistləri ilə işin də nəticəsi böyük oldu. Elə Fransa telekanalında yayımlanan materialdan sonra bu həmin ölkədə ciddi reaksiya doğurdu. Daha sonra Fransa mediasına, qəzetlərə, agentliklərə, televiziyalara ermənilərin basqısı elə bir eybəcər hal aldı ki, bununla bağlı beynəlxalq jurnalist təşkilatları və beynəlxalq insan hüquqları cəmiyyətləri ayrıca bəyanatla çıxış etməli oldular.

Ümumən, proses gedir, amma bu prosesin əlbəttə çatışmayan tərəfləri də var. Zəif tərəflər bizim feyklərlə işləmək bacarığımız, texnoloji biliklərin kifayət qədər yüksək olmaması, informasiya müharibəsinin vahid mərkəzdən idarəçiliyinin zəif olması və s.-dir. Bizim əvvəldə verdiyimiz qiymətlə razıyam ki, informasiya müharibəsində də Azərbaycan getdikcə üstünlük əldə edir”.


Rəsmilərin və rəsmi qurumların operativliyi aşağı olsaydı, medianın rolu zəifləyəcəkdi


Əksər ekspertlərin fikrincə, diplomatik cəhətdən informasiya müharibəsi, Prezidentin və köməkçisinin aktivliyi, Müdafiə Nazirliyinin operativ məlumatları medianın fəaliyyətini bir növ kölgədə qoydu. Lakin həmsöhbətimizin fikrincə, rəsmi məlumatlar və medianın fəaliyyəti bir-birini tamamlayan komponentlərdir:


“Diplomatik sahənin informasiya müharibəsində aktivliyini medianın zəifliyi kimi qiymətləndirmək düzgün yanaşma deyil. Çünki media üçün də əsas informasiya mənbəyi həmişə rəsmilər, rəsmi məlumatlar olub. Ona görə, diplomatiyanın öndə olması, əslində yaxşıdır. Əgər rəsmilərin rolu kiçik olsaydı, medianın da bu istiqamətdə fəaliyyəti bir o qədər zəifləyərdi”.


İnformasiya müharibəsi ayrıca sahədir, jurnalistikanın qolu deyil

Arif Əliyev informasiya müharibəsini ayrıca xarakterizə edib və bunun jurnalistikanın işi olmadığını bildirib:


“Bir şeyi də anlamaq lazımdır ki, düzdür, bizdə hər kəs informasiya müharibəsindən danışır, hər efirə çıxan deyir ki, mən informasiya müharibəsinin əsgəriyəm. Amma informasiya müharibəsi öz-özlüyündə jurnalistikanın işi deyil. Bunun ayrıca mütəxəssisləri var, ayrıca sahədir və çox mürəkkəb sahədir. Onun PR, texnoloji biliklər kimi elementləri və s. var. Fikir verin, feyklərin 90 faizi montaj əsasında düzəlir. Bəzən aylarla, hər hansı məlumatı araşdırmaq, üzərində işləmək , buna qarşı mübarizə aparmaq lazım gəlir. Ermənistanda bu proses təxminən 2000-ci illərin əvvəllərindən gedir. Orada xüsusi təşkilatlar var idi, indi də fəaliyyət göstərirlər. Onlar bu işin önündə gedirlər və məhsul hazırlayırlar. Media isə bu məhsulu yaymağa daha çox zaman sərf edir. “Azərbaycan jurnalistləri bütövlükdə zəifdir, ona görə belə problemlər yaranır” fikri düzgün deyil. İnformasiya müharibəsi artıq ayrıca instituta çevrilib, bu sahəni jurnalistikanın ayrı-ayrı sahələrinə soxuşdurmaq istəyi düzgün deyil. Bu bir sənayedir. Burada adi medianın istifadə etdiyi texnologiyalardan daha dərin, hətta süni intellektə dayanan texnologiyalar istifadə olunur. Söhbət təkcə müharibə dövründən getmir. Müharibənin aktiv fazası olmayanda belə informasiya müharibəsi aktivdir. Hər an Azərbaycana qarşı informasiya müharibəsi aparılır. Dəfələrlə problemlər yaranıb. Beynəlxalq aləmdə informasiya qarşıdurması bütün dövrlərdə güclüdür. İqtisadi mövzuda, demoqrafiq məsələlərdə, diasporlar arasında da bu gedir. Daimi prosesdir və həmişə hazır olmaq lazımdır. Ən azı bu hücumlardan müdafiə üçün hazırlıq mütləqdir. Məsələn, bizim kibercinayət, kiberhücumlar adlandırdığımız hərəkətlər də əsasən informasiya mənbələrinə yönəlib. Onlar informasiya qarşıdurmasının qollarından biridir”.



Xaricdə yaşayan azərbaycanlılar təmkinliyini qorumalıdırlar

Xaricdə yaşayan azərbaycanlıların informasiya müharibəsində mövqeyini də qiymətləndirən Arif Əliyevin sözlərinə görə, həmyerlilərimizin təmkinliyi təqdirəlayiqdir:


“Ermənilər aksiyalarda və informasiya müharibəsində həddindən artıq aqressivdilər. Azərbaycanlılar isə daha təmkinli addım atırlar. Bu təmkinliyi mütləq qorumaq lazımdır. Beynəlxalq münasibətin dəyişməsində də təmkinliyin böyük rolu var. Qeyd etdiyim kimi, əslində dünya Qarabağda nə baş verdiyini, münaqişənin köklərini, səbəblərini o qədər də dərin bilmir. Onlar bu problemin özlərinin həyatına təsiri əsasında mövqelərini müəyyənləşdirirlər. Görəndə ki, Ermənistanın aqressiv çıxışları, onların kobud etiraz formasını seçməsi və s. cəmiyyət üçün böyük problemlər yaradır, bunun da böyük təsiri var. Bu bilirsiniz, nəyə oxşayır, ermənilər üç dəfə Azərbaycanda əhalinin sıx yaşadığı böyük şəhərləri vurdu. Hər dəfə isə Prezidentin cavabı o olurdu ki, biz onların cavabını döyüş meydanında verəcəyik. Yəni onların istifadə etdiyi metodlardan istifadə etməyəcəyik. Bu məntiqi informasiya müharibəsinə də yönəltmək lazımdır ki, biz ermənilərin üsulları ilə deyil, davamlı tədbirlərimizlə mövqeyimizi xarici ölkələrin cəmiyyətinə çatdırmaq istəsək, bu əvvəl-axır ən uğurlu variant olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?