Modern.az

“İşğal olunmuş ərazilərimizdə çoxlu su mənbələri var” - Komitə sədri su problemindən DANIŞDI

“İşğal olunmuş ərazilərimizdə çoxlu su mənbələri var” - Komitə sədri su problemindən DANIŞDI

Parlament

4 Noyabr 2020, 11:58

Dağlıq Qarabağ işğaldan azad olunduqdan sonra o bölgədə infrastruktur elə qurulacaq ki, əhali su problemi yaşamasın.

 

Bu barədə Modern.az-a danışan Mili Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib ki, Azərbaycandakı su ehtiyatlarının təxminən 33 faizinin mənbəyi respublika ərazisində formalaşır:

 

“Qalanları öz mənbəyini Ermənistandan, Gürcüstandan götürür. Bu gün də Azərbaycanda su ehtiyatları kifayət qədərdir. Problem su mənbələrinin yerləşməsindədir. Su mənbələri elə yerləşib ki, onları layihələndirmək çox böyük vəsait tələb edir. Amma işğal olunmuş ərazilərimizdə çoxlu bulaqlar, çaylar, su mənbələri var.

Düşünürəm ki, məskunlaşma bərpa olunduqdan sonra əhalinin içməli su problemi olmayacaq. Həmçinin, suvarma suları ilə bağlı da kfayət qədər ehtiyatlarımız var. Hazırda Suqovuşan Azərbaycan ordusunun nəzarətindədir, Sərsəng su anbarı da işğaldan azad edildikdən sonra ərazidə yaşayacaq əhali üçün heç bir problem qalmayacaq”.

 

Komitə sədri qeyd edib ki, 27 il ərzində ermənilər Dağlıq Qarabağdakı yeraltı- yerüstü sərvətlərimizdən, resurslarımızdan maksimum istifadə ediblər:

 

“Ermənistanın mebel sənayesi inkişaf edirdi, nəyin hesabına? Azərbaycanın işğal etdikləri meşələrinin hesabına. Ermənilər Azərbaycanın qızıl yataqlarını istismar ediblər, alminium, sink, civə yataqlarından maksimum istifadə ediblər. Dağlıq Qarabağda erməni ictimaiyyəti bilirdi ki, azərbaycanlılar gec-tez ata-baba yurdlarına geri qayıdacaqlar. Ona görə də nə qədər həvəsləndirmə, təbliğat aparsalar da, o ərazilərdə yaşamaq ermənilər üçün cəlbedici olmayıb. Suriyadan, Liviyadan əhalini Dağlıq Qarabağa köçürsələr də, bir nəticəsi olmadı.

 

Təbii ki, onların meşələri qırması, suları çirkləndirməsi, torpaqlardan səmərəsiz istifadə etmələri böyük problemlər yaradıb. Azərbaycan torpaqlarını işğaldan tam azad etdikdən sonra quruculuq işlərinə başlanılacaq. Təbii olaraq quruculuq-bərpa işləri zamanı ən müasir texnika və texnologiyalardan istifadə edəcəklər. Ermənilər suları çirkləndirib üzüaşağı axıdırdılar. İnşallah müharibə başa çatandan sonra yeni texnoloji qurğular tətbiq edilməklə Azərbaycan öz ərazisinin təbii ehtiyatlarını qorumağa nail olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır