Modern.az

“Rəsul Quliyevin cəsarətdən danışmağa haqqı yoxdur” - Partiya sədri

“Rəsul Quliyevin cəsarətdən danışmağa haqqı yoxdur” - Partiya sədri

11 İyul 2012, 18:28

İqbal Ağazadə: “Rəsul Quliyev Amerikada kef edəndə biz burada əzab çəkirdik”

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə eks-spiker, hazırda Amerikada mühacirətdə olan Rəsul Quliyevin mətbuatda onun haqqında səsləndirdiyi fikirlərə sərt cavab verib. Deputat Modern.az-a açıqlamasında bildirib ki, Rəsul Quliyev seçkiöncəsi ölkədə vəziyyəti gərginləşdirməyə və özünü digər siyasi liderlərdən üstün tutmağa çalışır.

“Seçki ili yaxınlaşdıqca hər kəs özünü digərlərindən üstün göstərməyə çalışır. Biz gördüklərimizi  həmişə olduğu kimi çatdırmağa çalışırıq. Bizim heç kimlə problemimiz yoxdur. Sadəcə olaraq, mən Rəsul Quliyev haqqında öz pəncərəmdən görünən həqiqətləri demişəm. Dediyim sözün də arxasındayam. İstənilən zaman onunla debata getməyə də hazıram. Mən çıxışımda nə Rəsul Quliyevi, nə də onun partiyasını tənqid etmişəm. Bundan sonra başladılar mənə qarşı mətbuatda çıxış etməyə. Ancaq həmin insanlar təəssüflər olsun ki, tarixə çevrilib baxmırlar. Kim olduqlarını xatırlamırlar. Rəsul Quliyev bu addımları ilə heç nəyə nail ola bilməyəcək.  Amma bunların ona mənfi təsirinin olacağı qaçılmazdır. Ən azı obyektiv seçici və insanlar qarşısında mövqeyini zəiflədəcək”, -deyə İ.Ağazadə vurğulayıb.

Deputat eks-spikerin onu cəsarətsizlikdə günahlandırmasının  haqsızlıq olduğunu deyərək, R.Quliyevi ölkənin gərgin anında Amerikada komfortlu həyat yaşamaqda ittiham edib. İ.Ağazadənin sözlərinə görə, R.Quliyev Amerikaya getməsi ilə cəsarətsiz olduğunu göstərib.

“Rəsul Quliyev bizi nədəsə ittiham edəndə öz-özünə nə üçün sual vermir. Guya, biz ardıcıl mübarizə aparmamışıq. Adam səhhətinə görə, istefa vediyini deyərək,   Amerikaya gedib. Üstündən bir-iki il keçəndən sonra müxalifətçiliyə başlayıb. Cəsarətli olsaydı, ölkədə nə baş verdiyini açıq şəkildə ifadə edərdi. İndi guya bizə cəsarət dərsi keçir.

Fakt odur ki, biz hər cür əzab-əziyyətə qatlananda, repressiyalara məruz qalanda, o,  Amerikada komfortlu həyat yaşayırdı. İndi durub bizə cəsarətdən danışır. O baxımdan deyə bilərəm ki, Amerikada yaşayıb mənə nəyisə irad tutmaq, haqqımda qara piar başlatmaq Rəsul Quliyevə heç nə qazandırmayacaq”,- deyə millət vəkili əlavə edib.

Rəsul Quliyevin lideri olduğunu Açıq Cəmiyyət Partiyasında baş verən son dəyişikliklərə münasibət bildirən İ.Ağazadə partiyaya öz həmyerlisini rəhbər gətirdiyi üçün eks-spikeri sərt tənqid edib. O, bildirib ki, Rəsul Quliyev insanlar arasında regionçuluq fərqi yaratmaq və öz həmyerlilərini partiyada rəhbər postlara gətirməklə yalnışlığa yol verir.

“Rəsul Quliyev Sülhəddin Əkbəri partiyasına sədr təyin etdi. Mən həmin şəxsə sual verirəm ki, nə üçün bu pariyaya ancaq Naxçıvandan, eyni regiondan adam gətirilməlidir. Nə üçün partiya sədri olaraq öz yerlisini təyin edib? Azərbaycanın başqa regionunda məgər siyasətçi yox idimi öz yerlisini gətirib? Bu hakimiyyət Rəsul Quliyevdən daha az regionçudur”.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi