Modern.az

“Gəncə bombardmanı”nda hər iki valideynini itirən uşaqlar: “Bir an olsun yadımızdan çıxmır”

“Gəncə bombardmanı”nda hər iki valideynini itirən uşaqlar: “Bir an olsun yadımızdan çıxmır”

5 Noyabr 2020, 10:46

Qarabağda apardığımız Vətən müharibəsi artıq 40-cı gündür davam edir. Bu günlərdə bir gözümüz gülür, bir gözümüz ağlayır. Torpaqlarımızın işğaldan azad edilməsinə nə qədər sevinirksə, körpə uşaqların qətlinə, valideynsiz qalmalarına da bir o qədər kədərlənirik. Bir sözlə, müharibənin ağrı-acısından da qaçmaq qeyri-mümkündür.

Bu acıları, ağrıları, qayğıdan uzaq qalan, Gəncə hadisələri zamanı hər iki valideynini itirmiş Sevil və Hüseyn hər zaman ürəklərində daşıyacaqlar. Onların valideynləri Nurçin və Anar Əliyevlərə isə uşaqlarının böyümələrini görmək nəsib olmadı...

Sevil və Hüseyn indi əmi-dayılarının yanında yaşayırlar. Uşaqların istəyi ilə dayıları onları qəyyumluğa götürüb.


Uşaqların əmisi Yalçın Əliyev Modern.az-a onların vəziyyəti haqqında danışıb. O hadisə gecəsi yaşadıqları dəhşəti hələ də unutmadığını söyləyib:


“Həmin gecə partlayış səslərini eşitdik. Sanki bütün şəhər silkələndi. Dostum zəng vurdu ki, park tərəfə raket atılıb, Anargilə zəng vur, vəziyyətləri ilə maraqlan. Zəng vurdum, nə qardaşım, nə də həyat yoldaşı telefonu açdı. Gecə idi, göz-gözü görmürdü, amma bilirdik ki, nəsə dəhşətli hadisə baş verib. Mən çox narahat qaldım. Dayana bilməyib qardaşımgilin yaşadığı evə tərəf yollandım. Çatanda gördüm ki, hər yer tamamilə dağılıb.


- Uşaqlar hadisə zamanı orada idilər?

- Sevil orada idi, qardaşı isə Şəmkirdə babasıgildə qalmışdı. Sevili sağ-salamat oradan çıxartmaq mümkün oldu. Valideynlərinin cəsədini isə gecə səhərə qədər çalışsaq da, çıxarmaq mümkün olmadı. Yalnız günorta saatlarında qardaşımla yoldaşının cansız bədənini dağıntılar altından çıxardılar.


- İndi uşaqların vəziyyəti necədir?

- Yaxşıdırlar. Həm bizdə qalırlar, həm də ana babasıgildə. "Aqro" Sığorta tərəfindən uşaqlara kart verilib. Ona görə Bakıya getməlidilər. Dayıları tam müayinədən keçmək üçün "Mediclab" xəstəxanasına aparacaq.
Təbii ki, tək ehtiyacları ata-analarıdır. Dövlət heç bir dəstəyini əsirgəmir. Dövlətimizdən də, camaatımızdan da Allah razı olsun. Nə qədər insan maraqlandı, maddi-mənəvi dəstək oldular. Dövlət təşkilatları, qeyri-hökumət qurumları, televiziya kanalları – hamısının diqqətini gördük. Amma nə bilim... Heç nə ata-analarını geri gətirməyəcək...


- Bu onlar üçün böyük travmadır, bəlkə də heç vaxt unuda bilməyəcəklər. Amma heç olmasa bir qədər sakitləşdirmək mümkün olubmu?

- Hər birimiz çalışırıq ki, uşaqlar o boşluğu hiss etməsinlər, ata-analarının başına gələni az düşünsünlər, amma hər iki valideyni bir gecədə itirmək dözüləsi bir dərd deyil. Nə qədər dəstək olsaq da, ağır bir şeydir, unutdurmaq, o boşluğu doldurmaq mümkünsüzdür.


- Dediniz, Sevil hadisə zamanı orada olub. Bəs qardaşına – Hüseynə o dəhşətli hadisəni necə izah etdiniz, necə qarşıladı?

- Uşağın özü hadisə törədilən gecə, saat 3-də oyanıb deyib ki, mənim anam, atam hanı? Bir az başını qatıblar, sakitləşdiriblər, amma yenə də saxlaya bilməyiblər. O, valideynlərinin başına hadisə gəldiyini hiss edib. Gəncəyə getmək üçün nənəsinə, babasına israr edib, axır məcbur olub  gətiriblər. Yas mərasimi qurulan gün babası ilə gəldi. Hadisə ayın 11-i gecə olub. Hüseyn isə ayın 10-dan ata-anasının Şəmkirə - onun yanına gəlməyini istəyirmiş. Uşaq ürəyidir, necə hiss edibsə...


- Sevil qardaşından bir neçə yaş böyükdür. Hər ikisi üçün ağır dərddir, amma bir-birlərinə dəstək ola bilirlərmi?

- Düzdür, Sevil böyük qızdır, özünü də, qardaşını da sakitləşdirməyə çalışır. Bacardığı qədər qardaşına dəstək olur. Amma hər halda uşaqdır, 16 yaşı var, nə qədər əlindən gələ bilər ki?! Yenə də qardaşının yanında çox möhkəm, güclü dayanmağa çalışır. Bacardığı qədər Hüseynlə olanda ağlamamağa çalışır. Qardaşı ağlayanda sakitləşdirir. Bir-birlərinə dəstək ola-ola böyüyəcəklər.


- Bildiyimizə görə, uşaqların istəyi ilə qəyyumluq dayılarına veriləcək. Amma yəqin ki, sizinlə də bağları möhkəmdir?

- Bəli əlbəttə, onlar mənim ciyərparamdılar, ürəyimdilər. Sözlə ifadə etmək olmur. Qardaşımın balaları mənim balalarımdır. Daim yanlarındayam, nəzarətimdə olacaqlar, nəyə ehtiyacları olsa, hər cür dəstəyi göstərəcəm. Onlar qardaşımın mənə əmanətidirlər. Fərqi yoxdur, qəyyumluqları dayılarında oldu, ya məndə oldu. Bizə də gedib-gəlirlər. Harada istəsələr, orada qalırlar. Onların fikrini, istəyini soruşduq, qəyyumluğun dayılarında olmağını istədilər. Təbii ki, hər şey onların istəyi olmalıdır. Mən də onların fikirlərinə hörmətlə yanaşıram. Qəyyumluq rəsmi sənəddən başqa bir şey deyil. Dediyim kimi, gedib-gəlirlər, bizdə də qalırlar. Hər zaman onların yanındayam.


Mərhum Nurçin və Anar Əliyevlərin
böyük övladı Sevil Əlizadə ilə də həmsöhbət olduq. Sevil də erməni cəlladlarının onlara yaşatdığı müsibəti dəhşətlə xatırlayır. Sevil deyib ki, hər şey onun gözlərinin önündə olub:


“Hər şey yatdığımız yerdə, bir anda baş verdi. Hər şeydən xəbərsiz idik. Partlayış baş verəndə anamgilin yanına qaçdım. Amma anamın səsi gəlmirdi. Atamın isə bir anlıq səsi gəldi, məni çağırdı, sonra səs kəsildi. O gündən sonra heç özüm də nələr düşündüyümü bilmirəm. Sanki bir boşluğun içərisindəyəm”.


Faciədən sonra Sevil qardaşı ilə birlikdə Şəmkirdə dayısıgildə qaldığını bildirib:


“Çalışdığım qədər qardaşıma dəstək oluram. Qardaşım valideynlərimiz üçün çox darıxır, anamızı istəyir. Onun üçün nə etsək də, anamın əvəzini vermir. Yanında ağlamamağa, onu da sakitləşdirməyə çalışıram. Amma bir an olsun yadımızdan çıxmır, başımıza gələnləri unuda bilmirik. Atam, anam həyatda yoxdur...”.
 

Sevil 11-ci sinifdə oxuyur və gələcəkdə iqtisadçı olmaq istəyir:


“Atam və anam mənim yaxşı oxumağımı, ali təhsil almağımı çox istəyirdilər. Onların bu arzusunu reallaşdırmaq istəyirəm. İqtisadçı olacağam. Bunun üçün çox çalışıram”.


Mehri Qurban

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür