Modern.az

Sadəliklə nəcibliyin vəhdətini yaşayan insan

Sadəliklə nəcibliyin vəhdətini yaşayan insan

5 Noyabr 2020, 11:50

Bacarsan hamının yükünü sən çək
İnsana ən böyük şərəfdir əmək.
Sən də əldən düşüb yorulsan əgər
Sənin də yükünü bütün el çəkər.

Nizami Gəncəvi

 


Necə gündür, bu məqaləni yazmaqdan xeyli tərəddüd edirdim. Əslində tərəddüd etməyimdə bir səbəb vardı. Çünki, haqqında bu məqaləni yazacağım şəxs illər öncə bununla razı olmamışdı. O, belə yazıları, tərifləri heç bir zaman sevməz. Həmişə deyər: “Allahtəalə mənə nə nəsib edibsə, onu sona qədər, heç bir təmənna, tərif  güdmədən yerinə yetirmişəm. Çünki, Ulu yaradan bu və ya digər  işi görməyi məhz mənə məsləhət bilib”.


Uzun götür-qoydan sonra, məsuliyyəti öz üzərimə götürməklə, qələmi işə salmalı oldum. Məqaləni nəhayət ki, yazmağa qərar verdim. Yazımın qəhrəmanı isə sadəliyi, nəcibliyi, xeyirxahlığı özündə təcəssüm etdirən, şəxsiyyətinə, ağsaqqallığına, insanlığına, dünya görüşünə hər bir zaman hörmət və ehtiramla yanaşdığım Söhrab Salmanovdur.


Tale elə gətirib ki, mən Söhrab müəllimi hələ uşaq vaxtlarından qonşuluqdan tanıyıram. Başqa sözlə, uşaqlığım, məktəbli və tələbəlik, gənclik illərim onun gözü qarşısında keçib. Yaşının məndən xeyli böyük olmasına, mötəbər bir qurumda məsul vəzifə tutmasına baxmayaraq, mənimlə, eləcə də digərləri ilə daim salamlaşar, hal-əhval tutardı. Atam Ələsgər kişi ilə ünsiyyəti vardı. Hər zaman atama tərbiyəli 5 uşaq böyütməsi üçün məmnunluq ifadə edərdi. İllər keçdikcə, mən, Söhrab müəllimin həyat yolu ilə yaxından tanış oldum.


Məncə, bu yerdə hörmətli oxucularım üçün də onun parlaq, şərəfli həyat yolu haqqında bilgi almaq maraqlı olar.


Söhrab Məhəmməd oğlu Salmanov 1941-ci ildə ədəbiyyatımıza Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Hüseyn Arif kimi ədiblər, general-leytenant Əliağa Şıxlinski kimi görkəmli hərbi xadim bəxş edən Qazax mahalında dünyaya göz açıb. Söz-sənət mühitində böyüyən, mütaliəni, qiraəti böyük həvəslə sevən balaca Söhrab nədənsə gələcəkdə mühəndis olmağı qərara almışdı. Orta məktəbi başa vurandan sonra əmək fəaliyyətinə başlayan Söhrab çilingər şagirdi kimi bir neçə il Paris Kommunası adına Gəmi Təmiri zavodunda və Vano Sturua adına gəmi təmiri zavodunda çilingər, qaynaqçı kimi çalışdı. Zəhmətin, halal əməyin nə olduğunu öyrəndi. Burada çalışa-çalışa mühəndislik arzusuna çatmaq üçün xeyli çalışdı. Nəhayət, 1962-ci ildə Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunun Bakı filialına qəbul olunur. Eyni zamanda əmək fəaliyyətini Sov. İKP-nin XXI Qurultayı adına Gəmi Təmiri zavodunda davam etdirir. Qısa bir zaman müddətində usta vəzifəsindən baş mühəndisə qədər şərəfli yol keçir. 1970-ci ildə ona böyük etimad göstərilərək direktor vəzifəsinə irəli çəkilir. 10 il bu müəssisəyə rəhbərlik edən Söhrab müəllim zavodun həm istehsal səviyyəsinin artırılmasına, həm də ictimai-sosial həyatının yaxşılaşdırılmasına var qüvvəsini səfərbər edir. Gərgin zəhmətlə fəhləlikdən pillə-pillə direktor vəzifəsinə qədər ucalan, ucaldıqca da sadələşən Söhrab müəllim işçilərin problemləri ilə yaxından tanış olur, ona həssasla yanaşır, həllinə çalışır. Zahirən ciddi, qəlbən yumşaq, qayğıkeş olan  Söhrab müəllim sağlam və işçi ab-havası yaratmaqla kollektivin dərin hörmət və ehtiramını qazanır. Bu müddət ərzində gənc nəslin peşə səviyyəsinin artırılmasına, onların həm respublika , həm də respublikadan kənar ali və orta ixtisas məktəblərində təhsil almaları üçün şərait yaradır, gənc kadrları vəzifələrə irəli çəkir. O, daim gənclərə elmin sirrlərini öyrənməyi, sənətin incəliklərinə yiyələnməyi, peşəsinin vurğunu olmasını, işinə daim məsuliyyətli yanaşmasını tövsiyə edir.


Zəngin təcrübəyə, biliyə malik olması, yüksək peşəkarlığı, bilik və bacarığı yuxarı dairələrin də diqqətini çəkir. 1980-ci ildə Söhrab müəllim, “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin baş direktor müavini vəzifəsinə təyin olunur. Işlədiyi müddətdə peşəkar mütəxəssis kimi neftqaz sənayesinin inkişafına öz töhfəsini verir, bu sahədə xeyli uğurlara nail olur.


Yüksək təşkilatçılıq qabiliyyəti, müsbət işçi keyfiyyətləri, vaxtında düzgün həlledici qərarlar vermə bacarığı nəzərə alınaraq, ona 1989-cu ildə daha yüksək, daha yaradıcı bir vəzifə tapşırıldı. Bakı Şəhər İcraiyyə Komitəsinin Sədr müavini kimi şərəfli, məhsuliyyətli, mürəkkəb vəzifəni icra etmətə başladı. Bakı şəhərində mənzil - tikinti məsələləri ilə yaxından məşğul olan Söhrab Salmanov bu vəzifədə çalışarkən əvvəllər mövcud olmuş neqativ halların aradan qaldırılmasına, illərlə öz mənzil növbəsini gözləyən, lakin süründürməliklə üzləşən vətəndaşların yeni mənzillə təmin olunmalarında müstəsna rol oynadı. Çünki, ədalət, həqiqət, vicdan, xeyirxahlıq bu böyük insanın qanından, genindən gəlirdi.

 
Neft-qaz sahəsində çalışmaq istəyi, daxili neftçi hissləri Söhrab müəllimi yenidən Azərbaycan Dövlət Neft Şirkətinə yönəltdi. O, burada təqaudə çıxana kimi şirkətin maddi-texniki təchizat, nəqliyyat və sosial inkişaf üzrə vitse-prezident vəzifəsində çalışdı. Həmişə olduğu kimi Söhrab müəllim xasiyyətcə dəyişmədi. Alicənablığı, təvazokarlığı, prinsipiallığı, sadəliyi özünün həyat meyarına çevirən Söhrab müəllim həyatı boyu işlədiyi dövrlərdə bu yüksək insani keyfiyyətlərinə sadiq qaldı. Bu keyfiyyətlər Söhrab müəllimi hər zaman hörmət edilən, xoşbəxt bir insana çevirdi.


Vətənə məhəbbət, dövlətə, dövlətçiliyə sədaqət, ailəyə hörmət, övladlara məhəbbət və qayğı, xalqa təmənnasız xidmət, işindən zövq almaq Söhrab müəllimi fərqləndirən ən müsbət keyfiyyətlərdir.


Söhrab müəllimin əməyi dövlət tərəfindən, ölkə rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. O, “Fədakar əməyə görə” medalına, Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanına, “Əməkdar neftqaz sənayesi işçisi” fəxri adına layiq görülüb. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə tərtif olunub. Söhrab müəllim bu ordenə neft və qaz sənayesi sahəsində səmərəli fəaliyyətinə görə layiq görülüb.


Söhrab müəllimin parlaq , şərəfli həyat yoluna qısaca ekuskursdan sonra cəsarətlə deyə bilərəm ki, o, gənc nəsil üçün bir nümunə, bir örnəkdir. Xoşbəxtəm ki, belə bir şəxsiyyətlə, peşəkarla, nümunəvi insanla ünsiyyətdə olmuşam. Xoşbəxtəm ki, həyatımın ən gözəl günündə-toy mərasimimdə ağsaqqal xeyir-duasını məhz Söhrab müəllimdən almışam.


Söhrab Salmanov özünün müdrik çağlarını yaşayır. Xoşbəxtdir. Çünki, 80 illik ömür yolunda xeyirxah, alicənab, vüqarlı, sadə, humanist bir insan kimi ad çıxarmağın özü də bir xoşbəxtlik təcəssümüdür. Onun haqqında bu gün də yalnız xoş sözlər söylənilir. Bəli, məsuliyyətlə demək olar ki, Söhrab müəllimin keçdiyi parlaq, şərəfli, məhsuldar əməklə zəngin həyat yolu - mənalı ömür yolu heç də hədər getməyib. Hüseyn Cavidin təbirincə desək: “Bəxtiyarsan, əgər çəkdiyin əmək, -Cahan süfrəsinə versə bir çiçək”.


Qarşıda Söhrab müəllimin şanlı yubileyi yaxınlaşır. Bu xoş gündə yada salınası, qürur duyulası, hesabat veriləsi çox şeylər var.

 

Söhrab müəllimə uzun ömür, can sağlığı diləyirəm.

 

P.S.Söhrab müəllim, bu məqaləni sizdən xəbərsiz yazdığıma görə yəqin ki, məni əfv edəcəksiniz . Sizə böyük və sonsuz hörmətim vardır. Allah Sizi qorusun!

 

Qafar Əsgərzadə                   

Əməkdar jurnalist , Pedaqogika

üzrə fəlsəfə doktoru, dosent

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?