Modern.az

"Azərbaycan bayrağını Xankəndidə qaldıracağıq"

"Azərbaycan bayrağını Xankəndidə qaldıracağıq"

12 İyul 2012, 00:07

“Siyasi və diplomatik səylərlə yanaşı, şübhəsiz ki, biz öz hərbi qüdrətimizi artırırıq, gücləndiririk. Güclü ordu yaratmışıq və yaradırıq. Güclü ordu danışıqlarda bizim mövqeyimizi böyük dərəcədə gücləndirir”

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqi zamani deyib.

"Ancaq bizi daha çox sevindirən qeyri-neft iqtisadiyyatımızın inkişafı olmuşdur. Bu, demək olar ki, iqtisadi siyasətimizin əsas istiqamətidir və altı ayda qeyri-neft iqtisadiyyatımız 11,3 faiz artmışdır. Bu, hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricidir. Ümumi iqtisadiyyatımızın cəmi 1,5 faiz artımının səbəbi ondan ibarətdir kİ, neft hasilatında müəyyən dərəcədə azalma müşahidə edilir. Nəzərə alsaq ki, neft sektoru iqtisadiyyatımızın böyük hissəsini təşkil edir, əlbəttə, bu azalma istər-istəməz ümumi göstəricilərə də təsir göstərir. Ancaq biz bundan sonrakı illərdə də əsas diqqətimizi qeyri-neft iqtisadiyyatımızın inkişafına yönəldəcəyik və ilin altı ayının yekunları Azərbaycanda aparılan islahatların məntiqi nəticəsidir. Sənaye istehsalının ümumi həcmi 3 faiz azalmışdır. Bunun da səbəbi neft hasilatının aşağı düşməsi olmuşdur. Ancaq qeyri-neft sənayemizin inkişafı 8,3 faiz səviyyəsindədir. Bu da son illər ərzində sənayeləşmə proqramının icrasının nəticəsidir. Ölkəmizin müxtəlif bölgələrində, Bakı şəhərində yeni böyük və kiçik müəssisələr işə düşür, yeni iş yerləri açılır. Beləliklə, sənayeləşmə proqramı uğurla icra edilir. Növbəti illərdə bu məsələyə daim diqqət göstəriləcəkdir. Bu il və gələn illərdə yeni sənaye müəssisələrinin işə düşməsi qeyri-neft sektorumuzu daha da gücləndirəcəkdir".

Ölkə başçısının sözlərinə görə, birinci üç ayda investisiyalar 4,3 milyard dollar təşkil edib.

"Hələ ki, altı ayın investisiya rəqəmləri hesablanır və bu da müsbət göstəricidir. Keçən illə müqayisədə ölkə iqtisadiyyatına qoyulan investisiyalar 30 faiz artmışdır. Əgər biz ilin sonuna qədər bu templə işləsək və mən hesab edirəm ki, temp daha da yüksək olmalıdır, - təqribən 18, bəlkə də 19 milyard dollar investisiyaya çatacağıq. Bu da əhalisi o qədər çox olmayan Azərbaycan kimi ölkə üçün böyük rəqəmdir. Nəzərə alsaq ki, hər il 10 milyard dollardan az olmayaraq investisiyalar qoyulur, növbəti illərdə ölkə qarşısında duran bütün infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır.

 Makroiqtisadi vəziyyət çox müsbətdir, sabitdir. İnflyasiya cəmi 2,2 faizdir. İstehlak bazarına, qiymətlərə daim diqqət göstərilir. Əhalinin pul gəlirləri isə 14,2 faiz artmışdır. Yəni, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 12 faiz fərq vardır. Bu da real gəlirlərin nə qədər yüksək templərlə artmasına dəlalət edir.

 Altı ayda kənd təsərrüfatı 10,4 faiz artmışdır. Hesab edirəm ki, bu da son illər üçün rekord göstəricidir. Biz bu göstəricini gəzləyirdik, bilirdik. Çünki son müddət ərzində kənd təsərrüfatının inkişafına göstərilən diqqət, qoyulan investisiyalar, aparılan islahatlar məhsuldarlığı artırır. Dövriyyəyə buraxılan və buraxılacaq yeni əkin sahələri əlbəttə ki, gələcək illərdə də kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcəkdir.

 Yəni, əsas iqtisadi göstəricilər bundan ibarətdir. Bu gün əlbəttə, bu barədə daha da geniş danışacağıq, məlumatlar veriləcəkdir. Ancaq ilin altı ayı onu göstərir ki, 2012-ci il də ölkə iqtisadiyyatı üçün uğurlu il olacaqdır. Keçən rübdə əfsuslar olsun ki, biz yenidən təbii fəlakətlə üzləşmişdik. Şimal-qərb bölgəsində güclü zəlzələ baş vermişdir, minlərlə ev uçub dağılmışdır, yararsız vəziyyətə düşmüşdür, məktəblər, tibb ocaqları, sosial infrastruktur dağılmışdır. Ancaq operativ tədbirlərin görülməsi nəticəsində bu böyük zəlzələnin fəsadları aradan qaldırılır. Operativ qaydada ehtiyat fondundan və dövlət büdcəsindən əlavə vəsaitin ayrılması məsələləri də öz həllini tapmışdır. Mən zəlzələ bölgəsində vəziyyətlə tanış olarkən sakinlərə bildirdim ki, qısa müddət ərzində onlar üçün daha da gözəl evlər tikiləcək, bütün sosial infrastruktur yenilənəcək, tikiləcək və onların yaşayış şəraiti daha da yaxşı olacaqdır.

 Yəni, birinci dəfə deyil ki, biz təbii fəlakətlərlə üzləşirik. İki il əvvəl böyük daşqına məruz qaldıq. O, sınaqdan da şərəflə çıxdıq. Minlərlə ev tikilmişdir, kompensasiya ödənilmişdir və bu proses hələ də davam edir. Əlavə vəsaitin ayrılmasına da biz müsbət baxdıq. Zəlzələ bölgəsində də eyni yanaşma tətbiq olundu. Çünki ilk növbədə, biz Azərbaycan vətəndaşlarının normal, rahat yaşamasına çalışmalıyıq və bütün evlər dövlət hesabına yenidən tikiləcəkdir.

Prezident daha sonra Bakı və ətraf qəsəbələrində aparılan abadlıq və quruculuq işlərinə toxunaraq  görülən işlərdən danışıb:

“Keçən rübdə Bakının və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının birinci ilinə yekun vuruldu, geniş müşavirə keçirildi. Birinci ildə görülən işlər təhlil edildi, gələn il üçün qarşıya vəzifələr qoyuldu. Bütövlükdə bir il ərzində Bakıda və onun qəsəbələrində çox böyük quruculuq və abadlıq işləri aparılıb. Bu işlər davam edir. Yaxın zamanlarda biz bu işlərin məntiqi, yəni, real nəticələrini görəcəyik. Onlarla məktəb tikilir, bərpa edilir. Uşaq bağçaları, tibb ocaqları tikilir, yollar salınır, qazlaşdırma prosesi gedir. Su, kanalizasiya layihələri icra edilir. Bakı qəsəbələrində, ümumiyyətlə, heç vaxt kanalizasiya sistemi olmamışdır. Qəsəbədaxili yollar tikilir. Bakı qəsəbələrində fəaliyyət göstərən iş adamlarına da Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kreditlərin verilməsi prosesi başlanmışdır. Beləliklə, əminəm ki, gələn ilin sonuna qədər Bakı və onun qəsəbələrinə dair ikinci Dövlət Proqramı uğurla icra ediləcəkdir.

 Bununla bərabər, bölgələrdə regional inkişaf proqramı icra edilir. Ötən dövr ərzində, yəni ilin 6 ayında 46 min yeni iş yeri açılmışdır ki, onlardan 37 mini daimi iş yeridir. Bu proses davam edir və bu, təbiidir. Çünki demək olar ki, Azərbaycanda hər həftə yeni müəssisə, yeni fabrik və yeni zavod tikilir, insanların məşğulluğu artır. Eyni zamanda, əmək bazarına nəzarət daha da güclü olmalıdır. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir. Əfsuslar olsun ki, Azərbaycanda hələ də bu sahədə dəqiq sistem tətbiq edilməyibdir. Gizli məşğulluq halları kifayət qədər çoxdur, xarici miqrantların ölkəmizə qanunsuz gəlməsi və qanunsuz fəaliyyət göstərməsi halları aşkarlanır və bu meyillər güclənir. Bu da təbiidir. Çünki xüsusilə son 4 il ərzində Avropada iqtisadi-maliyyə böhranı davam edir, Azərbaycan nadir inkişaf templərini nümayiş etdirir. Əlbəttə ki, buraya gəlmək, işləmək istəyənlərin sayı artır, Dövlət Miqrasiya Xidməti bütün lazımi tədbirləri görür. Bu tədbirlər daha da səmərəli olmalıdır ki, biz ilk növbədə, Azərbaycan vətəndaşlarının əmək bazarında işlə təmin edilməsi məsələlərinə baxaq, onları tamamilə həll edək. Baxmayaraq ki, Azərbaycanda işsizlik aşağı səviyyədədir, - keçən ilin yekunlarına görə 5,4 faizdir, - ancaq hələ də işsizlik var və bəzi hallarda bu işsizlik reallığı əks etdirmir. Çünki heç kəs üçün sirr deyil ki, qeydiyyata düşməyən, amma müəyyən işlərdə, tikintidə işləyənlər, maaş alanlar vardır. Ancaq heç yerdə bunun qeydiyyatı aparılmır. Yəni, belə hallar var və müvafiq göstərişlər verilibdir ki, bu sahədə də şəffaflıq tam şəkildə təmin edilsin və beləliklə, ölkə büdcəsinə daha da böyük vəsait daxil ediləcəkdir, o cümlədən pensiya fonduna. Beləliklə, bu sahədə də qayda-qanun yaradılmalıdır, birdəfəlik və tam şəkildə".

Dövlət başçısı çıxışında daha sonra sovet dönəmində qalan əmanətlərin əhaliyə qaytarılmasına toxunaraq prosesin 2013-cü ilin sonuna kimi başa çatacağını vurğulayıb.

“Sosial məsələlərin həlli daim diqqət mərkəzində olmuşdur, bu gün də belədir. Bu ilin yaddaqalan əlamətlərindən biri də sovet dövründən qalmış, yəni batmış əmanətlərin kompensasiyasıdır. Yenə də demək istəyirəm ki, Azərbaycan dövləti o əmanətlərə görə heç bir hüquqi, yaxud da ki, mənəvi məsuliyyət və öhdəlik daşımır. Azərbaycan müstəqil dövlətdir. Azərbaycan müstəqil dövlət kimi bütün öhdəliklərini yerinə yetirir.

 Ancaq nəzərə alsaq ki, sovet dövründə 2 milyon 400 min əmanətçi var idi və insanlar bu əmanətlərin qaytarılmasını, kompensasiyasını gözləyirdi, yenə də siyasətimizin sosial xarakterini və sosial ədalət prinsiplərini daha da gücləndirmək üçün belə qərar qəbul edildi. Deyə bilərəm ki, postsovet məkanında ən işlək, ən səmərəli, ən ədalətli və insanlar üçün ən məqbul variant məhz Azərbaycanda tətbiq edilib. Həm müddət baxımından, - çünki cəmi 2 il ərzində bütün kompensasiyalar ödəniləcək, - eyni zamanda, verilən məbləğ baxımından. Əgər biz sovet rublunu manatla deyil, dollarla müqayisə etsək, kompensasiyalar təqribən birə-beş, birə-altı əmsalı əsasında ödənilir. Bu da postsovet məkanında ən yüksək əmsaldır. Artıq proses başlanmışdır. Minlərlə, on minlərlə insan artıq müraciət etmişdir. Minlərlə insan öz əmanətlərini almışdır və bu proses 2013-cü ilin sonuna qədər başa çatmalıdır.

 Yəni, bu təşəbbüs bir daha bizim niyyətimizi göstərir ki, sosial məsələlərin həlli daim diqqət mərkəzində olmalıdır, bazar iqtisadiyyatı prinsipləri əlbəttə ki, bizim üçün əsasdır. Ancaq bəzi hallarda bazar iqtisadiyyatı prinsipləri sosial ədalət prinsipləri ilə üst-üstə düşmür. Amma Azərbaycanda hər iki vacib amil daim diqqət mərkəzindədir və görülən tədbirlər bunun məntiqi nəticəsidir. Ünvanlı sosial yardım proqramı icra edilir, hər bir ailəyə verilən məbləğ 109 manat səviyyəsindədir və 143 min ailə ünvanlı sosial yardım alır. Bu da sosial siyasətimizi gücləndirən amildir”.

Prezidentin sözlərinə görə, bu ilin may ayında Azərbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir.

"Bu, tarixi hadisədir. Dünyanın bir nömrəli təşkilatına bir ay ərzində Azərbaycan sədrlik etmişdir və əlbəttə ki, bu dövr daim bizim tariximizdə qalacaqdır. Azərbaycanın artan nüfuzu, imici, imkanları, gücü bax, bu reallıqları mümkün etmişdir. Təhlükəsizlik Şurasının yeni üzvü kimi Azərbaycan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirir və bu mötəbər təşkilata üzv olduqda bəyan etdiyim kimi, Azərbaycan Təhlükəsizlik Şurasında ədaləti və beynəlxalq hüququ müdafiə edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünyanın qlobal məsələləri ilə bağlı çox fəal və geniş müzakirələr aparır, biz dünyanın aparıcı ölkələri ilə daim təmasdayıq və bizim prinsipial mövqeyimiz qiymətləndirilir"- deyə prezident bildirib.

Ölkə başçısı Dağlıq Qarabağ məsələsinə toxunaraq bildirib ki, münaqişənin həllində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimiz, yenə də deyirəm, ədalətə və beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü məsələləri heç vaxt danışıqlar predmeti olmamışdır və olmayacaqdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Məndə bu barədə heç bir şübhə yoxdur. Danışıqlar prosesində müəyyən durğunluq vardır. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin başçıları yeni bəyanatla çıxış etmişlər və status-kvonun qəbuledilməz olduğunu bir daha təsdiq etmişlər. Hələ ki, status-kvonu dəyişdirən konkret, real addımlar atılmır. Ancaq bu, qaçılmazdır. Status-kvo dəyişdirilməlidir. Həm Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları, Avropa İttifaqı Şurasının prezidenti Bakıda olarkən, ATƏT nümayəndələri, digər beynəlxalq təşkilatlar və siyasətçilər status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bəyan edirlər. Bu, çox dəyərli bəyanatdır. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqlardan erməni işğalçı qüvvələrinin çıxarılması deməkdir. Bu işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxdıqca əlbəttə ki, danışıqlar prosesində də müsbət meyillər daha da güclənəcək və bu məsələ tezliklə öz həllini tapacaqdır.

Ancaq bütün siyasi və diplomatik səylərlə yanaşı, şübhəsiz ki, biz öz hərbi qüdrətimizi artırırıq, gücləndiririk. Güclü ordu yaratmışıq və yaradırıq. Güclü ordu danışıqlarda bizim mövqeyimizi böyük dərəcədə gücləndirir. Azərbaycanın iqtisadi imkanları genişlənir. Azərbaycan nəinki bölgədə, dünya miqyasında güclü ölkəyə çevrilir. Əlbəttə ki, bizim iqtisadi və maliyyə, eyni zamanda, siyasi resurslarımız məsələnin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə gətirib çıxaracaqdır. Bizim həm iqtisadiyyatımız, həm valyuta ehtiyatlarımız, həm də əhalimiz artır.

Bizim iqtisadiyyatımız, sənaye gücümüz və siyasi iradəmiz diktə edir ki, Azərbaycan əhalisi daha da artmalıdır. Bu, nəinki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli üçün lazımdır, - bu məsələni biz həll edəcəyik və Azərbaycan bayrağını Xankəndidə qaldıracağıq, - bu ümumiyyətlə gələcək üçün lazımdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, onu da qeyd etmək istəyirəm ki, son müddət ərzində Xocalı soyqırımını soyqırımı kimi tanıtdırmaq üçün biz - həm dövlət, hökumət, diplomatiyamız, ictimai təşkilatlar, diaspor təşkilatlarımız çox böyük işlər görmüşük. Bu, çox vacib və çox önəmli məsələdir. Artıq üç ölkə - Kolumbiya, Meksika və Pakistan Xocalı soyqırımını soyqırımı kimi rəsmi qaydada qəbul etmişdir. Əminəm ki, bu proses davam etdirilməlidir və etdiriləcəkdir. Həm səfirliklərimiz, əlbəttə ki, dövlət qurumları, ictimai təşkilatlar bu məsələ ilə bağlı öz səylərini davam etdirəcəklər. Getdikcə Xocalı soyqırımını soyqırımı kimi tanıyan ölkələrin sayı daha da çoxalacaqdır”-deyə Azərbaycan prezidenti qeyd edib.

 Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır