Modern.az

Azərbaycanın 5 ən güclü qadını kimdir?

Azərbaycanın 5 ən güclü qadını kimdir?

Aktual

12 İyul 2012, 09:41

“Mən köhnə kişilərdənəm və hesab edirəm ki...”


Keçmiş dövrlə müqayisə etsək, bu gün Azərbaycan qadınları daha çox gündəmdədirlər. Həm siyasi, həm iqtisadi, həm mədəni həyatda qazandıqları uğurları onu daha yüksək pillələrə çıxmaqda köməklik edir. Bu gün hətta onlar sırasında rəhbər vəzifələri tutan qadınlarımız da var.

Bəs deputatlar Azərbaycanda hərtərəfli mənada güclü qadın kimləri hesab edirlər? İlk beşlikdə onlar kimləri görürlər?

Modern.az məsələ ilə bağlı millət vəkillərindən münasibət öyrənməyə çalışıb.

Əli Məsimli bildirib ki, Azərbaycan qadını dünyanın ən gözəl, ən güclü və ən ailəcanlı qadınıdır. “Onlardan beşini fərqləndirsəm, sayı tezliklə 5 milyona yaxınlaşacaq, digər xanımlarımız məndən inciyər”.

Vahid Əhmədov bu sırada Mehriban Əliyeva, Lalə Şövkət Hacıyeva və Qənirə Paşayevanın adını çəkib: “Güclü qadın deyəndə baxır harada, siyasətdə, iqtidarda, həyatda... Mehriban Əliyevanın gördüyü işləri yüksək qiymətləndirirəm. Qənirə Paşayeva da güclü qadındır, fikir verirəm çox işlər görür”.

Sabir Rüstəmxanlı konkret ad çəkmək istəməyib. “Birini deyib, o birisini incidə bilmərəm. Qadınlarımızın hamısı güclüdür. Azərbaycan qadınları fəaldırlar və cəmiyyətdə, ictimai həyatda kifayət qədər ciddi rol oynayırlar. Ona görə də mən kimisə ayırmaq haqqında düşünmürəm”.

Musa Quliyev isə Azərbaycanda hansı qadının güclü olmasına aid suala cavab verə bilməyəcəyini vurğulayıb: “Bu mənim işim deyil, idmançılardan soruşun”.

Fəzail İbrahimli bu haqda fikirləşmədiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər güclü qadın var. “Mən güman edirəm ki, kişi üçün ən güclü qadın elə özünün həyat yoldaşı olmalıdır”.

Bəxtiyar Sadıqov isə digərlərindən fərqli olaraq, qadınların güclü olmağını qətiyyən qəbul etmir. “Mən köhnə kişilərdənəm və hesab edirəm ki, qadınların gücü onların zəifliyində və zərifliyəndədir. O qadın ki, zəifdir, zərifdir deməli o, güclüdür. Qadın istədiyini zərifliklə kişiyə qəbul etdirə bilirsə, deməli, güclü odur. Yoxsa xaraktercə möhkəm, özünü kişi kimi aparan elə qadınlar mənim xoşuma gəlmir. Qadının qadın yeri var, kişinin kişi yeri var. Qadının gözəlliyi onun güzəştə getməyi bacarmasındadır. Azərbaycan ailəsi məhz ona görə möhkəm davamlıdır ki, (çox təəssüf ki, axır vaxtlar burada da avropalaşdıqdan sonra laxlamalar baş verir) bu ölkənin qadını o ailəni qorumağı, kişiyə güzəştə getməyi, prinsipial məqamlarda geri çəkilməyi bacarır. Qadın güclü olmalı deyil, o, evin xanımıdır, qulluqçusudur, ailənin qoruyucusudur”.

Zahid Oruc bu sırada ilk üç yeri Mehriban Əliyevaya verir. “Azərbaycanda prezidentinin həyat yoldaşı olmaq deyil, daha artıq dərəcədə yerinə yetirdiyi böyük missiya, istər ictimai, istər siyasi, istər humanitar, istər beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak edən və bunların böyük uğurla Azərbaycan adına təqdimata xidmət edən və sözün həqiqi mənasında böyük hərflərlə öz yerini tutmuş ən güclü və ən istedadlı çevik Azərbaycan xanımı obrazını yaradan Mehriban Əliyevadır.  İlk üçlükdə mən məhz Mehriban xanımın adını çəkmək istəyirəm. Sonrakı yerlər haqda o qədər də düşünməmişəm. İstedadlı qadınlarımız var, parlamentdə də biz onları görürük. Rəbiyyət Aslanova, Bahar Muradova, Qənirə Paşayevanı bu sırada qeyd etmək olar”.  

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır