Modern.az

Millətin birləşdiyi gün, yaxud Zərdabinin dəfni - II yazı

Millətin birləşdiyi gün, yaxud Zərdabinin dəfni - II yazı

12 İyul 2012, 09:47

Qiyməti bir neçə qəpik olan qəzetin əsirgəndiyi şəxs Azərbaycan mətbuatının təməlini qoymuşdu. Teatr tamaşalarına dəvət olunması unudulan şəxs Azərbaycan teatrının banisi idi. Azərbaycan müəllimlərinin 1906-cı ildə keçirilən II qurultayında ehtiyatsız bir sözünə görə hoydu-hoyduya götürülən şəxs müasirliklə ayaqlaşan milli təhsil sisteminin qurucularından biri idi.

“Dağə dersəm, eşidər, sonra verər əksi-səda, Daşa dönmüşlərə əks eyləmədi fəryadım!” - deyən Məhəmməd Hadinin fəryadı təkcə onun özünün yox, bir sıra ünlü müasirlərinin də ağrı-acısını, faciəsini əks etdirirdi.

Hər halda dünyanın başqa ölkələri ilə müqayisədə Azərbaycanda yaradıcı insanlar özlərinə, sənətlərinə, talelərinə qarşı bu laqeydliyi hər zaman hiss ediblər.

Skleroza mübtəla olduğu 1905-ci ildə, ailəsinin və yaxınlarının bütün etirazlarına baxmayaraq, namizədliyini illər boyu ən fəal, ən başlıcası isə son dərəcə vicdanlı, “satılmayan” qlasnılarından olduğu Bakı Dumasının üzvlüyünə vermişdi. Təbii ki, seçilməmişdi. Adını bütün bülletenlərdən pozmuşdular. Əslində bunu başa düşmək mümkün idi. Zərdabi xəstəliyi nədənindən fərqinə varmasa da, səhhətinin belə ağır vəziyyətində şəhərin qanunverici orqanında fəaliyyət göstərə bilməzdi. Amma başqa bir həqiqət də vardı. İllər boyu Dumada azərbaycanlı əhalini ağzını açıb bir kəlmə də danışmayan, daha doğrusu, buna qabiliyyəti çatmayan nadan, boynuyoğun məşədilər, hacılar təmsil etmişdilər. Onlarla müqayisədə xəstəlik səbəbindən fikirlərini aydın ifadə edə bilməyən Zərdabi təkcə bioqrafiyası, əməlləri və harizması ilə Bakı Dumasına şərəf gətirə bilərdi.

Ailəsi Duma seçkilərinin nəticələrini hər vasitə ilə Zərdabidən gizlədirdi. O isə tez-tez “Dumanın iclasına getmək lazımdır!” - deyə inadkarlıq göstərirdi. Xanımı Hənifə Abayeva-Məlikovanın xatırladığına görə belə məqamlarda Həsən bəyi evdə saxlamaq üçün bütün fantaziyalarını işə salmalı olurdular. Amma tamamilə bədbin olmağa da əsas yox idi. Taleyin bütün ağrı-acılarına baxmayaraq, o, zəhmətinin barını, nəticəsini görə bilmişdi. Ömrünün son illərində uğrunda mübarizə apardığı idealların təntənəsinin, səpdiyi mədəniyyət və maarif toxumlarının cəmiyyətdə kök atmasının şahidi olmuşdu.

“Əkinçi” “Həyat”ı və “Füyuzat”ı ərsəyə gətirmiş, zəmanə “Molla Nəsrəddin”i yetirmişdi. Milli teatr və məktəblər şəbəkəsi yaranmışdı. Xeyriyyə cəmiyyətlərinin sayı artmış, təhsil sahəsində mühüm addımlar atılmışdı. Rusiyaya və Avropaya ali təhsil ardınca yollananların sayı xeyli artmışdı. Milli hiss və duyğular cəmiyyətin daha çox hissəsini sarmışdı.

Bütün bunlar qoca və xəstə Zərdabiyə fiziki gücsüzlüyünü və təkliyini unutduran ən şəfalı məlhəmlər idi. “Ömrünün öz qürubuna yaxınlaşdığı günlərdə atam üçün ən böyük təsəlli və yüngüllük fəaliyyətinin başlanğıcında olduğu kimi təklikdə qalmaması idi. Onun tək-tənha başladığı işə və vəsiyyətlərinə sadiq olan sevimli şagirdləri əhatə etmişdi. O, artıq xalqın çoxəsrlik cəhalət yuxusundan ayıldığını, öz müdafiəsinə qalxdığını görürdü” - qızı Qəribsoltan Məlikovanın bu sözlərində həqiqət vardı.

Amma o da həqiqət idi ki, ardıcıllarının artdığı bir dövrdə Həsən bəy Zərdabi minnətdarlıqla önə çəkilmək əvəzinə sayğısızlıqla arxa plana sıxışdırılmış, cəmiyyətin mənəvi Olimpində öz halal yerinə sahib çıxa bilməmişdi.

O, öz ölümü ilə bu yanlışlığı, müvəqqəti də olsa, aradan qaldırdı.

Bakının qədim tarixi boyu ilk dəfə rast gəlinən və milli iradənin ifadəsinə çevrilən izdihamlı dəfn mərasimi xalqın gecikmiş qədirşünaslıq aktı kimi gördüyü nəcib işlərin ən böyük mükafatı idi.

Həqiqətən də tarixi hadisə olan bu dəfn mərasimi ssenarisi əvvəlcədən hazırlanan bir göstəri deyildi. Əlbəttə, müəyyən təşkilatçılıq ünsürləri vardı. Qabağa düşüb yol göstərənlər, əziyyəti çiyinlərinə götürənlər olmuşdu. Lakin minlərlə insan soyuq, küləkli noyabr günündə şəhərin mərkəzindən Şıx kəndinə qədər kiminsə tapşırığı, nəzarəti ilə deyil, öz ürəklərinin hökmü ilə getmişdilər.

Zərdabinin dəfn günü şəhərin müxtəlif yerlərində bir neçə dəfə izdihamlı matəm mitinqi keçirilmişdi. Bu, təkcə soydaşlarının Böyük Əkinçiyə gecikmiş minnətdarlığının nişanəsi deyildi. Mənə elə gəlir ki, izdihamlı dəfn mərasimi müəyyən mənada həm də bir güc göstərisi və mədəniyyət nümayişi idi. Sanki Azərbaycan türkü öz Böyük Ölüsünü simvola çevirərək onun ruhu ətrafında birləşə bildiyini, ulularının xatirəsinə ehtiramda dünyanın mədəni xalqları ilə ayaqlaşdığını bəyan edirdi. Kimin səyi, öndərliyi ilə bu günə gəlib çıxdıqlarını sərgiləyir, haqlarını ortaya qoymaqda qərarlı, israrlı olduqlarını göstərirdi.

1907-ci il noyabrın sonu və dekabrın ilk günlərində Həsən bəy Zərdabinin vəfatı və dəfni həm Azərbaycan türkcəsində, həm də rus dilində nəşr olunan Bakı qəzetlərinin ən mühüm mövzularından birinə çevrilmişdi.

Zərdabinin vəfatının 100 illiyi münasibəti ilə görkəmli alimimiz Şirməmməd Hüseynovun 2007-ci ildə “525-ci qəzet”in 24 noyabr-15 dekabr tarixli saylarında çap etdirdiyi “Tarixi bir dəfn mərasimi” adlı silsilə yazılar böyük şəxsiyyətin ölümünün və dəfninin dövrün Azərbaycan mətbuatındakı əks-sədası haqqında dolğun təəssürat yaradır. “İrşad” və “Tazə həyat” qəzetlərindən, “Molla Nəsrəddin” məcmuəsindən bizim üçün yeni, qiymətli materialları elmi dövriyyəyə ilk dəfə daxil etməklə ömrünün bu çağında da yorulmadan çalışan Şirməmməd müəllim həqiqətən nəcib və gərəkli iş görmüşdür. Bakının rusdilli mətbuatı, habelə Peterburq qəzetləri də kədərli hadisəyə laqeyd qalmamışdılar. Zərdabinin ehtişamlı dəfn mərasimini və onun ölümünün doğurduğu acı təəssüratları bu yazıda həm Azərbaycan, həm də rus mətbuatının timsalında nəzərdən keçirməyə çalışacağam.

Sanki yalnız Zərdabinin ölümündən sonra Azərbaycan türkü kimi itirdiyinin fərqinə varmışdı. Həmin günə kimi Həsən bəyə bəlkə də "sadəcə öz işini görən", yaxud "işini görüb qurtarmış" adam kimi baxırdılar. Yalnız fiziki yoxolma itkinin böyüklüyünü və əvəzedilməzliyini bütün kəskinliyi ilə üzə çıxardı.

O zaman artıq 21 yaşı olan və Bakıdakı III rus-müsəlman qız məktəbində müəllim işləyən sonbeşik övladı Qəribsoltan Məlikova xatırlayırdı: “Şəhərin tanınmış adamları mərhuma özlərinin son borcunu vermək üçün tabutunun yanında cərgə ilə dayanmışdılar. Onların sifətində nəcib kədər ifadəsi vardı. Arxada isə üzlərini dərin qırışlar basmış, gözlərindən sonsuz ehtiyac və əzab oxunan bütöv insan dənizi dalğalanmaqda idi. İnsan iztirabı və yanğısı özünün bütün təbiiliyi və səmimiliyi ilə məhz bu arxa sıralarda dayananların üzlərində sezilməkdə idi. Bu zavallı adamlar öz sədaqətli dostu və alovlu müdafiəçisi ilə həmişəlik vidalaşırdı”.

Zərdabi ilə son vida anlarında təkcə qızına, digər yaxınlarına və doğmalarına deyil, kədərli mərasimin əksər iştirakçılarına aydın olmuşdu ki, mərhumun “əməlləri bəzənib-düzənmiş, bəlağətli sözlərlə danışmağı bacaran nücəbanın arxasında dayanmış sadə adamların ürəklərində öz əks-sədasını tapmışdı. Nücəbanın çoxu isə həyatlarının hər saatı talelərinə məhrumiyyət və binəsiblik yazılanlara, yalnız bu dəfn günü özlərinin necə qiymətli bir həmdərd və hami itirdiklərini anlayanlara laqeyd nəzərlərlə baxmaqdan başqa heç bir şeyə qabil deyildi...”

Ardı var

Vilayət Quliyev
Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər