Modern.az

Nazirliklərin 22 iyul planları...

Nazirliklərin 22 iyul planları...

12 İyul 2012, 10:08

Yuvarlaq yubiley olmadığından jurnalistlərə “quru təbrik”  qismət olacaq

22 iyul milli mətbuatın yarandığı günə artıq sayılı günlər qalır. 137-ci ili qeyd edilən mətbuat günü ilə əlaqədar bəs dövlət qurumları hansı tədbirləri keçirməyi planlaşdırıblar?

Modern.az məsələ ilə bağlı müxtəlif dövlət qurumlarından münasibət öyrənməyə çalışıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov həmin günlə əlaqədar tədbirlərinin olmayacağını bildirib. “Ancaq kütləvi informasiya vasitələrini təbrik edəcəyik”.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Elşad Miraləm bu məsələnin müzakirə olunduğunu deyib. “Yəqin ki? qərar qəbul ediləndə mətbuat xidməti məlumat verəcək”.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov bu il elə də böyük tədbirin nəzərdə tutulmadığını deyir. “Böyük tədbirlər əsasən yubileylərdə olur. Tədbir olmayacaq, amma həmkarlarımızı təbrik edəcəyik”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova qeyd edib ki, həmin günlə əlaqədar tədbir olacaq və elan etdikləri müsabiqənin nəticələrinə əsasən qalib jurnalistlər mükafatlandırılacaq. “Hələ ki nəticələr bilinmir, yazılara ekspertlər baxırlar. Hazır olan kimi qaliblər milli mətbuat günündə mükafatlandırılacaq”.

İqtisadi İnkişaf Nazirliyinin  mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, hələlik bu barədə məlumat yoxdur. “Bununla bağlı məlumat verilməyib, məlumat olanda kütləvi informasiya vasitələrinə deyəcəyik”.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, onlar artıq nazirliklə daim əlaqə saxlayan 100-ə yaxın mətbuat nümayəndəsinə (bura jurnalistlər, redaktorlar, baş redaktorlar daxildir) hədiyyələr verməyə başlayıblar. “London Olimpiadası öncəsi gərginlik olacağı üçün heç bir mətbuat nümayəndəsi unudulmasın deyə artıq onları təbrik etməyə başlamışıq. Bu sıraya bizimlə daim əlaqə saxlayan mətbuat orqanları, agentliklər, televiziyalar daxildir. Siyahı çox böyükdür”, – deyə S.Məmmədova vurğulayıb.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir