Modern.az

Zəfərin 11 şərti

Zəfərin 11 şərti

9 Noyabr 2020, 08:44

Qəzənfər Həmidoğlu

28 ildən sonra Şuşaya qayıtdıq. Gecmi qayıtdıq? 28 il bir igidin ömrüdür, amma 44 gün əvvəl kim deyə bilərdi ki, 43 gün sonra Şuşada olacağıq?!.


Böyük əks-hücum üçün zəmin və şərtlər məhz 2020-ci payızında yetişdi. Bir il əvvəl tez, bir il sonra bəlkə də gec olardı.

İrili-xırdalı, subyektiv və obyektiv bu şərtləri bir yerə yıgıb nəzərdən keçirək:

1. Azərbaycan Ordusunun əzmi. Silahlı Qüvvələrimiz (SQ) artıq ərazi bütövlüyümüzü bərpa etmək və tarixi missiyasını icra etmək üçün yetişmişdi. Son illərdə ordumuzun silah-sursat, texnika və yeni hərbi texnologiyalarla təchizatı yüksələn templə artmış, bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənmişdi. Türkiyə ilə keçirilən intensiv birgə təlimlərlə SQ-nin döyüş hazırlığı yüksək səviyyəyə catmışdı.

2. Hərbi-siyasi rəhbərliyin qətiyyəti. 2016-cı ilin aprel döyüşləri göstərdi ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi hər an savaş qərarı verməyə hazırdır. 4 il əvvəlki döyüşlər siyasi məqsədli idisə, bu təcrübədən sonra rəhbərlik hərbi hədəfə kilidləndi. 

3. Cəmiyyətin hazırlığı. Bu ilin iyulunda Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Bakıda keçirilən Qarabağa və Orduya dəstək aksiyası vətəndaşarımızın savaşa hazır olduğunu nümayiş etdirdi.

4. Türkiyənin siyasi-mənəvi dəstəyi. Son 4-5 ildə qardaş ölkənin ordusu İraq, Suriya və Liviyada, eləcə də Şərqi Aralıq dənizində gücünü ortaya qoydu və supergücləri Türkiyə ilə hesablaşmağa vadar etdi. Ankara bu ilin payızına elə geosiyasi oyunçu statusunda yetişdi ki, Ərdoğan "Azərbaycanın yanındayıq" deyə bəyan etdi. Və sonradan bəlli oldu ki, bu, kənar güclərin münaqişəyə müdaxilə iştahlarını küsdürür.

5. Dron müharibəsi. Türkiyə öz PUA və SPUA-ları (Pilotsuz Uçan Aparatlar və Silahlı Pilotsuz Uçan Aparatlar) ilə hələ Suriyanın İdlib bölgəsində və Liviyada füror yaratmışdı və "Bayraktar TV2"lər Rusiyanın HHM sistemlərinin bəlasına çevrilmələri ilə dünyanın diqqətini özünə cəlb etmişdi. Dron müharibəsi zamanı isə bu ilin payızı üçün yetişdi. Azərbaycan müzəffər ordusu, Türkiyə və İsrail istehsallı dronları ilə tank-top müharibəsini atxivə atdı, dünyaya XXI əsrin savaşını nümayiş etdirdi.

6. 1992-ci ilin yazında yaradılan ATƏT-in Minsk qrupu 2020-ci ilin payızına doğru de-fakto canını tapşırdı, həmsədrlər institutu isə qeyri-effektiv və tərəfkeş qurum olduğunu nümayiş etdirdi. Münaqişənin dinc yolla həllinə inamın ölməsi Azərbaycanı hərbi-siyasi həllə vadar edirdi.

7. Paşinyan faktoru. 2018-ci ildə "Qarabağ klanı" nı devirərək küçədən hakimiyyətə gələn Paşinyan çoxvektorlu siyasətə başladı. Az sonra bəlli oldu ki, İrəvan Rusiya ilə Qərb arasında balanslı siyasəti arxası Moskvaya, üzü Avropaya oturmaqla yürüdür. Bu, Paşinyandan gözü su içməyən Putinə xoş getmədi. Digər yandan, Qarabağ danışıqlarında etibarsız tərəf olması, Şuşada qalmaqallı peyda olmaları və qıcıqlandırıcı açıqlamaları ilə Paşinyan Bakının səbrini daşdırırdı. 

8. Putinin Ukrayna və Gürcüstan təcrübələri. Rəngli inqilabları sevməyən Rusiya liderinin ermənilərin baş nazirini cəzalandıracağı şübhə doğurmurdu. Bundan başqa, Rusiyada və ətrafındakı gərginliklər də Kreml sahibini məşğul edirdi. Həmçinin Putinlə Ərdoğan arasındakı anlaşmalar regionda yeni situasiya yaradırdı.


9. ABŞ-ın başının prezident seçkisinə qarışması. 

10. Brexit-dən - Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından sonra AB-nin qlobal geosiyasi oyunçu kimi rolunun zəifləməsi, regiona təsir rıçaqlarının minimuma enməsi.

11.Koronovirus pandemiyasının dünyanı məşğul etməsi. 
Bu tarixi şərait və şərtlər zəminində Ali Baş Komandan sentyabrın 27-də düşmənin qəfil hücumu qarşısında öz Ordusuna Vətən və millətin taleyində tarixi dönüş yaradacaq əks-hücum əmri verdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?