Modern.az

Xocalı uşaqlarından Ali Baş Komandana MÜRACİƏT

Xocalı uşaqlarından Ali Baş Komandana MÜRACİƏT

Mədəni̇yyət

10 Noyabr 2020, 13:56

Xocalı soyqırımı zamanı hər iki valideyni ermənilər tərəfindən qətlə yetirilən uşaqları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.


Modern.az məktubu təqdim edir:

 

- Hörmətli Ali Baş Komandanımız,

Sizin rəhbərliyinizlə bu gün Azərbaycan əsgəri tarix yazır. Otuz ildir Ermənistanın işğalı altında qalan torpaqlarımız, Qarabağımız  azad olundu.

 

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi Xocalı soyqırımından 28 il keçir. Biz, hər iki valideyni həmin soyqırımı gecəsində qətlə yetirilən xocalı uşaqları ömür boyu ailə nəvazişindən, ata qayğısından, ana qucağından məhrum olduq.

Bu illər ərzində mənəvi, maddi cəhətdən bizə kifayət qədər dəstək oldu, dövlətimiz köməyini bizdən əsirgəmədi. Ancaq bunlar valideynlərimizi əvəz edə bilmədi.

Sizin rəhbərliyiniz ilə Azərbaycan əsgərinin torpaqlarımızı işğaldan azad etməsi hər bir Azərbaycanlı kimi bizə böyük fəxr hissi yaşadır.

Sizinlə, Azərbaycanın tarixinə yaşadığımız günləri qızıl həriflə yazan Ali Baş Komandanımız və Azərbaycan əsgəri ilə fəxr edirik.

 

Bütün torpaqlarımız işğaldan azad olunur. Bu sırada 28 il öncə Ermənistanın yerlə-yeksan etdiyi Xocalı da var.

Bir neçə il öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası bizdə öz evimizə qayıtmağa inam yaratmışdı. Artıq o inam doğruldu.

Siz Xocalının haqqını özünə qaytarırsınız. Siz bizim uşaqlığımız keçən yerləri, valideynlərimizin ermənilər tərəfindən qətlə yetirildiyi Xocalını azad etdiniz. Siz bizə mənəvi atalıq etdiniz. Bunu heç vaxt unutmayacağıq.

Bunun üçün Sizə sonsuz təşəkkürümüzü bildirir, hər zaman var olun, deyirik.

Azərbaycanın ərazi bütövlüyünün bərpası və gələcəyi naminə atdığınız bütün addımları dəstəkləyir, Sizə yeni-yeni uğurlar arzu edirik.

Sizinlə fəxr edirik, Cənab Ali Baş Komandan!

 

 

 

Nəzrin Vahid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!