Modern.az

Xorvatiya mətbuatında “Bütün dünya üçün Qarabağ Azərbaycandır” adlı məqalə dərc olundu

Xorvatiya mətbuatında “Bütün dünya üçün Qarabağ Azərbaycandır” adlı məqalə dərc olundu

Aktual

11 Noyabr 2020, 14:37

Xorvatiyanın “Vjeçerni list” onlayn xəbər portalında beynəlxalq məsələlər üzrə ekspert Branimir Vidmaroviçin “Bütün dünya üçün Qarabağ Azərbaycandır. Bəs niyə müharibə?” adlı geniş məqaləsi dərc olunub.

 

Bu barədə Modern.az-a Azərbaycanın Xorvatiyadakı səfirliyindən məlumat verilib. 

 

Bildirilib ki, məqalədə B.Vidmaroviç Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə bir neçə aspektdən yanaşıb. Müəllif qeyd edir ki,  27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdikləri təxribatlardan sonra Azərbaycan tərəfinin geniş miqyaslı əks-əməliyyat aparması bütün Dağlıq Qarabağ və zəbt olunmuş ətraf 7 rayonu azad etmək niyyətində olduğu açıq sezilir. Son ay ərzində tərəflər arasında 3 dəfə atəşkəs bağlanmasına baxmayaraq Ermənistan tərəfinin onları pozması nəticəsində rəsmi Bakı öz torpaqlarını azad etmək üçün daha dərin həmlələr edib.

 

Müəllif məqalədə ilk öncə sual verir, “Qarabağ kimindir?” və cavab olaraq beynəlxalq hüquq normalarını əsas gətirərək BMT TŞ 4 qətnaməsini, AŞPA-nın 2005-ci ildə çıxarmış 1416 nömrəli qətnamə, BMT Baş Assambleyasının 2008-ci ildə münaqişəyə dair qəbul olunan sənədlərini oxucuların nəzərinə çatdırır və beynəlxalq hüququn Azərbaycanın tərəfində olması qənaətinə gəlir. B.Vidmaroviç erməni tərəfinin öz ölkəsində monoetnik tərkibi olan cəmiyyət yaradaraq müasir dövrdə tarixi təhriflər ilə münaqişəni öz xeyrinə həll etmək cəhdlərini şübhə və istehza ilə yanaşıb.

 

Məqalədə qeyd olunur ki, Ermənistan ilə Azərbaycan arasında baş verən münaqişə Xorvatiya vətəndaşına əslində çox tanışdır. Belə ki, 90-cı illərdə keçmiş Yuqoslaviyanın dağılması ərəfədə, keçmiş respublikalar bir birlərinə ərazi iddiaları qaldırmış və nəticədə regionda müharibə başlayıb.

 

Daha sonra Ermənistan Baş naziri N.Paşinyanın hakimiyyətə gəldikdən sonra əl atdığı təxribatlar sadalanmışdır. Bildirilmişdir ki, öz hərəkətləri ilə danışıqlar prosesini mənasız edən Ermənistan hakimiyyəti Azərbaycanı seçim qarşısında qoyub.

 

Müəllif Ermənistan tərəfinin döyüşdə uduzaraq hərbi cinayətlər törətdiyini də qeyd etmiş, Gəncə və Bərdə şəhərlərinə ballistik raketlər və kaset bombaları atdığını beynəlxalq təşkilatlar tərəfindən sübut olunmasını oxucuların diqqətinə çatdırıb.

 

B.Vidmaroviç belə qənaətə gəlir ki, Ermənistan son illər geosiyasi baxımından bir neçə mühüm səhvə yol vermişdir. İlk öncə Rusiya ilə Azərbaycan arasında olan münasibətləri yetərincə qiymətləndirməmiş, Rusiyanın müharibəyə tezliklə Ermənistan tərəfində qoşulacağını zənn etmişdir.

 

Bununla yanaşı, Türkiyə faktoruna diqqət ayıran müəllif, son illər Türkiyənin çox gücləndiyini və Azərbaycana görünməmiş siyasi dəstək verdiyini vurğulayıb. Məqalə beynəlxalq siyasət baxımından sözügedən regionda hazırda tək Rusiyanın deyil həm də Türkiyənin güclü təsir imkanlarına malik olması faktını artıq təkzib edilməz sayır.

 

Məqaləni onlayn oxumaq üçün hazırkı keçidlə oxumaq mümkündür: //www.vecernji.hr/vijesti/za-citav-svijet-karabah-je-azerbajdzan-zasto-se-onda-ratuje-1444140

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu