Arxiv
12 Noyabr 2020, 14:55 | MƏDƏNİYYƏT
Ağlımıza gəlməzdi ki, doğma şəhərdə son oyunumuzdur...

Mən kiməm?

 

Mən 1969-cu ildə Azərbaycan SSR çempionatında 2-ci yeri tutan və təmsil etdiyi bölgənin şərəfinə “Qarabağ” adlanan Ağdamın futbol komandasıyam.

 

Sonralar bir neçə dəfə adı dəyişən, nəhayət, ciddi cəhdlərdən sonra 1988-ci ildən yenidən “Qarabağ” adını daşıyan komanda.

 

Sovet dövründə heyətində, əsasən, ermənilərin oynadığı Xankəndi təmsilçisi də “Qarabağ” olduğundan “yuxarılar” azərbaycanlılardan ibarət komandanın bu adla çıxış etməsini istəmirdilər...

 

Mən 1993-cü ildən “qaçqın komanda” statusu daşımış “Qarabağ”am.

 

2017-ci ildə Almaniyanın populyar “Kicker” nəşri Çempionlar Liqasına çıxmağımızla bağlı yazını “Vətənsiz qəhrəmanlar” adlandırmışdı.

 

Mən kiməm?

 

Mən Cəmaləddin, Yaşar, Səttar, Elşad, Məmməd, Təbriz, Zaur, Mehman, digər Elşad, Müşfiq, Aslan və Elfarizəm.

Mən 1993-cü il mayın 12-də Ağdamın unudulmaz “İmarət” stadionunda sonuncu oyuna çıxmış futbolçuyam.

Tovuz “Turan”ı ilə həmin oyun Azərbaycan kuboku yarımfinal mərhələsinin ilk qarşılaşması idi...

 

***

 

  • Qarabağda ermənilərlə müharibə daha da şiddətlənib.
  • Ağdamda məşq etmək, oyunlara hazırlaşmaq təhlükəlidir.

    Şəhər hər gün raket atəşinə tutulur.

    Ağrılı-acılı bu günlərdə “Qarabağ” adını daşımaq çətin və şərəflidir.

     

    Haradasa bir ildir, Mingəçevirdə məskunlaşmışıq.

    Oradan Ağdama məsafə 100 km-dən bir qədər çoxdur.

    Futbol günlərində “İmarət”ə gəlib oyunlarımızı keçiririk.

     

    AFFA məcbur etmir, bu, klub rəhbərliyi və futbolçuların öz istəyidir.

    Düşmən ruhumuzu sındırmağa çalışır.

    Amma görsünlər ki, Ağdam yaşayır.

     

    “Turan”la oyunun əhəmiyyətini dərk edərək Ağdama bir gün əvvəl gəlmişik.

    Bizdən qabaq şəhərə raket atmışdılar.

    Amma belə hadisələrə artıq alışmışıq.

     

    Gecəni mehmanxanada qaldıq.

    Hər dəqiqə, hər an təhlükəlidir.

    Riski gözə almışıq.

     

    ***

     

    Həftənin çərşənbə günüdür.

    Əsl futbol havasıdır.

    Biz bənövşəyi, “Turan” isə göy formada meydana çıxırıq.

     

    Gözümüz azarkeşlərdədir.

    Ağdam əhalisinin əksəriyyəti təhlükəsiz rayonlara köçsə də, hakimin protokoluna əsasən, stadionda 8 min azarkeş – mülki vətəndaşlar və hərbçilər var.

    Bu da biz futbolçulara böyük ruh verir.

    Əsas məqsədimiz finala çıxıb kuboku qazanaraq onları sevindirməkdir.

     

    ...1991-ci ilin sonlarında SSRİ adlı imperiyanın süqutu ilə Dağlıq Qarabağ və ətrafında siyasi-hərbi vəziyyət daha da gərginləşdi.

    1992-ci il fevralın 26-da baş verən Xocalı soyqırımından sonra müharibə əməllicə qızışdı.

    Ermənilər artıq Ağdamı da raket atəşinə tuturdular.

     

    1992-ci ildə müstəqil Azərbaycanın ilk milli çempionatı keçirildi.

    O vaxt “Qarabağ”ın bu yarışda iştirakı sual altında idi.

    İlk toplanışda heç 11 nəfərlik heyət düzəlmirdi.

    Sponsorların köməyilə komandanı yığmaq mümkün oldu.

    Hətta 1992-ci ilin əvvəlində Sankt-Peterburqun "Smena-Saturn” komandasında legioner həyatı yaşayan Müşfiq Hüseynov da Rusiya karyerasını yarımçıq qoyaraq “Qarabağ”a döndü...

     

    Yeri gəlmişkən, bu çətin dövrdə komandaya maddi cəhətdən Ağdam şampan zavodunun direktoru Siyavuş  Fərzəliyev və rayon ərazisindəki şərab zavodunun direktoru Həsən Sarıyev kömək edir.

    Maaş və mükafatlarımızı da vaxtında alırıq.

     

    ***

     

    “Qarabağ” – “Turan”: qarşılaşma başlayır.

    Əsas oyunçularımız heyətdədir.

    Təkcə hücumçu Mahir Əliyev zədə səbəbindən çıxış etmir...

     

    Görəsən, atmazlar ki?

     

    Oyunu idarə etmək tanınmış hakim Rüstəm Rəhimova həvalə olunub. O, XX əsrdə əfsanəvi Tofiq Bəhramov və Eldar Əzimzadədən sonra Azərbaycanın üçüncü ən yaxşı futbol hakimi sayılır. Sovet dövründə üç dəfə “İlin ən yaxşı 10 hakimi” siyahısında yer alıb.

  • Rəhimov “Bu mənim alın yazımdır” avtobioqrafik kitabında yazır: “İmarət” – Ağdamdakı stadion yadıma düşəndə yaman kövrəlirəm. “Qarabağ”ın bu stadionda keçirdiyi son oyununu da idarə etmək mənə nəsib olub. Bu tədbir çərçivəsində Ağdam şəhərini də gəzdim. Onda heç ağlıma gəlməzdi ki, bu mənim Ağdamla son görüşümdür. O illərdə burada vəziyyət olduqca mürəkkəb idi. Erməni yaraqlıları Ağdamı mütəmadi atəşə tuturdular. Atılan “Qrad”lar stadionun yaxınlığına, eləcə də stadiona düşürdü...”
  •  

    ...Yenə 1992-ci ilə qayıdaq.

    Mayın 16-da Gəncənin “Kəpəz” komandası ilə qarşılaşmalıydıq.

    Onda ermənilər Ağdamı o qədər artelleriya atəşinə tutdular ki, oyun təxirə salındı.

    “Kəpəz”lə iyunun 24-də oynadıq, elə Ağdamda.

    Vaxtilə “Qarabağ”ın futbolçusu və məşqçisi olmuş Milli Qəhrəman Allahverdi Bağırovun döyüşdə həlak olması xəbərini eşidəndə hamımızı ağlamaq tutmuşdu.

    “Kəpəz”lə həmin oyunun start fitindən əvvəl onun ruhunu bir dəqiqəlik sükutla yad edərkən “Qrad” atdılar.

    Mərmi stadionun yaxınlığına düşdü.

    Amma futbolçulardan heç biri yerindən tərpənmədi...

     

    ...1992-ci ildən əvvəl isə oyunlardan sonra dincəlmək üçün hərdən Şuşaya gedirdik.

    Şuşanın dağları başı dumanlı...

    Şuşa!

     

    Yeri gəlmişkən, Şuşadan bir futbolçumuz vardı - Rizvan Vəliyev.

    Komandaya yeni qoşulmuşdu, məşqlərdə iştirak edirdi.

    1992-ci ilin yanvarında Şuşaya qayıdanda mülki vətəndaşları aparan helikopteri ermənilər vurmuşdular, o da həlak olmuşdu.

     

    ***

     

    Oyun, necə deyərlər, maraqlı və gərgin idman mübarizəsi şəraitində keçir.

    Rəqibimizin də, bizim kimi, ölkə çempionatında liderlər arasında yer alması onların gücündən xəbər verir.

    1992-ci ildə ilk milli çempionatda isə “Turan” 3-cü, “Qarabağ” 4-cü yeri tutub.

     

    ...Bundan əvvəl Ağdamda Sumqayıt “Xəzər”i ilə qarşılaşdıq.

    Birinci hissədə stadionun yaxınlığına “Qrad” mərmisi düşdü.

    Rəqib futbolçulardan bəzisi qaçıb qoca çinarın ətrafında gizləndi.

    Qarşılaşma bir müddət dayansa da, sonra oynamağa davam etdik.

     

    Sağ olsunlar, rəqiblər hamısı gəlir, heç kim Ağdamda oynamaqdan imtina etmir.

    Oyunlarımıza təşrif buyuran hərbçilər də rəqiblərimizə zarafatla deyirlər ki, qorxmasınlar, oynasınlar, düşmən tərəflə danışıblar, futbol vaxtı atmayacaqlar...

     

    Bir dəfə oyundan əvvəl meydana mərmi düşmüşdü.

    Stadionun işçiləri sağ olsunlar, tez bir zamanda qazonu bərpa etmişdilər.

     

    1993-cü ildəki ümumi heyətdən Yaşar Hüseynov, Səttar Əliyev, Məmməd Məmmədov, Elşad Xudadatov, Müşfiq Hüseynov, Vüqar Cəfərov və Zakir Mehrəliyev ağdamlıdır.

    Oyunlar bitir, tez evimizə baxmağa gedirik, nəsə olubmu.

    Səttar Əliyev və Elşad Xudadatovgilin evləri yararsız vəziyyətə düşüb.

    Yaşar Hüseynov da özünə yeni ev tikmişdi, bir gün də orada qala bilmədi…

     

    Ağdama atılan “Qrad” mərmilərindən biri komanda yoldaşımız “Jiquli” ləqəbli Vüqar Cəfərovgilin də evinə düşüb.

    Valideynləri həlak olub.

    Amma o, “Turan”la oyunda çıxış etmir.

     

    ***

     

    Oyunda fasilədir.

     

    Yeri gəlmişkən, Bakının “İnşaatçı” komandası ilə qarşılaşmanın fasiləsində ermənilərin atdığı raket stadionun yaxınlığına düşmüşdü.

    Bizim üçün adi hal olsa da, rəqib futbolçular təşviş içində idilər.

    Ürək-dirək verdik, başa saldıq ki, oyunlarımız belə keçir.

    Fasilə 15 dəqiqədən çox çəkdi.

    Amma oyunu davam etdirdik.

    Qarşılaşma bitən kimi də rəqib futbolçular, heç duşa da girmədən, birbaşa avtobusa minib Ağdamdan çıxdılar.

     

    ...Sovet dövrünə qayıdaq.

    Sən demə, vaxtilə “Manchester United”də oynamış Andrey Kançelskis 80-ci illərin sonunda hərbi xidmətini artıq münaqişənin başladığı Dağlıq Qarabağda keçə bilərmiş.

    Bu barədə o, “Novaya qazeta”ya müsahibəsində deyib: “Kiyev “Dinamo”sunun Konça-Zaspadakı bazasına mənə görə bir zabit və bir praporşik gəlmişdi: “Çağırışçı Kançelskis, hazırlaşın, gedirik”. Hərbi hissəyə apardılar. Hərbi təlimin iki ayından sonra düşünürdüm ki, futbolla vidalaşmaq olar. Üstəlik, müharibənin qızğın çağında Dağlıq Qarabağa gedəcəyimizi elan etdilər və dəbilqə, zirehli geyim və diz üçün xüsusi dəmir qoruyucular da daxil olmaqla bütün lazımi formaları verdilər.

    Məni Valeri Lobanovski xilas etdi. Sən demə, o vaxt o, Ukraynada, ümumiyyətlə, Sovet İttifaqında deyilmiş, köməkçilərinin isə lazım olan generallara çıxışı alınmayıbmış. Lobanovski qayıdanda məni də “bataqlıqdan” çəkib çıxardı”.

     

    ***

     

    Görəsən, atmazlar ki?

     

    Oyun bizim üstünlüyümüzlə davam edir.

    Növbəti hücum...

    Sağ cinahdan qonaqların cərimə meydançasına ötürmədən sonra rəqib futbolçudan qayıdan topu komandamızın pleymeykeri Yaşar Hüseynov güclü zərbə ilə qapıdan keçirir.

    Qol!

    Beləcə, hesabda irəlidəyik.

    Təsəvvür etməzsiniz, stadiona gələnlər necə sevinir…

     

    İllər sonra Yaşar belə deyəcəkdi: “İstəməzdim ki, bu, “İmarət”də sonuncu qol olsun”.

    Eh, “İmarət”...

     

    German Hüseynov “Əzizbəyov küçəsi, ev 57” kitabında yazır: “İmarətin tarixi XVIII əsrin sonlarından başlayır. Vaxtilə burada Xurşidbanu Natəvan yaşayıb. Qarabağ xanlarının cıdır meydanlarından biri də burada yerləşirmiş. Sonralar cıdır meydanının yerində Ağdamın mərkəzi stadionu inşa edilib. Stadiona hamı “İmarət” deyirdi. Ərazisi böyük olan İmarətin bir hissəsində Qarabağ xanlarının ailə məzarlığı yerləşir. Burada Pənahəli xanın, Mehdiqulu xanın, Sarcalı xanın, Mehrəli bəyin, Natəvanın, onun övladlarının və başqa ailə üzvlərinin qəbirləri vardı. Son araşdırmalar təsdiq etmişdi ki, bu məzarıstanın tarixi daha qədimdi. Burada üzərində alban yazı və işarələri olan qəbir daşları tapılmışdı”.

     

    80-ci illərin sonunda “Xarı bülbül” beynəlxalq musiqi festivalının təşkili isə Ağdam və “İmarət”i təkcə İttifaqa deyil, dünyaya tanıtmış oldu...

    Vahid Qazi “Ruhlar şəhəri” kitabında yazır: “1989-cu ildə festivalda dünyanın cürbəcür yerindən 60 ansambl gəlmişdi. Ən çox maraq doğuran meksikalılar idi. Uşaqlar onları braziliyalı bilib “Zikonun yerliləri” deyə çağırırdı”.

     

    Stadionun çox səfalı mənzərəsi var.

    Dörd tərəfi hündürlüyü 30-40 metrə, yaşı isə bir neçə əsrə çatan xan çinarlarla əhatə olunub.

    Ağacların kölgəsi birbaşa meydana düşür.

    Ot örtüyünə də söz ola bilməz.

    Elə bil yamyaşıl xalçadır.

     

    Stadiondakı atmosferi də sözlə ifadə etmək çətindir.

    Rəqib komanda artıq Ağdama çatanda, sanki, hesabda geri düşür.

    Biz də meydana çıxanda özümüzü 1:0 irəlidə hiss edirik.

     

    Hələ 1988-ci ildə stadion rəsmən 1540 tamaşaçı tutumuna malik olsa da, matçlara bundan 3-4 dəfə çox adam toplaşırdı.

    1991-ci ildə nəşr olunan “Uğur olsun, “Qarabağ” kitabında isə belə bir məlumat var: “Komandanın hər oyununa rayonun Xıdırlı kəndindən 100-120 azarkeş gəlir”.

    Təsəvvür edirsinizmi, bir kənddən...

     

    1989-cu ildə stadionun yanında bizə üçmərtəbəli baza tikilmişdi.

    Azarkeşlər üçün də oturacaqların sayı artırılmışdı.

     

    ***

     

    “Turan” məğlub olmaq istəmir.

    Biz də hesabı artırmaq niyyətindəyik.

    Amma hücumlar bir nəticə vermir.

    “Qarabağ”ın heyətində 75-ci dəqiqədə meydana çıxan Məmməd Məmmədov, rəqib komandada isə Rüfət Quliyev və Vəli Hüseynov sarı vərəqə alırlar.

     

    ...Kimsə soruşa bilər, siz futbolçular niyə cəbhəyə getmirsiniz?

    Batalyonu ilə stadionun bazasında məskunlaşan “Fred Asif” ləqəbli Milli Qəhrəman Asif Məhərrəmova müraciət etmişdik ki, döyüşçülərə qoşulaq.

    Razı olmamışdı.

    “Bilsəm ki, 18 futbolçu ilə müharibəni udacağıq, hamınızı apararıq. İndi siz bizə səngərdən çox, meydanda lazımsınız. Ən azından əsgərlər postlardan çıxıb gəlib, sizin oyuna baxırlar, saat yarım da olsa, istirahət edirlər. Siz də Ağdam, Qarabağ üçün belə döyüşürsünüz. “Qrad” atəşləri altında futbol oynamaq da böyük işdir”.

    Bu sözləri rəhmətlik Allahverdi Bağırov da deyirdi.

     

    Bəli, biz də Qarabağın əzəli Azərbaycan torpağı olduğunu futbol vasitəsilə sübut etməyə çalışırıq. 

     

    ***

     

    Cəhdlərimizə baxmayaraq, hakimin final fitinə kimi hesab dəyişmir.

    Qalib gəlirik.

    “Qarabağ” – “Turan” 1:0.

     

    Azarkeşlər bizi alqışlarla yola salır.

    Bu dəfə yaxşı qurtardıq.

    Amma Ağdamdan çıxmalıyıq.

     

    Yenidən Mingəçevirə qayıdırıq.

    Heç kimin ağlına da gəlmir ki, doğma şəhər və stadionda son matçımızdır.

    Fikirləşirik ki, kuboku qazanıb Ağdama gətirərik.

    Qismət olmur.

    Yada salmaq belə çox ağırdı.

     

    Kim deyibsə yaxşı deyib: “Qarabağ” “İmarət”dən çıxandan ev oyunu keçirmir, həmişə səfərdə oynayır”.

     

    Mayın 12-dən sonra qalan ev oyunlarımızdan birini Mingəçevirdə keçiririk, orada rəqiblərin gəlməməsi səbəbindən iki matçımız da baş tutmur və texniki qələbələr qazanırıq.  

     

    23 iyul 1993-cü il tarixində Ağdam Ermənistan ordusu tərəfindən işğal olunur.

     

    Bütün çətinliklərə baxmayaraq, həm Azərbaycan kubokunun, həm də ölkə çempionatının qalibi oluruq.

    Amma ilk çempionluq sevinc deyil, təsəlli xarakteri daşıyır.

    Cəmi bir neçə gün əvvəl işğal olunmuş Ağdamsız necə sevinmək olar?

     

    Qaçqınlıq dövrü olmasa, "Qarabağ”, bəlkə də, ardıcıl on il çempion titulunu qazanar.

    Çox güclü komandamız var.

    Heyətin əksəriyyəti Azərbaycan millisinə namizəddir: qapıçılar Camaləddin və Namiq, müdafiəçilər Elşad, Zaur və Aslan, yarımmüdafiəçilər Mehman və Təbriz, hücumçular Müşfiq və Mahir...

     

    Kapitanımız Səttar Əliyev müsahibəsində deyir: “Komandamı Ağdamda avrokubok oyununda meydana çıxarmağı arzulayıram”.

    Azərbaycan 1993-cü ildə UEFA-ya üzv olmadığından beynəlxalq arenada çıxış edə bilmirik.

     

    Sonra da doğma şəhərsiz keçən çətin illər və dəfələrlə dağılmaq təhlükəsilə üzləşən komanda...

    Amma bu, artıq başqa söhbətin mövzusudur.

     

    ***

    Mən kiməm?

     

    Özümü təqdim edim.

    1994-2008-ci illərdə Azərbaycan millisində 79 oyun keçirmiş, daha sonra millinin keçmiş baş məşqçisi Berti Vogtsun köməkçisi olmuş Aslan Kərimov.

    1992-1995-ci illərdə bir neçə matçda millinin formasını geyinmiş Zaur Qarayev, Elşad Əhmədov, Təbriz Həsənov, Cəmaləddin Əliyev, həmçinin hazırda “Qarabağ”da baş məşqçinin köməkçisi işləyən Müşfiq Hüseynov.

    1982-ci ildə Azərbaycanın yeniyetmələr yığması ilə ümumittifaq “Ümid kuboku”nun qalibi olmuş Elşad Xudadatov.

    O heyətdən hazırda ölkə xaricində (Ukraynada) yaşayan yeganə futbolçu Məmməd Məmmədov.

    “İngilis” ləqəbli kapitan Səttar Əliyev.

    Həmçinin Yaşar Hüseynov, Mehman Alışanov, Elfariz İsayev...

     

    Mən işğal dövründə dağıdılaraq xarabalığa çevrilsə də, yenidən inşa olunacaq “İmarət”də meydana çıxmaq ümidilə yaşayan veteran futbolçuyam...

     

    Rasim Mövsümzadə

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Düşmən əsgərləri Hadrut ətrafındakı meşəliklərdə gizlənir 5 Dekabr 2020, 21:15 Kürdəmirdə maşın aşdı 5 Dekabr 2020, 21:00 Parisdə gərginlik - etirazçılar polisi daşa tutdu 5 Dekabr 2020, 20:50 Türkiyədə koronavirusdan rekord sayda ölüm 5 Dekabr 2020, 20:35 Türkiyə və Rusiya hərbçilərinin Qarabağda yerləşəcəyi ərazi bilindi 5 Dekabr 2020, 20:19 Akar Türkiyə silahlarının Qarabağ müharibəsinə təsirindən DANIŞDI 5 Dekabr 2020, 20:04 Nələr gizlədər döyüşçü ürəyi... 5 Dekabr 2020, 19:36 Bakıda çoxmərtəbəli bina yandı - 12 nəfər təxliyə olundu 5 Dekabr 2020, 19:22 Müxalifət Paşinyana istefa üçün vaxt verdi 5 Dekabr 2020, 19:15 Sarkisyan Paşinyanı xain adlandırdı 5 Dekabr 2020, 18:16 Qələbə Paradında 3 mindən çox hərbçi, 150-dək texnika iştirak edəcək - VİDEO 5 Dekabr 2020, 17:52 İtaliya Parlamenti Deputatlar Paltasının nümayəndə heyəti Gəncədə - FOTOLAR 5 Dekabr 2020, 17:37 Ərdoğan: “Qarabağda qazanılan zəfər Azərbaycana ana südü kimi halaldır” 5 Dekabr 2020, 17:26 Kəlbəcərin füsunkar təbiəti FOTOLARDA 5 Dekabr 2020, 17:10 İranın sabiq vitse-prezidenti həbs edildi 5 Dekabr 2020, 16:46 Qanunsuz işləyən hazırlıq kursu aşkarlandı 5 Dekabr 2020, 16:38 Gömrük Xidmətinin şəhidliyə yüksələn 26 yaşlı əməkdaşı... 5 Dekabr 2020, 16:32 Ceyhun Bayramov yenidən Lavrovla MÜZAKİRƏ APARDI 5 Dekabr 2020, 16:24 Daha 4323 yeni yoluxma, 42 ölüm... 5 Dekabr 2020, 16:20 Bu bölgələrdə xüsusi karantin rejimi uzadıldı - QƏRAR 5 Dekabr 2020, 16:18 İraq Türkmən Cəbhəsinin sədri Prezidenti təbrik edib 5 Dekabr 2020, 15:52 Müdafiə Nazirliyinin “qaynat xətti” fəaliyyət göstərir 5 Dekabr 2020, 15:44 Köhnə dünyanı yeni təfəkkürlə qavrayan böyük şair - Cavanşir Feyziyev 5 Dekabr 2020, 15:38 Sülhməramlıların Laçın dəhlizi və Şuşa istiqamətindəki postları - FOTOLAR 5 Dekabr 2020, 15:31 Dağlıq Qarabağda yaradılacaq Türk-Rus Ortaq Mərkəzi - Təfərrüatlar nələrdir? 5 Dekabr 2020, 15:29 Fazil Məmmədov holdinqində bacısı oğluna vəzifə verdi 5 Dekabr 2020, 15:21 Yerevanda Paşinyanın istefası təbəilə mitinq keçirilir 5 Dekabr 2020, 15:14 Ermənilər terrorçunu Xudavəng monastırına rəhbər təyin etmişdilər 5 Dekabr 2020, 14:56 Diaspor rəhbəri niderlandlı antropoloqa tarixi faktlarla tutarlı cavab verib 5 Dekabr 2020, 14:43 "Napoli"nin stadionuna Maradonanın adı verilib 5 Dekabr 2020, 14:35 Cənublu soydaşlarımızın Qarabağ SEVİNCİ: “Hər kəs şirniyyat paylayırdı” 5 Dekabr 2020, 14:25  “Şəhidlərimizin qırxı çıxmamış toy etmək hörmətsizlikdir” - ETİRAZ 5 Dekabr 2020, 14:15 Azərbaycanın Polşadakı səfirliyi bir qrup soydaşımızı təltif edib 5 Dekabr 2020, 14:09 Gəncədə COVID-19-a qarşı bu cür mübarizə aparılır 5 Dekabr 2020, 14:00 Daha bir koronaviruslu xəstə ictimai yerdə saxlanıldı 5 Dekabr 2020, 13:54
    SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?