Modern.az

Eldar Quliyev: “Bir komandayıq və Prezidentimizin etimadını doğrultmağa borcluyuq” - MÜSAHİBƏ

Eldar Quliyev: “Bir komandayıq və Prezidentimizin etimadını doğrultmağa borcluyuq” - MÜSAHİBƏ

Müsahibə

18 İyul 2012, 15:13

Müsahibimiz Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, Azərbaycan Kooperasiyalar İttifaqının sədri, Azərbaycan  Kooperasiya Universitetinin rektoru Eldar Quliyevdir.

Qeyd edək ki, deputatla bu müsahibə iyulun 14-də Modern.az saytına yerləşdirilmişdi. Lakin müsahibədə bir sıra texniki səhvlərə yol verilmişdi və buna görə 200 oxucunun baxdığı mətn saytdan çıxarılmışdı.
Deputat E.Quliyevlə müsahibəni yenidən təqdim edirik.

- Eldar müəllim, ötən ay “Azərittifaq” və Azərbaycan Kooperasiya Universitetinin təşkilatçılığı və Təhsil Nazirliyi, İqtisadçılar İttifaqı və Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dəstəyi ilə Bakıda “Milli İqtisadiyyatın inkişafı və səmərəliliyin yüksəldilməsi” ilə bağlı Beynəlxalq elmi-praktiki  konfrans keçirildi. Sizcə, bu tədbirin əhəmiyyəti nədən ibarət oldu?

- Aparıcı təşkilat kimi Azərbaycan Kooperasiya Universiteti, Təhsil Nazirliyi, İqtisadçılar İttifaqı  və MEA-nın  İqtisadiyyat İnstitutu  qərarlaşdıq ki,  konfrans aprel-may aylarında keçirilsin. May ayında Bakıda daha möhtəşəm bir tədbir-Evrovizion-2012 mahnı müsabiqəsi keçirildiyi üçün  bu  tədbir iyun ayının  27-28-də baş tutdu. Təşkilatçıların razılığı ilə planlaşdırdıq ki, birinci gün plenar iclas universitetdə deyil, Hilton otelində keçirilsin. On bir ölkənin alimləri konfransda iştirak etdi. Bununla bərabər, biz 64 xarici ölkədən məqalə və tezis  aldıq. Hesab edirəm ki, konfrans bütünlükdə  standartlara tam cavab verdi. Konfransın əsas məqsədi milli iqtisadiyyatın  inkişafının və səmərəliliyinin yüksəldilməsi ilə bağlı müzakirələrin aparılması idi. Azərbaycan son illərdə Avropa,  MDB ölkələri arasında inkişafına görə aparıcı dövlətlərdən birinə çevrilib və regionda hər bir layihə bilavasitə Azərbaycanın iştirakı ilə həyata keçirilir. Biz iqtisadi göstəricilərə fikir versək, MDB ölkələri ilə müqayisədə çox irəlidəyik. Avropa ölkələri ilə də müqayisə oluna bilərik. Çünki dünyada baş verən maliyyə böhranları  Azərbaycandan demək olar ki, tam yan keçir. Digər tərəfdən Azərbaycanın dinamik şaxələrlə  inkişaf edir. Ümumi Daxili Məhsulumuzda ilbəil artım özünü göstərir. Avropaya  inteqrasiya etmişik, o ölkələrlə sıx  əlaqələrimiz var, buna baxmayaraq  özümüzü qoruyuruq. Ötən  ilin göstəricisinə nəzər salsaq,  bizim Ümumi Daxili Məhsulumuz 3,5% artmaqla yanaşı, infilyasiyanın surəti  3,2% təşkil edib. İnsanların gəliri isə 14,2 %  artıb. İnsanların gəliri  infilyasiyadan 3 dəfə çoxdur. İşsizlik minimum səviyyəyə  7-8%-ə gəlib  çatır. Yoxsulluğun  dərəcəsi 6-7% təşkil edir. Dünyanın bir sıra maliyyə qurumları məsələn, Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı və.s araşdırmalar  apararaq qərara gəlmişdirlər ki,  Azərbaycan bu gün maliyyə göstəricilərinə görə ən sürətlə inkşaf etmiş ölkələrdən  birinə çevrilmişdir.  Vaşinqtonda Azərbaycanla Amerikanın əlaqələrinin yaradılmasının 20 illiyi ilə əlaqədar,  aprel ayında böyük bir toplantı oldu və orada Amerika Konqresinin üzvü Cerri Konnoli  çıxış etdi. Bildirdi ki, Ərəb, Afrika ölkələri inkişaf etmək istəyirlərsə, ya Türkiyənin köhnə  modeli, ya da Azərbaycanın yeni modelini əsas götürsünlər. Artıq okeanın o tərəfində də, Azərbaycanın yeni modeli öz təsdiqini tapıb. Azərbaycan 20 ildir ki, müstəqillik əldə edib. Başlanğıcda xeyli çətinliklərimiz oldu. Üstəlik bu gün 1 milyon qaçqın və məcburi  köçkünümüz var. Torpaqlarımızın  20%-i ermənilər tərəfindən zəbt olunub. Bu məsələ hələ ki, öz həllini tapa bilmir. Bununla bərabər, Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirir. Xüsusən də   özəl sektor uğurla  inkişaf edir. Demirəm ki, ən yüksək  göstərici bizdədir. Ancaq biz inkişaf edirik, bu, göz qabağındadır. Bu  gün özəl sektora hər cür şərait yaradılır. Hesab edirəm ki, yaxın illərdə bizim özəl sektorun  göstəricisi çox yüksək səviyyəyə qalxacaq, ümid edirəm ki, 85-90% özəl sektorun payına düşəcək.

- Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavinisiniz. Aqrar sahəyə rəğmən bu fikirləri necə əsaslandıra bilərsiniz?

- Cənab prezidentimizin qarşıya qoyduğu məqsəd  özümüzü ərzaq məhsulları ilə təmin etməkdir. Hesab edirəm ki, bu gün nəinki özümüzü ərzaq məhsulları ilə təmin etməliyik, hətta idxaldan ixraca keçməliyik. Bizim böyük potensialımız var. Biz aqrar sahədə elə çalışmalıyıq, elə qurumlar yaratmalıyıq ki, onların vasitəsilə xaricə öz məhsullarımızı çıxara bilək. Bu məhsullar həm keyfiyyətinə, həm də kəmiyyətinə görə standartlara cavab verməlidir. Bu məhsullar Avropa bazarlarında dayanıqlı  olmalıdır. Bu bazarlarda böyük rəqabət olduğunu bilirik. Xüsusilə də, Çin məhsulları dövriyyəyə girəndən sonra rəqabət daha da güclənib. Biz bu kimi ölkələrlə rəqabətə girə bilmək üçün, qiymət, kəmiyyət, keyfiyyət kimi göstəricilərimizi həll etməliyik.

- Konfransda bu məsələyə də toxunuldumu. Maraqlıdır, konfransda elmi məqalələrin sayı nə qədər idi?

- Elmi konfransda 317 məqalə və tezislər toplanmışdı ki, onun da 64-ü xarici müəlliflərə məxsus idi. On bir ölkədən nümayəndə gəlmişdi, o cümlədən, Polşa, Türkiyə, İsveç, Latviya, Litva, İtaliya, Rusiya və s. kimi ölkələrdən nümayəndələr çıxışlar etdilər.Konfransda təhsil naziri Misir Mərdanovda iştirak edərək  çıxış etdi. M.Mərdanov  çıxışı zamanı cənab Prezidentin dövlət universitetləri ilə yanaşı, özəl universitetləri də hər zaman diqqət mərkəzində saxladığını söylədi.  Onu da misal çəkdi ki, bir çox  dövlət  universitetləri beynəlxalq elmi-praktik konfrans keçirə bilirlər. Amma özəl universitetlər birinci dəfədir ki, belə bir elmi-praktik konfrans keçirir. Bu da ölkə Prezidentinin siyasətidir ki, özəl sektora belə böyük  imkanlar  yaradır. Konfransda yaşlı  alimlərlə yanaşı, gənclərə də yer ayrılmışdı. Təbii ki, bu da ölkəmizdə gənclərə olan münasibətdən xəbər verir. Belə bir beynəlxalq konfransın plenar iclasında gənc bir disertantın çıxışı akademiklər tərəfindən böyük dəstək aldı.

- Konfransın adı “Milli İqtisadiyyatın inkişafı və səmərəliliyin yüksəldilməsi” idi. Bundan irəli gələn öhdəliklər nədən ibarətdir?

- İqtisadiyyatın səmərəliliyinin artırılması yönündə müxtəlif işlər görməliyik. Bunlara məhsulun maya dəyərinin aşağı salınması, enerji resurslarından, nəqliyyatdan daha qənaətcil istifadə, əmək resurslarından düzgün istiqamətləndirilməsi və həmçinin məhsulun saxlandığı yerdə saxlanma qiymətinin aşağı salınması və s.-dir. Ərzaq və kənd  təsərrüfatı məhsulları ilə yanaşı, digər məhsullarda da birinci növbədə keyfiyyət olmalı və onun maya dəyəri aşağı salınmalıdır. Bununla yanaşı, imkan daxilində əldə olan resurslardan-xammaldan başlayaraq, sonuncu  məhsula qədər qənaətlə istifadə etmək  lazımdır. Məhsulun  keyfiyyəti və dayanıqlığı o qədər  yüksək olmalıdır ki, bazarda davamlı olsun.  Ölkə Prezidenti bununla bağlı fərmanlar  imzalayıb. Milli Məclisin onlarla qəbul etdiyi qanun var ki, bu da iqtisadiyyatımızın inkişafına hüquqi baza yaradır. Alimlərin üzərinə düşən əsas məsələ budur ki, biz bunları elmi  cəhətdən əsaslandırmalıyıq  ki, istehsalçı üçün səmərəli mexanizm olsun və bundan istifadə edə bilsin. Mexanizm daha yaxşı olmalıdır ki, sahibkar  öz işinə  daha həvəslə yanaşsın və istədiyi gəliri götürə bilsin.

- Amma etiraf edək ki, bizdə ərzaq bazarı doğru tənzimlənmir.


- Mən hökümətə bir sıra təkliflər vermişəm. Bunlardan biri ölkədə tələbatı və istehlakı öyrənən bir qurum yaradılsın. Yəni normativlər üzrə hansı məhsuldan nə qədər  əkilib becərilməsini müəyyən etsin. Bu həm israfçılığın qarşısını alar, həmdə məhsul çatışmamazlığının qarşını alacaq. Buda istehsalçının  hüquqlarını qorumaqla xaricdən gələn məhsulları tənzimliyə bilər.

Hesab edirəm ki, belə bir qurumun İqtisadi İnkşaf Nazirliyi nəzdində yaradılması daha məqsədə uyğun olardı.

Digər bir təklifdə verərdim ki, iqtisadiyyatımızın inkşafı ilə bağlı eləcədə ərzaq təhlükəsizliyini tam təmin etmək üçün müvəqqəti olaraq dövlət sifarişi tətbiq edilsin.

Adi bir misal söyləyəcəyəm. Keçən il bazarlarda soğan daha bol  idisə, bu il soğan bahadır və tapılmır. Çünki düzgün istiqamət götürməyiblər. Cəlilabad zonasında kartof becərilməsinə, bol məhsulun olmasına baxmayaraq, xaricdəndə kartof gətirilir. Mən iqtisadiyyatımızın inkişafı və səmərəliliyininin yüksəldilməsi yönündə də bir sıra təkliflər verdim. Bizim təşkilat komitəsi 317 tesiz  və məqalənin üzərində bu gün də işləyir.

-  Xarici nümayəndələr Azərbaycanın inkişafı ilə bağlı dediklərinizlə razılaşdılarmı?

-  Biz çıxışlarımızda da bildirdik ki, Azərbaycanın iqtisadi inkişafında əldə etdiyi uğurlara görə ölkə Prezidentinin apardığı iqtisadi siyasətə borcluyuq. İqtisadiyyatın düzgün istiqamətləndirilməsi  və qəbul olunmuş proqramların uğurla həyata keçirilməsi insanların maddi rifah halının yaxşılaşdırılmasına yönəldilib. Ölkə prezidentinin əsas hədəfi  odur ki, Azərbaycanın iqtisadiyyatının neftdən asılılığı minimuma  endirilsin. Bizim  konfransın da əsas məqsədi  özəl sektoru gələcəkdə daha çox  inkişaf etdirmək və bunun elmi  cəhətdən əsaslandırılmasıdır  ki, Azərbaycanın iqtisadiyyatı  uğurla  inkişaf etsin.

- Adətən bizdə belə konfranslar kitab halında çap olunur. Sizin də belə bir niyyətiniz varmı?

- Onu deyə bilərəm ki, hazırda bunun üzərində işləyirik. Biz böyük bir toplu çıxardacağıq ki, bu, 1150-1200 səhifədən ibarət olacaq. İlk dəfə olaraq, elmi-praktiki konfransdan kitabda şəkillər verəcəyik. Bu təklif mənim tərəfimdən irəli sürülüb. Məqsədimiz odur ki, bir neçə il keçəndən sonra  insanlar bu əyani vəsaitlər hesabına konfransdan xəbərdar olsunlar. Məqalələr Azərbaycan, ingilis və rus dillərində dərc ediləcək. Kitabın buraxılması üçün bizə 3-4 ay vaxt lazımdı. Belə bir kitab bizdən əvvəl akademik  Ziya Səmədzadə çap etdirib.  Qarşımızda duran vəzifələrdən biri də odur ki, bizim bu günki işimiz dünənkindən daha maraqlı, dinamik olsun. Konfransın işi  mətbuatda, qəzetlərdə, televiziyada geniş şəkildə işıqlandırıldı.

- Konfrans zamanı “İlin millət vəkili” diplomu ilə təltif olundunuz.


- Konfransın işində YUNESKO-nun İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə ali müşaviri, İsveçrə İnkişaf və Humanitar Yardım üzrə Əməkdaşlıq Təşkilatının sabiq rəhbəri, səfir Valter Fust da bizim dəvətimizlə iştrak etdi. Qeyd edək ki, Fust 1984-cü ildən Azərbaycanla əlaqəsi olan şəxsiyyətlərdən biridir.

Valter Fust əvvəllər İsveçrə Kanslerin muşaviri, ticarət, iqtisadiyyat naziri, hazırda Aleksandriya kitabxanasının idarə heyətinin üzvu  və Kofi Annanın hümanitar məsələlər üzrə müşaviri olmuşdur.  Bizim konfransdan sonra iyunun 29-da Bakıda keçirilən Krans Montana Forumunda iştrakçı oldu  və çıxış etdi. Eyni zmanda bizim konfransda da böyük elmi çıxışı oldu.  Biz elmi şuramızda may ayında cənab Fustu konfransa dəvət etməmişdən qabaq qərara aldıq ki, Dağlıq Qarabağ məsələsində Azərbaycana verdiyi dəstəyə görə ona Azərbaycan Koperasiya Universitetinin “Fəxri doktoru” adı verilsin. Təqdimat mərasimi iyunun 28-də Bakıda  keçirildi.

O ki, qaldı mənim mükafatlandırılmağıma, Türkiyədə 2011-ci ilin yekunlarının Türkdilli ölkələrinin  parlamentlərində, Türkdilli dövlətlərin beynəlxalq araşdırmalar akademiyası tərəfindən aparılan araşdırmalar nəticəsində mənə “İlin millət vəkili” adı verilmişdi. Bu nominasiyanın təqdimatı ilə əlaqadar mən Türkiyəyə dəvət edildim. Mən akademiyanın prezidenti İlgin Xeyrəddindən xahiş etdim ki, həm bizim elmi konfransda iştrak etsinlər, həm də Azərbaycan müstəqillik əldə edəndən sonra  Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkşafı haqqında elmi məruzə etsinlər. İlgin Xeyrəddin bizim dəvəti qəbul edərək iyunun 27-də konfransda çıxış etdi. Onun çıxışı böyük alqışla qarşılandı.

Iyunun 28-də isə Azərbaycan Koperasiya Universitetində keçirilən tədbirdə “İlin millət vəkili ”  mükafatı diplomunu  mənə təqdim etdi.

- Belə tədbirlərin Kooperasiya Universitetində keçirilməsi bu ali təhsil müəssisəsinin dünya çapına çıxmasına necə təsir edə bilər?

- Universitetin səviyyəsini  qaldırmaq və maddi texniki bazasının standartlara uyğun olması yönündə işlər görürük. Bunlara nail olmaqla təhsilimizin  səviyyəsini qaldıra bilərik. Mən Fransada olan zaman xeyli görüşlər keçirdim və bəzi əlaqələr qurduq. Almaniyanın Təbiət Elmləri Akademiyasının “Hanover”jurnalında  kənd təsərrüfatın inkişafı ilə  bağlı məqaləm dərc olunub. Bu jurnal təkcə Almaniyada deyil, bütün dünyada oxunur və tanınır. Elm adamı kimi mənim bunlara marağım çox böyükdür və əsas məqsədim də odur ki, bu jurnallar hər zaman olsun və yüksək qimətləndirilsin. Mənim Türkiyədə də bir elmi jurnalda məqaləm çıxıb. Bu tədbir həm universitetin nüfuzunun yüksək olması, həm də elmi potensialının  göstəricisidir. Digər tərəfdən, biz  beynəlxalq aləmdə tanınmaq və   universitetin beynəlxalq iqtisadi əlaqələrini bir az da genişləndirmək niyyətindəyik. Maddi texniki bazada olan çətinliklərimizi tezliklə aradan qaldırmağa çalışacağıq. Yataqxanaların olmaması və tələbələrin çətinliklər çəkməsi bizim üçün ən böyük problemlərdən biridir. Biz müvafiq instansiyalara məktub yazmışıq və cavab olaraq bildiriblər ki, bu problemlər həll olunacaq. Heç olmasa, bizə məxsus yataqxanalardan  biri boşaldılsaydı, biz də oranı təmir etdirərdik. Bu, çox vacib məsələdir. Universitetimizdə müasir elektron kitabxanamızın olmaması, oxu zalında komputerlərin azlığı, auditoriyada hər bir tələbənin qarşısında komputerin olmaması bizi dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələri ilə əlaqə qurmaq imkanından məhrum  edir. Açığını deyim, bəzi müəllimlər var ki, məni onların səviyyəsi tam qane etmir. Birinci növbədə hesab edirəm ki,  pedaqoji stajı olmayan müəllimləri auditoriyaya buraxmaq düzgün deyil. Ola bilər ki, o müəllimin elmi dərəcəsi var. Amma o, pedaqoqikanı bilmir. Ümumiyyətlə, tələbəyə tələbə yanaşması lazımdır. Dünən magistraturanı bitirən tələbə artıq bu gün gəlib dərs keçir. Mənim fikrimcə, bunlar doğru deyil.  Indi valideyinlərin düşüncə tərzində belə bir fikir  formalaşıb ki, başqasının övladı ali məktəbdə oxuyursa, mütləq onun da övladı oxumalıdır. Mən bunun əleyhinə deyiləm. Amma bu, diplom xatirinə edilməməlidir. Valideyinlər düşünmürlər ki, övladın marağı hansı sahəyədirsə, onu o istiqamətə yönəltmək lazımdır. Valideyinlər düşünsünlər ki, söhbət ziyalı, alim olmaqda deyil, əsas odur ki, övladları cəmiyyətdə özlərinə müəyyən mövqe tuta bilsinlər. Mənim fikrimcə, vacib olan  sahələrdən biri də əmək resurslarından düzgün istifadə və gələcəkdə bu sahəni inkişaf etdirməkdir.

- Bir məsələyə toxundunuz, fikrinizcə ərzaq təhlükəsizliyi ilə bağlı ölkəmizi təhdid edən məqamlar nədən ibarətdir?

- Bilirik ki, dünyada ən böyük problem maliyyə böhranıdır. Ancaq bu aradan qaldırıla bilər, ərzaq təhlükəsizliyi probleminin aradan qalxması isə çətin məsələdir. Ümummilli liderimizin uzaqgörənliyi  nəticəsində 2001-ci ildə bu məsələ gündəmə gətirilmişdi və bu gün də bu, ölkə Prezidentinin qarşısında duran vacib məqamlardan biridir. Bunun üçün də müvafiq işlər görülür və mən tam olaraq deyə bilərəm ki, Azərbaycan özünü gələcəkdə ərzaq məhsulları ilə təmin edəcək. Bəzi ölkələr var ki, onların çox yerdən gəliri var və ərzağa bir o qədər önəm vermirlər.Vaxt gələcək ki, onlar xaricdən məhsul ala bilməyəcəklər. 2008-ci ildə Avropada, o cümlədən Rusiyanın özündə ərzaq qıtlığı var idi və insanlar bir müddət bundan əziyyət çəkdilər. O zaman 40 ölkə qərar qəbul etdi ki, kənara məhsul satmasınlar və bu gərginliyi bir az da artırdı. Bütün bunlara baxmayaraq, tezliklə bu məsələ aradan qalxdı. BMT-nin açıqladığı rəqəmlərə nəzər salaq, dünyada 1 milyard 17 milyon ac insan var. Bu göstərici Afrika  ölkələrində, Hindçin, Latın Amerikasında daha böyükdür.

- Bu məsələdən çıxış yolu yoxdurmu?    

- Hesab edirəm ki, hər bir dövlətin bununla bağlı proqramı olmalıdır. Bundan ancaq belə xilas  olmaq mümkündür. Düzdür, seminarlar, görüşlər keçirilir, amma konkret olaraq, dövlətlərdən tələb olunmalıdır ki, bu işlə ciddi məşğul olsunlar. Aqrar sahə daim iş olan sahədir, hətta  gəlirin az olmasına baxmayaraq, hər zaman bu sahəyə ehtiyac var. Gündəlik qida tələbatımızı ödəmək üçün biz daha çox ət, süd və çörək məhsullarından  istifadə edirik. Həyatımıza daxil olan hər bir şeyi dəyişə bilərik, amma gündəlik qida normalarımıza  daxil olan çörəyi, suyu, əti nə iləsə dəyişmək mümkünsüzdür. Kənd təsərrüfatında əsas məqsəd məhsuldarlığı yüksəltməkdir.

- Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının universitetinizə yönəlik münasibəti sizi qane edirmi?

- Əlbəttə ki, biz hər zaman qarşılıqlı əməkdaşlıq səviyyəsində  işləyirik. TQDK-nın keçirdiyi qəbul qaydaları bizi qane edir. Əməkdaşlığımız həm TQDK, həm də Təhsil Nazirliyi ilə yüksək səviyyədədir. Ümumilikdə prezidentin ətrafında olan hər bir məmur ona göstərilən etimadı doğrultmağa borcludur. 

Sonda millət vəkili “Reytinq” qəzetinin 15.07.2012-ci ilin 26-cı nömrəsində onunla bağlı çap olunan “Rektor-deputat müəmmalı danışıb” başlıqlı məqaləsində yazılanlara öz münasibətini bildirib:

 - Mən “Reytinq” qəzetinin daimi oxucusuyam. Qəzet həftədə bir dəfə çıxır və hər bazar mən bu qəzeti alıb oxuyuram. 2004-cü ildə bu qəzetlə mübahisəmiz olmuşdu. O zaman bizimlə “Reytinq” qəzeti arasında yaranan mübahisə məhkəməyə qədər gedib çıxdı. Hazırda mənim əlimdə Səbail Rayon Məhkəməsinin 2004-cü ildə həmin mübahisə ilə bağlı çıxardığı qərar  var. Həmin vaxtdan  indiyə qədər münasibətlərdə hansısa problem yaşanmayıb.
Ancaq, qəzet 15 iyul 2012-ci il tarixli sayında və ondan 1-2 ay əvvəl də bizim barəmizdə xoşagəlməz ifadələrə yer verib. Bir millət vəkili kimi məqalədə mənim şəxsiyyətimi təhqir edən ifadələr var, istəməzdim yenidən məhkəməyə müraciət edim. Qoy özləri nəticə çıxarsınlar. Mən bir daha qəzetin rəhbərinə çatdırmaq istəyirəm ki, Səbail rayon Məhkəməsinin 2004-cü ildə çıxardığı qərar indiyə qədər qüvvədədir.

Səbail Rayon Məhkəməsi

A.K.Namazovun sədrliyi
S.C.Mirzəyevanın katibliyi ilə
İddiaçı Quliyev Eldar Allahyar  oğlunun nümayəndəsi Məlikov Baləbəy Ağamməd oğlunun və cavabdeh: Mirzəbəyli Afiq Yelmar oğlu, cavabdeh Əhmədov Fazil Ağamirzə oğlunun iştirakı ilə
İddiaçı  Quliyev Eldar Allahyar oğlunun cavabdeh  “Reytinq” qəzetinin redaksiyası və b.qarşı şərəf, ləyaqət,  işgüzar nüfuzunun müdafiəsi və vurulmuş mənəvi ziyanın ödənilməsinə dair mülki işə 30 Noyabr 2004-cü il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə  qərara aldı:

Bu saziş  ilə razılaşdırılmış təkzibin məzmunu təhrif edilərsə, yaxud düzgün dərc edilməzsə, buna görə qəzet və baş redaktor məsuliyyət daşıyır.

“Reytinq” qəzeti və onun baş redaktoru A.Y.Mirzəbəyli bundan sonra Azərittifaqın İdarə Heyətinin sədri E.A.Quliyev haqqında  əsası olmayan  hər hansı bir məlumat yazarsa (yazı, məqaləvə.s formada) qəzet və baş redaktor 50.000.000 (əlli milyon) manat cərimə ödəməli olacaq”.

Pərvin ARZUQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir