Modern.az

Kəndimizin erməniləri - II HİSSƏ

Kəndimizin erməniləri - II HİSSƏ

15 Noyabr 2020, 22:22

Vilayət Quliyev

Ermənilər bir qayda olaraq Azərbaycanın ya gözəl təbiəti, ya da yaxşı pul qazanmaq imkanları olan yerlərində yaşayıblar. Doğulduğum Beyləqan rayonunun Şahsevən kəndi təbiətinin gözəlliyi ilə seçilmirdi. Meşəsi, bulağı yox idi. Yayı isti keçirdi. Qışda palçıq əlindən tərpənmək olmurdu. 10 yaşlı məktəb şagirdindən tutmuş 70-80 yaşlı qocalara qədər hamı apreldən noyabra qədər pambıq tarlalarında gerçək qul əməyi ilə məşğul olurdu. İnsanların çörəyi sözün həqiqi mənasında daşdan çıxırdı. Amma hər şeyə rəğmən kəndimizdə ermənilər yaşayırdı. Həm də bizdən yaxşı yaşayırdılar. Və yəqin ki, bizə yuxarıdan aşağı baxırdılar...


İlk yadımda qalan ermənilər ər-arvad Zina ilə Arşak idi. Söhbət 1962-1963-cü illərdən gedir. Zina dükançı, Arşaki isə pambıq tədarükü məntəqəsində əmtəəşünas (o vaxt “priyomçu” deyirdilər) idi. Camaatın 70-80 faizinin pulun nə olduğunu bilmədiyi bir dövrdə Azərbaycan kəndində iki pullu yer haradan gəldikləri bilinməyən iki erməninin əlində idi. Və bizim saf, səmimi insanlarımız burada qeyri-adi bir şey görmürdü. Bir azərbaycanlı ailəsi erməni kəndində eyni mövqe tuta bilərdimi? Heç kəc bu haqda düşünmürdü.


9-10 yaşım olsa da yadımdadır ki, Arşak camaata qaynayıb-qarışmırdı. Daim qara paltarda gəzən arıq, quru Zina isə kənd arvadlarının sevimlisi idi. Toyda da, yasda da başda otururdu. Təbii ki, burada dükandan nisyə qənd-çay almaq amilinin rolu az deyildi. Anam da hərdən gedib nisyə nə isə alırdı və evə gələndən sonra uzun-uzadı “Allah Zinanın tək balasını gözünə çıraq eləsin!” - tipli dualar eləyirdi. Zina ilə Arşakın bir qızı vardı. İrəvanda hansısa institutda oxuyurdu. Qış, yaxud yay tətilində valideynlərinin yanına gəlirdi. Bəzən bekarçılıqdan dükanda, anasına kömək edirdi və belə günlərdə kənd cavanları çiy kərpicdən tikilmiş birmərtəbəli dükan binasının həndəvərindən əl çəkmirdilər.


Zina çox bic arvad idi. Atası, yaxud anası ilə dükana gələn uşaqlara həmişə bir konfet, yaxud bir-iki taxta peçenye verirdi. Təbii ki, pulunu elə o adamların özündən beş qat çıxarırdı. Amma sadədil kənd camaatının nəzərində bu hərəkəti ilə səxavətli və ürəyiaçıq adam imici qazanır, dua-səna sahibi olurdu.


Təxminən 1965-ci ildə hansısa fırıldaqlarına görə Arşakı tutdular. Deyəsən kəndə iki, ya üç ildən sonra qayıtdı. Bu müddət ərzində camaat Zinanı əməlli-başlı himayəyə götürmüşdü. Məsələn, deyək ki, stansiyaya daş kömür gəlirdi. Hamı qış üçün tədarük görmək istəyirdi və bəzən adamlar qışda ailəsinin soyuqdan əziyyət çəkməməsi üçün az qala yumruq davasına çıxırdılar. Amma bununla belə heç kəs "tək arvad kimi" Zinanın evinə bir-iki ton kömür göndərilməsinə etiraz etmirdi.


Arşak həbsdən qayıdandan sonra evlərini Ermənistandan olan bir azərbaycanlı ailə ilə dəyişib kəndimizi həmişəlik tərk etdilər. Həmin ailənin Güldanə adlı qızı 8-ci sinifdə bizə qoşuldu. Yəni 1968-ci ildə...


Kim bilir, bəlkə də bu Arşakla Zinanın törəmələri Qarabağı işğal edənlərin, xalqımıza qarşı əldə silah döyüşənlərin sırasında yer alıblar...


(davamı var)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir