Modern.az

“Qarabağda müharibənin ən mürəkkəb fazası indi başlayır” - Hərbi ŞƏRHÇİ

“Qarabağda müharibənin ən mürəkkəb fazası indi başlayır” - Hərbi ŞƏRHÇİ

17 Noyabr 2020, 23:16

“Müharibənin hərbi fazası işğalçı ordusunun darmadağın olunması ilə sona yetdi. Azərbaycan hərbi yolla danışıqlar prosesini dalandan çıxardı. Münaqişənin nizamlanması Azərbaycan üçün əlverişli şəraitdə siyasi-diplomatik yolla davam edir”.

Modern.az-ın məlumatına görə, bu fikirləri hərbi icmalçı, polkovnik-leytenant Nazim Bayram Qarabağda yaranmış hazırkı vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, ərazi bütövlüyümüzün bərpası qədər daha bir strateji qələbəmiz- Naxçıvanla quru əlaqənin bərpasıdır:


“Ermənilərin hazırda əsas məqsədi Dağlıq Qarabağda, nominal olsa belə, Azərbaycandan özünüidarəetmə statusunu almaqdır.

Rusiyanın minimal məqsədi orada erməni əhalisinin olmasıdır ki, onun təhlükəsizliyini qorunması gərəkçəsi ilə sülhməramlıların regionda qalması təmin olunsun. Maksimum məqsəd isə Dağlıq Qarabağ ermənilərinə özünüidarəetmə statusunun verilməsidir”.


Polkovnik-leytenant deyib ki, bənzər tarixi düz 100 il əvvəl keçmişdik:
 

“1919-cu ildə Azərbaycan Xalq Cümhuriyətinin ordusu Nuru paşanın ordusu ilə birgə erməni birləşmələrini darmadağın edib, Qarabağı Azərbaycanın tərkibində saxlamışdı. Lakin daha sonra Azərbaycanın dövlət müstəqilliyini itirməsi ilə ermənilər Moskvanın vasitəsilə Dağlıq Qarabağa muxtar vilayət statusu almağa nail olmuşdular. İndi ermənilər həmin tarixi “finti” təkrar etmək istəyirlər, Lavrov isə ermənilər üçün “keçid statusdan” danışır.

Lakin 2020-i 1920-dən fərqləndirən həlledici məqamlar var. 1-si, Azərbaycan müstəqil dövlətdir. 2-si, Azərbaycan beynəlxalq hüquqa və ayrılmaz insan haqlarına uyğun, yerli ermənilərin Dağlıq Qarabağda yaşamaq hüququnu tanımaqla bərabər, tarixdən doğru nəticələr çıxarıb, ermənilərə heç bir halda heç bir şəkildə özünüidarəetmə statusu verməyəcək. Unitar dövlətdə etnik azlıqlara özünüidarəetmə statusu sovetlərin “milli siyasətindən” qalmış anaxronizm idi, buna qayıdış olmayacaq və bizi buna heç kəs məcbur edə bilməz və bu iqtidarda da deyil”.


Nazim Bayram bildirib ki, ölkənin digər regionlarında olduğu kimi, Qarabağda da yalnız Azərbaycanın Konstitusiyası və yurisdiksiyası işləyəcək, yalnız Azərbaycanın dövlət quruluşu bərpa ediləcək:

“Dağlıq Qarabağın rayon inzibati bölgüsü və toponimlər Azərbaycanın daha əvvəllər verdiyi qərarlara uyğun qalacaq (misal üçün, Xankəndi rşəhəri, Tərtər rayonunun Ağdərə qəsəbəsi, Xocalı rayonunun Əsgəran qəsəbəsi, Xocavənd rayon mərkəzi, Xocavənd şəhəri və s.).
Bütün rayonlarının İcra hakimiyətlərinin başçıları azərbaycanlı məmurlar olacaq. Bütün köçkünlər yaşayış yerlərinə qayıdacaqlar. Əlavə olaraq, ermənilərin tərk etdikləri yaşayış məntəqələrində azərbaycanlılar məskunlaşacaqlar. Hazırda onların qayıtması üçün azad olunan yerlərdə təhlükəsizlik və dövlət idarəçiliyi strukturları bərpa olunur”.


Hərbi icmalçı bildirib ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər qalıb Azərbaycan qanunları ilə yaşaya biləcəklər:


“Yalnız 15-70 yaşlı kişilərə vətəndaşlıq verilmədən əvvəl Azərbaycana qarşı cinayət törədib-törətmədikləri yoxlanacaq. Yoxlanma zamanı onlar xüsusi filtrasiya düşərgələrində saxlanacaqlar. Bu müddəalar gələcəkdə bağlanacaq sülh sazişində əksini tapacaq.

Sülhməramlılara gəldikdə, onlar müharibə edən tərəfləri ayırmaq funksiyası daşıyır və Azərbaycan dövlətinin öz ərazisində suveren hüquqlarını məhdudlaşdıra bilməzlər. 1988-1991-ci illərdə vahid sovet ölkəsi çərçivəsində Moskvanın və sovet qoşunlarının Dağlıq Qarabağdakı funksiyaları ilə indiki - BMT-nin ATƏT-ə verdiyi mandat əsasında hərəkət edən - Rusiya sülhməramlılarını fərqləndirən əsas məqam budur.

Hazırda rusiyalı sülhməramlılar Azərbaycanın maraqlarına işləyirlər. Üç böyük rayonumuz qansız azad olunur. Daha sonra sülhməramlılar köçkünlərimizin qayıdışını təmin edəcəklər.

Başqa məsələ, Kremlin proseslərə siyasi təsir imkanlarıdır. Lakin İkinci Qarabağ müharibəsinin baş verməsi göstərdi ki, Kreml propaqandaçılarının var güclə təsvir etdiklərinə rəğmən, Moskvanın Cənubi Qafqaz regionunda təsir imkanları xeyli məhdudlaşıb və o sadəcə, “keçən qatarın son vaqonuna minməyə çalışır” və buna sevinir, bunu regionda böyük nüfuz sahibi olmaq kimi göstərməyə çalışır. Bu, Rusiyaya ən başlıca ABŞ və Qərblə qlobal qarşıdurma üçün lazımdır. Bundan daha çox isə bu qarşıdurmada Rusiyaya Türkiyə kimi müstəqil siyasət aparan, güclü tərəfdaş lazımdır”.


Nazim Bayram bildirib ki, müharibənin ən mürəkkəb - siyasi, diplomatik, informasiya - hibrid fazası indi başlayır:


“Cəmiyətimizin siyasi, hüquqi dünyagörüşü, düşüncəsi və iradəsi apardığımız müasir müharibənin səviyəsinə yüksəlməli, “Qarabağı ermənidən alıb, rusa verdik” kimi köhnə ideoloji ölçülər və şablonlardan, özünəinamsızlıqdan və bədbinlikdən azad olmalı, müasir dünyanı canlı inkişafda görmək, dərk etmək qabiliyətimiz artmalıdır.

Torpağın sahibi bizik, biz güclüyük, biz deyən olacaq!”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?