Modern.az

Deputat köməkçisi: “Goranboyda əsl müharibə veteranları hələ də vəsiqə ala bilməyiblər”

Deputat köməkçisi: “Goranboyda əsl müharibə veteranları hələ də vəsiqə ala bilməyiblər”

26 Yanvar 2010, 11:08

Modern.az-ın “Deputat köməkçiləri” rubrikasının qonağı 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən millət vəkili Gültəkin Hacıbəylinin köməkçisi Sərvan Şirinovdur.

- Necə oldu ki, deputat köməkçisi təyin olundunuz?

- Deputat köməkçisi işləməzdən əvvəl 3 il 3 ay Goranboy Rayon İcra Hakimiyyətinin hüquq şöbəsində işləmişəm. Sonra müəyyən səbəblərdən İcra Hakimiyyətindən işdən çıxmışdım və işsiz idim. Milli Məclisdə deputat köməkçisi ştatı yaradıldıqdan sonra eşitdim ki, Gültəkin xanım özünə köməkçi götürmək üçün müsabiqə elan edib. Goranboydan deputat köməkçisi olmaq üçün bir neçə namizəd var idi. Mən də həmin namizədlər içərisindəydim. Gültəkin xanımın seçimi mən oldum və deputat köməkçisi təyin edildim.

- Bəlkə deputatla qohumluq əlaqələriniz var?

- Xeyr. Gültəyin xanımla heç bir qohumluq münasibətlərim yoxdur. Sadəcə olaraq mən Goranboy şəhərindənəm, yəni 96 saylı dairənin ərazsində yaşayıram.

- Seçicilərlə işləmək asandır, yoxsa çətin? Ümumiyyətlə, işinizin öhdəsindən gələ bilirsiniz?

- İşini sevən kəs üçün iş çətin olmur. Mən bu vəzifəyə gəlməmişdən əvvəl də Gültəkin Hacıbəyli Goranboyun deputatı olub və onun burada nüfuzunun böyük olduğunu bilirdim. Mən də çalışıram ki, Gültəkin xanıma layiqli bir köməkçi olam. Seçicilərlə işimdə də bir çətinlik yoxdur. Köməkçinin işi də belədir ki, kəndlərə gedib camaatla görüşmək lazımdır. Bu camaat da mənim öz rayonlularımdır və çalışıram ki, həmyerlilərimin şikayətlərini, qarşılaşdıqları problemlərini deputat çatdırım.

- Seçicilər deputat köməkçisini necə qəbul edirlər?

- Məncə köməkçi işləyirsə, yerində olursa, onu müsbət qəbul edirlər. Köməkçinin rolu ondan ibarətdir ki, tutaq ki, hansısa kənddə olan çətinlikləri deputatına çatdırsın. Mən də işlədiyim müddətdə çalışmışam ki, seçicilərin çətinliklərini öz deputatıma çatdıram, Deputatımız imkanları daxilində köməyini seçicilərindən əsirgəmir, onlara köməklik eləyir. Ona görə də hansısa kənddə pis qarşılanmamışam.

- Bildiyimizə görə, bir sıra rayonlarda deputat köməkçiləri məmurlar tərəfindən birmənalı qarşılanmır, onlara qarşı bir qısqanclıq var, soyuq münasibət göstərilir. Sizə qarşı münasibət necədir?

- Düzünü deyim ki, məmurlar tərəfindən soyuq qarşılanan vaxtlarım da olub. Yəni müəyyən anlaşılmazlıqlar olub. Ancaq hal-hazırda hər şey yaxşıdır.

- Naftalan şəhərinin seçiciləri ilə təmasınız necədir?

- Naftalan şəhərində seçicilərlə çox çətinliklə görüşürəm. Bunun səbəbi odur ki, Naftalanda deputatın qərargahı, oturacaq bir yeri yoxdur. Deputatın qərargahı təkcə Goranboyda var. Naftalanda seçicilərlə ancaq çöldə - küçədə, parkda görüşə bilirəm. Yəni Goranboyda olduğu kimi orada qəbul saatımız yoxdur. Amma Goranboyda qərargahımız olduğuna görə hər gün səhər saat 9.00-dan axşam 18.00-a qədər seçiciləri qəbul edə bilirik. Naftalanda isə qərargahımız olmadığına görə, çətinliklərim var. Ora gedəndə də camaatın hamısı ilə görüşə bilmirəm.

- Seçicilər daha çox hansı problemlərlə bağlı sizə müraciət edirlər?

- Bizə hal-hazırda olan müraciətlərin çoxu veteran vəsiqələri ilə bağlıdır. Yəni Qarabağ müharibəsində faktiki döyüşmüş bəzi insanlar indiyə kimi veteran vəsiqələrini ala bilmirlər. Bu gün  Goranboy rayonunda veteran vəsiqəsini almaq çox böyük probelmə çevrilib. Gültəkin xanım bu məsələdə goranboylu döyüşçülərə iki dəfə köməklik göstərə bilib. Bir dəfə 138 nəfər, bir dəfə 216 nəfər veteran vəsiqəsini ala bildi. Ancaq bu günə kimi hələ də müharibədə faktiki döyüşmüş insanların bir çoxu bu vəsiqəni ala bilmir. Məsələ ondadır ki, müharibədə faktiki döyüşən adamlar yox, döyüşməyən çox sayda adamlar Goranboyda veteran vəsiqəsi alıblar. Müdafiə Nazirliyinə, başqa orqanlara müraciət olunanda oradan deyirlər ki, artıq Goranboyda döyüşənlərin sayı bitib. Yəni tutaq ki, Goranboy rayonunda min nəfər döyüşübsə, artıq onlar Goranboyda 1800 adama veteran vəsiqəsi veriblər. Ancaq bu 1800-ün içində faktiki döyüşənlərin sayı 500 nəfərdi və yenə də 500 nəfər faktiki döyüşmüş insanlar vəsiqə ala bilmirlər.

Bir də hazırda bizə həyətyanı torpaq sahələrinin alınmasına köməkliklə bağlı müraciətlər olur. Goranboy rayonunda bir ilə yaxındır ki, həyətyanı torpaq sahələri verilmir. Biz də bələdiyyəyə müraciət edəndə, belə cavab verirlər ki, bunun üçün onlar Goranboy rayoununun perspektiv inkişaf torpağının ayrılması üçün kokret göstəriş gəlməyib ki, hansı hissədən əhalinin həyətyanı torpaq sahəsi üçün yer bölünsün.

Bizə ünvanlı sosial yardımla bağlı da müraciətlər olur. Biz də bununla bağlı müvafiq orqana mraciət edirik və araşdıranda görürük ki, elə adam var ki, həqiqətən ona həmin yardım düşür, eləsi də var ki, düşmür.            

- Deputata yerli məmurlardan, polisdən, məhkəmədən, bələdiyyələrdən və digər orqanlardan da şikayətlər gəlirmi?

- Bəli. Bizə bələdiyyələrdən də şikayətlər gəlir. Bunlar da torpaqların bölünməsilə bağlıdır. Bəzən vətəndaşlara qarşı haqsızlıq olur. Məsələn, elə olur ki, bir ailədən 3 oğula torpaq verilir, ancaq, elə ev var ki,bir evdə 4 qardaş ailə qurub və hamısı bir evdə yaşayır və onların heç olmasa birinə də həyətyanı torpaq sahəsi verilmir.

Bəzi kəndlərin icra nümayəndələrindən də çoxlu şikayətlər olur ki, kənddə su tutan, artezian quyusu olan sahələri özlər əkirlər, kasıb insanlar isə əkin sahələrini buna görə ya suvara bilmirlər, ya da gec suvarırlar. Yəni bəzi icra nümayəndələri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yoxsul əhalinin vəziyyətini bir az da ağırlaşdırırlar.

Yerli məhkəmələrdən olan şikayətlər isə haqsız qərarlarla bağlıdır.

- Deputat rayona tez-tez gəlir?

- Elə olur ki, hər ay gələ bilir. Amma 2 aydan bir qəbul saatları olur.

- Deputatın kəndlərdəki görüşlərini siz təşkil edirsiniz?

- Bəli, mən təşkil edirəm. Gültəkin xanım rayona gəlir və buada qaldığı bir həftə, 10 gün müddətində kəndəlrəki görüşlərlə bağlı qrafik təyin edir. Hər gəlişində də bir gününü Goranboydakı qərargahında qəbul günü üçün ayırır. Bizim də qəbula yazılanlarla bağlı vətəndaşların qəbul kitabı var və onların hamısına zəng  edib deyirəm ki, həftənin bu günündə, bu saatında Gültəkin xanımın qəbulu var.

- Elə olurmu ki, seçicilər əslində müvafiq orqanlara müraciət etmək əvəzinə birbaşa sizə müraciət etsinlər? Belə hallarda onlarla hüquqi maarifləndirmə söhbətləri aparırsınız?

- Olur. Tutaq ki, hansısa kənddən bir seçici gəlir ki, mənim üç gün bundan qabaq inəyim-qoyunum oğurlanıb. Mən də vətəndaşı başa salıram ki, bunun üçün birinci sən polis orqanına ərizə ilə müraciət etməlisən və sizə 15 gün müddətində konkret köməklik olunmasa, ondan sonra sən bizə müraciət edə bilərsən. Bəzən boşanma məsələləri ilə də bağlı birbaşa gəlib bizə müraciət edirlər. Təbii ki, mən də başa salıram ki, bunun üçün VVADQ idarəsi var, məhkəmə var.

- Yanınıza gələnlər arasında deputatdan maddi yardım istəyənlər də olurmu?

- Bəli. Gültəkin xanımdan maddi yardım istəyənlər də var. Eləsi olur ki, imkansız ailədir, övladına dərman almaq üçün pulu olmur. Yaxud da xəstənin burada müalicəsi olmur, başqa ölkədə müalicə olunmalıdı, bunun üçün də Gültəkin xanım imkan daxilində köməklik göstərir. Mən köməkçi işlədiyim müddətdə görməmişəm ki, hansınasa kömək eləməsin. Yəni tam məbləğ olmasa da, onun yarısını, yarısından çoxunu kömək eləyib.

- Deputat sizin işinizdən razıdırmı?

- Bunu özündən soruşarsınız.

- Bəzi deputat köməçiləri vəzifəsindən sui-istifadə edərək öz şəxsi işləri üçün, qohum-əqrəbası üçün müəyyən işlər görürlər, sahibkarlıq fəaliyyəti qururlar.  - Bu vəzifədən əvvəl Goranboy Rayon İcra hakimiyyətində işləmişəm və bu gün də işlədiyim zaman Goranboyda sahibkarlıq, kommersiya fəaliyyətilə məşğul olmuram, bir metr də olsun torpağım yoxdur. Heç bir qohumum üçün də bunu etməmişəm.

- Milli Məclisə gedib-gəlirsiniz?

- İldə bir dəfə öz hesabatlarımızı aparırıq. Başqa vaxt getmirəm. Bir də yerlərdə köməkçilər üçün seminar-görüşlər olur və hamısında da iştirak etmişəm.

- Seminarlarda sizə nəyi öyrədirlər?

- Orada əsasən başqa ölkələrdə deputat köməkçilərinin fəaliyyətilə bağlı məsələlərə toxunulur. Bizə suallar olunur ki, siz vətəndaşları necə qəbul edirsiniz və qəbul etdiyniz zaman onlarla söhbəti necə aparırsınız.

- Sizə Avropa təcrübəsidən də mühazirə oxunurmu?

- Bəli.

- Onda sizcə  Avropadakı deputat köməkçiləri fəal işləyir, yoxsa Azərbaycandakı deputat köməkçiləri?

- Hesab edirəm ki, əgər işləyə bilirsənsə, elə burada da rahatdır. Bir də bu məsələ deputatın özündən də asılıdır. Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir