Modern.az

“Onunla birgə işləmək ləzzət idi” - Dostlarının Hikmət Hacızadə ilə bağlı XATİRƏLƏRİ

“Onunla birgə işləmək ləzzət idi” - Dostlarının Hikmət Hacızadə ilə bağlı XATİRƏLƏRİ

Mədəni̇yyət

20 Noyabr 2020, 17:20

Xalq Hərəkatının tanınmış simalarından biri, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə bu gün 66 yaşında insultdan vəfat edib.


Xatırladaq ki, Hikmət Hacızadə 1954-cü ildə Bakıda anadan olub. 1977-ci ildə ADU-nun Fizika fakültəsini bitirib, 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri namizədi adını almaq üçün dissertasiya müdafiə edib.


Azərbaycan EA-nın Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində işləyib. 1988-ci ildə başlayan Azərbaycanın istiqlal hərəkatında fəal iştirak edib, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, ilk İdarə Heyətinin üzvü, AXC-nin mətbu orqanının redaktoru olub. Xalq Cəbhəsinin hakimiyyəti dövründə Azərbaycanın Rusiyada səfiri işləyib.


1993-cü ildən Müsavat Partiyasının və onun Divanının üzvü idi. Demokratiya və insan haqları barəsində biliklərin yayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidenti olub. Xalq Cəbhəsi və Müsavat Partiyasının nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, "keçid dövrü"nün problemləri, insan haqları tarixi və nəzəriyyəsi üzrə çoxsaylı məqalə və kitabçaların müəllifidir.


Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan "Demokratiya haqqında 150000 işarə" kitabı 1995-ci ildə nəşr edilib. "İnsan Haqları - bəşəriyyətin əsas ideyası" (1997), "Demokratiya: Gediləsi uzun bir yol" (Demokratiya Antologiyası) və başqa kitabların müəllifidir.

Evlidir, bir oğlu var.


Hikmət Hacızadənin əqidə dostları onun haqqında fikirlərini və xatirələrini Modern.az-la bölüşüblər.


Politoloq Zərdüşt Əlizadə
qeyd edib ki, Hikmət Hacızadəni Xalq Hərəkatı illərindən tanıyır:


“O dövrdə çox aktiv idi. Cəbhəni ilk yaradanlardan biri olub. Sonradan Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə Hikmət Hacıyev Moskvada səfir oldu. O həmin illərdə öz cəbhədaşlarını israrla Rusiya amilini düzgün qiymətləndirməyə çağırırdı. Lakin cəbhədaşları onun sözünə qulaq asmadılar. Beləliklə, Rusiyanın bilavasitə iştirakı ilə Qarabağ Azərbaycanın əlindən alındı.

Müxalifətdə olanda demokratik ideyaları, liberalizmi təbliğ edirdi, yayırdı. Həmişə Qərbə müsbət münasibətini sərgiləyirdi. Dəyərli kitablar nəşr etdi. Demokratik mətnlərin Azərbaycan dilinə tərcümə edilməsi, yayılmasında çox böyük xidmətləri oldu. Çox dəyərli bir insan idi. Həddindən artıq sadə, şəxsi keyfiyyətləri yüksək biri idi. Əsl elmi işçi, sovet ziyalısı obrazına çox yaxın idi. Amma Sovet quruluşunu sevmirdi. Buna baxmayaraq, Sovet ziyalısına xas olan ən müsbət keyfiyyətləri özündə əks etdirirdi. Gözütox, dünya malında gözü olmayan, sadə, həyata nikbin və məzə hissi ilə yaşayan bir demokrat idi.

Onun abırlı, xanım-xatın həyat yoldaşı var. Bahar xanım hər birimizin sevimlisidir, hədsiz hörmət edirik. Adnan kimi dəyərli bir oğul qoyub, getdi. Allah övladına can sağlığı versin. Hikmət Hacızadə çox dəyərli ziyalı, önəmli siyasətçi idi”.


Sabiq baş nazir Pənah Hüseyn
deyib ki, Hikmət Hacızadə mərhum prezident Əbülfəz Elçibəy tərəfindən çox yüksək qiymətləndirilən ictimai-siyasi xadim idi:


“1992-1993 illərdə Qarabağ məsələsi ətrafında gedən danışıqlarda fəal mübarizə aparanlardan olub. Hikmət Hacızadə siyasi mövqeyindən asılı olmayaraq, hər kəs tərəfindən tanınırdı. Azərbaycan tarixində tanınmış siyasi xadim kimi yaddaşlarda qalacaq. Allah rəhmət eləsin, yaxınlarına başsağlığı verirəm.

Hikmət bəy çox açıq, sərbəst danışan şəxs idi. Avtoritetlər qarşısında ən kəskin fikirlər söyləyən şəxs idi. Mən xatırlatmaq istəyirəm ki, Azərbaycan Xalq Cəbhəsi yaradılanda Hikmət Hacızadə Zərdüşt Əlizadə ilə eyni qrupda idi. Biz isə Xalq Cəbhəsinin digər qrupunda idik. Hikmət Hacızadənin fəal təşəbbüsləri ilə vahid Xalq Cəbhəsinin yaradılması baş tutdu.

Mənim və digər yoldaşlarımızın Hikmətlə çox maraqlı, xoş, pozitiv hadisələr var. Bu gün çox hüznlü gündür. Səhər onu itirdiyimizin xəbərini eşidəndə çox ağır oldu. Ruhu şad olsun!”.


Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər
Hikmət Hacızadəni təxminən 35 ildir tanıdığını qeyd edib:


“Tanıdığım ilk gündən çox yaxın münasibətimiz olub, bir-birimizi başa düşmüşük. Bir yerdə çox işlər görmüşük. Azərbaycan Xalq Hərəkatında, Azərbaycan Xalq Cəbhəsinin formalaşmasında birlikdə fəaliyyət göstərmişik. Elçibəy hakimiyyəti dövründə də birlikdə işləmişik. Hikmət bəy təkcə Moskvada Azərbaycan səfiri deyildi, həm də Azərbaycan Baş naziri müavini vəzifəsini icra edirdi. Bu vəzifələri yüksək səviyyədə yerinə yetirirdi.

Hikmət bəy xalqa, Azərbaycanın müstəqilliyinə xidmət edib. Azərbaycanda bir çox ilk addımlar Hikmət bəyin təşəbbüsü ilə həyata keçirilib. Azərbaycanın ən intellektual şəxslərindən biri idi. Eyni zamanda, çox kreativ insan idi. Həm də çox inadkar biri idi. Fikirləri ətrafındakılardan fərqlənsə də, öz fikirlərini dəfələrlə izah edirdi.

Bu itki təkcə Hikmət bəyin ailəsinin yox, bütün Azərbaycan xalqının itkisi idi. İnanıram ki, yaddaşlarda qalacaq və xalq onu hər zaman yad edəcək”. 

Müsavat Partiyasının üzvü Yadigar Sadıqlı Hikmət Hacızadə haqqında bunları deyib:

“O zaman çoxları elə düşünürdü ki, kommunizmin, sovetin əleyhinə olan adam avtomatik demokratdır. Elə indi də hakimiyyətin əleyhinə olan, amma öz liderinin ölənəcən prezident olmasını arzulayan xeyli "demokratlar" var.

Hikmət Hacızadə isə həqiqi demokratiyanın, xüsusən də liberal demokratiyanın nə olduğunu Azərbaycan cəmiyyətinə izah edən ilk insan idi. O, demokratik düşərgənin həqiqətən demokrat olan insanlarından idi. Hikmət bəyin "Demokratiya haqqında 150000 işarə", "Demokratiya - gediləsi uzun yol", "ABŞ demokratiyasının əsas mətnləri" kitabları Azərbaycanda demokratiyanı öyrənmək istəyənlər üçün hələ uzun müddət əsas mənbələr olacaq. Şəxsən mənim siyasi dünyagörüşümün formalaşmasında Hikmət bəyin əsərlərinin əvəzsiz rolu var. Allah rəhmət eləsin”.


Jurnalist Şahvələd Çobanoğlu
da Hikmət Hacızadənin ailəsinə başsağlığını ifadə edib:


“Xalq hərakatı şəxsiyyətlər baxımından çox zəngin idi. Onlardan biri – Hikmət Hacızadə bu gün vaxtsız vəfat etdi. Çox yaxın dostu İsaxan bəyin dəfninə - Borçalıya bərabər getmişdik. Orada parlaq bir nitq söylədi. Yolda da dedi ki, çoxmu uzun yol oldu, bəy? Maşında hamı susdu, maşını sürən əmioğlu Səyyar elə sandı sual ona yönəlib, dedi ki, Bakıya 500 km qalıb təxminən, Hikmət bəy... Hikmət bəy elə bil sevindi: sən nə saf adamsan, a bəy, artıq inandım ki, yol uzun olsa da, mənzilə çatacağıq. Bu adamların son mənzili qarşıdadır. Amallarına uyğun demokratik Azərbaycan! Dəyərli Bahar Hacızadə və Adnan Hacızadə, başınız sağ olsun!”.

Praqada yaşayan jurnalist Rövşən Əliyev də Hikmət Hacızadənin müsbət şəxsi keyfiyyətlərini xatırlayıb:


“Liberalizmi maymaqlıq, mövqesizlik, cəsarətsizlik kimi anlayan böyük bir kütlə var. Bu yanlış və böhtanın geniş yayılmasına çalışıb ondan faydalanan nə qədər siyasətçi, fürsətçi var.

Birinciləri aydınladıb, ikincilərlə təkbaşına savaşa ilk başlayan Hikmət Hacızadə idi. 1988-1992-ci illərin ab-havasını görənlər bunun necə böyük bir cəsarət olduğunu bilərlər. Qəhrəmanlıq sözünü işlətmirəm, çünki siyasi meydandakı qəhrəmanlar bir qayda olaraq, gözə kül üfürənlərdir.

1991-də universiteti bitirdim, 1992-nin ortalarına qədər ikinci universiteti keçdim. Bu universitet tək bir adamdan ibarət idi. Hikmət Hacızadədən. Onunla bir redaksiyada işləmək ləzzət idi.

Millətçilərlə savaşı bir aləm idi, duzlu zarafatları başqa aləm idi...

Opponentlərinin Hikmət bəy qarşısında arqumentləri bitəndə, onun rusdilli olmasına ilişirdilər. Ancaq indiyəcən Azərbaycandilli ədiblərin onun Azərbaycanca yazdığı bir parodiyaya bərabər əsər yazdğını görməmişəm.

Bu səhərin bəd xəbərinin acısı zamanla gedəcək, Hikmət bəyin işlərinin şahidi olmağın şirinliyi əsla!”.

Publisist Mehriban Vəzir:

“Çox əziz, çox dəyərli Hikmət bəy də belə getdi... uzun sürməyən bir hekayə ilə... az ağrı, asan ölümlə...

Həm toplumda, həm qəlbimdə ayrıca yeri olan biri idi...

O, sovet həbsxanasının ilk mücahidlərindən idi.

İndiki gənclər bilməz, rus işğalı tərəfdarları cins şalvar geyinməyin belə yasaq olduğu idbar bir bir rejimdə yaşamağa məhkum olduğumuzu onlara anlatmazlar...

Hikmət Hacızadə rejimə etiraz olaraq Bakı, Moskva küçələrində ilk cins geyinən gənclərdən idi... bu üsyanı ilə dara çəkilənlərdən, ittiham edilənlərdən idi...

Cümhuriyyətimizn bərpası hərəkatının öncüllərindən idi...

Bu böyük yolu ömrünün sonuna qədər yürüdü. Sapmadı. Adı gizli anlaşmalarda hallanmadı... sözündə və əməlində dürüst oldu...

Fikir adamı idi...

Azərbaycanımızda demokratiyanın atası sayılırdı...

Kitablar tərcümə etdi, Demokratiya haqda biliklərin yayılmasına ömür verdi... öncə "işin əlifbasını öyrənin" dedi...

Adı, xidməti, prinsipiallığı, orjinallığı, qanacağı, yumoru, məzəli ifadəsi ilə Milli Azadlıq Tariximizdə yaşayacaq... varlığımızı sürdükcə də könlümüzdə qalacaq...

Çox şey demək olar haqqında... bu an fikrimdə dolaşan isə tək budu:

- Hikmət bəy... heç ölməli adam deyildin...”

 


Aysel Aslan
Fidan İlqarqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır