Modern.az

Kəşf edilməmiş neft yataqlarımız varmı?

Kəşf edilməmiş neft yataqlarımız varmı?

19 İyul 2012, 14:32

Ekspert: “Texnika sarıdan korluq çəkirik, həm də bu riskli sahədir”


Büdcəmizin neftdən asılı olduğu heç kimə sirr deyil. O da sirli deyil ki, məhz bu təbii sərvət hesabına ildən ilə əhalinin güzəranı yaxşılaşır. Odur ki, “qara qızıl”ın tezliklə tükənəcəyi ehtimalı hamımızda təşviş doğurur.

Hesablamalara görə, 2011-ci ildən başlayaraq neft hasilatımız azalan xətlə gedir. Mütəxəssislər isə nikbin mövqe tutaraq Azərbaycanın kəşf edilməmiş neft resurslarının olduğunu deyirlər. Ancaq bu fikirlə razılaşmayan mütəxəssislərin də sayı az deyil.

Görəsən, hansı tərəf haqlıdır?

Modern.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, kəşf olunmayan neft yataqlarımız olsa da,  hələ ki, əldə olan texniki avadanlıqlarla yeni neft yataqlarının tapılması mümkünsüzdür: “Azərbaycan sektorunun ancaq sovet dövründə tədqiq edilmiş və geoloji üsullarla tapılmış strukturlarda qazma işləri aparılıb. İndi isə yeni texnoloji imkanlar açılıb və bunun nəticəsində Yerin daha dərin qatlarına nəzər yetirmək mümkün olub. Buna görə də ARDNŞ hazırlıq işləri görür ki, yaxın 4-5 ildə müasir tipli üzən qazma qurğularına malik olduqdan sonra yeni kəşfiyyat işlərinə başlasın. Çox güman ki, bunlar xarici şirkətlərlə müştərək də həyata keçirilə bilər. Məsələn, “Araz-Alov-Şərq” çox perspektivli bir blokdur. Xəzərin dərin sularında və cənubunda yerləşir, ancaq 2001-ci ilin iyulundan İranın müdaxiləsindən sonra Azərbaycan Xəzərin statusu məsələsi həllini tapana qədər oradakı işlərə fasilə verməyi qərara alıb. bp şirkətinin kəşfiyyat müqaviləsi olan “Şəfəq-Asiman” dərin lay qatları olan bir yataq kimi xarakterizə edilir, orada hətta 8000 metrədək dərinlikdə quyunun qazılması planı da nəzərdən keçirilir”.

Yeni neft yataqlarının tapılması üçün yeni nəsil texnoloji avadanlıqlara ehtiyac olduğunu deyən ekspertin sözlərinə görə, bu isə hardasa 5-7 il vaxt aparacaq.

İ.Şaban onu da qeyd etdi ki, hətta elə olub ki, neft yataqları kəşf olunub amma həmin yataqdan neft tapılmayıb. Belə hadisələrin daha çox 90-cı illərdə baş verdiyini deyən mütəxəssis həmin yataqların “Kürdaşı” bloku, “Lənkəran-Talış” bloku, Naxçıvan strukturu, “Zəfər-Məşəl” bloku və s. də baş verdiyini söylədi: “Bunun üçün yeni nəsil texniki avadanlıqlara ehtiyac var. Biz isə demək olar ki belə avadanlıqlar sarıdan korluq çəkirik. Həm də elə texnoloji qurğular var ki, heç dünyada ancaq çertyoj şəklindədir, heç yerdə tətbiq olunmayıb. Təbii ki, qiymətləri də çox bahadır. Buna görə də Azərbaycan ölçüb-biçir ki, kommersiya baxımından uduzmasın. Çünki neft axtarışı biznesi çox riskli bir sahədir”.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?