Modern.az

“Bizim məmurlar həmişəki kimi arabanı atdan qabağa qoydular” - MÜSAHİBƏ

“Bizim məmurlar həmişəki kimi arabanı atdan qabağa qoydular” - MÜSAHİBƏ

Müsahibə

19 İyul 2012, 17:09

Azərbaycan Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev: “Mən ittifaqların deyil, öz qurumumun tərəfindəyəm”


– Kino sahəsində hazırda üç qurum fəaliyyət göstərir. Biri sizin rəhbəri olduğunuz Azərbaycan Kinorejissorlar Gildiyası, digəri Azərbaycan Kinematoqrafçılar İttifaqı, bir də yeni yaranan Azərbaycan Respublika Kinematoqrafçılar İttifaqı. Son iki qurum arasında müharibə gedir. Sizin rəhbərlik etdiyiniz qurumda vəziyyət necədir, soyuq küləklər sizə doğru gəlirmi, yoxsa sabitlikdir?

– Soyuq küləklərin bizə doğru gəlməsi mümkün deyil. Çünki bizim funksiyamız çox dəqiq, konkret və hüquqi əsasların üzərində qurulub. Azərbaycan mədəniyyətinin vacib bir hissəsi olan kinonun intellektual mülkiyyətinin qorunması ilə məşğuluq. Bizdə müəllif hüquqlarına düzgün münasibət yaranmayıb, bir az köhnə psixologiya ilə yanaşırlar hər şeyə. Deyirlər ki, hə, sizə dövlət, bankir pul verirsə, demək o, hər şeyin yiyəsidir və diktə edəndir. Bu isə düzgün mövqe deyil. Dövlət, bankir, sponsor maliyyə vəsaiti qoyur, amma filmin əsas müəllifi rejissorudur və öz intellektual mülkiyyətini qoruyur. Ona görə həmin müəllifin istehsalçı və istifadəçi ilə münasibətlərinin düzgün qurulması bizim əsas məqsədimizdir. Bu da onların bizim üzvümüz olub, ya olmamasından asılı deyil. Bizim üzvümüz olmasa belə qonorarını yığıb ona çatdırmalıyıq. Bizə müqavilə ilə öz hüquqlarını verən konkret şəxslər var. Burda problem ola bilməz və bəzi ittifaqlardan fərqli olaraq konkret işləyirik. Sovetlərdən qalan ittifaqlar öz funksiyasını çoxdan itiriblər.

“Yeni qurum haqda fikrimi hələlik deməyəcəm”

– Azərbaycan Respublika Kinematoqrafçılar İttifaqının yaranmasını necə dəyərləndirirsiz?

– Bu qurumu çox müsbət dəyərləndirirəm. Bu qurum olmayanda da, Gildiyanı yaradanda da öz həmkarlarıma həmişə demişəm ki, kimin imkanı və ideyası varsa, inkişaf üçün özünə xas bir yol görürsə bunu da eləsin. Bir təşkilat yaratsın və  öz fikir, ideyalarını orada həyata keçirtsin. Bu ancaq və ancaq kinonun xeyrinə ola bilər. Bu amma kiməsə badalaq gəlməsə, kiməsə mane olmasa, təşkilatların çox olmasında elə bir qəbahət bir iş yoxdur. Mənim əqidəm də budur.  

– Rüstəm İbrahimbəyovun təşkilatını son həftə çox insanlar tərk edib.

– Mənə elə gəlir ki, hər şeyi diplomatik və siyasi baxımdan yox, açıq danışmaq lazımdır. Bildiyimiz kimi, yeni qurum dövlət tərəfindən dəstəklənir. Bu çox aydın bir məsələdir. Bunu gizlətmək də düzgün deyil, çünki bu qurumu yaratmaq dövlətin hüququdur. Əgər köhnə ittifaqdan narazı olanlar olmasaydı, onların fəaliyyətini ilə qane etməyən insanlar olmasaydı, aydın məsələdir ki, dövlət nə etsəydi belə bu qurumu yarada bilməzdi. Deməli, bunun yaranmasının obyektiv bir tələbat var. Buna da ancaq bu nöqtədən baxmaq lazımdır. Konkret olaraq qurum haqqında fikrimi isə onun fəaliyyətini görəndən sonra deyəcəm. Doğurdanmı dövlətin kinoya münasibətinin o qədər də yaxşı olmamasının səbəbi köhnə ittifaqın və Rüstəm İbrahimbəyovun fəaliyyətidir, yoxsa bu, bir bəhanədir. Əgər dövlət doğurdan üzünü tamam kinoya tərəf çevirib münasibəti dəyişsə, əlbəttə, bu, müsbət hadisədir və bunu ancaq alqışlamaq  olar. Mənə elə gəlir ki, bəzi qurbanlara getməyə dəyər.  

“Adamların və üzvlərin sayı ilə deyil”


– Siz daha çox hansı qurumun tərəfindəsiz?

– Mən öz qurumumun tərəfindəyəm. Amma belə götürəndə elə ikisinin də tərəfindəyəm, çünki bütün qurumların yaşamağa haqqı var. Mənim belə deyək ki, daha çox iradlarım köhnə ittifaqlaradır. Amma mən bunları onlara deməyə indiki zamanda mənasız hesab edirəm. Çünki mən özüm gildiyanın yaradılmasının təşəbbüskarı oldum və özümün fəaliyyəti ilə sübut elədim ki, bax belə də ola bilər. Rüstəm İbrahimbəyovla birgə işləyən adamlar var, onun əqidəsi ilə birgə olanlar var, ona inananlar var. Əgər ona inananlar varsa, niyə biz ancaq öz fikrimizlə durub-oturaq? Nələrsə düzgün getmirsə bu artıq onların problemləridir və orda üzv olanların problemləridir. İndi bu yeni yaranan quruma kommuna kimin də baxmaq lazım deyil. Elə düşünürlər ki, ora çoxlu adamlar gəlsə, o qurum özünü doğrulda biləcək. Bu yalandır və mənasız şeylərdir. Adamların və üzvlərin sayı ilə deyil. Əsas iş və fəaliyyətdir. Əgər yeni qurum qarşısına belə bir məqsəd qoyubsa, demək düzgün iş görmür. Nəyin bahasına olursa-olsun mən ətrafımı genişləndirim. Bu məqsəd deyil axı. O təbii normal bir proses olmalıdır ki, o obyektiv olaraq inkişaf etsin.  

“Rüstəm İbrahimbəyov vaxtilə Rasim Balayevə müəllifləri təhqir elətdirdi”

– Kinoşünas Aydın Kazımzadə deyir ki, Şəfiqə Məmmədovada olan güc heç bir kişidə yoxdur. Sizcə bizim rejissorlar o qədər zəifdir ki, bir qadını gətirib başa qoydular?

– Fikrimcə, Şəfiqə xanımı ora məmurlar gətirib qoyub. Onu da gizlətmək lazım deyil, çünki bu aydın şəkildə bilinir. Məmurların gördüyü işlər onların psixologiyası və əqidəsinə uyğun qurulur. O da tamamilə düzgün deyil. Şəfiqə xanım bir insan və aktrisa kimi əvəzolunmazdır. O öz yaratdığı obrazlarla Azərbaycan kinosunda öz yerini qızıl hərflərlə tutub. Burda Şəfiqə xanımlıq heç bir şey yoxdur. O dahi də olsa, amma ifaçıdır. Müəllif isə tamam başqa bir şeydir. Əvvəl gəlir müəllif, sonra isə ifaçı. İfaçının müəllifdən öncə gəlməsi heç cürə mümkün deyil. Həmişə olduğu kimi bizim məmurlar arabanı atdan qabağa qoydular. Necə ki Rüstəm İbrahimbəyov vaxtilə Rasim Balayevi gətirib ora qoyub bütün müəllifləri təhqir elətdirdi. İndi də dövlət eyni üsuldan istifadə edib Şəfiqə xanımı rəhbər qoyub müəllifləri elə bir təhqir deməyək buna, bir az dəyərləri alt-üst edir. Bunlar mənim mülahizələrimdir, biz bunları sonra daha yaxşı görəcəyik. Bax necə bilirsiz müəllif olmasa ifaçı ola bilər? Bunlar necə təsəvvür edirlər ki, ifaçı gəlib müəlliflərə ağıl verəcək? Bu mümkün olan şey deyil. İndi nə görürüksə hamısı məmurların yekəxanalığından deyim, qeyri səriştəsizliyindənmi deyim. Onlar heç belə şeyləri düşünmürlər və necə rahatdırsa eləcə də edirlər. Həmkarlarıma deyirəm ki, məmurlar gəldi gedərdi, amma sənət əbədidir.

“Qoy Rüstəm İbrahimbəyov olsun, nəinki məmurlar”

Siz necə düşünürsüz bizim bu sahədə rəhbər bir quruma, yoxsa maliyyəyə ehtiyacımız var?

– Mən belə düşünürəm ki, sadaladığınız hər iki amil vacibdir. Həm qurum, həm də maliyyə əsas amillərdir. Yaradıcı insanların bir yerə toplaşmağa, öz dərdini, sərini bölməyə, yaradıcı fikirləri ilə paylaşmağa ehtiyacı var. Bunun üçün də sovet dövründə ittifaqlar var idi. Onu da deyim ki, ideal bir qurum yaratmaq çox çətin bir məsələdir. Əvvəllər də bu ittiffaqlarda bir-birinə badalaq gəlmək var idi və bunu da çox normal qarşılayırdıq. Amma indi vəziyyət fərqlidir. Sən o qurumun fəaliyyətini bəyənmirsənsə bir qurum yarat işini sübut et. Sübut et ki, qurum belə işləyər. Yəni intriqadan əlavə də yollar var. Bir də yaranan qurum ümumi olsa daha sanballı olar. Bu işdə mütləq maliyyə də olmalıdır. O vaxt qrantlar var idi. Amma qrant verənlər məmurların düşmənidir. Bizim gildiya qrantların hesabına fəaliyyət göstərir. Amma heç biri də bizim qarşımıza heç vaxt heç bir şərt qoymayıb ki, bunu elə, ya eləmə. Biz hər şeyi onların pulu hesabına yaratmışıq. Sözümü ona gətirirəm ki, maliyyə ilk vacib şərtlərdən biridir. Amma dövlət bu qurumu yaratmaqla kinonun hər sahəsinə dəstək olacaqsa, inkişaf etdirəkcə bu çox gözəl olar. Axı kino ölməməlidir, inkişaf etməlidir. Şəfiqə xanım hələ qurumun planını verməyib deyə hələ tam heç nə bilmirik. Amma o dövlətə layihələr təqdim etsə və bundan sonra da başqa qurumlara da maliyyə dəstəyi ayırsa biz də bilək ki, bəzi işləri görə bilərik. Əgər doğurdan da inkişafa doğru gedən qurum olsa və şərait yarada bilsə buna ancaq sevinmək lazımdır. Yox, əgər eyni şey olacaqsa, ikinci köhnə Kinematoqrafçılar İttifaqı olacaqsa, yəni orda Rüstəm İbrahimbəyov, burda məmurlar, onda qoy Rüstəm İbrahimbəyov olsun, nəinki məmurlar.

– Sizcə, burda rejissor işinə müdaxilə ola bilərmi?

– Burda söhbət müdaxilə və senzuradan getmir ki. Onlar da yəqin ki, öz nizamnamələrini deyəcəklər, amma ilk növbədə yəqin öz üzvlərin sosial vəziyyətini yaxşılaşdıracaqlar. Onların sosial hüquqlarının müdafiəsini, tədbirlərin həyata keçirilməsini, festivalların keçirilməsini və s. Bu təşkilat ancaq kömək üçün olmalıdır, amma kiməsə nəyisə əmr etmək üçündüsə çox təəssüf edərəm. O da sovet ideologiyası idi və o dövr də getdi artıq. Mən belə düşünürəm ki, burda ideologiya söhbəti deyil, kino işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması və qorunmasıdır.  


Könül Səid

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi