Modern.az

Qəlbi şəfqətlə dolu fədakar qadın

Qəlbi şəfqətlə dolu fədakar qadın

Aktual

26 Noyabr 2020, 10:22

Qadın gülərsə şu işsiz mühitimiz güləcək
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
Hüseyn Cavid 


Azərbaycan tarixinə nəzər saldıqda, ictimai-siyasi quruluşundan asılı olmayaraq, tarixin bütün dönəmlərində Azərbaycan qadınlarının dövlətçlik, ictimai fikir tarixində söz sahibi olduqlarının şahidi oluruq. Azərbaycanın ilk qadın hökmdarı olan Tomris Xatun, fateh Makedoniyalı İsgəndəri ayağına gətirən Bərdə hökmdarı Nüşabə xanım, kişilərlə qoşa yay çəkən, qurşaq tutub güləşən, döyüşdə öndə gedən, hökmdar xanımları Burla xatun, Banu Çiçək, Selcan xatun, Mehrican xatun, Möminə xatun, Tuti Bikə, Nigar, Həcər xanım, söz ustaları Heyran xanım, Məhsəti Gəncəvi, Xurşudbanu Natavan, II dünya müharibəsi zamanı qəhramanlıq göstərən ilk təyyarəçi qadın Leyla Məmmədbəyova, snayper Ziba Qəniyeva, Züleyxa Seyidməmmədovanın və s. şücaəti Azərbaycanın şanlı tarixinin parlaq səhifələrini təşkil edir. Bu siyahını daha da artırmaq olar, hər biri haqqında böyük bir dastan yazmaq olar. Bunları sadalamaqda məqsədim, bir daha Azərbaycan xalqının qəhrəmanlıq tarixində qadınlarımızın hər zaman öncüllüyünü, digər xalqların qadınlarına örnək olduğunu göstərməkdir. Belə qəhrəmanlıq tarixinin ənənələrini bu gün də Azərbaycanlı qadınlarımız şərəflə davam etdirirlər.


Yazımın qəhrəmanı da məhz belə davamçılardandır.


Haqqında söz açacağım qəhrəman isə Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevadır. Mehriban xanımda olan yüksək intellekt, ziya, şəfqət, rəhbərlik və dövlətçilik keyfiyyətləri, nəciblik, kübarlıq məni bu yazını yazmağa sövq etdi.


Belə bir deyim var ki, nəciblik, kübarlıq, xeyirxahlıq insana oxumaqla deyil, qanla, genlə gəlir. Bəli, bu doğrudur, aksiomadır.


Azərbaycan ziyalılıq məktəbinin ən ünlü nümayəndələri- Mircəlal Paşayev və Nəsir İmanquliyev soyuna, Arif Paşayev və Aidə İmanquliyeva, sonralar isə Əliyevlər ailəsinə mənsub Mehriban xanım təbii ki, dünyaya göz açanda belə bir yüksək insani keyfiyyətlərə malik idi. Bu cəhətlər sonradan, onun həyat davranışında özünü açıq şəkildə göstərməyə başladı.


Həkim kimi şəfqətli, ictimai xadim kimi diqqətçil və qayğıkeş, dövlət xadimi kimi zabitəli, qətiyyətli və müdrik. Bəli, bu keyfiyyətlər Mehriban xanımın həyat pasportunu təşkil edir.


Mehriban xanımın fəaliyyətinin bəzi məqamlarına toxunmaq istəyirəm.


2004-cü ilin may ayının 10-dan etibarən, Azərbaycanda fəaliyyət göstərən Heydər Əliyev Fondunun Prezidenti vəzifəsinə respublikamızın 1-ci xanımı Mehriban Əliyeva seçilir. Yarandığı ilk günlərdən Fond həyatımızın bütün sahələrinə nüfuz etməyə başladı. Mehriban xanımın rəhbərliyi və tapşırıqları ilə Fond elm və təhsil, səhiyyə, mədəniyyət, sosial, ekologiya, idman və s. sahələrdə böyük layihələr həyata keçirməyə başladı. Neçə-neçə məktəb, xəstəxana, teatr, məcid və s. binalar Fond hesabına təmir olundu, yeni avadanlıqlarla, mebel və digər vasitələrlə təmin olundu. Ölkədə keçirilən muğam müsabiqələri ilə muğam yenidən dirçəlməyə başladı. Bütövlükdə, Azərbaycan mədəniyyəti, musiqisi beynəlxalq aləmdə çox böyük sürətlə təbliğ olunmağa başladı.  Xarici ölkələrdə kilsə və dini abidələrin rekonstruksiya edilməsi Avropa ailəsində Mehriban xanıma rəğbəti xeyli artırdı. Mehriban xanımın ictimai xadim kimi fəallığı onun yüksək intellekt, bilik və bacarığına malik olmasını, milli və dünya ədəbiyyatı, mədəniyyəti, tarixinə, musiqiyə nə dərəcə bələd olduğunu ortaya qoydu. Həm respublikada, həm də xaricdə hörmət qazandı, özünü tanıtdı.


Dəfələrlə, Bakı şəhəri 14 saylı Xəzər ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilən Mehriban Əliyeva bu müddətdə seçicilərinin bütün sosial və digər problemlərinin həllində xüsusi fəallıq göstərərək, onların dərin hörmət və rəğbətini, xüsusi sevgisini qazanmışdır. Bu gün də seçicilər Mehriban xanımın Millət vəkili kimi əvəzsiz xidmətlərindən böyük məhəbbətlə danışırlar.


Azərbaycan idmanına xüsusi önəm verən Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də idmanın bu sahədə inkişafına xüsusi töhfələr vermişdir. Idman sahəsində ən yadda qalan, dünyaya səs salan fəaliyyəti isə “Bakı-2015” Birinci Avropa oyunları ilə bağlıdır. Belə ki, bu oyunların təşkilat Komitəsinin Sədri kimi qısa müddətdə yeni idman komplekslərinin inşa olunmasında, bəzilərinin əsaslı təmir edilməsində, qonaqların və idmançıların qəbul olunması və yerləşdirilməsində və s. əvəzsiz xidmətlər göstərdi. Mehriban xanımın bu xidməti bütün iştirakçılar və seyrçilər tərəfindən alqışlandı, respublika  Prezidenti tərəfindən yüksək qiymətləndirildi. Bu zəhmət, bu əmək, bu fədəkarlığa verilən qiymət bununla bitmədi. Avropada idmanın inkişafındakı göstərdiyi xüsusi xidmətə görə Mehriban Əliyeva Avropa Olimpiya Komitəsinin ən yüksək mükafatı olan Ali Ordenlə təltif olundu. Dünya mediası Mehriban xanımın- Azərbaycanlı qadının bu şücaətini sevə-sevə işıqlandırdı. Təbii ki, bunun tarixi əhəmiyyəti çox böyük idi.


Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində aparılan işlərdə daim qürurluğu ilə seçilən Mehriban xanımın xüsusi rolu vardır. Rəhbərlik etdiyi Fondun bu münaqişə ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırlandığı “Qarabağ həqiqətləri” adlı bukletlər sözsüz ki, dünya ictimayyətində bu münaqişə barəsində doğru-düzgün, mükəmməl  məlumatlandırılmasında xüsusi rol oynadı.


UNESKO –nun bütün tədbirlərində bu qurumun xoş məramlı səfiri kimi daim çıxışlarında Azərbaycan torpaqlarının işğalından, qaçqın və məcburi köçkünlərin vəziyyətləri, dövlər tərəfindən onların problemlərinin həlli istiqamətində aparılan işlərdən, Qarabağın əzəli Azərbaycan torpağı olmasından və s. bəhs edərək, həqiqətin, ədalətin dünya birliyinə çatdırılmasına böyük səylər göstərirdi.


Ictimai xadim kimi xalq arasında, eləcə də beynəlxalq aləmdə böyük nüfuz qazanan Mehriban xanımın artıq dövlət xadimi kimi də fəaliyyət göstərməsi zamanın tələbi idi. 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə uyğun olaraq, Azərbaycan Respublikasında Vitse-prezidentlik institutu təsis olundu. 2017-ci il fevralın 21-də xalqın ürəyindən, istəyindən xəbər verilərək Mehriban Əliyeva Azərbaycan Respublikasının I Vitse-prezidenti vəzifəsinə təyin olundu. Bu təyinat həm respublikada, həm də ölkəmizdən kənarda razılıq hissi ilə, məmnunluqla qarşılandı. Çünki, uzun illər idi Mehriban xanım xalqı, dövləti, dövlətçiliyi üçün çox əvəz olunmaz, çəkisi ölçüyə sığmaz dərəcədə böyük işlər görmüşdü. Günü-gündən nüfuzu artırdı. Illər boyu təcrübə toplamış, siyasətin incəliklərini bilən, dövlətin idarə olunmasının məziyyətlərindən yaxşıca baş çıxaran Mehriban xanım ilk günlərdən bu vəzifənin məsuliyyətini, çətinliyini dərk edərək, eləcə də şərəfini daim uca tutaraq, dövlət idarəçiliyinə başladı.


Mehriban xanım artıq 1-ci Vitse-prezident kimi xarici ölkələrə rəsmi səfərlər edir, dövlətimizin maraqlarını layiqincə müdafiə edir, daim respublika Prezidentinin apardığı daxili və xarici siyasətə sadiqliyini nümayiş etdirir.


Mehriban xanım ilk növbədə bir həyat yoldaşı kimi cənab Prezident İlham Əliyevə dövlətin idarə olunmasında həmişə dəstəkdir. Bütün islahatların, yeniliklərin həyata keçirilməsində daim dövlət başçısının yanındadır. Mehriban xanımın da qətiyyətli mövqeyi ilə dünya dövlətlərinin liderləri hesablaşır. Elə doğum günündə onların Mehriban xanıma təbrik göndərmələri, yüksək dövlət mükafatları ilə təltif etmələri Mehriban xanımın bir siyasətçi, dövlət xadimi kimi nüfuzundan xəbər verir. Beynəlxalq aləmdə Mehriban xanımın Müsəlman Şərqində bir qadın lider kimi nümunə olması məmnuniyyətlə dilə gətirilir.


Bu ilin sentyabr ayının 27-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunan ərazilərindəki təmas xəttində bizim orduya hücum etdilər. Müzəffər Azərbaycan ordusunun əks hücum əməliyyatının aparılmasında Mehriban xanım Ali Baş Komandanın yanında oldu, onu dəstəklədi. Çox ağayana, qürurlu xanım kimi bu hadisələrin fövqündə diqqət çəkdi. Işğaldan azad olunmuş ərazilərə cənab İlham Əliyevlə birgə baş çəkməsi onun bir  mübariz Azərbaycanlı qadın kimi çəsurluğundan, qorxmazlığından, iradəsindən, dövlətə, torpağa, xalqına bağlılığından, sonsuz məhəbbətindən  xəbər verir.


Mehriban Əliyeva görkəmli dövlət və ictimai xadim, xeyirxah, səmimi, nəcib, kübar bir xanım, dəyərli həyat yoldaşı, sevimli anadır. Onun bütün həyatı, fəaliyyəti bizim gənc xanımlar üçün örnəkdir.Mehriban xanım öz həyat amalını, qayəsini özü belə ifadə edib: ”Vəzifəmdən, fəaliyyətimin istiqamətindən asılı olmayaraq, mən həyatda sadə prinsiplərə arxalanmışam. Çalışmışam, heç zaman unutmayım ki,  vicdan və ləyaqət, mərhəmət və xoş niyyət, ədalət və qarşılıqlı hörmət tanrının insana verdiyi ən ali, ən gözəl xüsusiyyətlərdir... Mənə inanan hər bir insanı əmin etmək istərdim ki, gələcək fəaliyyimdə də mənəvi dəyərləri üstün tutacağam. Azərbaycanın müstəqilliyinin qorunmasına, ölkəmizin hərtərəfli inkişafı üçün tam gücümlə çalışacağam”. Bəli, bu cür yüksək insani keyfiyyətləri özündə ehtiva edən Mehriban xanımın bütövlükdə fəaliyyəti Azərbaycan tarixinin parlaq səhifələrini təşkil edir.


Azərbaycanın fəxr ediləsi tarixi qadın şəxsiyyətlərinin salnaməsində qızıl hərflərlə həkk olunur.


Azərbaycan xalqının rifahının yüksəldilməsi, dövlətimizin və dövlətçiliyimizin inkişafı naminə, eləcə də Azərbaycan qadınının adını dünya tarixində və ictimai fikrində zirvələrə qaldırılması naminə gördüyü böyük işlərdə ona uğurlar diləyək, möhkəm can sağlığı, uzun ömür arzulayıram.


Mənsub olduğu soya və ailəyə, Vətənə, dövlətə şərəf gətirən  belə  bir insan hər zaman alqışa layiqdir.


Xalq şairi Səməd Vurğunun aşağıdakı misraları ilə yazımı tamamlayıram:

 

Adın şərəflidir sənin ey qadın,

Dahilər anası çağrılır adın.

 

Xoş arzularla, dərin hörmət və ehtiramla.

 

Hörmət və ehtiramla

 

Qafar Əsgərzadə

Əməkdar jurnalist, pedaqogika üzrə
fəlsəfə doktoru, dosent
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir