Modern.az

“Artıq belə qətnamələrin heç bir əhəmiyyəti yoxdur” – Ağalar Vəliyev

“Artıq belə qətnamələrin heç bir əhəmiyyəti yoxdur” – Ağalar Vəliyev

Aktual

26 Noyabr 2020, 22:27

“Fransa Senatında "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin hüquqi qüvvəsi yoxdur. Bunu biz yox Fransa Xarici İşlər Nazirliyi deyir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib.

 

Deputatın sözlərinə görə, artıq bu məsələyə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən tutarlı cavab verilib, həmçinin Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota təqdim olunub:

 

“Milli Məclis noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda işğal edilmiş Azərbaycanın ərazilərində qeyri-qanuni yaradılan oyuncaq qurumun mövcudluğuna noyabrın 10-da son qoyulması xüsusi vurğulanıb. Fransa Senatının qətanaməsində Azərbaycan tərəfindən Ermənistana qarşı Türkiyə Silahlı Qüvvələrinin iştirak etməsinə dair əsassız və saxta iddialar irəli sürüldüyü qeyd olunub. O da vurğulanıb ki, Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Fransanın özünün dəstəklədiyi və digər mötəbər qurumların qəbul etdiyi qərarları təmin edib”.

 

Ağalar Vəliyev qeyd edib ki, artıq qəbul olunan belə qətnamələrin heç bir əhəmiyyəti yoxdur:

 

“Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev cəbhə ilə yanaşı diplomatiyada da ciddi uğur qazandı. Azərbaycanın ərazi bötüvlüyü təmin olundu. Biz Ağdamın, Kəlbəcərin, Şuşanın işğaldan azad olunmasını qeyd edirik. Diplomatiyamız isə hələ bundan sonra öz sözünü deyəcək. Paşinyan başda olmaqla Makron və digər ermənipərəstlər beynəlxalq hüquq qarşısında cavab verməli olacaqlar”.

 

Millət vəkili bildirib ki, Fransa düşmənin başladığı və Müzəffər Ordumuzun qələbəsi ilə yekunlaşan Vətən Müharibəsinin ilk günlərindən qərəzli bəyanatları ilə öz niyyətini ortaya qoyub:

 

“Türkiyəyə qarşı sərsəm bəyanatlar, Azərbaycanın hədəf alınması, ümumən müsəlmanları aşağılayan fikirlər Fransanın islama qarşı olmasından xəbər verir. Tarix boyu Fransa müharibələrdə öz şəxsi maraqlarını güdüb. Dünya müharibəsində, ondan sonra Yaxın Şərqdə və digər regionlarda baş qaldıran müharibələrdə Fransanın istəyi ondan ibarət olub ki, bu münaqişələrdən maksimum yararlansın. Artıq bütün dünya bilir ki, ermənilər vandal siyasəti həyata keçirir. Onları da Fransadan başqa heç kim dəstəkləmir. Gah nala, gah mıxa vuran Makron özünü yandırmaqla məşğuldur. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ona vaxt qoyub. Gün kimi aydındır ki, bu seçkilərdə Makronun şansları yoxdur”.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır