Modern.az

Tutdum orucu İrəmazanda...

Tutdum orucu İrəmazanda...

21 İyul 2012, 09:42

Ağlın nəfsə qalib gəldiyi bu ayda oruc tutmağın xeyirli cəhətləri  

Bu gündən bütün İslam aləmi üçün müqəddəs Ramazan ayı başlayıb, ötən gecə niyyət gecəsi idi. Oruc tutmaqla ruhən və cismən saflaşan müsəlmanlar bununla həm İslam dininin əsas qaydalarından birini yerinə yetirir, həm də 30 gün müddətində aclığa qarşı öz iradələrini nümayiş etdirirlər.   

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazilər Şurasının Ramazan ayının başlanma ərəfəsində verdiyi fətvada qeyd olunub ki, orucluq ayının ilk günü miladi təqvimi ilə iyulun 21-nə təsadüf edir. İyul ayının 20-si orucluğun niyyət gecəsidir. Ayın görünməsindən asılı olaraq, Ramazan – Fitrə bayramı miladi təqvimi ilə avqustun 19 və ya 20-nə düşür. 
Fətvada bildirilib ki, Allah yolunda orucluq tutanların Xudavəndi-Aləm yanında ərci böyükdür: «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi... Həzrəti-Məhəmməd salavatullahın mübarək hədisi-şərifində buyurulur ki, Adəm oğlunun hər əməli özü üçündür. Təkcə orucluqdan başqa. Orucluq Allah üçündür, əvəzini də Allah verir».

Min illərdən bəri qeyd edilən Ramazan bayramı dünya müsəlmanları üçün ən müqəddəs mərasimlərdən sayılır. Oruc tutmaq müsəlmanın riayət etməli olduğu 10 vacib əməldən biridir. Ramazan bayramı Azərbaycanda dini azadlıqların olmadığı Sovet İttifaqı dağılandan sonra yenidən geniş qeyd edilməyə başlayıb. Sovet ideologiyasının 70 il ərzində apardığı antitəbliğat və qadağalar soydaşlarımıza bu müqəddəs mərasimi unutdura bilməyib.

İslam dinində müqəddəs ay sayılan Ramazanda  müsəlmanlar pəhriz saxlayırlar. Ona görə də Ramazana  «ağlın nəfsə qalib gəldiyi ay» da deyirlər.

Təzəpir məscidinin axundu Hacı Faizin sözlərinə görə, oruc insanın Allaha minnətdarlıq niyyətilə icra etdiyi bir ibadətdir. Bu ayda insan iradəsini gücləndirib, nəfsini tərbiyə etmiş olur, öz dözümlülüyünü yoxlayır, əxlaqını pisliklərdən qoruyur. Oruc tutmaq təkcə qida qəbul etməmək, siqaret çəkməmək, spirtli içki  içməməkdən ibarət deyil: «Oruc tutan şəxs eyni zamanda pisliklərdən də çəkinməlidir, söyüş söyməməli, qeybət, dedi-qodudan uzaq olmalıdır».

Hacı Faizin sözlərinə görə, oruc tutanla tutmayan öz hərəkətlərində bir-birini nəzərə almalı, digərini hansısa hərəkətilə narahat etməməlidir. Bu yolla insanda öz hisslərini cilovlamaq və kamilləşməyə çalışmaq vərdişi yaranır.

Oruc tutan insanlar Ramazan ayının əvvəlindən axırına qədər səhər yeməyini sübh namazından əvvəl, şam yeməyini isə axşam namazından sonra yeməlidirlər. Aradakı müddət ərzində onlar qidadan və sudan imtina edir, siqaret və içkidən nəfslərini qoruyurlar. Yeməyə başlamazdan əvvəl isə iftar duası oxunmalıdır.

Tibb elmi orucluğu insan sağlamlığının qorunmasında gözəl vasitə sayır. Belə ki, bir ay pəhriz rejiminə əməl edən insan orqanizmində maddələr mübadiləsi normaya düşür, zərərli maddələr bədəndən xaric olunur. Oruc tutmaqla orqanizmdə qan təmizlənir, bir çox daxili orqanlar dincəlir. Orucluğun digər vacib hikmətlərindən biri də budur ki, imkanlı insanlar oruc tutmaqla, yəni ac qalmaqla bir növ yoxsulların necə yaşadıqlarını hiss etmiş olurlar.

Orucu bilməyərəkdən pozanlar Ramazan ayından sonra hər hansı bir gün onun əvəzini tuta bilərlər. Orucluğun sonunda hər bir ailə öz üzvlərinin sayına uyğun olaraq adambaşına 3 kq buğda, arpa və ya xurmanın çəkisində fitrə verməlidir. Fitrə buğda və ya başqa ərzaq məhsulu, həmin ərzağın pulu da ola bilər. Dini qaydalara görə, gündəlik çörək pulunu qazana bilməyən şəxsin fitrə verməsi vacib deyil. Fitrə bayram axşamı iftar vaxtı verilməli, ən geci ertəsi gün səhər bayram namazına qədər ehtiyacı olanlara çatdırılmalıdır ki, onlar həmin pulla, yaxud ərzaqla bayram keçirə bilsinlər.

Dinşünas alimlərin sözlərinə görə, orucluq müsəlmanlar üçün əsas ibadətlərdən biri olsa da, heç də hamıya aid deyil. Çünki müqəddəs Qurani-Kərimdə də qeyd olunub ki, tab gətirməyənlər oruc tutmamalıdırlar. Bu ifadə çox ağır fiziki işlə məşğul olanlara, həbsdə işgəncələrə məruz qalanlara, xəstə olanlara və uzaq səfərə çıxanlara, hətta orucu tutmaqda həqiqətən də çətinlik çəkənlərə şamil edilə bilər.

Ramazan ayında səfərə çıxanlar oruc tutmadığı günün əvəzini (fidyə) başqa günlərdə ödəyə bilərlər.  

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi