Modern.az

“COVID-19 nanovirusdur, vəziyyət belə davam edərsə...” - İnstitut direktorundan təlaşlı AÇIQLAMA

“COVID-19 nanovirusdur, vəziyyət belə davam edərsə...” - İnstitut direktorundan təlaşlı AÇIQLAMA

Hadisə

27 Noyabr 2020, 12:40

Dünyanın başqa ölkələrində olduğu kimi, Azərbaycanda da COVID-19-a yoluxma sürətlə artmaqdadır. Bunun obyektiv və subyektiv səbəbləri var. Hazırda Azərbaycanda müşahidə edilən dördrəqəmli yoluxmanın səbəbləri sırasında insanların kütləvi toplaşması, sevinc göstərilərinə qoşulması əsas rol oynayır.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev bildirib.

 

A.Allahverdiyev qeyd edib ki, digər tərəfdən, insanlarda COVID-lə bağlı məsuliyyətsizlik meydana gəlib:


“Bəzi insanlar düşünür ki, sanki onlara heç nə olmayacaq, amma belə deyil. Havanın soyuması ilə vətəndaşların evlərdə, iş yerlərində daha isti yerlərdə toplaşması sosial məsafə məsələsinə də xələl gətirir. Hələ yay aylarında belə fikirlər də yayılmışdı ki, zaman keçdikcə, virus mutasiyaya uğrayacaq, amma gedişat göstərir ki, bu, öz təsdiqini tapmır. “Sonra vaksin tapılacaq və virus qorxulacaq dərəcədə olmayacaq” kimi fikirlər də insanlarda bir arxayınlıq yaradıb”.

 

Həkimin sözlərinə görə, qış mövsümü xəstəliyin yayılmasına təsir edən əsas amillərdəndir.


O, dünyada aparılan araşdırmalara əsasən deyib ki, COVID-19 özünü yaşatmaq üçün biolojik xüsusiyyətlərini dəyişmək imkanına malikdir:

 

“Ən yaxşı vaksin tapılsa belə, bütün xəstələr üzərində 100 faizlik nəticə əldə olunmayacaq. İnsanlar vaksinasiya olunaraq, virusla mübarizədə özlərinin ölüm riskini aradan qaldırmış olsalar belə, başqalarını yoluxdurmaqda davam edəcəklər”.


Direktor qeyd edib ki, virusa yoluxmuş şəxsin qanında 5-6 ay sonra antitellər yaranır:


“Ola bilər ki, virus müəyyən müddət sonra həmin antitelləri üstələsin. Bu zaman insanda xəstəlik yenidən baş qaldırmış olacaq. İnfeksion xəstəlikdə vaksin önəmli silahlardan biridir. Ümumi xəstələnənlərin 10 faizinin orqanizmində virusa qarşı yaranan antitelləri məhv edən maddə var, 4 faiz insanın oqranizmində isə genetik olaraq, virusa qarşı müabrizə yoxdur. Bu baxımdan vaskin tapılsa belə, 14 faiz xəstəyə təsirsiz qalacaq. Yaşlı şəxslərdə hansı təsirə malik olacaq bu, hələ öyrənilməyib.

COVID-19 nanovirusdur, onun ölçüsü 100 nanometrə yaxındır. Bu ölçü onların müxtəlif formalara düşməsinə imkan verir. Vaksindən sonra virus özünü necə dəyişəcək, bu da bilinmir, mutasiyaya uğrayacaq, yoxsa başqa bir sistemi işə salacaq, bu da, vaksin tapıldıqdan sonra bəlli olacaq. Təsəvvür edin ki, biz ən müasir silahla düşmənin üzərinə gedirik, düşmən bu silahla mübarizədə necə davranacaq, bilmirik”.


A.Allahverdiyev deyib ki, vəziyyət bu cür davam edəcəyi halda, daha yüksək rəqəmlərlə qarşılaşa bilərik:


“Sosial məsafə, maska, gigiyenik qaydalara əməl etməkdən başqa çıxış yolumuz yoxdur. Bir daha deyirəm ki, son araşdırmalara görə, vaksinasiya oluncaq şəxslər belə daşıyıcıya çeviriləcəklər. Uşaqlar indiyədək risk qrupuna daxil edilmirdi. Amma gedişat göstərir ki, genetik faktorlardan asılı olaraq, uşaqlar da yoluxa bilirlər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır