Modern.az

Nəvələrimin nəvələrinə MÜRACİƏTİM

Nəvələrimin nəvələrinə MÜRACİƏTİM

Ədəbi̇yyat

29 Noyabr 2020, 11:55

Biz məğlub-məğmun  millətdən  qalib-məğrur millətə çevrildik!

   
Əziz balalar, xoşbəxt çöhrələrinizi canlı həyatda görə bilməyəcəyim gələcək nəslin körpələri,  mənim nəvələrimin nəvələri, bu yazını vəcdə gələrək qələmə alıram. İndi elə günlərdir ki, təkcə mən deyiləm, bütün  xalqımız, bütöv Azərbaycan, Turan elləri, yaxın-uzaq dostlarımızın  qəlbində  sevinc duyğuları aşıb-daşır. Fərəhlə şadlanır, sonsuz qürur hissi keçiririk. Ondan ötrü ki, doğma Azərbaycanımız uzun illər həsrətində olduğu  məqsədə nail olub! Xalqımızın mətinliyi, Dəmir yumruq kimi birləşməsi, dönməz iradəsi, qəhrəman ordumuzun rəşadəti, Respublikamızın Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, müdrik rəhbərliyi sayəsində Odlar yurdumuz Azərbaycan cəbhədə amansız döyüşdə, quduzlaşmış qarı düşmən, işğalçı Ermənistan ordusu üzərində parlaq, qəti, tarixi qələbə qazanmışdır. Düşmən ölkənin yaramaz rəhbəri diz çökərək acınacaqlı məğlubiyyətlə barışmalı olmuş, Azərbaycanın irəli sürdüyü tələb və şərtləri—“Qarabağ Azərbaycandır və nida” şüarını rəsmən qəbul edərək imzalamışdır...

 
Xalqımızın gələcəyi olacaq körpələr, bu günki nəvələrim qədər sevdiyım əziz balalar,  Sizlərə müraciət etməkdə məqsədim o səbəbdəndir ki, biləsiniz Azərbaycanımızın ucalığa yüksələn bu Zəfər yürüşü necə çətin və mürəkkəb vuruşdan-döyüşdən keçib. Bu uzun yol  məşəqqətli, qanlı-qadalı, həm də labirint sayaq dolanbac məsafə qət edib. Bunları sizlər gələcəkdə dərsliklərdən, tarix səhifələrindən  ətraflı öyrənəcəksiniz. Biləcəksiz ki, ermənilərin çoxu yurdsuz-yuvasız,  tarixən dərbədərdir, az qala dünyanın bütün ölkələrinə səpələniblər. Bizim məmləkətdə isə yüz minlərlə erməni rahat ömür sürürdü. Onlar iqtisadiyyatın, mədəniyyət, maarif, idarəetmə strukturun, hüquq-mühafizə qurumlarının  müxtəlif sahələrində özlərinə möhkəm yuva qurmuş, kök salmışdılar. Rəhbər,  yüksək vəzifəliləri ələ keçirmişdilər.  Yerli aborigen camaatdan  daha yaxşı, rahat-firavan yaşayırdılar.  Di gəl ki aralarında nakəslər, el dili ilə söyləsəm ”zatı qırıqlar” az deyildi. Xislətlərindəki nanəcimlik belələrini daim rahatsız edirdi. Dinc əməklə məşğul olan erməni qardaşlarının  da xeyli hissəsini bəd niyyətli “azara” --  qonşu dövlətlərin torpaqlarını zəbt eləmək  xülyası xəstəliyinə yoluxdururdular. İddiaları xam xəyal olan belələri Azərbaycan torpaqlarına  qara niyyətlə  dəfələrlə  iştahlanmışlar. Amma 1960-70-ci illərdə bizim Azərbaycan məmləkətində səslərini çıxara bilmədilər. Axı qarşılarında  Heydər Əliyev kimi dönməz, qətiyyətli şəxsiyyət vardı. Əlacı onda gördülər ki, bu qüdrtli insanı rəhbər vəzifə və lazımi səlahiyyətlərdən kənarlaşdırsınlar. Keçmiş  SSRI-nin  xəyanətkar başçısı  Qorbaçov  ermənilərin istəyini həyata keçirdi...

     
Arxayınlaşan ermənilər illərlə gizlin-aşkar qaydada hazırladıqları məqsədi-separatçılığı   leqallaşdırdılar. Özlərinin üzdə olan nankor “lider”lərinin  çağrışına  güvənərək bir zamanlar Dağıq Qarabağ Muxtar Vilayəti adlandırılan Azərbaycanın əzəli torpaqlarının  Ermənistana verilməsi təkidi ilə  aramsız mitinqlərə  başladılar. Bu ağrılı məsələ  ölkənin ali qanunverici orqanında  müzakirəyə çıxarıldı. SSRİ Ali Sovetinin həmin sessiyasının televiziya ilə canlı yayımını seyr eləyən hamımız ürək parçalayan mənzərəyə şahid olduq. Erməni deputat  tribunaya qalxaraq Qarabağ haqqında bağırtıli iddia ilə danışanda Qorbaçov ondan  xüsusi tərzdə soruşdu: – “Siz Artsax haqqında danışırsınız?”

     
Havadan da nəm çəkən, hər bir sözü, ifadəni haldan-hala salan Qərbin, eləcə də ABŞ-ın siyasiləri, təhlilçiləri sual vermədilər ki, a yoldaş-cənab Mixail Qorbaçov, rəhbərlik etdiyin nəhəng dövlətin hansı sənədində “Artsax” sözü var? Ermənilər Qarabağı “Artsax” adlandırdıqlarından Baş katibin ifadəsi onların könlünə yağ kimi yayıldı, xoşlarına gəldi, gülümsəməyə
başladılar.  Əslində həmin suala qətiyyən lüzum yox idi. Heç kim bunu gözləmirdi. Sual lazımdısa SSRİ-nin başçısı “Artsax” ifadəsi əvəzinə “NKAO” kəlməsini işlətməli, bizim dillə deyilsə DQMV (Dağlıq Qarabağ Muxtar Vilayəti) sözünə istinad etməliydi. Amma o, bilərəkdən və ya bilməyərəkdən Azərbaycanın adını düz tələffüs etmirsə azərbaycanca olan DQMV sözünü dilə gətirərdimi?!

  
Fəqət işin mahiyyəti tam başqaydı. O, rəsmi ali tribunadan ölkənin rəhbərləri, bütün birinci dərəcəli deputatları qarşısında, yüz milyonlarla televiziya tamaşaçılarının göz önündə belə ifadə işlədib, manevr etməklə yalnız daşnak-separatçı ermənilərə xeyir-dua vermirdi, həm də pusquda məqam gözləyən daşnaklara, onların dünyaya səpələnmiş, neçə-neçə ölkədəki araqarışdıran həmvətənlərinə, okeanın o tayındakı havadarlarına öz mənfur niyyətini bəyan edirdi.

    
Qorbaçovun rəhbərə zidd, əndazəyə sığmayan mövqeyi erməni deputatları daha da həyasızlaşdırdı, onlarda eyforiya doğurdu. Onlar bir-birinin ardınca Ali Sovetin tribunasına cumaraq millətimiz barədə əxlaqsız hədyanlar, heysiyyatımızı alçaldan ifadələr bağırmağa başladılar. Qəlbiqara Qorbaçov nəinki onların sözünü kəsir, tribunadan kənarlaşdırırdı, əksinə, yaranmış vəziyyətə dözməyib, haqsızlıqlara cavab vermək amalı ilə tribunaya yanaşan Azərbaycan deputatı, yazıçı Anara çıxış etməyə imkan vermədi, onu tribunadan uzaqlaşdırdı. Baş katib belədə Orta əsr zülmkar hökmdarlarına bənzəyirdi. Azərbaycan deputatlarının əl-qolunu bağlayıb goreşənlər qarşısında naçar saxlamışdı. Ali Sovetin sessiyasını televiziya ilə izləyən milyonlarla soydaşımız belə nataraz münasibətdən məğmun hala düşdü, bir çoxumuz   infarkt keçirtdi. Çarəsiz vəziyyətdiydik.

      
Ay mənim,  bir-birindən sevimli balalarım,  ömrüm sonsuz deyil. Mən sizin  gözəl-göyçək çöhrələrini görə bilməyəcəm. Sizlərlə qabaq-qənşər oturub, necə məşəqqətlər çəkdiyimizi sizlərə nağılsayaq,  canlı nəql etmək qismətim olmayacaq. Odur ki, yaşadığım illərin həyat lövhələrindən  bəzilərini qələmə alıram.  Mənim gələcəkdə dünyaya gələcək balalarım, bir vədələr on beş respublikanı müttəfiq adı ilə birləşdirən Sovetlər Birliyinin başçısı namərd hərəkətləri ilə ermənilərin əlinə ucu bilinməz ip verdi, sonra da həmin ipi dolaşıq salıb düyünlədi. Həmin düyün 30 ildən çox müddətdi açılmaq bilmirdi. İndi bizim günlərdə--2020-ci ilin noyabr ayında  bu düyün açılır. Nə tərzdə açılır  ondan bəhs edim:

    Özlərinə hansı vasitələrləsə xeyli havadar tapan separatçılar 1988-ci il 20 fevralda aşkar qaydada hərakata keçdilər. Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti kimi bəllənən qrum xəlvəti sessiya təşkil etdi. Muxtar vilayətin Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-ə birləşdirilməsi barədə qərar düzəltdilər. Bu hoqqbazlığa Kreml də, rəsmi Bakı da qəti, kəskin şəkildə  demədilər ki,  muxtar  vilayət, heç muxtar respublika bu qəbildən beynəlxlq hüquqa sahib deyil!  Yuxarıların laqeydliyini görən  separatçılr daha da quduzlaşdılar. Qeyri-insani, barbar əməllərə qurşandılar.  Qarabağda,  Ermənistan adlanan qədim Oğuz elində  harada azərbaycanlı gördülərsə ona hücum olundu. Soydaşlarımızın malı, mülkü talandı. Onlara əzab, işgəncə verib zorla ev-eşiyindən, dədə-baba yurdundan didərgin saldılar.

   
O zamanlar mən indiki “Xalq qəzeti”nin sələfi “Kommunist” qəzetinin bölgə müxbi idim, Ailəmlə birlikdə Əli Bayramlı (Şirvan) şəhərində yaşayrdıq.  Vəzifə bopcumdan irəli gələrək  hər gün sübh tezdən bölgədəki dəmir yol stansiyalarına tələsirdim ki, qədim Qərbi Azərbaycandan qovulub, didərgin salınan qəlbi dağlı soydaşlarımızı gətirən qatarı Sabirabad, sonrakı günlərdə növbəynən Saatlı, İmişlı, Jdanov (Beyləqan) rayonlarındakı dəmiryol stansiyalarında qarşılayaq. Gələnlər əsasən qoca-qarı, uşaq-qadındı. Çoxu ayaqyalın, ev geyimində, bağlamasızdı, yəni özləri ilə heç nə gətirmirdilər. Hiss olunurdu ki, bu binəsibləri elə həyət-bacada yaxalayıb “sürgün eləmişlər”. Ürək parçalayan mənzərələr idi. Didərginlər, məcburi köçkünlər qruplaşdırılır, kimin harada qohum-qardaşı varsa oraya, ya da özləri istədikləri rayona yola salınırdı. Lakin məhdudiyyətlər vardı. Bakıya, Sumqayıta buraxılmırdılar. DQMV-yə yollamağa isə tam qadağa qoyulmuşdu. Bu yanlış addım yüxarılardan ciddi göstərişdi.

    
Bunun ardıyca Qarabağdan qovulub, perik salınmış soydaşlarımızın  fəlakətləri başladı. Daşnak xislətlilər səngimir, səfalı, cənnətməkan ərazilərimizi, yaşayış məntəqələrimizi bir-birinin ardıyca işğal edirdilər. Bu alçaq niyyət üçün uzun onillər ərzində hazırlıq, tədarük görmüş,
ssenari tərtib etmişdilər. Spitak zəlzələsi də onların karına gəldi. Həmişə ermənilərin dayağı olan SSRİ rəhbərliyi, xüsusilə Hazirlər Sovetinin sədri Rıjkov Ermənistan SSR-ə əlavə olaraq bu respublikanın həmin vaxtlar qüvvədə olan dövlət büdcəsindən xeyli artıq maliyyə vəsaiti ayırdı (həmin Rıjkov İrəvana növbəti gəlişlərinin birində ermənilərə xüsusi əda ilə bəyan etdi ki, 1990-cı ilin qara yanvarında Bakıya qoşun yeridilməsinə o göstəriş vermişdir). Bunlardan savayı zəlzələ dağıntılarını aradan qaldırmaq adı ilə Sovet rəhbərliyinin təkidilə İrəvana heç bir məmləkətə edilməyən qədər çeşid-çeşid yardımlar göndərildi. Nəfəs dərmədən bir-birinin ardınca İrəvan aeroportuna enən xarici təyyarələr yalnız maddi yardım gətirirdi? Yəni o zaman heç bir silah-sursat gətirilməyib? İnanilası deyil! Həmin vaxtlar bu qaydada, bir-birinin üzərinə yığılan həddi bilinməz pullar zəlzələnin törətdiklərinin tam aradan qaldırılmasına yönəlməyibsə, nəyə sərf olunub? Ermənistanın ağır iqtisadi durumu düşünməyə əsas verir deyim ki, daha güclü silahlanmaya, separat niyyətli məqsədlərə, müharibəyə-işğala sərf olunub.  Spitak zəlzələsindən  dərhal sonra oraya Azərbaycan birincilər sırasında maddi-texniki, başlıcası insan qüvvəsi yola saldı?! Bunu ayrıca qeyd edirəm ki, eşidib biləsiniz, əziz balalar, Hayıstan adıyla hallanln qonşu dövlət həm də nankor, qədirbilməzdir... Azərbaycanın belə nəcib, mərhəmətli niyyəti amansızlığa tuş gəldi. Bakıdan göndərilən təyyarə ehtiram, minnətdarlıqla yox, qəddarlıqla qarşılandı. Müəmmalı şəkildə qəzaya uğradı... yoxsa məhv edildi? Hələ də bu barədə rəsmi İrəvan öz münasibətini bildirməyib. Təyyarədə həlak olan 120-dən çox mərd, igid övladlarımız namərdlər diyarında bir dəfə də xatırlanmayıb, yad edilmir?! Sanki heç  belə faciə olmayıb...

   
Qan qaraldan belə olayları yazmaya da bilərdim, mənim körpə, kövrək balalarım! Əgər bu günlərin olayları televiziyalarda  yayımlanmasaydı... Bax, elə bu yazını kağlza köçüdüym saatlarda televizorlarda,  işğaldan azad olunmuş rayon və şəhərlərimizin görüntüsü  yayımlanırdi. Bilirsiniz həmin yaşayış məkanla indi nə haldadı? Dözülməz olsa da söyləym, əziz balalar. Mən  2005-cı illərə qədər qəzet redaksiyaları əməkdaşı qismində dəfələrlə həmin rayonlarda səfərdə olmuşm. O vədələr bir-birindən abad, bağlı-bağatlı, səfalı yurd yerləriydi bu məkanlar. Hərəsinin özünə məxsus gözəlliyi vardi. Adamları dinc əməklə, qurub-yaratmaqla məşğuldu. Zamanın üzü döndü. Sonradan quduzlaşmış separatçı, daşnak ermənilər vətənimizin 20 faizə qədər torpaqlarını, o cümlədən Qarabağın dağlıq hissəsini, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın,Kəlbəcər rayonlarını işğal  etdilər... İndi azad ediliblər, yağı tapdağndan qurtulublar, halal yurdlarımız. Lakin  bu gün  başqa, inanılmaz dərəcədə  miskin, ürək dağlan vəziyyətdədir həmin yerlər. Onların ötən vədədəki gözəllklərindən, səliqə-sahmanlarından əsər-əlamət qalmayıb. Yerlə yeksandır hər tərəf. Elə bil min illərin xarabalıqlarıdır həmin yaşayış  yerləri.  Rəşadətli əsgərlərimiz Qalib ordumuzun müzəffər  qələbəsini rəmzləndirmək məqsədilə Dövlət Bayrağımızı yüksəldib sancmaq üçün uçurulmayan,  viran edilməmiş bina, mülk tapa bilmədilər. Salamat bina, tikili yoxdı. İgid əsgərlərimiz lazımi dirək hazırlayıb, ülvi məqsədlərini yüksəklikdə həyata keçirirdilər.

     
Ermənilərin Kəlbəcərdən çıxarılması anları da ekranlarda təkrar-təkrar təsvirlənir. Görüntülərdə acınacaqlı mənzərələrla yanaşı,  mənəviyyatsızlıq  lövhələri də əks edilir!  Vicdanlarını itirmiş ermənilər  bu dilbər məkanımızı işğal edib, soydaşlarımızı öz halal, dədə-baba eb-eşiyindən zillət-içgəncələrlə vəhşicəsinə qovanda, onların varidatlarını talan edəndə binəsib bacı-qaraşlarımız heç nəyə əl vurmadan, lazımi geyimlərini belə yurdda qoyub, təkcə canlarını götürüb didərgin salınmışdılar... Sonradan  buraya insafsız, mərifətsiz ermənilər köçürüldü. 30 ilə yaxındır bizimkilərin mülklərində  yaşayırdılar. Daha Azərbaycan  xalqının, rəşadətli  ordumuzun  qüdrəti qarşısında dözüm gətirmirlər, doğma torpaqlarımızdan qovulmağa məhkumdurlar. Dərbədər olub köçürlər. Fəqət, könlü tox, qəlbi açıq Kəlbəcərlilərdən cox fərqli rərzdə; evlərə, binalara, meşələrə od vurur, əllərinə keçənlərin hamısını qamarlayırlayır.   Mümkün olan hər şeyi özləri ilə götürürlər. Tikililərin qapı-pəncərələrini çərçivələri qarışıq çıxarır, unitazları belə aparırlar. Bunları əks etdirən görüntü necə də iyrəncdi.  Erməninin biri qənimət bilib tualetdən  çıxardığı unitazı  qucağına almışdı, özünün nübar körpə uşağının qundağı  sayaq əzizləyib, digənin qucağına ötürdü. Birlikdə  ehmalca maşına yüklədilər. Onlar apara bilmədikləri mal-qaranı da öldürürdü... İnsanlıq belə vəhşilik görməyib! Inanmıram ki, hansısa başqa bir millət bu qədər rəzil hərəkətə yol verər. Bu hal yalnız erməniyi xasdır!

    
Onların mənəviyyatsızlıqları barədə  çox yazmaq olar. Belə şərəfsizliklərdən daha  biri barədə bəhs edim: 2011- ci ilin  sentyabr-oktyabr  aylarında   Qarabağda erməni hərbçiləriylə  təmas xəttində yerləşən kəndlərimiz düşmən tərəfdən müntəzəm olaraq  atəşə məruz qalırdı. Yanğınlar törədir, adamlrımızı öldürürdülər. Belə hallara son qoymaq üçün bizim tərəfdəki kəndlərdə   tikinti materialından hasar inşaa edildi.  Ona görə  ki,  quduzlaşmış düşmən həyət-bacada oynayan körpələrimizi, dərsə gedib-gələn məktəbliləri, məzarlığa ziyarətə gələn adamlarımızı,  həmçinin tarlada dinc əməklə məşğul olan soydaşlarımızı daha nişan alb qanına qəltan edə bilməsin!  Bu  hasar heç də Çin səddi deyildi.  Bir  zamanlar  Berlini ikiyə ayıran bədnam divara, ABŞ-ın Meksika ilə sərhədi boyunca qaldırdığı hasara istər mənaca, istərsə də  formaca bənzəri də   yox idi.  Müvəqqəti   vasitəydi. Düşmənin namərd atəşindən qopunmaq üçün istinaddi.   Bax, canım-ciyərim  balalar, bu gün həmin hasarlar daha yoxdur, baharda  qar günəşin ilıqlığından əriyib yox olduğu sayaq  bu hasrlar da aradan götürülüb. Doğma torpaqlarımız  bir daha bu qəbildən maneələr görməyəcək...

     
Amma məlun düşmən yenə dinc durmadı.  Füzuli rayonunun  Alxanlı kəndində  müdhiş faciə törətdi.  Zəhra adlı məsum balamızi,  nənəsi ilə birlikdə  quduz əməllə    qətlə  yetirdilər. Öz evlərinin qənşərində, həyədə gəzinti zamanı?!  Bu, haqlı hiddət doğurdu! Dünyanın hər  tərəfindən,  rəsmi beynəlxalq dairələrdən, dövlət və hökumət başçılarından,  sabiq ölkə prezidentlərindən kəskin reaksiya bildirildi. Hadisəni törədənlər cani, insan qatili adındırıldı. Qəribədir, axı  əvvəllər də  Zəhra kimi neçə-neçə körpə  ciyərparamızı, minlərlə günahsız  dinc insanlarımızı  ağlasığmayan amansızlıqlar, işgəncələr, rəzalətlərlə qanına qəltan etmişdilər. Amma o vədələrdə ermənilər cani adlandırılmırdı.  Çoxu susur, bəzən də nanəcimlərin törətdiklərinə haqq qazandırırdılar.  Çünki  Azərbaycan iqtisadi-siyasi-hərbi cəhətdən  qüdrətli, nüfuzlu,  tərəqqi  etmiş  deyildi. 

    
Gidi  dünya nə üçün belədir, ay mənim heyrətli baxışlarını xəyalən seyr etdiyim gələcək övladlarım?!  Nə edəsən ki,   haqq-ədalət  yerini çətinliklə tapır.  Sonradan  yurdumuza, dövlətimzə  yanaşma  başqalaşdı.  Bir  vaxtlar haqq səsimizi batıranlar, sözümüzü eşitmək istəməyənlər gerilədilər.  Söylədiyimizi dinləməyə, fikrimizə şərik çıxmağa,   ədalətli  mövqeyimizi  dəstəkləməyə başladılar.  Gərdişin belə döünşü   Prezidentimiz İlham Əliyevin  müdrik, uzaqgörən ,  düzgün  proqramlaşdırılmış  idarəçilk  bacarığı sayəsində mümkün oldu.   Azərbaycan   beynəlxalq meydanda  öz mövqeyini   möhkəmləndirdi, etibar-hörmət  qazandı. Ölkədə mili birlik, sabitlik yarandı. İqtisadiyyatımiz sürətli inkişaf yolu ilə irəliləməyə, Milli ordumuz müasirləşib qüdrətlənməyə başladı. Fəqət millətimizin bəlalı Qarabağ  dərdinin əlacı müşkil olaraq qalırdı.  Bu məsələnin həlli beynəlxalq  təşkilata həvalə edilmişdi. Həmin qrum isə işi 30 ilə qədər,   səmərəsiz uzadırdı. Belə girəvədən bəhrələnən  namərd güclər düşmənə  yetərincə maddi, maliyyə, hüquqi dəstək verirdilər.  Arxayınlaşan, bolluca silahlanan  qudurmuşlar təmas xəttində durmadan təxribatlar törədirdilər. Bizimkilər onlara lazımi atəşlə cavab verəndə  həmin beynəlxalq qurum “durun!” deyirdi. Bunu Helsinki Yekun Aktı ilə  əlaqələndirirlər. Axı, Helsinki aktı  dünən yox, 1975-ci ildə qəbul edilib. Qarabağda odlu silahlar  gurlayıb  azərbaycanlıların qanı  axıdılanda da  mövcud idi.  Nə səbəbə o vədələrdə   yada düşmədi?  Nə səbəbə  daşnak  ermənilər və havadarları  bir  neçə gün ərzində  Azərbaycanın Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını  qeyri-insani qəddarlıqla işğal edəndə həmin “Helsinkiçilər” gözlərini yumur, qulaqlarını tıxayır, səslərini qaldırmır, işə qarışmırdılar. Həm də yalnız adlarını sadaladığım rayonlar deyil onlardan əlavə Dağlıq Qarabağın özü, Kəlbəcər, Laçın, Ağdam, Füzuli  rayonları da ermənilərin və havadarlarının vəhşilikləri, xəyanətləri sayəsində, talan və amansızlıqlarla işğal edilmişdi. Nədən və  nə nəyə görə həmin illərdə Helsinki müqaviləsi barədə kimsə fikir bildirmədi, səsini qaldırmadı?

    
Xalqımızın səbrı tükənməz deyil. Nəhayət 27 sentyabr 2020-ci ildə ermənilərin  qəfil təxribatına cavab olaraq  Azərbaycan bütün cəbhə boyu əks hücuna keçdi. Hərbçilərimizin rəşadətli vuruşu, Vətəni öz canından əziz tutan cəsur, ölməz şəhidlərimizin qanı hesabına, döyüşən əsgər və zabitlərimizi şücaəti, Azərbaycan  xalqının görünməmiş yekdil həmrəyliyi sayəsində Müzəffər Ordumuz  zəfər qazandı.  44 gün ərzində  30 illk həsrətə son qoyuldu.  Acınacaqlı məğlubiyyət  qarçısında Ermnistan rəhbəri diz çökrək Azərbaycanın irəli sürdüyü şərtləri sözsüz və birmənalı qəbul etdi.  Nankor, xəbis ermənilərin   başları üzərinə qaldırdıqları murdar niyyətlə dolu   çanaq öz başlarında çilik-çilik oldu. Naxələflikləri, xəyanətləri ucbatından Bakıdan, Odlar yurdundan da əlləri həmişəlik üzüldü. Yoxsa xarici və daxili havadarlarının yardımı, özlərinin çoxyönümlü kələk və riyakarlıqları ilə  respublikamızda dövlət əmlakının özəlləşdirilməsinin münbit şəraitində  “milyonlar səltənəti  Bakı”nı, bütövlikdə cənnət Azərbaycanı “privatizasiya” edib özəlləşdirəcək,  mənimsəyəcəkdilər…

  
Hər zaman istəkli, əzizlənməli olan balalarım,  ölkəmizin rəhbəri İlham  Əliyev Azərbaycan tarixində hələ heç kimin etmədiyini etdi.  Qətiyyəti, müəyyənləşdirdiyi düzgün strateji xətti qələbənin təmin olunmasında öz töhfələrini verdi. Bacarağı, savadı-məntiqi və qüvvəsi ilə  ölkənin ən ümdə  problemlərindən birini həll etdiı.  Azərbaycanı həm beynəlxalq, həm də milli baxımdan möhkəmləndirdi.  Təsdiq etdi ki, Azərbaycan hakimiyyəti xalqın maraqlarına xidmət edir. Ali Baş Komandan müharibə dövründə  Ordumuzun rəşadətinə   bərabər misilsiz siyasi, diplomatik fəaliyət göstərdi.  Demək olar ki, hər gün keçirilən müsahibələrində dünyanın müxtəlif  əqidəli çoxsaylı jurnalistlərinin təxribat xarakterli, qara niyyətli,   təftişçi suallarına təmkinlə,  dəqiq, ətraflı, dolğun  cavablar verir,  qarşısındakıları heyrətləndirib mat qoyurdu.  İlham Əliyev  bir intellekt, dəmir iradəli, polad məntiqli, hazırcavab, sözü yerində, tutarlı şəkildə söyləyən, fikrini aydın və dəqiq ifadə etməklə milyonlara nümunə olası şəxsdir!  Sizlər üçün də örnək olsun, balalarım!

    
Nəvələrimim sevivli nəvələri,  bilirəm daha çox mətləblərdən hali olmaq istəyirsiniz. Elə mən də çox vaqiəlri dilə gətirmək arzusundayam.  Çünki xalqımızın  taleyində xoşbəxt, qəhrəmanlıq, istiqlallı dövrlərlə yanaşı məşəqqətli  müddətlər də  az olmayıb. Biz zaman-zaman müxtəlif istilaçalın zülmü altında yaşamalı olmuşuq. Lakin oz mədəniyyətimizi, yaşam tərzimizi, dilimizi-dinimizi qoruyb saxlamağı bacarmışıq. Onları sizlərə də  müqəddəs əmanət kimi ötürürük. Zaman dəyişsə, həyat başqalaşsa da sizlər də hifs edin, dürüst  yaşadın onları, əsrlərin keşməkeşinə tab gətirib möhkəmlənən, müqəddəsləşən  milli mənəviyyatımızı, mənliyimizi!  Qoruyun, inkişaf etdirin onları! Nə vaxtsa yeni şəraitə uyğunlaşdırsanız da qoy öz əzəli  təməlinin  sütanları üzərində əbədi bərqərar olsunlar!  Ana laylası həmişə karınıza gəlsin.    Ana südü qədər halal, məsum ANA LAYLASInın müqəddəs təranəsinə yadırğamayın.  LAYLAnı  unutmaqmı olar? Niyə bu əvəzsz, ülvi əməl  arxa plana keçsin? Axı, südəmər, can qədər əziz balalrın yastığı başında xeyir-dualı “Ana laylası”nın  havalanmasınin özü də bir şəfadır.  Nəfəs-nəfəsə, ayrıca məlahətlə  müntəzəm səsləndirilməlidir. Qoy məsum cağaların eşidəcəyi ilk şərqinin məlahəti unudulmasın!  Vətənə, ana dilinə  məhəbbət, şərəf, sədaqəti, ləyaqət  duyğusu ömür boyu yaşansın.  Mübarizlik əzmini  adət-ənənimizə sevgini, böyük-kiçiyə ehtiramı törəmələriniz özlərinə  həyat tərzi bilsinlər.  Dupduru, saf  Azərbaycan kəlmələrini  “Ana laylası” vasitəsiylə balalarınızın qanına, iliyinə hopdurun ki, qulaqlarda ömür boyu qalsın, ruhda əbədi yer tutsun!

     
Bu fikirləri Sizlərə xüsusi duyğu, sonsuz sevgi-məhəbbət,  baba  ehtiramı ilə yazdığım anlarda  televiziyada Azərbaycan Prezidenti Ali Baş Komandan İlhm Əliyev  Müzəfər Ordumuzun Ermənistan ordusu  üzərində  tarixi qələbəsini fərəh və coşğu ilə şərh edirdi.  Fikrini belə yekunlaşdırdı: Füzuli bizimdir! Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Kəlbəcər bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! QARABAĞ AZƏRBAYCANDIR!!! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!


Qürurlanırıq! Axı qalib Millətik!

 
Rafiq HƏSƏNOV,          
Ahıl Jurnalistlər  məclisinin üzvü            
12 noyabr 2020-ci il.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!