Modern.az

Quba ictimaiyyəti bu gün iki Şəhidi ilə vidalaşdı - FOTOLAR

Quba ictimaiyyəti bu gün iki Şəhidi ilə vidalaşdı - FOTOLAR

Aktual

29 Noyabr 2020, 19:34

Noyabrın 29-da Quba rayonu ikinci Qarabağ savaşında igid Azərbaycan əsgərinin qanı, canı bahasına başa gələn tarixi qələbəni ölkəmizə yaşadan daha iki şəhidilə vidalaşıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən iki hərbi qulluqçusu doğulduqları kəndlərdə dəfn edilib. Hərbi qulluqçulardan biri 19 yaşlı Tamerlan Cavad oğlu Səfərov ata yurdu Səbətlər kənd qəbristanlığında  dəfn olunub.

 

Dəfn mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, polis şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak edib.

 

Quba İH-nin başçısı Ziyəddin Əliyev 44 günlük müharibədə verdiyimiz hər bir şəhidin xatirəsinin  xalqımız üçün əziz olduğunu deyib.

 

İcra başçısı bildirib ki, dövlət hər bir Şəhid ailənin yanındadır.

 

Rayon rəhbəri vurğulayıb ki, Qubanın sentyabrın 27-də başlayan Qarabağ müharibəsində xüsusi şücaət göstərən igidlərindən biri də Tamerlan Səfərovdur və onun xatirəsi dövlət və xalq tərəfindən həmişə əziz tutulacaq.

 

Z.Əliyev şəhidin cənazəsi bükülmüş Azərbaycanın Dövlət Bayrağını Tamerlanın atası Cavad Səfərova təqdim edib. Bildirilib ki, valideynləri, doğmaları Tamerlan kimi igidlərlə fəxr etməli, qürur duymalldırlar.

 

*****

 

Vətən Müharibəsində şücaətlik göstərərək Şəhidlik zirvəsinə ucalan digər bir igidimiz isə 28 yaşlı Taleh Ədalət oğlu Salamovdur.

 

Öz şücaətini Vətən, xalq yolunda Şəhid olması ilə sübut edən Taleh Salamov doğulduğu Xırt kənd qəbristanlığında torpağa tapşırılıb.

 

Dəfn mərasiminə Quba rayon prokurorluğunun, DTX-nin rayon şöbəsinin, rayon məhkəməsinin rəsmiləri,   ictimaiyyət təmsilçiləri və kənd sakinləri qatılıb.

 

Quba rayon prokuroru Namiq Muradov digər Şəhidin dəfnində iştirak edən rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin başsağlığını ailəyə çatdırıb. Namiq Muradov dəfn zamanı çıxışında qeyd edib ki, Şanlı Azərbaycanın Ordusu 44 gün ərzində əsl zəfər tarixi yazdı. Taleh Salamov Ordumuzun müharibədə  irəli atılan igid hərbçilərindən biri olub və qəhrəmancasına Şəhid olub.

Quba rayon prokuroru Namiq Muradov Azərbaycanın Dövlət Bayrağını şəhidin atası Ədalət Salamova təqdim edib. Bir uşaq atası olan Taleh Salamov kənd qəbristanlığında anasının yanında dəfn edilib.

 

Ruhunuz şad olsun,igidlər!

 

Vətən Sizi unutmaz!

 

Aytəkin Alxaslı, Jurnalist

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır