Modern.az

Polad Həşimov və İlqar Mirzəyev Milli Qəhrəman adı aldı - DOSYE

Polad Həşimov və İlqar Mirzəyev Milli Qəhrəman adı aldı - DOSYE

Mədəni̇yyət

9 Dekabr 2020, 18:22

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin üç hərbi qulluqçusuna “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Sərəncam imzalayıb.


Modern.az-ın məlumatına görə,  onlardan ikisi bu ilin iyulunda baş verən Tovuz döyüşlərinin qəhrəmanlarıdır.

Belə ki, həmin döyüşlər zamanı igidlik göstərmiş general-mayor Polad Həşimov (ölümündən sonra)  və  polkovnik İlqar Mirzəyev (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

***

Polad Həşimov
2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulub, sonra ailəsilə birgə Sumqayıt şəhirnə köçüblər.

O, Sumqayıtda məktəbi bitirib. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.


2014-cü ilin 25 iyununda Azərbaycan Prezidentinin sərəncamı ilə polkovnik-leytenant Polad İsrayıl oğlu Həşimov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Polad Həşimov 2016-cı ildə aprel döyüşlərində iştirak edib. Həmin vaxt Tərtərin Talış kəndi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb.

2019-cu ilin iyununda ona general-mayor rütbəsi verilib.

2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Bununla da, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı oldu.

Ailəli idi; 3 övladı - iki oğlu, bir qızı qadigar qalıb.

Polad Həşimovun ölümü Qarabağı müharibə yolu ilə azad etmək qığılcımını bir gecənin içərisində alovlandırdı... Xalq ayağa qalxdı, birlik nümayiş etdirdi...


***

Polkovnik İlqar Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub. 1990-ci ildə elə həmin şəhərdə orta məktəbi bitirib.

1991-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 1995-ci ildə  Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsi ilə xidmətə başlayıb. 2003-2005- ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında ixtisası üzrə təhsilini təkmilləşdirib.

Fərqli-fərqli illərdə Bakı, Gəncə, Naxçıvan, Beyləqan, Goranboy və Şəmkirdə hərbi xidmətdə olub. 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi şücaət və qəhrəmanlığa görə, "Vətənə Xidmətə görə" II və III dərəcəli medalı ilə təltif olunub.

2019-cu il 23 fevral tarixində 3-cü Ordu korpusunun Artilleriya rəisi təyin olunub.

Polkovnik İlqar Mirzəyev 14 iyul 2020-ci ildə Tovuz istiqamətində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Bakı şəhərində, İkinci Fəxri Xiyabanda son mənzilə yola salınıb.

Ailəli idi; 1 oğlu və 1 qızı yadigar qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır