Modern.az

Cəbhədən yaralı daşıyan jurnalist: “28 ildən sonra Şuşada cümə namazı qıldıq” - MÜSAHİBƏ

Cəbhədən yaralı daşıyan jurnalist: “28 ildən sonra Şuşada cümə namazı qıldıq” - MÜSAHİBƏ

Qarabağ

11 Dekabr 2020, 09:00

“Dəmir yumruq” sayəsində qələbəmizi “Zəfər paradı”, “Zəfər atəşfəşanlığı” ilə qeyd etdiyimiz bu günlərdə “Huner Group” şirkətinin PR və marketinq departamentinin direktoru Nəsimi Paşayev də cəbhədə olanlar, yolu gözlənilənlər sırasındadır. Onunla Vətən müharibəsindəki fəaliyyətilə bağlı söhbətləşmək imkanımız oldu. Modern.az dostlarının dililə desək, “hünərli Nəsimi” ilə müsahibəni təqdim edir.

 

- Nəsimi müəllim, hamının 30 ildir  həsrətlə gözlədiyi torpaqlara ilk ayaq basanlardan biri də sizsiniz. Necə ifadə edərdiniz bu hisləri?

- Bəli, hamının böyük həsrətlə getməyi, görməyi arzu etdiyi torpaqlara ilk ayaq basanlardan biri də mənəm. Sözün həqiqi mənasında bu hisləri sözlə ifadə etmək çox çətindir. İstər Füzuli, istər Zəngilan, istər Qubadlı, daha sonra Şuşa, hazırda isə Kəlbəcərə ayaq basmaq, havasını udmaq, buradakı ab-havaya şahidlik etmək həqiqətən böyük bir xoşbəxtlikdir. Allaha şükürlər olsun ki, bu Vətən müharibəsində zərrə qədər də olsa, əlimdən gələni etmək fürsəti qazandım. Bu fürsəti mənə Allahım yaratdı. Azərbaycanda milyonlarla insan mənim kimi işğaldan azad edilmiş torpaqlara ayaq basmağın həsrətindədirlər. Bu baxımdan mən özümü çox xoşbəxt və şanslı hiss edirəm. Çox qeyri-adi hislərdir, ifadəsi çətindir!

 

 

- Bildiyim qədərilə “Huner Group” olaraq, cəbhə bölgəsindəsiniz. Necə oldu ki, işğaldan azad edilmiş ərazilərdə xidmət göstərməyə, yaralıların daşınmasında iştirak etməyə başladınız?

 

- Vətən müharibəsi başladığı ilk gündən etibarən, “Huner Group” olaraq, Müdafiə Nazirliyinə müraciət edərək, cəbhədə xidmətə hazır olduğumuzu bildirdik. Bizim şirkətin tərkibində həm həkim heyəti, həm də təcili tibbi yardım avtomobilləri var.

Şirkət olaraq, bu təklifimizi “Aprel döyüşləri” vaxtı da etmişdik. Amma həmin dövrdə dedilər ki, ehtiyac yoxdur. Bu dəfə isə müraciətimizdən bir gün sonra bizə razılıq verildi və bildirildi ki, Gəncə Hərbi Hospitalında yardıma ehtiyac var, əgər hazırsınızsa, ora gedə bilərsiniz. Təxminən bir-iki saat ərzində hazırlıqlarımızı gördük. 4 təcili tibbi yadım avtomobili, 4 sürücü, 4 həkim və 4 feldşer olmaqla nümayəndə heyətimiz Gəncəyə doğru yola çıxdı. Biz özəl şirkət olaraq, öz əlimizdə olan imkanlardan istifadə edib dövlətimizə, ordumuza yardım etdik, bundan sonra da etməyə hazırıq. Elə ilk gündən “Huner Group”un direktoru təcili tibbi yardım avtomobilini özü idarə edirdi.

 

 

Bildiyiniz kimi, müharibənin ilk günlərində Murovdağ tərəfdə də döyüşlər gedirdi. Bizim təcili tibbi yardım avtomobilləri Murov istiqamətindən istər Xanlar rayonu, istər Daşkəsən rayonundan gələn yaralıların Gəncədəki hərbi hospitala və digər xəstəxanalara çatdırılması, eyni zamanda, Gəncədəki hospitaldan yaralıların Bakıdakı Mərkəzi Hospitala daşınmasında iştirak edirdilər. Həkimlərimiz Gəncə Hərbi Hospitalının özündə yaralılara ilkin tibbi yardım göstərirdilər. Təxminən bir aydan sonra Gəncə Hərbi Hospitalına tapşırıq gəldi ki, artıq Qubadlı, Cəbrayıl, Füzuli rayonları işğaldan azad olunub və Qubadlıda səhra hospitalı yaratmaq lazımdır. Həmin vaxt döyüşlər Qubadlı və Laçın istiqamətində gedirdi.

Bu vaxt “Huner Group”un təsisçi-direktoru Ehtiram Quliyev, mən və bir feldşer iki təcili tibbi yardım avtomobililə Qubadlının Xanlıq kəndinə yollandıq. Biz müharibə bitənə qədər Qubadlı rayonunun Xanlıq kəndində səhra hospitalının yaradılması və yaralıların daşınmasında iştirak etdik. Səhra hospitalı döyüş bölgəsindən 10-15 kilometr aralıda idi. Birbaşa cəbhədən yaralıları qəbul edirdik. Onlara səhra hospitalında ilkin tibbi müdaxilə edilirdi, əməliyyat olunurdular. Daha sonra yaralıları Horadizdə yerləşən hospitala, eyni zamanda Bakıya daşıyırdıq.

Şuşa alındıqdan sonra burada da hospital yaradılması ilə bağlı tapşırıq aldıq. Ehtiram müəllim, mən və Gəncə Hərbi Hospitalının kiçik şəxsi heyətilə Şuşa şəhərinə yollandıq. Şuşada da hospitalın açılışında iştirak etdik, hətta ilk əməliyyatın reallaşmasının şahidi olduq, eyni zamada 28 ildən sonra Şuşada cümə namazını qıldıq. Şükürlər olsun ki, bunları yaşamaq qismətimizdə varmış. Nəhayət Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra burada da Gəncə Hərbi Hospitalına hospital yaratmaq tapşırıldı. Bir həftədir ki, digər əməkdaşımız Fariz Məmmədovla birlikdə Kəlbəcərdəyik. Burada da hospitalın yaradılmasında öz yardımlarımızı etdik. Artıq buradakı buradakı fəaliyyətimiz başa çatır və Bakıya qayıdacağıq.

 

- Bu müddətdə ailədən, uşaqlardan da uzaqdasınız. Maraqlıdır, sizin Qarabağa getmək qərarınızla bağlı övladlarınızın raeksiyası nə oldu?

 

- Çox da qısa sayılmayan müddətə ailəmizdən, uşaqlarımızdan, ev-eşiyimizdən uzaqdayıq. Amma bu, bizim üçün hər hansı problem yaratmır. Bizim gözümüzün qarşısında - dağlarda, meşələrdə, səngərdə əsgərlərimiz düşmənlə döyüşdüyü bir vaxtda biz evimizdə rahat otura bilməzdik. Ailədən-uşaqdan ayrı qalmaq bizə müəyyən qədər həsrət hissi yaradırdı. Amma övladlarımız da fəxr edir ki, onların ataları Vətən müharibəsində zərrə qədər də olsa, əlindən gələn köməkliyi göstərir. Tez-tez telefonla əlaqə saxlayırıq. Bir dəfə Bakıya yaralı aparanda evə getmək şansım oldu. Amma ümumilikdə düşünürəm ki, özlərindən soruşmaq lazımdır, yəqin ataları ilə qürur duyurlar. Əslində verdikləri suallardan başa düşürdüm ki, onlar üçün də maraqlı proseslər idi.

 

 

- Deyirlər döyüş kənardan asan görünür. Hərbçi olmasaz da, döyüşlərin, qan-qadanın canlı şahidi olaraq, razılaşırsınızmı bu fikirlə?

 - Həqiqətən də döyüş kənardan asan görünür. Bu deyim tam yerinə düşür. Xüsusilə Qubadlıda olanda, dediyim kimi, qaynar nöqtəyə 10-15 kilometrlik məsafədə idik. Bəzən məhdud şəkildə də olsa, sosial şəbəkələri izləmək imkanımız olurdu. Yazırdılar, “ay filan kənd niyə alınmadı?”, “niyə filan rayon alınmadı?”, “niyə neçə gündür heç yeri almırlar?”, hətta zarafata salıb “Cəbrayılın kəndləri qurtarmadımı?” deyirdilər. Döyüşün içində olanlar üçün bu statuslar ruh düşkünlüyü idi. Söz yox ki, hamı bir nəfər kimi qələbə üçün çalışırdı və bu amala doğru da gedirdi. Amma istənilən halda xoş deyildi... Bu söz-söhbətlər hələ də səngimir. Baxıram ki, sosial şəbəkələrdə hələ də nədənsə narazılıq edənlər var. Onların gözü ilə baxanda həqiqətən də döyüş çox asandır. Bizim əsgər və zabitlərimiz necə mübarizə aparırdı! Allah rəhmət eləsin, şəhidlərimiz olurdu, yaralılarımız çox idi. 20 yaşında qurşaqdan aşağı iki ayağı amputasiya olunan, başında qəlpə yarası olan yaraşıqlı bir gənc düşünün. Biz onu Bakıya evakuasiya edəndə, ailəsilə danışarkən, “ata, hər şey əladır” sözləri adamın qulağından getmir. Bunu görmədən, arxada hiss etmək çətindir.Amma olsun, ən azından biz bu Vətən müharibəsində bir yumruq kimi birləşdik. Cəbhə bölgəsində insanlar əsgərə, orduya əlindən gələn yaradımı etmək üçün çırpınırdı.

 

 

- Şirkətinizin işğaldan azad edilmiş torpaqlarla bağlı hansı planları var? Bərpa və yenidənqurma işlərində iştirak edəcəksinizmi?

- Açığını desəm bu, birbaşa şirkət rəhbərilə bağlı məsələdir. Amma aparılan müzakirələrdən deyə bilərəm ki, Qarabağda, işğaldan azad olunmuş torpaqlarda biz də şirkət olaraq müəyyən işlər görməyə istəyirik, hazırıq. Direktorumuzla birlikdə rayonları gəzdikcə müşahidələr aparmaq imkanlarımız oldu. Düşünürəm ki, həqiqətən də qismət olarsa, çox gözəl işlərə imza ata bilərik. Ehtiyac duyularsa, biz hər zaman dövlətimizin yanındayıq.

 


- Bir yevlaxlı kimi Qarabağda yaşamaq keçirmi könlünüzdən?

- Təbii ki, torpaqlarımızın hər qarışı gözəldir. Açığını desəm, müşahidələrimə əsasən yaşaya biləcəyim yer Şuşadır. Şuşa çox möhtəşəm bir yerdir. Hazırda Kəlbəcərdəyik. Şərtlər çox ağır olsa da, Kəlbəcərin təbiətinə, mənzərəsinə doyum olmur. Digər yerlərlə müqayisədə gündüz 4-5 dərəcə şaxtada, kommunal şəraiti olmayan yerdə fəaliyyət göstəririk. Amma möhtəşəm relyef, ecazkar təbiət adamı valeh edir. Əgər elə bir qərar olarsa, ümumiyyətlə Qarabağın hansı nöqtəsində olsa, yaşamağa hazıram. Qarabağ onsuz da Azərbaycandır! Azərbaycanın hər yeri isə vətəndir!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür