Modern.az

Zəfər paradından verilən Göyçə, Zəngəzur, İrəvan mesajının sirləri

Zəfər paradından verilən Göyçə, Zəngəzur, İrəvan mesajının sirləri

Qarabağ

11 Dekabr 2020, 11:38

Prezident İlham Əliyev ötən gün Zəfər paradında çıxışı zamanı Göyçə, Zəngəzur və İrəvanın da Azərbaycanın tarixi torpağı olduğunu bir daha bütün dünyaya bəyan etdi.

 

Bu mesajdan sonra hər bir azərbaycanlının üzərinə daha  böyük məsuliyyət, daha böyük yük, daha çox çalışmaq düşür. Xüsusilə, tarxiçilərimizin üzərinə...

 

Məsələ ilə bağlı Modern.az-a danışan tarixçi Kərim Şükürlü Cənubi Qafqazda Ermənistan adlı dövlətin və ya onlara məxsus ərazinin olmadığını deyib:

 

“Ermənistan adlanan dövlətin yaradıldığı ərazilər tarixi Azərbaycan torpağıdır. O cümlədən İrəvan da, Göyçə də, Zəngəzur da tarixi Azərbaycan torpaqlarıdır. O ərazilərin hər birinin Ermənistana verildiyini sübut edən sənədlər və bunların da tarixləri var.

 

İrəvanın tarixi belədir ki, 1918-ci il may aynın 29-da o zaman Azərbaycan Milli Şurası tərəfindən İrəvana güzəşt edilib. Bu da Azərbaycan Milli Şurasının 3 nömrəli protokolunda təsbit olunub.

 

Bundan sonra digər ərazilərdən - Zəngəzurdan danışsaq, 1920-ci ilin dekabrında Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış müqavilə var. Sovet Rusiyası yaranmış vəziyyətdən istifadə edərək, Azərbaycanın həmin tarixi torpaqlarını Ermənistana verdi”.

 

 

Tarixçi qeyd edib ki, faktiki olaraq Ermənistan yaradılanda,1918-ci il may ayının 28-də onun ərazisi çox kiçik idi. Sonrakı dövürdə onun ərazisi artıq Sovet Rusiyasının da yaxından iştirakı ilə Azərbaycan torpaqları hesabına genişləndirilib.

 

“Bu torpaqlar da tarixi Azərbaycan əraziləridir. Məsələnin digər bir tərəfi də var ki, bizim tarixi torpaqlarımızın Ermənistan dövlətinin tərkibinə qatılması həmin torpaqlarda yaşayan Azərbaycan əhalisi üçün çox faciəli nəticələr verib. Azərbaycan müxtəlif tarixi dövrlərdə Ermənistanda yaşayan azərbaycanlıların mənafeyini müdafiə etməyə cəhd göstərib.

 

Lakin təəssüf ki, Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımızın işğalını mütəmadi şəkilə gətirib.

 

Ona görə də Azərbaycan Prezidenti bu məsələyə də toxundu. 1980-ci ilin sonlarında Ermənistanda yaşayan azərbaycanlılar demək olar ki, son nəfərinə qədər deportasiya olundu. Yəni Azərbaycanlılar öz tarixi torpaqlarından sürgün edildilər.

 

Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi, Naxçıvan ilə Azərbaycanının digər bölgələrini biri-birindən ayrı saldı. Bu da məqsədyönlü şəkildə həyata keçirilmiş siyasət idi. Bunun məqsədi ondan ibarət idi ki, Naxçıvan blokadaya alınsın. 1921-ci il Qars müqaviləsi ilə Naxçıvan artıq Türkiyə dövlətinin himayəsi altında olduğuna görə bu nisbətən siyasi cəhətdən müsbət rol oynadı. Lakin tarixi nöqteyi-nəzərdən Naxçıvanın Azərbaycanın digər torpaqlarından ayrı salınması bölgənin  daha sürətli inkişafı üçün çox böyük manelər törətdi,  xüsusi ilə 90-cı illərdə Ermənistanın Azərbaycana ərazi iddiaları zamanı Naxçıvan üçün böyük bir təhlükə yarandı. Naxçıvanın bir sıra əraziləri Ermənistan tərəfindən işğal edildi. Bizim tarixi torpaqlarımızda Ermənistan dövlətinin yaranması Azərbaycan tarixi üçün çox ciddi təhlükə mənbəydir”.

 

Tarixçi alim deyir ki, Azərbaycan Prezidentinin dəfələrlə bu məsələyə qayıtmasını da çox əhəmiyyətlidir:

 

“Daha çox Qarabağ torpaqlarının Azərbaycana qaytarılması, ərazi bütövlüyümüzün bərpa edilməsindən danışırıqsa, indi də bu tarixi torpaqlarımızın yenidən gündəmə gətirilməsi çox önəmli bir məsələdir. Ermənistan rəhbərliyi də, ermənilər də bilməlidirlər ki, onların yaşadıqları yerlər tarixi Azərbaycan əraziləridir. Bu həm də ermənilərə, dünya ictimaiyyətinə bir mesajdı ki, Ermənistan adlı dövlət necə yaranıb. Bu, heç kimə sirr deyil. Amma qoy, dünya, erməni lobbisi bir daha anlasın ki, Ermənistan necə qurulub. Hansı torpaqlar əsasında formalaşıb”.

 
Nəzrin Vahid

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır