Modern.az

IV qrupun abituriyentləri bu gün imtahan verirlər

IV qrupun abituriyentləri bu gün imtahan verirlər

27 İyul 2012, 08:06


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə  IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahanlar respublikanın 6 şəhərində - Bakıda 16, Naxçıvanda 3, Gəncədə 3, Sumqayıtda 3, Şəkidə 2, Lənkəranda 1 binada keçirilir.  Orta ümumtəhsil müəssisələrindən 1174 nəzarətçi-müəllimin iştirak etdiyi  imtahana 115 imtahan rəhbəri cəlb olunub.

Qeyd edilib ki, bu il IV qrup üzrə 15408 abituriyent ərizə təqdim edib.  Sənəd verənlərin 14493 nəfəri Azərbaycan bölməsinin, 915 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin  9352 nəfərini oğlanlar, 6056  nəfərini isə qızlar təşkil edir. 

Onlardan 7758 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur.  5320 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 45 abituriyent  xarici ölkələrin vətəndaşıdır. 46 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali  təhsil almaq arzusundadır. 415  abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. 

Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənc isə 1997-ci ildəndir.

Qeyd edək ki, Bakı şəhərində 9197 abituriyent, Naxçıvanda 1626 abituriyent, Gəncədə 1762, Sumqayıtda 1340 abituriyent, Şəkidə 713 abituriyent, Lənkəranda isə 770 abituriyent imtahan verir.  

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.    

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı