Modern.az

Bu gün London Olimpiadasının rəsmi açılışıdır

Bu gün London Olimpiadasının rəsmi açılışıdır

27 İyul 2012, 10:12

Bu gün XXX London Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. Modern.az xəbər verir ki, açılış mərasimi London vaxtı ilə saat 21:00-da  “Olimpiya stadionun”da olacaq. “Möcüzə adalar” adlı açılış mərasiminin quruluşunu Oskar mükafatçısı Denni Boyl hazırlayıb. Açılışda ümumilikdə, 20 min nəfərin iştirak edəcəyi açılış şousunu məhşur Pol Makkartn öz ifası ilə yekunlaşdıracaq. Azərbaycan idmançıları  "Olimpiya stadionu"na  14-cü sırada çıxacaqlar.

London, Olimpiya Oyunlarını üçüncü dəfə keçirən yeganə şəhər olacaq (bundan əvvəl 1908 və 1948-ci illərdə). Böyük Britaniyanın paytaxtında keçiriləcək idman yarışı sayca 30-cu olsa da, 27-ci dəfə təşkil edilir. Belə ki, I və II Dünya müharibələri zamanı 3 dəfə Yay Olimpiya Oyunları baş tutmayıb.

Bu dəfə 302 medal dəsti uğrunda 204 ölkədən olan idmançılar mübarizə aparacaq. 10 500-ə yaxın idmançı 17 gün ərzində 36 idman növündə güclərini sınayacaqlar.

Olimpiadanın ilk qalibi iyulun 28-də müəyyənləşəcək - 10 m məsafəyə pnevmatik tüfəngdən atəş açmaq üzrə mükafatçılar məlum olacaq.

Azərbaycan Olimpiadada 16 idman növü üzrə 53 idmançı ilə təmsil olunacaq.

Qeyd edək ki, Londonda keçiriləcək Yay Olimpiadası üçün medallar Olimpiya Oyunları tarixində ən bahalı medallar olub. Bu medalların hazırlanması üçün Monqolustandan və Amerikanın Yuta ştatından səkkiz ton qızıl, gümüş və mis gətirilib.Medalların salamat qalması üçün onlar hamısı London Tauerinə (qəsrinə) yerləşdirilib. Beləliklə, Olimpiya və Paralimpiya Oyunları üçün 4700 medal Britaniya taxt-tacının bəzək əşyaları ilə yanaşı saxlanılır. Şəhərin meri Boris Consonun sözlərinə görə, bundan daha təhlükəsiz yer tapmaq çətindir.
Medalların baha başa gəlməsi onunla əlaqədardır ki, 2008-ci ildə Pekin Olimpiadası keçirilən vaxtdan bəri qızılın və gümüşün qiyməti iki dəfə artıb. Bundan əlavə, indiki medallar ölçülərinə görə də fərqlənir: onların diametri 85 millimetr, qalınlığı isə 7 millimetrdir. Mükafatın çəkisi də dəyişib. Belə ki, Pekin Olimpiadasında medalın çəkisi 200 qram olduğu halda London Olimpiadasının medalının çəkisi təxminən 410 qramdır.
Beləliklə, qarşıdakı Olimpiadanın medalları Olimpiya Oyunları tarixində ən bahalı olmaqla bərabər, həm də ən ağır medallardır.
Medalların dizaynı britaniyalı rəssam Devid Uotkins tərəfindən hazırlanıb. O, medalların üzərində yunan qələbə ilahəsi Nikanı təsvir etməyi qərara alıb. Medalın arxa tərəfində işıq saçan ulduzlar fonunda Olimpiya Oyunlarının loqotipi təsvir edilib.
Kral sikkəxanasının Olimpiya Proqramının direktoru Fergüs Finey vurğulayıb ki, medallarda ən cüzi qüsur aşkar olunarsa, onlar çıxdaş ediləcək.
2012-ci il Olimpiadası iyulun 27-dən avqustun 12-dək Londonda keçiriləcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu