Modern.az

“Kompüteri saat 19:00-da söndürüb evə getmək mənə qəribə gəlirdi” - "Lent.az"ın rəhbəri - MÜSAHİBƏ

“Kompüteri saat 19:00-da söndürüb evə getmək mənə qəribə gəlirdi” - "Lent.az"ın rəhbəri - MÜSAHİBƏ

Media

27 İyul 2012, 10:25

Qabil Abbasoğlu: “İstinadı güclü mədəniyyət göstəricisi hesab edirəm”


Modern.az
internet portallarının baş redaktorları ilə müsahibələri davam edir. Növbəti müsahibimiz Lent.az saytının baş redaktoru Qabil Abbasoğludur.

– İnternet məkanında çalışmazdan öncə fəaliyyətiniz sırf çap mediası ilə bağlı olub. İnternet portallarda, rəqabətin saniyələrlə aparıldığı bir yerdə təcrübəni bilməyərək fəaliyyətə başladınız...

– Əlbəttə, yazılı mətbuatdan internet mediasına gəliş həm forma etibarı, həm vərdişlər baxımından əhəmiyyətli bir dəyişiklikdir. Format və standartları başqadır. Lent.az-da fəaliyyətə başlayana qədər 15 ildən çox mətbuatda idim və istinasız olaraq qəzet işi ilə məşğul olurdum. O vaxt işlədiyim “Gün-səhər” qəzetinin fəaliyyətində müəyyən çətinliklər yaranmışdı. Dostlarla məsləhətləşirdik, hamı vəziyyətin necə olduğunu soruşurdu. Günlərin birində də eyni məsələni Vüsalə Mahirqızı ilə müzakirə edəndə dedim ki, “qəzet artıq dayanıb, fəaliyyətini davam etdirə bilmir”. O mənə bir layihə təklif etdi və Lent.az haqqında danışmağa başladıq.

Düzünü desəm, əvvəlcə bir az tərəddüd oldu və açıq şəkildə dedim ki, mənim üçün ənənəvi olmayan bir sahədir, ola bilər ki, çətinliklər olsun. Mətbuat sahəsində az-çox tanınmış bir adamın bilmədiyi, hələ onun üçün yeni olan bir sahəyə gəlməyi bir az riskli məsələdir. Bu sahənin özəllikləri, özünün ayrıca vərdişləri, yanaşma tərzi var. Amma Vüsalə Mahirqızı məndə inamı yarada bildi və Lent.az-da fəaliyyətə başladım.

Ümumiyyətlə, xəbər məsələsi mahiyyət etibarı ilə, fəlsəfi olaraq qəzetdə, internetdə, televiziyada eynidir. Əgər bunun üzərində bütün işləri qurmaq olursa, digər məsələlər texniki məsələlərdir və yaxın zamanlarda sürətlə yoluna qoyula bilir. Beləliklə, iki həftənin içində artıq bütün texniki məsələlər sərhədləri aşılmış, vərdişlər yaranmışdı. Təsəvvür edin ki, qəzet kimi ağır sahədən gəlmiş birisi üçün kompüteri saat 19:00-da söndürüb evə getmək qəribə idi, bilmirdim nə etməliyəm. Həmkarlarıma da zarafatla deyirdim ki, günün işıqlı vaxtı evə getməyə vərdiş etməmişik. Çünki saat 19:00 qəzet üçün işin başlandığı və qızğın getdiyi bir vaxtdır. Xəbər günü demək olar ki, bitir və sən əlində olan xəbərləri yığıb səhifəyə qoyursan. Sonra texniki hazırlıqlar başlayır. Gecə saat 12-yə kimi davam edir.

Bu baxımından məndə xeyli dərəcədə stimul da yarandı ki, əgər günün işgüzar hissəsi bu qədər qısalıbsa, deməli, yaradıcılıq barədə düşünməyə müəyyən qədər vaxt qalır. O baxımdan həm fərqli, həm müsbət cəhətlər var. Fərqli cəhətlərin içərisində xeyli dərəcədə müsbət cəhətlər də var. Müsbət cəhət də ağır qəzet rejimindən yüngül internet rejiminə keçiddir. Amma açığı deyim ki, bunun sərt üzü də var. Qəzet rejimində operativlik məsələsi günlə sərhədlənir, sən nə qədər operativ olursan ol, bu qəzet sabah oxucunun əlində olacaq. İstəyirsən hamıdan tez bu xəbəri tap və ya heç kim də olmayan xəbər səndə olsun, yəni xəbərdə tələsməyin heç bir faydası yoxdur. Ona görə də qəzet jurnalistikasında bir az rahatlıq, tempin aşağılığı olur. Amma burada saniyələr, dəqiqələr məsələsi var. Xəbər əlindədisə təsəvvür edin, onu bitirib, redaktə edib, sayta qoyana qədər keçən müddət uzandıqca elə bilirsən ki, oxucuya xəyanət edirsən.

Ümumiyyətlə, onlayn fəaliyyətinin başlıca standartlarından biri zamanlama məsələsidir. Bu baxımdan burada xəbərə tələbkarlıq xeyli dərəcədə yuxarıdır. Amma fəlsəfi olaraq iş eyni işdir, media işidir, sadəcə texniki imkanlar dəyişib.

– İnternet xəbər portalları media sahəsində təzə olduğu üçün reklamla bağlı müəyyən çətinliklər yaşanır. Son vaxtlar internet portalların geniş yayıldığı bir zamanda reklam verilməsini necə qiymətləndirirsiniz?

– Bir qəzeti oxucuya tanıtmaq deyəndə, o qəzeti nəşr etdirmək və köşklərə bacarıqla yaymaq nəzərdə tutur, yəni bundan sonrası artıq oxucunun işidir, gəlib 20-40 qəpik verib bu qəzeti alacaq və ya yox. İnternet mediada başqa şərtlər, bizdən asılı olmayan məsələlər var. Qəzetdə materialın oxucuya çatdırılması, bazarlama məsələsi daha çox redaksiyadan, jurnalistdən asılıdır. Amma internet mediada, bəli, jurnalist və redaksiyadan asılı olan ciddi hissə var. Amma xeyli ciddi məsələlər var ki, onlar bizdən asılı məsələlər deyil. Bu nədir? Ən birincisi, obyektiv olaraq bizim fəaliyyət göstərdiyimiz format internet formatıdır. Buna insanlar əllərində kitabı açıb kitaba baxan kimi baxa bilmirlər, televizorda baxa bilmirlər. Hələlik internetdə materialın baxılması üçün mütləq insanların kompüteri olmalı, yaxud ən pis telefonunda internetə girişi təmin olunmalıdır. Bu da ölkədə kompüterləşmənin səviyyəsindən asılıdır. İkinci, ölkədə internetin ümumiyyətlə vəziyyətindən asılıdır, internet medianın uğurunun və populyarlaşmasının, yayılmasının səbəbi birbaşa bununla bağlıdır. Azərbaycan da internetin vəziyyəti o qədər də arzuolunan və ürəkaçan deyil. İstənilən an işində problem yarana bilər, istənilən an internet kəsilə bilər. Bunlar texniki məsələlərdir. Təsəvvür edin ki, hansısa böyük ideal, məqsədlə fəaliyyət göstərən media təşkilatının işini bir sınıq, paslanmış kabel zay edə bilər, hansısa məsuliyyətsiz usta başqa yerdə işlədiyi vaxt o kabeli zədəliyə bilər. Yəni qəzetin yayınlanması, marketinqi, oxucuya çatdırılması işindən çox fərqli olan bir vəziyyət burada mövcuddur. Ölkədə hər kəsin kompüteri yoxdur, amma hər kəs köşkə gedə bilər və ya ucqar kənddə internet, telefon yoxdur. Az-çox Bakı şəhərində bu məsələlər öz həllini tapıb, rayonlarda da getdikcə həll olunur, amma hələ arzuolunan səviyyədə deyil. Ölkəni bütünlüklə əhatə etmək baxımından, hansısa internet media orqanı ölkənin bütün çoğrafiyasında xalqa çatmaq istəyirsə hələlik bu sahədə çətinliklər var. Üçüncü məsələ, internetin qiymətləri ilə bağlıdır. Dəfələrlə bu məsələ qaldırılıb, müzakirə olunub. Açığı deyim ki, hökumətin bu istiqamətdəki addımları da müsbət nəticələr vəd edir. Amma  bu istiqamətdə işlər bir az ləng gedir, qiymətlər müəyyən qədər aşağı salınıb, amma aşağı salınma mərhələləri bir az uzanır, hər dəfə qiymətlərin aşağı salınması keyfiyyətə təsir edir. Bu da hökumtələ provayderlər arasında olan münasibətdir ki, bunu da hökumət tənzimləməlidir, həll etməlidir. Dördüncü məsələ, oxucunun ənənəyə münasibətdən doğur. Məsələn insan var ki, mən bu insanlara tamamilə haqq verirəm, yəni deyirlər ki, kağız əlimdə olmasa, onu özüm vərəqləməsəm, istədiyim vaxt qatlayıb yanımda qoymasam, o xəbəri özümünkü hesab etmirəm. Yəni qəzet formatına alışmış oxucular var. Bu da ənənəvi çap mediasının qoyduğu vərdişlərdir.

Ümumiyyətlə, Azərbaycan qəzet sənayesinin durumu elədir ki, rəngli qəzet çıxartmaq qeyri-mümkündür. Yəni mümkün olsa belə çox çətinliklər bahasına başa gəlir. Rəngli qəzet çıxarda bilmirsənsə, poliqrafiya işi zəifdirsə demək reklam məsələsi çətindir. Çünki reklam verici daha gözəl görünüşlü, daha al-əlvan reklam yerləşdirmək istəyə bilər və sən onu ağ-qara qəzetdə verə bilməyəcəksən. Reklam işini qəzetlər əhəmiyyətli dərəcədə zəiflədir. Amma internetdə bu imkanlar çox yaxşıdır. İnternetdə reklamvericinin arzusuna, istəyinə uyğun formatda-şəkil formatından tutmuş fləş bannerlərə qədər, yaxud da yeni texnoloji video roliklərə qədər hər şey yerləşdirə bilirsən. Yəni burada qəzetin verdiyi imkanlarla televiziyanın verdiyi imkanların simbiozu meydana gəlir. Bu baxımından reklam işi üçün əlverişli mühit yaranıb.

– Bu sahədə mövcud çətinlikləri qeyd etdiniz, bəs yarandığınız ilk dövrlə müqayisədə xəbər portallarının genişləndiyi bir zamanda reklam bazarınızı necə formalaşdırırsınız? Rəqabətin artdığı bir zamanda yəqin çətinliklər də yaşanır.

– Təzə yaranan dövrdə açığı deyim ki, reklam işi indiki qədər yaxşı və ürəkaçan səviyyədə deyildi. Bu da bir az öncə dediyim məsələlərdən irəli gəlir. İnternet medianı inandırıcı xəbər mənbəyi kimi hesab etmirdilər. Öz işimizdən misal gətirim, Lent.az-ın işini başlayanda bizə demişdilər ki, Azərbaycanda Azərbaycan dilində sayt oxunmayacaq. Çünki interneti olan insanlar guya əsasən əcnəbi dilli insanlardırlar və Azərbaycan dilli insanlar bu sahəyə maraq göstərmirlər. Ona görə də burada oxucu problemi yaşanacaq. Amma qısa zamanda məlum oldu ki, bu belə deyil. Oxucu sayı və digər statistik göstəricilər bunu sübut etdi və hələ indi də sübut etməkdədir. Yeni-yeni oxucular cəlb olunur və  reklam vericilər də bu oxucuların içərisində idilər. Onlar da baxdılar ki, xəbər oxucularının sayı getdikcə artır və hər bir xəbər oxuyucusu da reklam oxuyucusu, baxıcısı deməkdir. Oxucu sayı çoxaldıqca reklam vericilərin inamı artdı. Və get-gedə ilbəil reklam işi saytlarda daha üstün mövqe qazanıb, indi artıq reklamı daha keyfiyyətlə təqdim etməyə başlamışıq. Hələlik reklam işindən şikayətçi deyilik, amma deyim ki, Azərbaycanda mövcud olan bütün potensialdan istifadə etdirildiyini düşünmürəm. Mənə elə gəlir ki, hələ istifadə olunmamış reklam potensialı var və xeyli dərəcədədir. Bunu sadəcə olaraq işə salmaq lazımdır və bütün fəaliyyətimiz də bu istiqamətdədir.

Bu gün qanunvericiliyə görə, internet portalları mətbu orqan deyil və bir növ media saytları havada qalıb.

– Bu, yaralı yerimizdir. Zarafatla da olsa həmişə Əflatun Amaşov və Nuşirəvan Məhərrəmliyə deyirik ki, “bizim yiyəmiz yoxdur”. Bir televiziyanın “yiyəsi”dir, digəri isə mətbuatın. Amma internet saytlara “yiyə duran” yoxdur. Burada iki baxış var. Birinci baxış bundan ibarətdir ki, əgər internet medianın fəaliyyətini tənzimləyən hansısa dövlət  və yaxud hansısa qeyri-dövlət orqanı yaradılacaqsa bu internet medianın fəaliyyətinə nəzarət demək olacaq və arzuolunan deyil. İkinci baxış ondan ibarətdir ki, bütövlükdə internet media orqanı kosmosda fəaliyyət göstərmir. Biz fəzanın boşluğunda deyilik, bir ölkədəyik, bu ölkənin cəmiyyəti, insanları var. Bu cəmiyyət, insanlarla münasibətlərimiz tənzimlənməlidir, fəaliyyət göstərdiyimiz ölkənin qanunları var və bu qanunlarla münasibətlərimiz qaydasına qoyulmalıdır, aşkarlanmalıdır ki, bizim qanunlara münasibətimiz, qanunların da bizə münasibəti necədir?

Başqa bir tərəfdən dövlətin KİV sahəsindəki siyasəti son illərdə çox mütərəqqi forma alıb. KİV-ə hələlik az da olsa, amma get-gedə artan templə dövlət yardımı edilir. Alqışlanası bir hadisədir. Amma biz qıraqda qalmışıq. Tutaq ki, televiziyalara dövlətin əlindən serial çəkilməsi və ya başqa şeylər üçün pul ayrılır. Yəni bu və ya digər səbəb, məqsədlə olmasından asılı olmayaraq televiziyaya dövlətdən pul gedir. Qəzetlərə də dövlətdən pul gedir. Amma internet media dövlətdən pul gəlib çatmır. Bu həllini gözləyən məsələdir. Dövlətin vəsaitindən bu ölkədə yaşayan və fəaliyyət göstərən bir qrup KİV faydalana bilir, amma bir qrup faydalana bilmir.

Dövlət və yaxud qeyri-dövlət, fərqi yoxdur, internet media ilə bağlı müəyyən bir orqan yaradılmalı və yaxud mövcud olan strukturların birinə həvalə olunmalıdır. Fikrimcə, Milli Televiziya və Radio Yayımı Şurasına həvalə olunmalıdır, çünki biz yazılı mətbuatdan çox elektron mediaya yaxınıq, texniki baxımdan da inkişafımız da o istiqamətdədir, internet TV, radio və s. 

– İnternet mediada məlumatların tez bir zamanda çatdırılması çox vaxt yalan, dəqiqləşdirilməmiş informasiyaların yayılmasına səbəb olur. Bu məsələlərə necə baxırsınız?

– Məsuliyyət məsələsində o cür məqamlar var. Qəzetdə istənilən xəbəri dəqiqləşdirmək üçün sənin ən azı yarım gün vaxtın var. Səninlə eyni cərgədə olan rəqiblərin də bilirsən ki, nə etsələr belə gecə çapdan çıxası deyillər və səhər səninlə birlikdə yayımlanacaqlar. Burada rəqabətin start imkanları təmin olunub. İnternet məkanında isə elə deyil. Açığını deyim, hər dəfə bunu deyəndə bir az dostlar tərəfindən yanlış anlaşılır. Mən yenə o fikirdəyəm ki, jurnalistə bir az xəbəri tez çatdırmaq fürsəti vermək lazımdır. Yəni burada söhbət ondan getmir ki, əlinə keçən xəbəri yalan-doğru qoy. Əgər xəbərin doğruluğuna müxbir və yaxud redaksiya özü əmindirsə verilə bilər. Azərbaycanda, dünyanın hər yerində xəbərin mötəbərliyini təmin edən 2 mənbə olur, tutaq ki, bir rəsmi mənbədən xəbər dəqiqləşdirilir. Rəsmi mənbədən təsdiqi ala bilmirsə bu halda bir balaca fərqli düşünürəm. Rəsmi mənbədən təsdiq olunmursa, amma müxbir və redaksiya bütün məsuliyyətini nəzərə alaraq xəbərin dəqiqliyinə əmindirsə mən o cür xəbərin yaymağın tərəfdarıyam. Zamanı buna görə itirmək olmaz. Burada çox ciddi və qanlı rəqabət gedir. Bəzən saniyələrə görə xəbərləri redaktə etmədən qoyanlar olur. Biz prinsipial olaraq bunun əleyhinəyik və bizdə bu mövcud deyil. Amma, məsələn, bizə özünü rəqib bilən saytlar və ya dostlarımız, internet mediası sahəsində çalışan həmkarlarımız arasında belə şeylər olub ki, redaktəsiz xəbər qoyulub, nədir ki bir neçə saniyə ondan qabaq olsun. Bunun da əleyhinəyəm, redaktəsiz xəbər artıq xəbər deyil, bu oxucuya münasibətdir, etika məsələsidir.

– Bəzi portallar jurnalist etikasından kənar məsələlərlə özlərini reklam etməyə çalışırlar və bu cür yazılarla oxucunu cəlb etməyə çalışırlar. Onların fəaliyyəti və sonu necə görünür?

– Zənn etmirəm ki, mətbuat bu cür işlərlə məşğul olmalıdır, bu öz yerində. Amma bir neçə anlayışı öncədən dəqiqləşdirməyimiz lazımdır. Hökm çıxarmazdan qabaq mütləq düşünmək lazımdır. Mən o çağırışların tərəfdarı deyiləm ki, “mentalitetimiz var”, və s. Mentalitet və əxlaq heç kimdən xəbər almaq, informasiya toplamaq imkanını əlindən almayıb, nə də qadağa qoymayıb. Yəni mentalitet mənə heç vaxt mane ola bilməz ki, informasiya əldə edim. Əgər bu informasiya Britni Spirsin hansısa filmdə, məkanda soyunması ilə bağlıdırsa, onun böyründə o xəbəri müşayiət edən şəkil varsa, mən onun verilməsinin əleyhinə deyiləm.

Açıq-saçıq mövzular, çılpaq məsələlərin verilməsini cinayət hesab edirəm, oxucuya, peşəyə qarşı cinayət hesab edirəm. Konkret müəyyənləşdirilmiş anlayışlar var. Porno başqa şeydir, erotik material başqa şeydir, mən bunların hər ikisinin hələlik istifadəsini düzgün saymıram. Mümkünsə kənarda saxlamaq daha yaxşı olar. Mümkün deyilsə, keçilməz materialdırsa, həyat əhəmiyyətli, rəqabət baxımından sənə ciddi zərbə vuracaqsa o halda istisna kimi nəsə vermək olar, o da yüngül erotikaya aid materialdır. Burada şəkil və videoya aid materiallardan söhbət gedir. Mətnlərdə isə belə fikirlərin açıq şəkildə verilməsi redaksiyanın özünün əxlaq göstəricisidir, özünün tərbiyəsinin, özünün vicdani durumunun göstəricisidir. Hər bir halda mətni ütüləmək olar, şəkli ki, ütüləyə bilməzsən ki. Bu sənin əlindədir və mətni oxucuya daha yaxşı halda təqdim edə bilərsən. Amma xəbəri mentalitet adlı pərdəyə büküb cəmiyyətdən gizlətməyin tərəfdarı deyiləm.

– Sayt rəhbəri kimi bu gün internet məkanında sizcə samballı saytlar, yəni tam jurnalist kollektivi olan saytlar çoxdur yoxsa?

– Təəssüf ki, yox. Sahə yenidir. Bir misal çəkim. Azərbaycanın müstəqillik dövrü, tutaq 1992-ci ildən götürsək, yeni dövr müstəqil mətbuatımızın yaranmasından 20 il keçib, amma biz hələ tör-töküntülər, zir-zibillərdən qurtulmamışıq. Yerindən durub gələn, hansısa polis rəisinə acığı tutan gəlib qəzet buraxmaq istəyir, buraxır da, polis rəisini də qəzet səhifəsində söyür, yekə də şəkilini də qoyur, acığını da o cür çıxardır. Bu cür fırıldaqçılar, “reket” adlandırılanlardan hələ qurtula bilmirik. 20 illik zaman zərfində bunlardan qurtula bilmirik, qaldı ki, 3-5 yaşı olan internet mediası...

“Dəb” anlayışı var, pozitiv bir şeydir. Nəsə yaxşı bir şey çıxır və hamı ondan bəhrələnir. Biri də var ki, məsələn, iqtisadiyyatda bir anlayış var əmtəənin fetişləşməsi, qəzet sahəsində də fetişləşdirilmə oldu. Və indi onun ağrısını çəkirik. İndi də deyirlər ki, boşluqdur, qoy bir sayt da mən yaradım, desinlər ki, filankəsin də saytı var. Baxırsan ki, “copy-past”dan başqa heç bir şey yoxdur. Az-çox peşəkar fəaliyyət göstərən saytların istinadı çıxarılmış xəbərləri, materiallarından ibarət bir sayt düzəldib, adını da qoyub ki, “mən də sayt açmışam”.

Heç kim bizim yerimizi dar etmir, çünki hər kəs öz yerində oturub. Kimsə o yanda balaca həb qoyub oturubsa bundan yenə mənə heç bir şey olmur, amma bunun altını cəmiyyətimiz çəkir. Qeyri-peşəkar, bu sahədə fəaliyyəti və təcrübəsi, istedadı olmayan insanlar bu sahəyə qoşulublar.

Qanuna da demək olmur ki, “cənab qanun bunu tənzimlə”, çünki bu ağzından çıxan kimi qanun da başlayır bütün gücü ilə aqressiv şəkildə işləməyə və hamını əzir, yaxşını da, pisi də. Ona görə qanuna müraciət etmək olmur. Bir az təhlükəli məsələdir. Zənn edirəm ki, cəmiyyət, hökumət özü, media icması bir mütərəqqi platforma tapıb bu məsələlərin nəhayət ki, həllinə girişməlidir.

Hər yerindən duran hər səhər bir köşk qoyub dükan açdığı, ad qoyub qəzet çıxardığı kimi, indi də saytlar başlayıb. Hətta bir hərif belə, ən populyar saytların adlarından bir hərif belə dəyişib ondan sui-istifadə etməklə tiraj qazanmaq istəyən saytlar var. Öz hesabına, adının, bacarığının, qabiliyyətinin hesabına və jurnalistikaya xidmət edərək topladığı hörmətin hesabına fəaliyyət göstərən, yaşayan insanlara heç bir eybimiz, iradımız və etirazımız ola bilməz. Əksinə onlar həmkarlarımızdır, hər cür köməklik göstərməyə hazırıq və göstəririk də. Amma bu sahənin adına xələl gətirən fəaliyyətlə məşğul olan bu dairələrlə bağlı ciddi müzakirələrə başlamaq lazımdır.

– Bir fikir də səsləndirilir ki, onlayn qəzetlər jurnalistlərin yaradıcılıq imkanlarını məhdudlaşdırır. Onlar şikayət edirlər ki, hər gün tələsik xəbər yazmalı olurlar və ciddi yazılar yazmağa vaxt tapmırlar

– Burada format məsələsi var. Öz təcrübəmdən bir şey deyim. Lent.az-ı yaradanda prinsip olaraq qarşımıza bir məsələ qoyduq-internet qəzet yaratmaq. Ümumi şəkildə fərqləndirmək istəsək Azərbaycanda var informasiya agentlikləri, var qəzetlər. Biz istədik ki, bu informasiya agentlikləri və qəzetlərin toplandığı və bərabər şəkildə istifadə olunduğu bir platforma yaradaq və zənnimcə, yaratmışıq. Obyektiv olaraq müqayisə aparıram və görürəm ki, Lent.az formatı hələlik heç bir saytda tam şəkildə yoxdur. Demirəm ki, bu ən yaxşısıdır və digərlərində bu yaxşı yoxdur. Fərq ondadır ki, hər bir saytın öz layihələri, özünün saydığı materiallar olanda sən artıq xırda xəbərlərin konstatasiyasından qaçmalı olursan. Xırda xəbərlər janr etibarı ilə informasiya agentliyi formatıdır. Agentlik xəbərləri satır, amma biz informasiya agentliyi deyilik, xəbər satmırıq və yalnız xəbər işi ilə məşğul olmuruq. Axı oxucunun bir anı da var, axşam oturub yarım saata bir material oxumaq istəyir. Onun o anı üçün də əlində hazır materialın olmalıdır. Zövq bütün tərəfləri, parametrləri ilə təmin etməyə çalışmaq lazımdır. Oxucunun təkcə gözdən, qulaqdan, başdan ibarət deyil axı. Onun ürəyi, hissləri, yaşadığı həyat, o həyatda gördükləri var. İnsana lazım olan hər şeyi vermək lazımdır. Bizim ali məqsədimiz budur: materialın həcminin böyüklüyü, kiçikliyi, formatı janrından asılı olmayaraq ölkədə baş verən bütün hadisələr, şəxsiyyətlər, insanlar və bütün fikirlər barədə oxucuya operativ informasiya verməlisən.

– Lent.az saytını səhər açan kimi ilk kriminal xəbərlərlə, “öldürdü, qəzaya uğradı” və s. materiallar oxuyursan və bu cür xəbərlər gün ərzində də çox müşahidə olunur, saytdan bir növ qan iyi gəlir.

– Bu sözü mənə deyən birinci insan deyilsiniz, heç deyim ki, 300-cü də deyilsiniz. Çox insanlar bu sözü mənə deyib. ox adam deyib. Hamı da bir az şikayət tonunda deyir. Amma giley edən insanların yanında saytı,  etiraz etdiyi xəbəri açıram, məlum olur ki, 12000 oxunma sayı var, o zaman niyə oxuyursunuz? Yaxşı deyilsə, etiraz ediriksə niyə bu xəbərləri oxuyuruq? Deməli, başqa bir tərəfdən yanaşmaq lazımdır.

İnsanın varlıq olaraq 4 fundamental hissi var. Birincisi puldur-sərvətdir, ikincisi davam, yəni övlad, davam etmək, törəmə hissi, üçüncüsü qorxu, dördüncüsü seksdir.  4 təməl hissə aid olan istənilən mövzu olsun oxunur.

İkinci bir izahatım var ki, görünür bizim bu sahədə işləyən müxbirimiz daha yaxşı çalışır. Üçüncü izahatım belədir ki, dostlar hər zaman deyir ki, səhər işə gəlirik ki, Lent.az-ı açırıq, səhər səhifədən qan tökülür. Bizdə iş saat 10-da başlayır, mən 9-da işə gəlirəm. Mənimlə bərabər işə cəmi bir müxbir gəlir, kriminal yazarı Nizam, bu adam subaydır, evində oturda bilmirəm. Bir saatın içində “öldürdü, yandırdı, baltaladı” xəbərlərini verir. Mən də onları verməliyəm. Deyim ki, Nizam bizim iqtisadiyyat müxbirimiz olsaydı, səhər Lent.az-da çox darıxdırıcı xəbərlər olardı.

– Lent.az-a istinadlar çoxdur, yoxsa Lent.az-ın özünün etdiyi istinad?

– Ümumiyyətlə, istinadı güclü mədəniyyət göstəricisi hesab edirəm. Birincisi, atalarımızın bir sözü var, “bəy dediyin nədir, bəyənmədiyin nədir?” Sən məndən necə xəbəri götürə bilərsən, amma orada mənim adımı göstərmirsən. Bu normal, hərtərəfli şəxsiyyətin görəcəyi iş deyil və istinadı ciddi mədəniyyət hadisəsi hesab etdiyim üçün də kollektivimizə də tapşırmışam, çox sərt tələb var. Dünyadır, işdir, başa düşürəm, özümdə də belə məsələ olub, bir-iki istisna hallar var ki, nəsə nəzərdən qaça bilər, yaxud xəbərimiz olmaz ki, biz xəbəri veririk, Modern.az-da bizdən bir saat qabaqdır, ola bilər ki, sırf texniki baxımdan izləməmişik. Amma dərhal xəbər gəlirsə ki, bu xəbər bizdə gedib, araşdırırıq həqiqət olanda dərhal o xəbəri düzəldirik. Amma istinad edilməsi baxımından hansının daha çox olduğunu deyə bilmərəm, bir az çətin məsələdir. Amma biz götürdüyümüzə istinad edirik və bizdən götürülənlərdə də istinadın olmasını təmin etməyə çalışırıq.

– Əvvəlki ilə müqayisədə son vaxtlar müəlliflərin azlığı müşahidə olunur. Bu problemlərdənmi irəli gəlir?

– Açığı elə bir problemimiz yoxdur. Əgər son bir ayı nəzərdə tutursunuzsa işçilərin bir hissəsi məzuniyyətdədir. Orada 2-3 nəfər adam qalıb. Mümkündür ki, bir çox xəbəri eyni adam versin. Yay boyunca, sentyabrın əvvəlinə, məzuniyyət bitənə qədər də belə olacaq. Ümumilikdə kollektiv sayımız azalmayıb, əksinə artıb. Kənar müəlliflərimiz əvvəlkinə nisbətən bir-iki nəfər artıb. Sadəcə olaraq belə idi, məsələn keçən il bizim 10 kənar müəllifimiz vardı, ondan əvvəl 7-8 olub, bu il 12 nəfərdir. Artım tempi hiss olunmur, bunun da səbəbi var. Azərbaycanda ayrı-ayrı saytlarla əməkdaşlıq edən keyfiyyətli jurnalistlər 3-5 nəfərdir, onlarla da əməkdaşlıq edirik. Məsələn, Günel Mövlud, Anar Yusifoğlu, İlham Tumas, İbrahim Rüstəmov... Bu müəlliflər Lent.az başlayandan bizlə əməkdaşlıq edən insanlardır və hələ də bizimlədirlər.

– Lent.az-da yeni layihələr gözlənilir?

– Əlbəttə, hazırda əlimizdə iki ciddi layihə var və bunlar saytın böyüməsi ilə bağlıdır. Yaradıcı layihələrimiz var, bunlar əsasən saytın böyüməsi ilə bağlıdır. Yəqin ki payızın ilk ayı, hər halda sentyabra çatdırmağa çalışırıq. Bunun üçün hər şeyi etməyə çalışırıq, həm texniki baxımdan, həm insan resursları baxımından işlənilir. Çalışırıq ki, Lent.az timsalında oxucu üçün çox rahat, çox geniş miqyaslı platforma verək.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü