Modern.az

Ağdamda üç nəfər minaya düşdü - biri şəhid oldu

Ağdamda üç nəfər minaya düşdü - biri şəhid oldu

Qarabağ

14 Dekabr 2020, 12:02

2020-ci il dekabrın 13-də saat 17 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin bir hərbi qulluqçusu və Ağdam rayon sakinləri 1984-cü il təvəllüdlü Əhmədov Toğrul Vilayət oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Elçin Qanboy oğlu işğaldan azad olunmuş Ağdam rayonunun Şahbulaq kəndinin ərazisində olarkən piyada əleyhinə minaya düşmüşlər. Nəticədə Elçin Məmmədov həlak olmuş, hərbi qulluqçu və Toğrul Əhmədov isə ağır dərəcəli bədən xəsarətləri almışlar.

 

Modern.az xəbər verir ki,  bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
 

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizaları təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir.

 

Hazırda faktla bağlı prokurorluq və polis əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirilir.

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha əhaliyə xəbərdarlıq edərək, işğaldan azad olunmuş ərazilərdə təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır