Modern.az

Xaricdən könüllü cəbhəyə gələn həkim: “Bir əsgər vardı, qolunu-ayağını itirmişdi, amma döyüşə qayıtmaq istəyirdi ” - MÜSAHİBƏ

Xaricdən könüllü cəbhəyə gələn həkim: “Bir əsgər vardı, qolunu-ayağını itirmişdi, amma döyüşə qayıtmaq istəyirdi ” - MÜSAHİBƏ

Müsahibə

14 Dekabr 2020, 14:33

Müharibəni qələbə ilə yekunlaşdırmaq üçün bütün sahələrdə generallara ehtiyac olur.


Müharibəni dünyaya çatdırmaq üçün informasiya sahəsində general, döyüşdə yaralanan əsgərlərimizi sağaltmaq üçün səhiyyə sahəsində general, danışıq masasında düşmən tərəfin dilini qurutmaq üçün diplomatiyada general və s.


Təbii ki, ilk olaraq hərb sahəsində general öz sözünü deməlidir ki, qalan sahələrdə də fədakar insanlar “generallıq” etsinlər. Azərbacanın Ali Baş Komandanının rəhbərliyi ilə Ordumuz öz işini gördü, torpaqlarımızı azad etdi.


Bu yazıda səhiyyə sahəsinini bir “general”ından bəhs edəcəyik. O şəxs ki, 1999-cu ildən xaricdə həkim kimi çalışır. Müharibə başlayanda isə Azərbaycana qayıdaraq, könüllü cəbhə bölgəsinə yollanıb. Müharibə bitəndən isə çantasını yığışdırıb çalışdığı ölkəyə qayıdıb.


O, özünü reklam etmədi, səssiz gəlib səssiz də getdi. Söhbət Türkiyədə yaşayan soydaşımız, əslən Laçından olan reanimatoloq-anestezioloq Fəxri Cəbrayılovdan gedir.


Modern.az
saytının əməkdaşı qəhrəman həkimdən müsahibə alıb.



- Fəxri doktor, müharibənin başladığını eşidəndə hansı hissləri keçirdiniz?

- Mən laçınlıyam və Birinci Qarabağ savaşının iştirakçısı olmuşam. 1985-ci ildən Azərbaycandakı bütün problemləri canlı yaşamışam. İkinci Qarabağ müharibəsi başlayanda isə mən uşaq kimi sevinirdim, heç vaxt belə sevincli olmamışdım. Çünki doğma vətənimizə geri dönməyənə qədər rəzilliyimiz, utancımız var idi. Öləndə harada dəfn olunacağımızı bilmirdik. Amma şükürlər olsun ki, artıq torpaqlarımız azaddır, bu gözəl günləri yaşamaq bizə qismət oldu. Var olsun bizə bu günü yaşadan Azərbaycanın Ali Baş Komandanı, qəhrəman Azərbaycan əsgəri...


- Azərbaycana gəlib müharibədə həkim kimi iştirak etmək üçün nələr etdiniz?


- Azərbaycana gəlmək üçün hər yerə getdim, amma deyirdilər ki, yaşın çoxdur, səni cəbhəyə  göndərə bilmərik. Bu cavabı eşidəndə özümü pis hiss etdim. Sanki Vətən üçün yararsız şəxs idim, 59 yaşımda belə bir halla qarşılaşacağımı heç düşünmürdüm. Amma dayanmadım. Nəhayət TƏBİB-ə müraciət etdim. Müsbət cavab alanda isə necə sevindiyimi təsəvvür edə bilməzsiniz. Çox sevinirdim, sonra Bakıya gəldim. Ardınca Füzuliyə getdim, 10 gün orda  qaldım. Bir müddət sonra Cəbrayıl və Daşkəsənə getdim.


- Müharibə
yə getmək istəyinizi ailəniz necə qarşıladı?

- Anam hər zaman başqa bir şəhərə getdiyimdə, hansısa iş səyahəti zamanı istəmir onun yanından ayrılam. Amma Azərbaycana gəldiyimi biləndə alnımdan öpdü, dedi get, amma özünü qoru, ehtiyatlı ol. Hətta həyat yoldaşım da mənimlə birlikdə gəlmək istəyirdi, amma ona icazə vermədilər.


- Siz döyüşlərin getdiyi ən qızğın nöqtələrdə olub əsgərlərimizin həyatını xilas etmisiniz, nələr yaşadığınızı, nələrlə qarşılaşdığınızı danışa bilərsiniz?

- Olanların hamısını danışmaq mənim üçün çətindir. Yaşadığım çox hadisəni yada salmamağa çalışıram. Bir onu deyə bilərəm ki, müharibə insanlığın üz qarası, vəhşiliyin son həddidir...

Xilas etdiyim əsgərlər çox olub. Daşkəsən hospitalında olduğum zaman dörd əsgərin həyatını xilas etdim. Dördünün də ürəyi dayanmışdı… Allah onları bizə bağışladı. Gördüyüm işləri dilə gətirmək mənim üçün xoş deyil. Ona görə ki, Vətən üçün hər birimiz təmənnasız olmalıyıq. Digər tərəfdən isə axı bizim etdiklərimiz əsgərlərimizin qəhrəmanlığı ilə müqayisədə zərrə də deyil. Siz Azərbaycan əsgərinin qəhrəmanlığından yazın. Şəhidlərimizdən yazın. Şəhidlərimizi bu dünyaya gətirən analarımızdan yazın. Xalqımızın birliyindən yazın. Ali Baş Komandanımızın fədakarlığından, qətiyyətindən, xalqa bağlılığından yazın. Məni yada saldığınız üçün sizə minnətdaram. Amma inanın ki, səmimi deyirəm, etdiklərimi dilə gətirmək özümü öz gözümdən salır. Baxın, mənə nə sual verirsiniz, özümdən asılı olmayaraq əsgərlərimizdən danışıram.  


- Cəbhədə başınıza gələn, heç vaxt unutma
yacağınız hadisələr varmı?

- Bir dəfə yaralı əsgər gətirmişdilər, o gəlməzdən öncə mən videolarına baxmışdım. Yaraları da hədsiz çox idi. İlk yardım göstərdik, sonra bizimlə şəkil çəkdirdi, söhbət etdik, onun qəhərmanlığını öz dilindən eşitmək bir əfsanəydi. Təəssüf ki, həmin əsgərimiz sonra şəhid oldu. Bu, mənim ömrüm boyunca unutmayacağım bir hadisədir.

Bir əsgər də var idi, qolunu, ayağını itirmişdi, mən onu Qubadlıdan Bakıya gətirirdim, yolda mənə hərbi mahnı oxuyurdu. Təsəvvür edirsiniz…  Dedi ki, mənə protezdən ayaq, qol tax, yenidən qardaşlarımın yanına, döyüşə qayıdım. Bu nə deməkdir, ilahi, ayağın, qolun yoxdu, amma sən yenə də döyüşmək istəyirsən. Belə ürək ancaq Azərbaycan əsgərində ola bilərdi... İnanın elə bil yuxu görürdüm. Həmin an ayağına yıxılıb öpmək, duz kimi yalamaq istəyirdim onu.

Heç ağlımdan çıxmaz, ayağını və əllərini itirmiş başqa bir əsgər də var idi. Təcili yardım maşınında Bakıya aparırdıq. Ailəsi ilə danışmaq üçün məndən telefonu aldı, atasına zəng vurdu. Atasının ona ilk sualı bu oldu: "Ayaqların, əllərin yerindədirmi?", əsgər cavab verə bilmədi. Necə cavab vermək olar axı, çox ağırdır. Atasının sualından sonra həmin əsgər bədəninə və bizə baxdı. Cavab vermədi atasına. Bir onu dedi ki, hər şey yaxşıdır, Qarabağı azad edirik...

Cəbhədə tamamilə başqa insan olursan, baş verənlər sənə o qədər də təsir etmir, amma qayıtdıqdan sonra hər dəfə yadına düşəndə sanki dünya insanın başına yıxılır... Sən nələrə şahidlik etmisən, adam. Sən nələr görmüsən, adam. İndi mənə elə gəlir ki, o mənzərələri görsəm, ürəyim partlayar.



- Əsgər ailələri ilə
görüşürdünüzmü?


- Bəli, bir dəfə Bakıya yaralı əsgər gətirən zaman yolda dayanmalı olduq. Valideynləri əsgərlə görüşmək istəmişdi. Anası, atası övladlarını gördü, sanki dünyanı onlara verdin. Necə qucaqlaşdılar, görüşdülər. Mən o valideynlərin əllərindən öpdüm, çox dəhşətli mənəzərə idi, kaş videoya çəkə biləydim o anı.

Övladı şəhid olan valideynlər gəlirdi xəstəxanaya. "Oğlum nolardı, tez ölməyəydin, biraz da döyüşərdin" deyib ağlayırdılar, “niyə öldün?” deyə yox. Təsəvvür edə bilirsinizmi, bu mənzərəni? Övladın artıq yoxdur, amma sən vətən üçün ağlayırsan, dəhşətli mənzərələr idi... Belə bir millətin fərdi olmaq xoşbəxtlikdir. Belə bir millət məğlub edilməzdir.


- Fəxri bəy, siz özünüz
də Laçındansınız. Doğma rayonun azad edildiyini eşidən zaman nələr düşündünüz, ağlınıza ilk gələn nə oldu, hislərinizi bölüşə bilərsinizmi?

- Laçın azad olunan zaman Bakıda idim. Amma o hissi anlatmaq mümkünsüz bir şeydir. Həyatımda heç yaşamadığım bir hissdir.


- Laçına getməyi planlaşdırırsınızmı?

- Əlbəttə getmək istəyirəm, amma virusla mübarizə şəraitində olduğumuz üçün indi Azərbaycana qayıtmaq mümkün deyil. İlk fürsətdə mütləq Laçına gedəcəm.



Mehri QURBAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir