Modern.az

Müharibə vəziyyətində TV-lərin fəaliyyəti: auditoriya istədiyi informasiyanı ala bildi

Müharibə vəziyyətində TV-lərin fəaliyyəti: auditoriya istədiyi informasiyanı ala bildi

Media

14 Dekabr 2020, 15:00

Vətən müharibəsində Azərbaycan jurnalistikasının fəaliyyəti müzakirə olunmaqdadır. Mediamızın müharibəni işıqlandırması barədə əksəriyyətin fikri müsbətdir. Yerli KİV-lərin cəbhə bölgəsindən mütəmadi olaraq cəmiyyətə informasiya çatdırdığını, internet resurslarının və telekanalların əhalini informasiya ilə mütəmadi təmin etdiyini söyləyənlərin sayı kifayət qədərdir. Bununla yanaşı, müəyyən tənqidlər də mövcuddur. Xüsusən də telekanalların operativlik baxımdan geri qaldığını deyənlər var. Mütəxəssislər isə hesab edirlər ki, əvvəlki illərdən fərqli olaraq mediamız, xüsusən də televiziya jurnalistikası bu baxımdan inkişaf edib.

 

İnternet resurslarla yanaşı, telekanallarımız cəbhə bölgələrindən ən son məlumatları çatdıra bildi, təmas xəttindən mümkün olduğu qədər, dövlətin informasiya siyasətinə zidd olmayaraq kadrlar göstərə bildilər. Məlumdur ki, müharibə başlayan andan internetdə müəyyən məhdudiyyətlər yaradıldı, sosial şəbəkələrdə dezinformasiyaların qarşısının alınması üçün addımlar atıldı. Bu halda peşəkar media nümunələri, televiziyalar, saytlar cəmiyyəti informasiyasız qoymadı. Mütəxəssislər hesab edirlər ki, televiziyalarımız əvvəlki illərlə müqayisədə çox dəyişiblər. Xüsusən də müharibə dövründə vətəndaşların informasiya təminatını həyata keçirdilər, həm də müharibə zamanı lazım olan formada, informasiya axınını peşəkar şəkildə idarə etdilər. İstər Azərbaycan Televiziyası (AzTV), istərsə də özəl telekanallar üzərlərinə düşən işi laiqincə yerinə yetirməyə çalışdılar.

 

 

 

Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli hesab edir ki, ümumilikdə müharibə dövründə mediamızın işini qənaətbəxş saymaq olar. Televiziyaların tənqid hədəfinə çevrilməsinə gəldikdə, professor hesab edir ki, televiziya medianın görünən tərəfidir: “Orada məlumatların çatdırılması daha çox nəzərə çarpır deyə, tənqidlər də çox olur. İnsanlar televiziyalarda məlumatları detallı görürlər, bu baxımdan qiymətləndirməyə çalışırlar. Ümumi götürəndə, Azərbaycan televiziyalarının müharibə dövründəki fəaliyyətini qənaətbəxş hesab etmək olar. Yaxşı cəhətdən də özlərini göstərdilər, çatışmayan xırdalıqlar da oldu. Yaxşı cəhət kimi onu demək olar ki, cəbhə xəttinə birbaşa giriş məhdud olsa da, cəbhəyanı rayonlardan, kəndlərdən məlumatları mütəmadi çatdırdılar. Əvvəlki dövrlərdən fərqli olaraq, TV-lərimiz fəallıq nümayiş etdirdilər, cəmiyyəti informasiya ilə təmin etmək istiqamətində çox çalışdılar. Xüsusən də, AzTV, İTV, “REAL” TV və digər kanallarımızın yerli müxbirləri, Bakıdan ezam olunmuş müxbirləri mütəmadi işlədilər. Cəbhəyanı kəndlərimizdə, şəhərlərimizdə insanların əhvalı, yaşamları haqqında ətraflı reportajlara rast gəldik. AzTV, İTV, digərləri xəbər buraxılışlarında, verilişlərin ortasında canlı bağlantılar etdilər. AzTV mütəmadi olaraq birbaşa bağlantılar etdi, xüsusi xəbər buraxılışları efirə verdi. Müharibə başlayan andan proqram dəyişdirildi, müharibə vəziyyətinə uyğunlaşdırıldı. Televiziyalarda davamlı verilişlər hazırlandı, müharibənin gedişi haqqında məlumatlar verildi. Studiyaya mütəxəssislər dəvət olunurdu, xarici ekspertlər verilişlərə canlı bağlanırdı, təhlillərini verirdilər. Müharibəni bütün aspektlərdən təhlil etməyə çalışdılar. Şərhlər həddindən artıq çox oldu ki, cəmiyyət həm də bu şərhlər vasitəsilə məlumatlandı. Yəni, auditoriya istədiyi informasiyanı, istədiyi şərhi ala bildi”.

 

“Cəbhə ilə bağlı, işğaldan azad edilən ərazilərlə bağlı, döyüşün gedişi ilə bağlı da Müdafiə Nazirliyi məlumatı çatdırırdı. Eyni zamanda Prezident müraciətlər edirdi, Tvitlər paylaşırdı ki, onu həm də TV-lər cəmiyyətə çatdırırdılar. Rəsmi xəbərləri isə televiziya kanalları istər efir vasitəsilə, istər sosial mediadakı hesablarından paylaşırdılar. Televiziyalarımıza tənqidlər Gəncədə baş verən erməni terrorunun gecə saatlarında operativ şəkildə çatdırılmasındakı gecikmələrlə bağlıdır. Bunun da obyektiv və subyektiv səbəbləri ola bilər. Ekstremal vəziyyətlərdə işləmək baxımından təkcə televiziya məkanımızda yox, ümumi mediamızda problemlər var. Eyni zamanda, texniki məsələlər də var ki, bunlar da operativlikdə çətinliklər yaradır. Bir qədər də peşəkarlıq baxımından axsamalar var. Yəqin ki, televiziyalarımız bu nöqsanları aradan qaldıracaqlar. Onu da deyim ki, İkinci Qarabağ müharibəsi həm də bir praktika oldu: həm televiziyalar, həm bütün KİV-lər, həm də jurnalistlər üçün. İnşallah müharibə olmasın, amma olarsa, inanıram ki, mediamız, televiziyalarımız, jurnalistlərimiz informasiya çatdırılmasını daha çevik, daha dolğun şəkildə həyata keçirəcəklər. Çünki artıq təcrübə var”, - deyə Q.Məhərrəmli fikrini tamamlayıb.

 

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə deyir ki, indiki şəraitdə internetin qarşımızda açdığı imkanlar, sosial media alətləri informasiya müharibəsi problemini bizim üçün aktuallaşdırır: “Müharibə şəraitində informasiya müharibəsi bizim üçün çox həssas mövzudur. Döyüşlərin getdiyi zaman bu məsələyə bir qədər fərqli yanaşanlar oldu. Erməni tərəfi müxtəlif yalan məlumatlar vasitəsilə çaşqınlıq yaratmağa çalışırdı ki, bunun qarşısını internetə məhdudiyyətlə tam olmasa da, ala bildik. Bu zaman peşəkar medianın önəmi daha çox oldu ki, hesab edirəm, KİV bunu yerinə yetirə bildi. Əlaxüsus da televiziyalarımız böyük işlər gördülər. İndi tənqidlər var ki, telekanallar gec informasiya verirdi və s. Mən bununla razı deyiləm. Birincisi ona görə ki, müharibə dövründə də, adi vaxtda da, peşəkar jurnalistikanın əsas məqsədi xəbəri tez vaxtda yox, dəqiqliklə yaymaqdır. Müharibə ilə bağlı xəbərləri yayımlayarkən mütləq şəkildə müəyyən çərçivələri nəzərə almalı, nüanslara diqqət yetirməliyik. Ölkə müharibə şəraitindəykən, “ən birinci xəbəri mən verim”, kimi nüanslardan imtina etmək lazım gəlir. Jurnalistin bir nömrəli vəzifəsi cəmiyyəti dolğun, düzgün və obyektiv xəbərlə təmin etməkdir. Sual oluna bilər ki, dəqiqlik, yoxsa operativlik? Birmənalı şəkildə deyim ki, dəqiqlik meyarı digərlərindən daha öndə dayanmalıdır. Peşəkar media məhz dəqiqlik, qərəzsizlik və obyektivlik üzərində işini qurur. Bir xəbərin düz olmasından nə qədər əmin oluruqsa olaq, o rəsmi təsdiqini tapmayıbsa, onu paylaşa bilmərik. Xüsusən də cəbhə xəbərlərinə həssas yanaşmaq lazımdır. Bunu da mediamız, televiziyalarımız yerinə yetirdilər. İkinci məqam isə yerli medianın, yerli telekanalların cəbhə bölgəsindən operativ xəbər çatdırması məsələsi. Şəxsən mən məlumatları telekanallarımızdan, xüsusən də AzTV-dən alırdım. İnsanlar dəqiq informasiya üçün daha etibarlı kanallara müraciət etməli və alternativ kanallar axtarmamalıdırlar. Çünki nəticə etibarı ilə bu vəziyyət onları yanlış istiqamətə apara bilər. Peşəkar fəaliyyəti ilə inam doğuran informasiya mənbələrinə etibar etmək olar ki, bunlardan bizi də AzTV idi. Mən müşahidə etdim, cəbhə bölgəsindən canlı bağlantılar qurulurdu, ətraflı məlumatlar verilirdi. Cəbhəyanı kəndlərdən, insanların yaşayışından, erməni terrorundan əziyyət çəkən mülkilərimizin həyatından, mülki obyektlərin dağıdılması barədə reportajlar hazırladılar. Eyni zamanda, dövlət televiziyasında analitik verilişlərlə müharibənin təhlili aparılırdı, ekspertlərin iştirakı ilə canlı proqramlar yayımlanırdı. Bu gün də belə proqramlar, təhlil xarakterli ciddi verilişlər verilir. Həmçinin də, digər kanallarımız, İTV, “REAL” TV, “Xəzər” TV bölgələrə əməkdaşlar ezam etdilər, mütəmadi informasiyalar hazırlandı. Yəni, hesab edirəm ki, televiziyalarımızın, mediamızın müharibə dövründəki fəaliyyətini inkar etmək olmaz. Ola bilsin ki, müəyyən xırda nöqsanlar oldu. Bu, ümumilikdə görülən işə gölgə salmamalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?