Modern.az

Zəfər salnaməsindən İKİ YARPAQ

Zəfər salnaməsindən İKİ YARPAQ

15 Dekabr 2020, 01:31

Ötən əsrin 80-ci illərinin sonunda nankor qonşularımızın ölkəmizə qarşı qaldırdığı əsassız torpaq iddiaları qanlı münaqişəyə çevrildi və bir milyona yaxın vətəndaşımız doğma yurd-yuvalarından didərgin düşdü, minlərlə igidimiz şəhid oldu, yaralandı,əlil oldu və s. İndi bir cümlə ilə ifadə edilən bu qanlı savaşın ortaya çıxardığı problemlər, gətirdiyi ağrılar bir xalq olaraq hamımızı sarsıtmışdı... Məkrli, azğın, riyakar düşmənin zaman-zaman min bir hiylə ilə qopardığı tarixi  torpaqlarımızda özünə dövlət qurmasına baxmayaraq, yeni ərazilərimizi ələ keçirməklə “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün növbəti addımlar atmaqda idi... İkili standartlara əsaslanan, Beynəlxalq hüququn sadəcə bəhanə pərdəsi olduğu bir dünyada erməni yalanları ayaq tutub 30 ilə yaxın bir müddətdə yerimişdi də... BMT-nin bəh-bəhlə qəbul etdiyi, lakin icrasına məhəl belə qoyulmayan qətnamələri, digər Beynəlxalq təşkilatların kağız parçasından başqa bir şey olmayan qərarları, ATƏT-in Minsk qrupu adlanan “siyasi teatr truppası”nın apardığı sehirbazlıq elementlərini xatırladan mənasız danışıqlar nəticəsi olmayan, status kvonun saxlanmasına, dayanıqlı olmayan sülhə dayanıqlıq vermək cəhdlərindən başqa bir şey deyildi... 30 ilə yaxın davam edən danışıqlar isə yalnız düşmənə, ona məxsus olmayan torpaqlarda meydan sulamağa, “yallı” getməyə, oğurluq qazanc əldə etməyə, qondarma ”dövlət”, oyuncaq “parlament”qurmağa şərait yaradıb... Kifayət qədər uzun müddət ərzində Azərbaycan Dövləti sülhməramlı niyyətlə münaqişənin dinc yolla həll edilməsinin tərəfdarı olduğunu sübut etmiş, tarixi ədalətin bərpası üçün səbr və təmkin nümayiş etdirmişdir. Lakin münaqişənin hərbi həllinin mümkün olmadığını təkidlə israr edən barışdırıcılar haqqı müdafiə etmək əvəzinə danışıqlar naminə danışıqlar yolunu seçdilər... Münaqişənin dondurulması ilə sülhün təmini olduqca etibarsız variant olsa da həmsədrlər 30 ilə yaxın bir vaxtda regionda hər dəqiqə alovlana biləcək bir konflikti yoluna qoymaqda israrlı idilər... Qurduğu mifə özündən başqa kimsənin inanmadığı Ermənistanda isə özünü qalib hesab edərək yuxarı tonda danışan, “qüdrətli ordusu” ilə öyünən, “Qarabağ Ermənistandır və nöqtə” deyə bəyanat verən avantürist hakimiyyət problemin onlarçün bitdiyini elan edərək  danışıqlar prossesini tamamilə pozdu və 2020-ci ilin yayında Tovuz rayonu istiqamətində, bir qədər sonra isə Qarabağa diversiya qrupu göndərərək təxribatlar törətməyə başladı. Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq Ermənistan hakimiyyəti şərtlər irəli sürməyə, tələblərinin təmin edilmədiyi halda “yeni ərazilər naminə yeni müharibə” kimi sərəsəm fikirlər səsləndirməyə başladı... Münaqişənin hərbi-siyasi yolla həllinin mümkünlüyünü, sülh yolu ilə mümkün olmadıqda isə  torpaqların hərbi yolla azad edəcəyini bildirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycanın öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini dəfələrlə bəyan etmişdi. Ən nəhayət, 27 sentyabr 2020-ci il tarixində işğal etdiyi ərazilərdən hücuma cəhd edən Ermənistan qoşunlarına qarşı əks hücumun həyata keçirilməsi əməliyyatı barədə Ali Baş Komandan əmr verdi. Bütün cəbhə boyu torpaqların azad edilməsi uğrunda Vətən Müharibəsi başlandı...

 

 

Xalq müsəlləh əsgər olaraq Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi... Çoxdan, lap çoxdan torpaqlarımızın mənfur düşmən tapdağından qurtulması üçün mübarizəyə hazır olan xalq, Ali Baş Komandanın bir çağırışı ilə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin çağırış məntəqələrinə axışdı... Şair dostum Qulu Ağsəsin təbirincə desəm: Xalqın əldə etdiyi ilk yüksəklik RUH YÜKSƏKLİYİ oldu... bu Yüksəklik  hücum əmri verən Böyük Sərkərdəmizin ətrafında dəmir yumruq kimi birləşib, həmin yumruqla işğalçı düşmənin başını əzməyi, onu torpaqlarımızdan qovub çıxarmağı şərtləndirirdi...

 

44 gün davam edən Vətən Müharibəsi Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan əsgərinin rəşadəti sayəsində Şanlı Azərbaycan Ordusunun möhtəşəm qələbəsi, torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi... Bu, Azərbaycan tarixinin ən şərəfli salnaməsinə çevrilən  elə bir möhtəşəm qələbədir ki, xalq var olduqca qürurla, şərəflə anılacaq, fəxarətlə bayaram ediləcək... Bir həqiqət var ki, belə möhtəşəm qələbə əsgər rəşadəti, igid qəhrəmanlığı, şəhidlərin müqəddəs qanı bahasına həqiqət olur! Elə bir həqiqət ki, onun adı qəhrəman xalqın zəfər tarixidir... Həmin tarix isə Vətən Müharibəsinin iştirakçısı olan hər kəsin, ilk növbədə şəhidlərin, xüsusilə əsgərlərin, zabitlərin, komandirlərin şahidi olduqları döyüş yolundan ibarətdir... Vətənin azadlığı yolunda canını fəda edən şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, onların əziz xatirəsinə ehtiramımı bildirirəm... Məqsədim Vətən Müharibəsinin iştirakçısı olan iki qazimizin maraqlı döyüş yolundan söz açmaqdır...

 

 

Ağayev Mahir Murtuz oğlu – 1995-ci ildə Cəlilabad rayonunun Muğan kəndində anadan olub. Orta təhsilini doğma kənddə alıb. 2017-ci ildə Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetini bitirib. 2018-ci ildə həqiqi hərbi xidmətə çağrılan Mahir özünü nümunəvi əsgər kimi göstərib və dəfələrlə ali komandanlığın təşəkkürnamələri ilə təltif edilib. Ordudan təxris olunduqdan sonra ixtisası üzrə əmək fəaliyyətinə başlayıb... Onun ən böyük arzularından biri də mənfur düşmənin tapdağı altında qalan Qarabağımızı azad görmək olub... Vətənpərvər gənc olaraq o da Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyən igidlərdən olub. Dediyinə görə ömrünün ən yaddaqalan günlərindən biri, bəlkə də birincisi 27 sentyabr 2020-ci ildir! Vətən Müharibəsinin başlanması ilə Qarabağın azadlığa qovuşacağına inanan Mahir heç bir çağırış gözləmədən Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin çağırış məntəqəsinə  müraciət edərək könüllü olaraq hərbi xidmətə getmək istədiyini israrla xahiş etmişdir. Dövlət xidməti vətənpərvər gəncin arzusunu nəzərə alıb onu döyüşən ordu sıralarına cəlb edib. Beləliklə, qəlbindəki Vətən sevgisini torpaqlarımızın düşmən tapdağından azad edilməsi yolunda məşələ çevirən Mahir müharibənin ilk günlərindən rəşadətlə vuruşur, komandirlərin tapşırıqlarını dərhal icra edir, igidlik nümayiş etdirir... Müqəddəs amal uğrunda əsgər yoldaşları, səngər dostları ilə çiyin-çiyinə irəliləyir. Cabrayıl, Füzuli, Zəngilan və Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə igidliklə vuruşan mərd əsgərimiz bu ulu yurd yerlərimizin azad edilməsində azca da olsa əməyinin olmasından qürur duyur... El-obasının da fəxri olan Mahir Qubadlının azadlığı uğrunda döyüşlərdə minaya düşərək yaralanır... Həkimlərin səyi və onun təkidli xahişləri  öz bəhrəsini verir və Mahir tezliklə sağalaıb döyüş yerinə- əsgər yoldaşlarının yanına, səngərə qayıdır... Vətənin azadlığı uğrunda gedən mübarizədə iştirak etdiyinə, möhtəşəm qələbənin sevincini əsgər olaraq səngərdə yaşadığına görə taleyindən razı olduğunu deyən Mahir, bu sevincin ləzzətinin tamailə ayrı olduğunu fərəhlə qeyd edir... İgid əsgər bu gün də Şuşa şəhəri yaxınlığında, Daşaltı kəndində xidmətini davam etdirir. Müzəffər əsgər, qalib əsgər, zəfərin mübarək!

 

 

İskəndərov Cavid Elçin oğlu- 1991-ci ildə Lerik rayonunun Rvarud kəndində anadan olub. 2008-ci ildə Bakı şəhəri, Xəzər rayunu, Binə qəsəbəsindəki  117 saylı Tam orta məktəbi bitirib və həmin il də Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunub. Qəlbi Vətən eşqi ilə döyünən Cavid 2012-ci ildə Akademiyanı  bitirib və  dərhal da ordu sıralarına xidmətə  yollanıb. 2013-cü ildə ordudan təxris olunsa da Vətən torpaqlarının işğal altında qalması ilə barışmayıb və Qarabağın nə vaxtsa öz azdlığına qovuşmasına ürəkdən inanıb. Haqsızlığın qurbanı olan dilbər guşələrimizin, yurd yerlərimizin erməni vandalları tərəfindən qəsb edilməsi uzun sürə bilməz deyə düşünüb həmişə... Ali Baş Komandanımız, Müzəffər Sərkərdəmiz  İlham Əliyevin söylədiyi fikirlərə cani-dildən inanan Cavid, Azərbaycan xalqının öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyindən həmişə əmin olub.

 

 

Ölkə Başçısı dəfələrlə “münaqişənin siyasi yolla həlli mümkün olmadıqda Azərbaycan xalqı öz dədə-baba torpaqlarını silah gücünə azad edəcəyini” də  söyləmişdi... Qəlbindəki Vətən sevgisi, Qarabağ narahatlığı Cavidi taleyini Azərbaycan Ordusu ilə bağlamağa sövq etdi. 2017-ci ilin fevral ayından hərbi polis sıralarında xidmətə başlayan zabitimiz, sanki Qarabağda baş verəcək Vətən Müharibəsini qəribə intusiya ilə sanki öncədən hiss edərək  2020-ci ilin mart ayından Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Motoatıcı taqım komandiri ixtisası üzrə təhsil alıb. Bu ilin iyul ayında təhsilini müvəffəqiyyətlə başa vuran Cavid İskəndərov dərhal IV Ordu Korpusunun N saylı hərbi hissəsində taqım komandiri kimi xidmətə başlayıb. Artıq şanlı Azərbaycan Ordusunun sıralarında fəaliyyətdə olan zabitimiz hər an Qarabağın azadlığı uğrunda mübarizəyə hazır idi... Və nəhayət 27 sentyabr 2020-ci il... Müzəffər Azərbaycan əsgərinin səbirsizliklə gözlədiyi müqəddəs gün... Ali Baş Komandanın əmri ilə döyüş tapşırığının icrasına başladığı günü Cavid öz ömrünün ən yaddaqlan, ən əlamətdar günü hesab edir.

 

 

İlk gündən torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən komandir tabeliyində olan əsgərlərlə rəşadət nümunələri göstərir, düşmənə sarsıdıcı zərbələr endirirdilər. Təyinata görə öndə gedən motoatıcılar dəfələrlə işğalçı düşmənlə üzbəüz mübarizədə rəşadət göstərərək onları mövqelərindən qovub çıxarmış, ordumuzun irəliləməsi istiqamətində uğurlara imza atmışlar... İlk azad edilən kəndlərimizə, yurd yerlərimizə ilk qədəm basmağın sevincini yaşamaq  da onlara nəsib olub... Cavid qəhrəman igidlərimizin həmlələri qarşısında düşmənlərin necə aciz durumda qalmasını, döyüş meydanından çarəsizcəsinə qaçmasını öz gözləri ilə görüb, düşmənin qorxaqlığının   şahidi olub... Füzuli-Cəbrayıl istiqamətində keçdiyi döyüş yolu asan olmasa da, ağır yaralanması səbəbindən sondək azğın düşmənlə vuruşa bilməməsindən çox heyifslənir qəhrəman zabitimiz...

 

 

Döyüşlərin birində həyatını təhlükəyə atmaqdan çəkinməyərək ağır yaralanan əsgər yoldaşını döyüş meydanından çıxarmağa çalışan Cavid düşmən snayperinin atdığı gülləyə tuş gəlir. Döş qəfəsini dəlib deşən ağır güllə yarası almasına baxmayaraq əsgər yoldaşını xilas edir və bundan sonra hadisələrin necə cərəyan etməsindən xəbəri olmur. Gözlərini Füzulidəki hərbi hospitalda açan qəhrəman zabit artıq əməliyyat olunduğunu görür... Sonra isə hərbi helikopterlə Bakıya çatdırılan Cavidin müalicəsi uzun çəkir... Təkidli xahişlərinə, həkimlərin səylərinə baxmayaraq ona cəbhəyə qayıdıb işğalçılarla yenidən üzüzə gəlmək nəsib olmur. Hospitalda müalicə aldığı zaman Müzəffər Ali Baş Komandan, möhtərəm cənab İlham Əliyev müharibənin bitməsini, Ermənistanın kapitulyasiya aktına imza atmasını bəyan edir. Qələbə xəbərini hərbi hospitalda alasa da, Qarabağın azad edilməsinə görə sevinc göz yaşlarını saxlaya bilmir...

 

Mən möhtəşəm qələbəmizin iki mübariz əsgərindən söz açdım bu yazıda... Qarabağın azadlığı uğrunda vuruşan hər əsgərin, zabitin, komandirin, canını fəda edən Şəhidin, bir sözlə mərd mübarizlərimizin hər birinin döyüş yolu bir dastandır... Zaman-zaman bu dastanlar qələmə alınmalı, Qarabağın Zəfər  salnaməsi yaradılmalıdır...

 

 

Mail AĞAXANOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub