Modern.az

Əli Həsənov müharibə bəyanatı verdi

Əli Həsənov müharibə bəyanatı verdi

27 İyul 2012, 13:45

Azərbaycan dövləti işğal edilən torpaqları azad etməyə hazırlaşır. Torpaqların azad edilməsində dövlət Ermənistana heç bir güzəştə getməyəcək”. Modern.az  APA-ya istinadən bildirir ki, bu açıqlamanı Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov verib.
“Ermənistan tərəfindən Azərbaycana dəymiş ziyanın hesablanması üçün struktur müəyyənləşdirilməlidir. Bunun üçün beynəlxalq təcrübə öyrənilməlidir”.

Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov  “Baş vermiş münaqişələrdə dəyən zərərin hesablanması” mövzusunda keçirilmiş konfransda deyib ki, bəzi beynəlxalq qurumların bununla bağlı apardığı hesablamalara inam var:

“Məqsədimiz odur ki, dəymiş ziyan beynəlxalq qurumların iştirakı ilə hesablansın və ortaya beynəlxalq standartlara uyğun sənəd qoyulsun. Bu məsələ hər birimizin - dövlətin, hökumətin və cəmiyyətin problemidir. Ona görə də bu məsələyə ciddi yanaşmaq lazımdır. Azərbaycan hökuməti bu məsələdə nə kömək lazımdırsa, edəcək. Biz prezident İlham Əliyevdən bu tapşırığı almışıq, məsələ baş nazir Artur Rəsizadə ilə kifayət qədər müzakirə edilib. Bu işə Azərbaycanda fəaliyyət göstərən QHT-lər də ciddi şəkildə yanaşmalıdır, bununla bağlı layihələrin sayını artırmaq lazımdır”.

Baş nazirin müavini bildirib ki, Azərbaycanın dəymiş ziyanın qiymətləndirilməsi prosesinə başlaması Ermənistan üçün ciddi mesajdır: “Əgər Ermənistan tərəfi bundan məlumatlıdırsa, artıq nəticə çıxartmalıdırlar. Bu o deməkdir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi qarşısında Azərbaycanın səbri artıq tükənib. Bu, Ermənistana həm də ciddi bir xəbərdarlıqdır, yəni Azərbaycan daha Ermənistanın tutduğu mövqeyə qarşı səbir nümayiş etdirməyəcək. Əgər Ermənistanda yaşayan xalq özünü normal xalq hesab edirsə, bilsinlər ki, dəymiş ziyan onların cibindən və qazancından ödəniləcək. Serj Sərkisyan, Robert Köçəryan və onların dəstəsinin cibindən bir dollar da ödənilməyəcək. Mən yenə deyirəm, ermənilər gözlərini və qulaqların açıb eşitsinlər! Yəni hələ ziyan qabaqdadır. Azərbaycan dövləti dəymiş ziyanın ödənilməsində heç bir güzəştə getməyəcək. Bu, böyük həcmdə bir vəsaitdir. Əgər 10 il əvvəl bu məbləğ 60-70 milyard dollar idisə, artıq bu vəsait 100 milyard dolları artıqdır”.

Əli Həsənovun sözlərinə görə, Azərbaycan işğal nəticəsində dəyən ziyanın müəyyənləşdirsə də, bu hesablamalar beynəlxalq standartlara cavab verməlidir: “Bu, dünyada mövcud olan qaydalar üzrə müəyyənləşməlidir. Hökumətin mövqeyi bundan ibarətdir ki, torpaqlar işğal azad olunduqdan sonra mütləq qiymətləndirmə beynəlxalq qurumların və ekspertlərin iştirakı ilə yenidən həyata keçirilməlidir.
Çünki, beynəlxalq təşkilatlar bu prosesdə olmasa, onları inandırmaq məsələsində müəyyən anlaşılmazlıqlar ortaya çıxa bilər. Burada əsas məqsədimiz odur ki, hazırladığımız sənəd beynəlxalq qurumlar tərəfindən qəbul olunsun. Bu prosesə Azərbaycan QHT-ləri də cəlb edilməlidir”.

“Ermənistan gec də olsa bu gün ayılsa və düz yola gəlsə, ola bilər ki, danışıqlarda hər hansı bir razılıq əldə olunsun. Dövlət, prezident verdiyi sözün üstündə durur. Ermənistan qeyri-konstruktivliyini davam etdirərsə, Ali Baş Komandanın əmri ilə yaxın zamanlarda öz torpaqlarımızı azad edəcəyik. Hazırda isə hökumət azad olunmadan sonrakı prosesə hazırlıqlara başlayıb. Bu qayıdış proqramıdır, dəymiş ziyanın hesablanması və digər məsələdir. Biz buna hazır olmalıyıq”.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir