Modern.az

“Şuşada yaradılacaq muzeylə dünyaya çıxış imkanı qazanacağıq” - Deputat

“Şuşada yaradılacaq muzeylə dünyaya çıxış imkanı qazanacağıq” - Deputat

15 Dekabr 2020, 12:15

Şuşada Milli Azərbaycan Tarixi Muzeyinin Qarabağ tarixi filialının açılması, Xocalıda “Xocalı soyqırımı” muzeyinin yaradılması nəzərdə tutulur.


Mövzu barədə Modern.az-a şuşalı deputat Fatma Yıldırıb danışıb.


Fatma Yıldırım yaradılacaq muzeylərin Qarabağın zəngin tarixini və mədəniyyətini bütün dünyaya nümayiş etdirəcəyini söyləyib:


“Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı torpaqlarımızda əsl vandalizm aktı törədib. Bu ölkənin işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılıb. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub”.


Fatma Yıldırım bildirib ki, Ermənistan Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparıb:


“Belə ki, milli mənsubiyyəti və dini ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılıb və ya özgələşdirilib, dəyişdirilməsinə cəhdlər edilib. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunub. İşğaldan azad olunmuş ərazilərdəki məscidlərdə donuz, mal-qara saxlanılıb, eyni zamanda, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilib. Bütün bunlar isə onu göstərir ki, Ermənistanın xalqımızın mədəni-tarixi, dini irsinin məhv edilməsinə yönəlmiş cinayət əməlləri bəşəriyyətə qarşı cinayətdir. Bu əməllərinə görə işğalçı Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir və verəcək”.


Deputat qeyd edib ki, Azərbaycan dövləti bütün tarixi, dini və mədəni abidələrimizin bərpasını həyata keçirəcək.


“Artıq bu istiqamətdə Heydər Əliyev Fondu müvafiq layihələrin həyata keçirilməsinə başlayıb. Belə ki, Heydər Əliyev Fondu Qarabağ ərazisində Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başlayıb. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılıb”.


Fatma Yıldırımın sözlərinə görə, Şuşada Milli Azərbaycan Tarixi Muzeyinin Qarabağ tarixi filialının açılması, Qarabağ Geoloji Fondu Muzeyinin yaradılması və digər muzeylərin də bərpası nəzərdə tutulur, bu çox vacib məsələdir:


“Qarabağ zəngin tarixə sahibdir və bu tarix dövlətimiz, xalqımız tərəfindən hər zaman yaşadılır. Bu baxımdan, müqəddəs Qarabağ torpağında muzeylərin bərpası və yeni muzeylərin yaradılması çox önəmlidir. Bu muzeylərin vasitəsilə biz doğma Qarabağımızın zəngin tarixini, mədəniyyətini, adət-ənənələrini bütün dünyaya nümayiş etdirmiş olacağıq”.



Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir