Modern.az

“Azərbaycanın birinci katibi də quşbaz idi” - SÖHBƏT

“Azərbaycanın birinci katibi də quşbaz idi” - SÖHBƏT

Reportaj

27 İyul 2012, 14:23

İllərdir göyərçin saxlayan Bakıda ən məşhur quşbaz, 53 yaşlı Abbas dayı vaxtilə quş qatili imiş

”Hazırda quşbaz dostlarım az deyil, aralarında hətta prokurorlar da var”

Quşu quşbaz quş edər 
Quşbazı quş quşbaz edər

Toylardan birində meyxanaçılar tərəfindən deyilən bu qafiyə bir çox quşbazın ən sevimli ifadəsinə çevrilib. Elə bizim Abbas dayını da 52 ildir quşbaz edən onun bir ağızla tərifə sığmayan quşlarıdır. Düz 52 ildir ki, quş saxlayan Abbas dayı deyir ki, quşbazlıq Bakı-Abşeron kəndləri arasında bir çox kişinin nəinki şakəri, hətta peşəsi belə sayıla bilər. Quşbazların bu canlılara o qədər bağlıdır ki, onları özünün psixoloqu, həkimi, dərdinin dərmanı hesab edir.

“Kərbəlanın özündə, dünyanın bir çox müsəlman dövlətlərində göyərçin saxlanılır. Çünki bu göyərçinlər elə-belə quşlar deyil, onların tarixləri çox qədimdir. Onlardan həzz alma duyğusu var. İnsanın xasiyyəti nə qədər tünd olsa da, 5 dəqiqə ərzində quşlara baxarsa əsəbləri sakitləşə bilər. Heç bir həkim məni o qədər müddət ərzində sakitləşdirə bilməz. Ancaq gərək quşları başa düşəsən, biləsən. Bunların özlərinə məxsus dilləri var. Bu quşları başa düşmək üçün bir il, iki il qane etməz. Bunların nazı ilə körpə uşaqdan da artıq oynamalısan. Şıltaqlıqları da olur. Bir də görürsən ki, sənin ürəyin istəyən göyərçinin uçmur. O zaman bir az səbirli olmalısan. Ümumiyyətlə, onlarla məşğul olarkən tam sakit ola bilirəm. Həddən artıq sakit ola bilərəm. Elə sakit ola bilərəm ki, məndən sakiti, fağırı ola bilməz”.

Abbas dayı 7 yaşından məşğul olduğu quşbazlıq haqqında o qədər emosional danışırdı ki, adam bilmirdi ki, o hirslidir, yoxsa sevimli canlılarını tərifləyir. Düzünü desəm quşbazların quşlara bu qədər sevgisini o qədər də qəbul etməsəm də, hər halda quşbazımızla söhbət edəndə çalışırdım ki, ehtiyatlı davranım. Vay o insanın halına ki, göyərçinlərlə nəfəs alan Abbas dayıya quşları barəsində kimsə xoşa gəlməyən söz deyə!..

“Mən bir bu göyərçinlərlə, bir də nəvəmlə nəfəs alıram. Bir məsələ var ki, heç vaxt quşlarımı saymıram. Təxmini bilirəm ki, 35 dənə olar. Çox saxlamağı xoşlamıram. Dost-tanış gələndə pay verirəm. Əziyyətinə görə deyil, əvvəldən çox saxlamağı xoşlamamışam. Göyərçin saxlamağın düşər düşməzi ola bilər. Şəxsən mənim özümün başına belə bir hadisə gəlib. Çoxuna bəlkə də gülməli gələ bilər. Mən bir müddət quşları təxirə salmışdım, saxlamırdım. Mənim başıma gələn bəlaları düşmənimizə də arzulamazdım. Bir neçə yerdə dini alimlər Quran açdı, yoxlanıldı, dedi ki, həyətinizdən elə bir şey yox olub ki, heç özünüz də hiss etmirsiniz.  Oturduq fikirləşdik ki, həyətdə toyuq-cücə, qoyunlar var. Bəs nə yoxdur? Birdən ağla gəldi ki, həyətdə göyərçin saxlamırıq. Həmin günü gedib dost-tanışdan 10-15 quş gətirdim. Ondan sonra mənim işim  düzəldi. İşlərim də lap kefin istəyən kimi getdi. Kim inanır inansın,  inanmayan inanmasın. Ancaq bu həqiqətdir. Çünki bunun şahidi mənim valideynlərim, qonşularım da olublar. Amma insan var qəlbində nəsə var ki, onu saxlamasa, daha məsləhətlidir”.


Daha çox Rusiyada yaşayan Abbas kişi deyir ki, vətənə gələn kimi ilk baş çəkdiyi yerlərdən biri də quşlarının xanəsi olur. “Mən gələn günü göyərçinlərim məni tanıdı, gəldi əlimdə oturdu, dən yedi... Göyərçinləri saxlayan da adamın başqa şeylər saxlamağa həvəsin də olmur. Çünki axşamacan evdə ola bilərsən, nə qədər imkanım var o qədər vaxt ayırıram. Mən özüm ölkədən kənarda yaşayıram. Hələlik quşlara baxan kiçik qardaşımdır. MDB respublikalarının elə bir yeri yoxdur ki, bizim göyərçinlərimiz adı-sanı ilə tanınmasın. Mən Sibirdən tutmuş Urala kimi  gəzib-dolanmışam. Bizim apardığımız göyərçinlərin cinsi, toxumları onların apardıqlarından min dəfələrlə artıqdır. Bizim boynu qırmızı göyərçinimiz nadir nüsxələrdir. Qafqazlılardan başqa, ruslar da göyərçin  saxlayan olub. Onların göyərçinləri qızıl kitaba düşməyib”. 

Sən demə, əsil quşbazların xüsusi qayda-qanunları da var. Hansı quşbaz  qoyulmuş qaydalara riayət etmirsə, bu yoldaşına qarşı təhqiramiz hərəkət sayılır. Özünü əsl quşbaz adlandıran Abbas kişi belə hesab edir ki, göyərçin vurğunu olan, özünü “quşbaz” adlandıran adam göyərçini bəzəyinə görə yox,  uçuşuna görə seçməlidir. “Azərbaycandakı göyərçin saxlayanlar daha çox üstünlük verirlər yaxşı uçan göyərçinlərə. 8-11-12 saat göyərçinlər heç bir yerə qonmadan uça bilir. Eyni zamanda 11 km də yuxarı qalxır. Binokl ilə biz müşahidə edirik və göyərçinləri görürük. Hazırda iki tərəfli qırmızı göyərçinim yerə enmədən 10 saat uçur. Mən istəməzdim ki, heç başqaları bu cür göyərçinlərimi görsünlər. Bilirsiniz də, quşbazlar bu mövzuda paxıl, xain olurlar. Çünki bir-birimizin dostu, yoldaşlığı olsa da, quşun da növləri, şərtləri var. Şərtlər odur ki, lap tanışıq, dostuq can deyib-can eşidirik, ancaq göyərçini əsirgəyə bilərik. Adicə sözlə deyirik ki, mən onu sənə vermərəm. Halbuki bir qoyunu rahatlıqla həmin dosta verərəm. Elə göyərçinim var ki, onun qiyməti mənim üçün yoxdur. Heç 500 dollar da versə, almaram. Bir-birimizdən göyərçin götürəndə elə etməlisən ki, nə şiş yansın, nə kabab. Heç vaxt quş saxlayan başqasının göyərçinini əli ilə göstərib deməməlidir ki, bunu mənə ver. Bu quşbazlar arasında ən böyük qəbahətdir. Çünki yaxşı quşu qoruyan adamın elə göyərçinini tuta bilərsiniz ki, o adam fikirdən xəstələnib ölə də bilər. Dəfələrlə də belə şeyin şahidi olmuşuq”.

59 yaşlı quşbazdan soruşdum ki, ay Abbas kişi, niyə quş saxlayanlara “quşbaz” deyəndə acığına gəlir.
“Gərək quşbazlığa da vurğun olasan. Bilirsən nə üçün? Çünki onu başa düşməyən şəxsiyyətlər, kim ki “quşbaz” sözünü təhqir mənasında deyir, şəxsiyyətsizdir”.
Abbas dayı deyir ki, onun həyətində tanınmış adamlar çox olub. Biri də sovet dövründə Azərbaycanın birinci katibi olmuş Vəli Axundov. “Onunla çörək də kəsmişik. Çünki özü də göyərçin saxlayıb. Hazırda quşbaz dostlarım az deyil. Aralarında hətta prokurorlar da var”.


“Məndə bir göyərçin vardı, 18 il yaşadı, 19-cu ildə pişik tutub onu yedi. Ümumən 25 il yaşayırlar. Qocalıqda kor olur. 15 yaşından sonra törəyə bilmirlər. Yaşlı quşu qəfəsə cavan quşla cüt salırıq. Eyni ailədən cüt düşən quşların törəmələri yaxşı olmur. Bir növ, keyfiyyətli alınmır. Çünki qan eynidir. Gözləri görməyən heyvanı əldə tuturuq , ağzını açıb dən tökürük. Çünki günahdır. Mən cavanlıqda göyərçinlərə qarşı böyük günahlar etmişəm. Heç vaxt da özümü bağışlamıram. İndi peşmançılığın çəkirəm”.

Soruşuram: “Heç elə olub ki, quş satasınız, qayıdıb gələ?”.
“Bəli, – deyir, – Gürcüstandan, Mahaçqaladan gəlib. 5-7 il getdikdən sonra qayıdıb. Elə quşlar da var ki, onların qanadlarını kəsib ta uçurtmuruq. Çünki sübut ediblər ki, yaxşı quşlardırlar. Ancaq onların balalarını uçurduq. Göyərçinlər yumurta qoyandan 17 gün sonra bala çıxmalıdır. Bir ay  ərzində də o böyüyür.  Bala dən götürəndən sonra onu ürəyin istəyən, yaxın bir dostun, sirdaşın, hörmət etdiyin bir şəxsə verirsən. 1978-ci ildə çox gözəl quşlarım var idi. Bir gün nurani bir şəxs maşını qapımda saxladı, məndən bir stəkan su istədi. Sonra dedi ki, bala, bilirsən nə üçün gəlmişəm. Dedim, hər nə üçün gəlmisən, xoş gəlmisən. Dedi ki, 7-8 gündür bir göyərçinimi qaçırtmışız, onu axtarıram. Elə oldu ki, həmin göyərçin uçub bizim göyərçinlərin yanına düşübmüş. Məndə o göyərçinə fikir vermirdim, bilirdim ki, başqasınındır, onu içəri girməyə qoymurdum. Qorxurdum ki, xəstə olar, bizim quşlara keçər. Quşları yemləyərkən həmin kişinin quşun götürdüm itələdim dala, kişi az qaldı ağlasın. Dedi, xahiş edirəm o quşu elə itələmə. Dedim ki, qoca yaşında bundan ötrü düşmüsən çöllərə? Dedi ki, sən bilsən bu nədir? İstəyirsən inək verim sənənə, qoyun verim, amma quşumu qaytar. Dedim, mənə inək və qoyun lazım deyil. Quşu ona qaytaranda kişi cibindən xeyli pul çıxartdı. Dedim, bilsə idim mənə pul verəcəksən, quşu verməzdim sənə. 75 yaşı olardı, amma quşu geri alandan 15 yaşında oğlana oxşadı“.

Oxşar göyərçinlərini bir –birindən ayırd etmək üçün bellərinə dodaq boyası da çəkən Abbas kişi hətta quşlara verilən dənlərdən və Sabunçuda olan quş bazarından da danışdı. Hələ üstəlik quşbazlara da məsləhət verdi ki, istəyirsən əsl quşbaz olasan, gedib ordan quş alma. “Biz yem kimi buğda veririk. Amma dərmanlı dənlər var ki, quşlar yemirlər. O dərmanı vururlar ki, buğdaya qurd-quş düşməsin, amma dozasını artıq etdiklərinə görə quşlar yeyəndə xəstələnə, zəhərlənə bilərlər. Çalışırıq ki, təzə biçilən buğda olsun, iy gəlməsin. Sabunçu bazarında olmuşam. Amma oradakı qiymətlər məni qane etmir. Yaxşı göyərçini tanıyan adam gedib oradan göyərçin almaz. Çünki orada ya kiminsə quşların oğurlayıb gətirib satırlar, ya da  kimsə o quşlardan uzaqlaşmaq istəyir deyə satır. Onlar ortabab quşlar olur. Yaxşı quşu orada aparıb satmazlar. Bu yaxında Ərəbistandan bir kadr göstərirdilər. Göyərçinləri göstərdilər, dedilər ki, 150 dollardan aşağı satılmır. Mən o göyərçinlərə bizim 3 manatı da verməzdim”.

Abbas dayının bir qədər öncə hirsli-hirsli “çox quşu incitmişəm, öldürmüşəm” deməsinin sirrini sonda açıldı. Sən demə, vaxtı ilə əsl quşbaz dəliqanlılığı olan bu kişi göyərçin yarışı keçirib, mərclərə də girirmiş. “Bayaq dedim ki, yüzlərlə göyərçin başı üzmüşəm. Bu elə-belə olmayıb. Bu mərc söhbəti olub. Yarışı elə təşkil edirdik ki, şahidlərlə bir yerdə qol çəkilir. Qalxma dəqiqəsindən düşmə dəqiqəsinəcən oturub yoxlanılır. Bir şərtlə ki, heç kim yerindən tərpənmir. Quşa ixtiyarın var nişan vurasan... Dəfələrlə udmuşam. Udduğum quşların əksərinin başını üzmüşəm”.

“Abbas dayı, bəs sizin quşlar nə əcəb “qrip”ə yoluxmadı” sualıma o gülərək cavab verdi: “Nə “quş qripi”?! Yalan söhbətdir. Belə xəstəlik ümumiyyətlə yoxdur! Doğrudur quşlarda insanlar kimi xəstələnir. Büzüşmə xəstəliyi olur. Onlara qarşı da dərmanlar verilir”.


Şahanə Rəhimli
Elçin Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı